“Tanrının Şəhrizad qədər macəraları olmayıb”

“Tanrının Şəhrizad qədər macəraları olmayıb”
19 fevral 2013
# 08:45

Kuliz.az argentinalı Xorxe Luis Borxesin məşhur jurnalist Antonio Karrisoya verdiyi müsahibəni ixtisarla təqdim edir.

Antonio Karriso. Borxes, özünüzü hansı mədəniyyətin varisi sayırsınız?

Xorxe Luis Borxes. Mən? Bütün mədəniyyətlərin. Hə, hə. Nə qədərini tanıyıramsa, o qədərin. Amma yəqin ki ən çox ikisinin-İsrail və Yunanıstanın. Amma... Digərlərini niyə rədd edim ki? Niyə Çindən, Yaponiyadan imtina edim ki? Ya da islamdan. Bu arada islam öz yaranışına görə İsrailə borcludu.

A.K. Bəs Romanı niyə kənarda qoydunuz?

X.L.B. Çünki Roma Yunanıstansız bir heçdi. Bax belə deyirlər: “Civis romanus sum” (Mən – Roma vətəndaşıyam), lakin Romanın Yunanıstanın ardıcılı olduğu heç kəsə sirr deyil. Lukresini (Tit Lükresiy Kar, romalı şair və filosof – red.) yunan filosofları; “Eneida”nı “İliada” və “Odissey”siz təsəvvür etmək olmur. Deyəsən, bir dəfə söyləmişəm ki, bütün qərblilər əslində yəhudi və yunanlardı. Belə ki, “İncil”siz bizlər olmazdıq, necə ki, Platonsuz və Sokratsız. Qalan xalqları saya salmamaq da olar. Məsələn, mənim damarlarımdan bask (İspaniyanın şimal və Fransanın cənub-qərb hissəsində yaşayan xalq – red.) qanı axır. Amma bask ifadəsi nə anlam verir ki? Bircə inək sağıb, pendir tutmağı bilirlər... Ya da əxlaqsızlıqda ad çıxarıblar – elə Unamuno (Migel de Unamuno, ispan filosofu, yazıçısı – red.) kimi – daha kim qaldı ki?! Yunanıstanla İsrailsə başqa məsələ - biz onlarsız heç nəyik. Elə həmin Kiplinq (Coqef Kiplinq, ingilis yazıçısı, şairi – red.) Britaniya imperiyasını Roma imperiyasının davamı sayırdı. Və o haqlı idi... Bizsə latın dialektlərindən birində danışırıq. Latın ədəbiyyatını isə yunan ədəbiyyatı olmadan təsəvvür etmək ağılsızlıqdı.

A.K. Necə fikirləşirsiniz, “Min bir gecə” nağılı bəşəriyyət mədəniyyəti tarixinə, daha dəqiq söyləsək, islam xalqları mədəniyyətinə qiymətli hədiyyə deyilmi?

X.L.B. Hə. “Quran” onunla müqayisəyə belə gələ bilməz. Allahın Şəhrizad qədər macəraları olmayıb, elə deyilmi? (Gülür.)

A.K. Ya da onuncu əsr Qahirə ticarətçiləri qədər.

X.L.B. ...Məndə yəhudi qanının olub-olmadığını dəqiq söyləyə bilmərəm. Böyük ehtimalla var. Belə ki, anamın soyadı Asevedodur, ulu babalarımdan birininsə - Pinedo: bu, yəhudi-portuqal soyadıdı.

A.K. Daha hansı soyadı sizinlə bağlamaq olar?

X.L.B. İlk əvvəl... baskı. Lənətə şeytana, neyləmək olar ki?! Don Xuan Qaray-i-İrala. (Gülür.) Sonra əndəlus: Kabrera, Kordova şəhərinin əsasını qoyan, Sevilyadadndı. Sonra ingilis qanı, bax, onunla fəxr edirəm. Amma dərinə getsək, ingilis qanının arxasında nə durur ki? Tennisona (Alfred Tennison, ingilis şairi – red.) inansaq, saksonlar, keltlər və danimarkalılar. Amma damarlarımdan, ilk əvvəl, ispan, portuqal və ingilis qanı axır.

A.K. Deməli, damarınızdan Roma imperiyasından sonra bir-birini əvəzləmiş üç qan axır.

X.L.B. Doğrudu. Bu, heç ağlıma gəlməmişdi.

A.K. Siz portuqallarla Hisndistana yollanmısınız, Afrikanın cənubunu dolanıb keçmisiniz...

X.L.B. Bəli. Magellan körfəzini açmışam.

A.K. Amerikanın sahillərinə gedib çıxmısınız... Şəhərlər salmısınız.

X.L.B. Yəqin ki. Amma bunu hər kəs barədə söyləmək olar.

A.K. İspanlarla döyüşmüsünüz.

X.L.B. Hə, ispanlarla döyüşmüşəm. Nənəm onları qotlar (II-IX əslərdə alman xalqı – red.) adlandırırdı.

A.K. Bu üç qandan hər biri Borxesə nə verib?

X.L.B. Zənnimcə, ən əsası ingilis qanıdı, çünki oxuduqlarımın əsasını ingiliscə yazılmışlar təşkil edir. Bu isə çox mühümdü. O ki qaldı ispana, onun yaxın, ya uzaq olduğunu heç bilmirəm. Bəlkə elə hə ikisidi.

A.K. Sizcə, dəli və əxlaqsız olmaq eyni şeydi?

X.L.B. Heç bilmirəm, əxlaqsız olmaq mümkündürmü? Zənnimcə, yox. Yadınızdadırsa, Miltonun (Con Milton, ingilis şairi, siyasi xadim və mütəfəkkiri – red.) bir məktəbi vardı. O bu məktəbdə - söhbət on yeddinci əsrdən gedir – qrammatika, latın və eyni zamanda təbiət elmlərini, astronomiyanı tədris edirdi. Həkim Consonsa (Semuel Conson, ingilis tənqidçidi – red.) Milton haqqında yazdığı misilsiz “Şairlərin həyatı” əsərində onun yanıldığını təsdiqləyirdi. Çünki, Consona görə, insan az hallarda özünü botanik, ya da astronom kimi göstərə bilər, əxlaqsa onu addım-addım izləyir. Üstəlik, o hesab edir ki, insan yer üzünə yalnız hansısa bitkilərin necə inkişaf etməsini izləmək, ya da filan ulduzu müşahidə etmək üçün gəlməyib.

A.K. Bir az ilahiyyat və dini filosoflar barədə danışaq. Heç onları oxumusunuzmu?

X.L.B. Hə.

A.K. Onlardan kimsə sizi özünə cəlb eləyibmi? Götürək elə Foma Akvinskini, Müqəddəs Avqustini.

X.L.B. Foma Akvinskini qulaqardına vurmaqla oxumuşam. Pulumun olmayan vaxtında frank yarıma lüteran ilahiyyatçısı Rotanın “Doqmatiklər” əsərini almışam da, oxumuşam da. Lakin inanclı olmadığımdan, onları fantastik əsər kimi qəbul eləmişəm. Bu, 1917-ci ildə olub, o vaxt almancanı ilahiyyat kitabını oxuyacaq qədər bilirdim. Amma ömrüm boyu bir daha onlara qayıtmadım.

A.K. Sirli kitabların mövcud olduğunu söyləyə bilərsinizmi? Yəni o kitablarda oxuduqlarımız yox, həqiqətdə tamam başqa şeylər mövcuddu.

X.L.B. Zənnimcə, hər kitab tamam başqa şey söyləyir. Axı hər biri onu yazan insanın təcrübəsini əks etdirir.

A.K. Bu digəri nə vaxtsa əlçatan olacaqmı?

X.L.B. Fikrimcə, yox. Yəni bizə həddən artıq çox şey açılacağını düşünmürəm. Əslində, bəlkə də, bu günün özündə lazım olandan çox açılıb bizə.

A.K. Bəs Borxesin həqiqətdə tam başqa anlam verən kitabı mövcuddurmu?

X.L.B. Əgər söhbət mənim kitablarımdan gedirsə, hər biri. İnsanın yazdığı onun niyyətlərindən kənara çıxmalıdı. Ədəbiyyatın sirri də bundadı. Elə bu səbəbdən uğursuz əsərlərdən danışmaq düzgün olmazdı. Axı müəllif nə yazdığını bilmir. Əgər onun əlini Müqəddəs Ruh idarə edirsə, o, sadəcə yazardı. İoannın İncilində belə yazılıb: “Ruh istədiyi yerdə nəfəs alır”.

A.K. Həyatınız boyu dostlarınızın sevgisini hiss eləmisinizmi?

X.L.B. Eləmişəm. İzahı olmayan, qazanmadığım, sirli sevgilərini. İnsanlar həmişə mənə yaxşı yanaşıblar. Heç bilmirəm, bu mehribanlığı qazanmışam, ya yox. Hərçənd mən çox az adamla tanışam. Ömrüm boyu Senekanın (Lusi Anney Seneka, Roma filosofu – red.) məsləhətinə əməl etməyə çalışmışam: “Çoxlarından gizlənirəm, bəzilərindən gizlənirəm, birindən gizlənirəm”. Bəzilərindən qaçmaq mümkün olmayıb, amma çoxlarından həmişə.

A.K. Əlimdə tutduğum cilddə iki minə yaxın səhifə var.

X.L.B. Həqiqətən?! Dəhşət! Əgər iki-üç min səhifədən iki-üç səhifə tarixin burulğanında sağ qalsa, işləməyinə dəyərdi.

A.K. Deyirlər, bir kitabı ikinci dəfə oxumaq mümkün deyil, necə ki...

X.L.B. ...necə ki, bir çaya ikinci dəfə girmirlər. Heraklitin (qədim yunan filosofu – red.) bu ifadəsiylə razıyam. Hərçənd ardından gələn “çünki sular dəyişib” ifadəsi artıqdı. Halbuki nəsihəti zəiflətmək kimi bir fikir də mövcuddu. Yəni oxucu onun qəti, ibarəli olduğunu hiss etməsin. Mənə də bu cür məsləhət görüblər. Amma mən o cür bacarmıram.

A.K. Borxes, özünüzü günahlandırmağı xoşlayırsınız. Hərçənd nədə günahlandırdığınızı belə anlamaq çətindi.

X.L.B. Hər şeydə. Özümü hər şeydə günahlandırıram.

A.K. Bəlkə bu dərin skeptisizmə şəhadət edir?

X.L.B. Bəlkə də. İstənilən halda, mənim kimi ahıl yaşlarında olan qocanın cavan və yəqin ki, ağıllı Borxeslə mübahisə etməsi fikrindən uzağam.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #