Mənə qalan şəkil oldu

Mənə qalan şəkil oldu
7 fevral 2013
# 15:00

Yılmaz Erdoğana...

Evin giriş qapısından qonaq otağındakı masa yaxşı görünürdü. Qapıya qızı çıxmışdı. Həmişəki kimi birinci əlindəki zənbili aldı.

- Yavaş, sındırarsan. - Kişi zəhmlə dedi. Ayaqqabısını çıxara-çıxara gözucu masaya baxdı. Süfrəyə artıq çörək qoyulmuş, boşqablar düzülmüşdü.

Həmişə belə gec gəlmirdi. İşdən çıxan kimi qaçardı evə. Oğlan əsgər gedəndən sonra bayırda qərar tuta bilmirdi. O gələnə süfrə hazır olurdı. Arvadı və balaca oğlu da qapıya çıxdı.

Evdə sakitlik idi. Təkcə televizorun səsi eşidilirdi. Televizor qonaq otağının arxasında olduğundan qapıdan görünmürdü. Uşaqlarla hal-əhvaldan sonra yenə evə sakitlik çökdü. O paltonu soyunanda qızı birdən çığırdı.

- Qaqaaaaaaş... – Qırmızı selofan zənbili açıb içindən iri bir çərçivə çıxarmışdı. Çərçivədə qardaşının böyüdülmüş rəsmi vardı.

Qız çərçivəni zənbildən çıxarar-çıxarmaz bağrına basaraq reqbi oynayanlar kimi qapının arasında dayanmış ata-anasının və qardaşının arasından sıyrılıb otağın mərkəzinə götürüldü.

Anası və qardaşı nə olduğunu hələ anlamamış kişinin üzü gülməyə başladı. Ani həyəcanı keçmiş qız elə bil yalnız indi dərk elədi ki, bu sevinci tək yaşamaq olmaz, ona görə səxavətə gəlib çərçivəni anasıgil tərəfə tutdu və yenə də özünə çevirdi.

- Kopaqqızı sındırassan. - Kişi elə bunu demişdi ki, dolu bədənli arvadı quş kimi səkərək qızın üstünə yeridi. Çərçivəni qızdan alıb doyunca öpdü, bağrına basdı. Hıçqırtılar və göz yaşları içində arada kəsik- kəsik “oğlum, oğlum”, “əziz balam” nidaları eşidilirdi. Balaca oğlana isə hələ ki, bu sevincdən pay düşməmişdi. Elə tazı kimi anası ilə bacısının ətrafında hoppanır, o da şəklə baxmaq istəyirdi.

Atası əl-üzünü yuyandan sonra gəlib divanda oturdu. Evdə hamının başı çərçivəyə qarışdığından heç kəs evin böyüyü ilə məşğul olmurdu. Həmişə işdən gələndən sonra üst geyimlərini çıxarıb əl üzünü yuyandan sonra keçib divanda oturana kimi anası general yavəri kimi yanında əmrə müntəzir dayansa da bu dəfə elə bil onu sayan yox idi. Bu vaxta artıq iri süfrə masası divanın yanına çəkilməli, armudu stəkanda pürrəngi çayı qarşısında olmalı idi. Qız da külqabını gətirib atasının qabağına qoymalı idi. Bu dəfə isə nə masa çəkilmiş, nə də çay gəlmişdi.

Amma ata dinmədi. Ananın göz yaşları qurumaq bilmirdi, divanın bir tərəfinə çöküb çərçivəni bağrına basıb öpə-öpə ağlayırdı. Əri onsuz axır vaxtlar hər xırda şeydən kədərlənən yoldaşının xətrinə dəymək istəmədi.

Balaca oğlan daha çərçivəni unutmuşdu. Sol əlini alnında tutub atasına baxa-baxa sıravi addımlarla otağın en-uzununu ölçürdü.

Balaca oğlan bunu qardaşının andiçmə mərasimində görmüşdü. Ailənin birincisini – oğlunu cəmi üçcə ay əvvəl hərbi xidmətə yola salmışdılar. Balaca da hərbi qayda ilə addımlamağı iki ay əvvəl qardaşının andiçməsində görmüşdü. Qardaşı hərbi salam verə-verə sıravi addımlarla onların qabağından keçib getmişdi.

Onda hamılıqla yığışıb Bakıdan Daşkəsənə oğlanın xidmət etdiyi hərbi hissəyə getmişdilər. Oğlu isə evlərinə zəng edib xəbərdarlıq etmişdi: “Bax, ata, nə anam gəlsin, nə də bacım, bura arvad yeri deyil.” Amma atası onun bu dəliqanlı hikkəsinə fikir verməmişdi. Guya bilmirdimi oğlunun da ana-bacısından ötrü burnunun ucu göynəyir. Yoxsa andiçmə bitəndən sonra min ilin qəribi kimi anasının boynuna sarılardımı?

Elə şəkli də onda çəkdirmişdilər. Əvvəl bütün ailə bir yerdə, sonra da təkcə əsgər oğlunun şəklini. Ata da bu gün evə elə ona görə gecikmişdi. İşdən gələndə “Xalq”larda düşüb foto atelyelərdən birinə girmiş, şəkli satıcı qıza göstərib sifarişini vermişdi. Satıcı qız isə oğlanın şəklinə baxıb təklif etmişdi ki, şəklin fonunda Azərbaycan bayrağı da olsun. O da buna sevincək razı olmuşdu. Şəkil hazır olandan sonra satıcı qızla bərabər divarda asılmış çərçivələrdən ən gözəlini seçmişdilər. Qız şəkli çərçivəyə salanda ya satıcı etikasından gələn təvazökarlıqdanmı, ya şəkildəki oğlan xoşuna gəldiyindənmi əsgərin yaşını soruşmuşdu.

-18. – Ata əlüstü cavab vermişdi və ürəyinə yağ kimi yayılan bir bicliklə də əlavə etmişdi. – Adı Turqutdu. – Elə bil qızgördüdəydi.

Bu dəfə qız süfrə hazırlığı il qəti məşğul olmadı. Anası özü əvvəl göy-göyərtdi olan boşqabı süfrəyə gətirdi. Sonra iri nimçədə xörəyi çəkib gətirdi. Qız isə ayağının altına stul qoyub divanın qənşərindəki divardakı saatı çıxarırdı. Saatın mıxçasından çərçivəni asmaq istəyirdi. Anası hər dəfə otağa girib çıxanda narahatlıqla qızı tərəfə baxıb eləcə deyirdi: - Ay qız, salarsan, ay qız ehtiyatlı ol.

Kişi isə artıq öz aləmində idi, siqaretini külqabıya basmış, çayını da içmişdi. İndi özünə yemək çəkirdi. Gözləri isə televizorda idi. ANS-də Xəbərlər başlayasıydı. Ana da ərinin yanında yerini almışdı. Amma hələ əlini süfrəyə vurmamışdı. Qızının çərçivəni asıb qurtarmağını gözləyirdi.

- Ay qız, əymə, keçəcəyinə bir də bax, yaxşı otursun, ağırdı, düşər.

“Axşamınız xeyir. Efirdə “Xəbərlər”di. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam edir. Müdafiə Nazirliyinin verdiyi xəbərə görə cəbhə xəttində atəşkəs pozulub bir zabitimiz, iki əsgərimiz şəhid olub...”

Otağa ağır sükut çökdü. Balacadan başqa hamının gözü televizorda idi. Üç ayda artıq neçənci dəfə idi süfrə başında bu cür vəziyyətlə qarşılaşmışdılar. Hər dəfə müxbir şəhid olanların adlarını deyib qurtarana kimi o dünyanı görüb gəlirdilər.

Anası “allah özün balamı....” sözünü tamamlaya bilmədi. Müxbir artıq üçüncü şəhidin də ad və soyadını deyib qurtarmışdı. Elə bil ananın bağrına od düşdü. Qadın yerindən top kimi dik atılıb təzədən divana çökdü. Bağrından qopan nalə ilə ailənin bəxtinə yazılan bədbəxtliyin təməli atıldı.

Qızın əlləri titrədi, bayaqdan yerini tarazladığı çərçivəni əlindən salmağına fikir vermədən anasının üstünə şığıdı.

Kişi əzilib bir küncə sığınmış, qızla balaca isə anaya sarılmışdılar. Bütün ailə batan gəmidən xilas olub qayığa sığınan sərnişinlər kimi divanda cəm olmuşdular. Çərçivə isə bir az aralıda, divarın dibində sağ-salamat dururdu. Çilçıraqdan çərçivənin şüşəsinə düşən işığın əksi altından bir əsgər məğrurca baxırdı.

Yas üçün şəkil artıq hazır idi.

Foto: Abbas Atilay

# 4341 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #