Salam Sarvan pərəstişkarını niyə döydü?

Salam Sarvan pərəstişkarını niyə döydü?
6 fevral 2013
# 11:09

Böyükxan Pərviz adlı şairimiz vardı. Ailəsindən ayrılmışdı, birotaqlı mənzildə tənha yaşayırdı. Düzdü, uşaqları böyük idi, hətta ailə quranı da vardı, hərdən atalarına baş çəkirdilər. Onun əyin-başından, geyim-kecimindən heç vaxt tənha yaşadığı hiss olunmazdı. Həmişə səliqəli geyinər, dostlarla mehriban davranardı.

Mən görməmişdim, ancaq onu yaxından tanıyanlar deyirdilər ki, Böyükxan əla qarmon çalır. Hətta bir vaxtlar qarmonçalan kimi toylara da gedirmiş. Konservatoriyada cüzi maaş qarşılığında dərs deyir, kədərli şeirlər yazırdı. Ancaq güclü yumor hissi olan, saf qəlbli bir insan idi.

Böyükxanla tez-tez “Azadlıq” qəzetinin çayxanasında görüşürdük. Bir dəfə qış vaxtı gördüm, bərk soyuqlayıb, burnu axır. Zarafatla dedim, deyəsən, arvad sənə yaxşı baxmır. Gülüb dedi ki, arvad nə gəzir, mən çoxdan ailəmdən ayrılmışam, birotaqlı beton evdə pambıq döşəkdə yatan adam xəstələnər də, hələ bir gəbərər də!

Sonralar eşitdim ki, Böyükxan ərindən ayrılmış bir xanımla evlənmək istəyir. Bir gün “Vahid” poeziya evinin çayxanasında ondan soruşdum ki, eşitdiyimə görə özünə sevgili tapmısan, evlənmək istəyirsən, axırı necə oldu? Böyükxan dedi, yaşlı anası və iki uşağı bu qadının himayəsindədi. Ona görə xanım mənə deyir, evlənəsi olsaq gərək hamımız bir yerdə yaşayaq. Böyükxan danışdıqca, mən öz-özümə fikirləşirdim ki, bu çox qəliz məsələdi. Zarafata salıb dedim, bəlkə sən ona “ay ləv yu!” demisən, o da elə bilib “ailəvi” deyirsən? Böyükxan bu sözlərimə qarnının sağ tərəfini ikiəlli tutub gözləri yaşarana qədər güldü. Özüm də ona qoşulub xeyli güldüm. Sonralar onun qaraciyər serrozundan öldüyünü biləndə ciyərini tutub güldüyü həmin gün tez-tez yadıma düşürdü.

Böyükxan spirtli içkilərə çox da meyilli deyildi, ancaq hərdən bizimlə “vurardı”. Bir azca dəmləşən kimi öz şeirlərindən deyərdi.

O vaxtlar çoxlu sayda şairlər Salam Sarvanın təsiri ilə şeir yazardılar. Həmin şairlər öz şeirlərini oxumazdan əvvəl ustad qəbul elədikləri Salamdan şeir deyər, sonra öz yazdıqlarına keçərdilər.

Böyükxan yaşca Salamdan xeyli böyük olsa da, ondan bir-iki şeir deməmiş öz yazdıqlarına keçməzdi. Salamı yamsılayan bəzi şairlər kimi onun şeirlərinin, demək olar ki, hamısını əzbər bilirdi.

Yay günlərinin birində Böyükxan Pərviz, Salam Sarvan, Etimad Başkeçid və mən haradasa möhkəm içdikdən sonra “Malakan” bağına pivələməyə gəldik. Gecə işıq çəkilmiş ağacın altında oturub deyib-gülür, şənlənirdik. İçki aləmində naşı olan Böyükxan, özü də istəmədən, Salamla təsadüfən kobud zarafat elədi. Bu zaman Salam qəfil qalxıb ona bir yumruq ilişdirdi. Böyükxan əvvəlcə çaşıb qaldı, sonra Salama hücum elədi. Etimadla mən onu güc-bəla ilə sakitləşdirdik. Böyükxan Salamdan incimiş halda hirslə məclisi tərk elədi.

Bu əhvalatdan bir neçə gün sonra mən onunla yenə “Vahid” poeziya evinin çayxanasında görüşdüm. Bir az ordan-burdan danışdıq, söhbət həmin əhvalatın üstünə gəldi. Uşaq kimi saf qəlbi olan Böyükxanın bu sözləri məni xeyli güldürdü: “Adə, o Salam var ee, mən bir də heç vaxt ondan şeir deməyəcəm!”

Beləliklə o, Salamdan bir ustad kimi şeir oxumamaq haqqında qəti qərar vermişdi.

Bu söhbətdən sonra Böyükxan barədə belə bir məzəli əhvalat uydurub uşaqlara danışdım. Bu incikliyinə görə Böyükxan Salamdan bir də şeir deməyəcəyi haqda özünə söz verir. Ancaq Salamın bütün şeirlərini əzbər bildiyinə görə, içki məclislərində çaşıb onun şeirlərindən deməsindən qorxur. Bəs neyləməli? Ahaaa, tapdım! Gedəcəm güclü bir ekstrasensin yanına, deyəcəm, qardaş, al bu pulu, mənim beynimdə Salamın nə qədər şeiri var, hamısını sil! Ağlına gələn ideya onun çox xoşuna gəlir. Bu işləri bacaran bir ekstrasensin yanına gedir. Salamın bütün şeirlərini yaddaşından sildirdikdən sonra xeyli yüngülləşir.

Bu əhvalatın üstündən bir neçə ay keçir. Günlərin bir günü “Natəvan” klubunda Böyükxan Pərvizin yenicə çapdan çıxmış şeirlər kitabının müzakirəsi keçirilir. AYB-çilər bir-bir kürsüyə dırmaşaraq Böyükxan poeziyasının ədəbiyyatımıza verdiyi xeyirdən, bu poeziyanın vacibliyindən, şairin cəmiyyətimiz üçün nə qədər dəyərli olmasından odlu-alovlu nitq söyləyirlər. Sonda şairin özünü tribunaya dəvət edirlər. Böyükxan Pərviz Anar müəllimin ədəbiyyatımıza sonsuz qayğısından danışdıqdan sonra haqqında xoş sözlər deyən qələm dostlarına minnətdarlıq eləyir. Sonra, AYB ənənəsi üzrə, tribunadan bir neçə şeir demək istəyir. O, boynunu-başını nə qədər qaşısa da həmişə əzbər dediyi şeirlərindən heç biri yadına gəlmir. Axırda şair pərt halda şeirlərini məcburən kitabdan oxuyur. Həmişə öz şeirlərini sinəsindən deyən şairin bu hərəkətinə qələm dostları da mat qalır.

Məclis sona çatır, Böyükxan dilxor halda evə qayıdır. Oturub bu yaddaşsızlığının səbəbini araşdırmağa başlayır. Yazdığı şeirlərin hamısını əzbər bilən adama birdən-birə nə oldu, görəsən? Birdən o, nə vaxtsa ekstrasensin yanına getdiyini xatırlayır. Düşünür ki, bu işin səbəbkarı ekstrasens ola bilər. Şair tez durub ekstrasensin yanına gəlir. Salam-kəlamdan sonra ekstrasensə deyir, adə, sən neyləmisənsə, Salamın şerləri bir yana, mənim öz yazdıqlarım da yadımdan çıxıb, sən mənim beynimdən nəyi pozmusan?

Ekstrasens də qayıdır ki, şair, vallah, baxdım ki, üçbənd-üçbənd şeirlərdi, hamısı da qəbirdən-kəfəndən danışır. Mən də götürüb başdan-ayağa hamısını sildim...

Bu uydurmamı bir gün Böyükxanın özünə danışdım, xeyli gülüşdük. Görünür, bu söhbət onun qəlbində Salama münasibətinin gərginliyini xeyli azaltmışdı. Böyükxan həmin gün andını pozaraq Salamdan üç dənə şeir dedi...

# 3528 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #