Günahkar Əkrəm

Günahkar Əkrəm
31 yanvar 2013
# 15:00

Bir daha dəqiqləşdirdim: biz qələm adamına daş atmağa amadəyik! Adi bir sahə müvəkkilinin qarşısında quzuya dönən sadə azərbaycanlı, yazıçının, şairin üstünə hökküldəyə, lazım gəlsə, onu ayağının altına sala bilər!

Bəli, Əkrəm Əylisli olayı bu həqiqətə bir daha inandırdı məni. Bütün ağrı-acısıyla!

Sən demə, indiyə qədər axtardığımız günahkarı nəhayət ki, tapa bilmişik! Ona görə möhkəm yapışmalıyıq yaxasından. Aman verməməliyik göz açmağa.

Əlim qələm və klaviatura tutandan bəzi ən yaxın dostlarıma belə müharibənin başqa, sənətin tamam başqa bir iş olduğunu başa sala bilməmişəm. Adamlar Azərbaycan zabitindən gözlədiklərini yazıçıdan, şairdən gözlədiklərini əsgərdən umurlar. Efirdə “Ana” segahı oxuyub lirik şeir deyən əsgərimizlə, kitablarında erməniləri qırıb-çatan, Dərbənddən İran körfəzinə qədər Qarabağlı, Zəngəzurlu, İrəvanlı böyük Azərbaycan yaradan tarixçi və yazıçılarımızla haracan gedə bilərik?! Dərhal cavab verirəm: Elə buracan!

Mən bir yazı adamıyam və uzun illərdir ki, ədəbi mühitin tən ortasındayam. Şəxsən tanıdığım gündən Əkrəm Əylislini özü boyda ürək kimi daim döyünən görmüşəm. Və bu döyüntü haqq-ədalət üçün olub, həqiqi, saf ədəbiyyat üçün olub! O, bu yaşda da içindəki Sadığı diri saxlamağı bacarıb. Onu ölməyə, çirklənməyə qoymayıb. Bəlkə buna görə daim civə kimi qaynayıb, içində əbədi bir narahatlıq, bir ağrı dolaşıb. Onun ədəbiyyat konusunda bir dənə də olsun saxta cümləsini oxumamışam! Bir dəfə də olsun yalan danışdığının, riyakarlıq etdiyinin, yazısını və danışığını kiməsə hesabladığının şahidi olmamışam. Halbuki, bu məmləkətdə, bu yaşda belə bir yazar tapmaq asan məsələ deyildir.

Əkərəm Əylisli ciddi söz adamıdır. Ömrünün 50 ilini həqiqi ədəbiyyata həsr eləyib. Və yaşının müdrik çağında da söz üstündə yanmaqda davam edir. Təhqirlərdən, təhnizlərdən, təqiblərdən və təhdidlərdən qorxmur.

Bir sözlə, qarşınızdakı uşaq-muşaq deyil. Onun Azərbaycanın həqiqi sözü, Azərbaycanın doğma dili üçün etdikləri ölçüyəgəlməzdir. Deməli, bir çox mətləbləri söyləməyə haqqı çatır. Bizə sadəcə düşündüklərimizi söyləmək qalır, onu yarqılamaq yox!

Əkrəm Əylisli nə yazır-yazsın, onu müdafiə etmək lazımdır. Bu mənəviyyat-əxlaq məsələsidir. Hər hansı bir mübahisəli yazıya görə belə bir şəxsiyyəti nadanların qarşısına itələmək, inanın mənə, elə Qarabağı vermək kimi bir şeydir. Əkrəm Əylisli yaşının və ədəbiyyatın elə bir məqamındadır ki, ərklə öz xalqının qulağını çəkə, ona ustad şilləsi vura bilər. Hətta mən deyərdim buna ciddi ehtiyac var.

Azərbaycanın qara kitabı yazılmayıb. Qanadı-quyruğu yoluq ilham pərilərinin belində göyləri dolaşan boşboğaz şair və yazıçıların şirin yalanları bizi çox da uzağa apara bilməz. Qara kitabımız yazılmalıdır! Bu kitabı yazmaq üçün isə şöhrətin və ilhamın yüksəkliklərinə deyil, həqiqətin dərinliklərin enmək lazımdır. Həmin qaranlıq zirzəmilər qorxuludur. Hətta oralara səyahət yazarın həyatı bahasına başa gələ bilər. Ancaq bu kitab hökmən yazılmalıdır! Nə qədər ki, yazılmayıb ağ günlər görə bilməyəcəyik. Qara həqiqətlər ağ günə ağ yalanlardan daha yaxındır.

Səbirli olaq. Ağıllı olaq. Kitab oxuyaq. Günahkar axtarışına özümüzdən və ətrafımızdan başlayaq. Əgər bunu bacarsaq ölkənin ən günahsız adamlarından birinin Əkrəm Əylisli olduğunu görəcəyik!

Seyid Mürsəl Ağanın cəddi haqqı, səmimi deyirəm!

# 7774 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #