“Ancaq aktyorla evlənərəm” - MÜSAHİBƏ

“Ancaq aktyorla evlənərəm” - MÜSAHİBƏ
22 yanvar 2013
# 08:00

Onu ilk dəfə “MMS” tamaşasında bəyəndim. Sonra “Romeo və Cülyetta” tamaşasının məşqlərindən reportaj hazırlayanda gördüm ki, əsl Cülyettadır. Özü də çox səmimi və sadədir. Səhnədən kənarda rola girməyi yoxdur, heç bacarmaz da. Səhnəmizin bu gün belə gənc aktrisalara çox ehtiyacı var. Kütləvi tamaşaçı isə yəqin ki, “Qaynana” serialından tanıyır həmsöhbətim Asya Atakişiyevanı.

Hüseynağa Atakişiyev onu aktrisa elədi

Bakıda doğulmuşam, çox sadə ailədə. Valideynlərim sənət adamları deyillər. 7 nömrəli məktəbi bitirmişəm, özü də yaxşı oxumuşam. Uşaqlıqdan bir ayağım Dövlət Gənclər Teatrında qalmışdı, Hüseynağa Atakişiyev əmimdir. Tez-tez gedərdim tamaşalarına, amma aktrisa olmaq fikrində deyildim. Ancaq teatra həvəsim çox idi, atam görünür bunu duyub mənə dedi ki, aparım Hüseynağanın yanına, hazırlaşdırsın səni instituta. Hazırlaşdım rejissorluğa, elə həmin il də qəbul olundum. Naibə Rəcəbovadan dərs aldım. 4-cü kursda oxuyanda gəldim Hüseynağa müəllimin yanına ki, burda işləmək istəyirəm. Dedi ki, sən çoxdan gəlməli idin, yaz ərizəni. Elə bildim ki, məni rejissor köməkçisi götürər. Bir də gördüm ərizənin üstünü yazdı ki, aktrisa vəzifəsinə götürülsün. Dedim nə aktrisa? Elə qətiyyətlə “hə aktrisa” dedi ki, mən ikinci kəlməni deməyə lüzum görmədim daha.

Çox keçmədi yeni hazırlanan tamaşada baş rol verdi mənə. Hüseynağa müəllimin üslubu elə idi, birinci baş rol verib etimad göstərirdi, sonra birdən epizodik rol verirdi, daha sonra yenidən baş rol. Belə-belə sınayırdı, yetişdirirdi. İlk baş rolum Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu yox imiş” tamaşasında oldu. Elə təzə başlamışdım fəaliyyətə, az işlədim, Hüseynağa müəllim rəhmətə getdi, onunla birgə Gənclər Teatrı da, çünki ondan sonra demək olar ki, iş getmədi. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq tamaşalarında oynadım, əsasən da Nicat Kazımovun tamaşalarında.

İkinci baş rolum isə “Yatmış gözəl” tamaşasında oldu. Bu tamaşadan sonra rejissorların gözünə çarpdım deyəsən. Ardınca “Mənim ağ göyərçinim”də Turan, “Mən səni sevirəm”də Nazını oynadım, “Göyçək Fatma” da həmin vaxtların tamaşasıdır. Bunlardan sonra bir gün Cülyettanı oynamaq zamanı gəlib çıxdı.

İlk arzunun reallığı

Aktrisa işləyəndən Cülyetta mənim arzuma çevrilmişdi, onu oynamaq istəyirdim. Yəqin yaşımdan irəli gəlirdi bu obrazı oynamaq istəyi. Mənim yaşda olan aktrisalar hamısı yəqin Cülyettanı oynamağı arzulayar. Eşidəndə ki, Cənnət xanım bu tamaşanı hazırlayacaq, çox sevindim və bir az da həyəcanlandım ki, görəsən Cülyettanı kimə verəcək. Mənə dedilər ki, sənin adını çəkib, sənə vermək istəyir, səbirlə gözlədim. Elə ki əmr verildi, öz adımı Cülyetta rolunda gördüm, onda rahatlandım. Bu rahatlığın ardınca məsuliyyət gəlirmiş, həyəcan gəlirmiş. Cülyettanın ayağı sayalı oldu, düşdü mənə. İyul, avqust ayı mən yalnız Cülyettanı məşq edirdim, Şeksprin bütün əsərlərini oxuyurdum ki, sentyabrda başlanacaq ciddi məşqlərə hazır olum. İndinin özündə də tamaşanın oynanılmasında fasilə yarananda mən məşqlərimi saxlamıram ki, sonra çətin olmasın. Cülyetta ab-havasından çıxmamaq üçün məşq edir, mahnılarını dinləyirəm.

Hələ tamaşanı təhvil verməmiş “Qaynana” serialından təklif gəldi. Hüseynağa müəllimin vaxtında qoymazdı hər çəkilişə gedək, amma onun vaxtında seriallar çəkilmədiyi üçün bilmirəm, indi görsəydi, mənə nə deyərdi. Elə bilirəm dövrün prizmasından normal yanaşardı, bu gün o da bir sənətdir. Ona görə də seriala da sənət baxımından yanaşıb işləyirəm.

Hamı deyir ki, aktrisanın taleyi yaxşı olmur, məndə hələ ki hər şey normaldır. Məncə tale aktrisa, müəllimə, yaxud həkim olmaqdan asılı deyil, sadəcə insan taleyidir. Ola bilsin, aktrisa bir qədər gec ailə həyatı qurur, çünki hər oğlan aktrisa ilə ailə qurmaq istəməz, gec tapılır beləsi. Yəqin aktrisa olmasam mən də indiyə qədər ailə həyatı qurardım. Yalnız budur məsələ, başqa bir problemi yoxdur. Yaxşı olar ki, aktrisa aktyorla ailə qursun ki, bir-birilərini yaxşı başa düşsünlər. Yəqin mən də aktyorla evlənərəm, taleyim də yaxşı olar. Bu barədə bir dəfə düşünüb qərarımı vermişəm, zamanı gələndə qərarımızı açıqlayarıq.

Teatrdan məni heç bir qüvvə ayıra bilməz

Rejissor olmaq fikrim yoxdur, görürəm ki, çox ağır sənətdir. Bu sənətə gələndə çətinliyin bilməmişəm, amma indi bilirəm. Tanrı özü adamı yönəldir. Məni yönəltdi ki, sən aktrisa olmalısan.

Bu saat teatr səhnəmizdə gənc aktrisa qıtlığı var.

Sənətimlə bağlı heç bir plan qurmuram, çünki sonra məyusluq ola bilər, bu da sənətə təsir edir. Çalışıram dünya teatrındakı yeniliklərdən xəbərdar olum, hansı rolu verirlərsə, uğurla oynamağa çalışıram. Hansısa obrazın arzusunda da deyiləm, mütaliə edəndə o obrazda özümü görürəm, amma bunu arzu kimi yaşatmıram içimdə, böyütmürəm.

“Müsyo Jordan”da Şərəfnisəni oynadım bu yaxınlarda, çox xoşuma gəldi, çünki əvvəlki rollarımdan fərqlənir. Həmişə gözəl, sakit, qızları oynamışam, Şərəfnisə isə hikkəli qızdır, niyyəti üçün hər fitnəyə əl ata bilər.

Uşaq tamaşalarında oynamaqdan xoşum gəlir, səhnədə dəcəllik edə bilirsən, böyük tamaşalarında isə daha ciddi olmalısan. Böyük tamaşalarındakı gərginlikdən uşaq tamaşalarında azad oluram.

Bu teatrda işləmək ürəyimdəndir, gedib kinolara çəkilmək istəyirəm, amma sonra yenə bu teatra qayıdım. İntriqalara girmirəm, çünki hamını çox sevirəm, hamı da məni sevir.

Mütaliəni sevirəm. “Yüz ilin tənhalığı”n oxuyuram bu saat, tərcüməsi çox bərbaddır, ona görə tərcümə olunmuş variantı bağışladım başqasına gedib rus dilində olanını baha da olsa aldım.

“İdiot”u oxumaq istəyirəm, amma hələ qavramıram onu, nə vaxt rahatlıqla oxuya bilsəm onda da oxuyacağam, hələ ki, məni yorur.

Məni teatrdan hər hansı bir qüvvə ayıra bilməz, çox bağlanmışam. Bəlkə yalnız üç illik məzuniyyətə çıxır e qadınlar, o zamanı ayrı qala bilərəm, Allah qismət eləsin, sonra yenə qayıdaram.

# 11497 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #