“Son nöqtəni Sən qoy...”

“Son nöqtəni Sən qoy...”
4 yanvar 2013
# 15:55

Pəncərəni döyən yağışın səsinə oyandı...

Yağış pəncərəni elə qəribə (və elə qərib) döyürdü, deyərdin, qəzəbli bir insan acil bir şeylər söyləmək istəyir. Yağışın acığından, hikkəsindən təkrar yuxuya gedə bilmədi. Yalnız səhərə yaxın yuxuya getmək istəyirdi ki, bu dəfə də əl telefonuna gələn “mesaj”ın səsi eşitdi. Kim ola bilərdi səhərin belə erkən saatlarında görəsən deyə düşünməyə başladı.. Səhər saat 7-i ancaq olardı. Narahat oldu, təbii, yataqdan qalxıb tələsik telefona baxdı.

Mən xərcəng xəstəliyinə tutulmuşam. Avropaya gedirəm. Hər şey ke&¸irəcəyim əməliyyata bağlıdı. Həkimlər şansımın təxminən yüzdə otuz olduğunu deyirlər. Bu əməliyyatdan sonra bəlli olacaq hər şey. Əməliyyat uğurlu keçsə bir müddət yaşama şansı qazanacam, əgər artıq gec qalmışamsa, ən çoxu bir neçə ay, bəlkə də bir neçə gün...

Əməliyyatdan öncə səninlə mütləq danışmalıyam. Bu yəqin ki sonuncu görüşümüz olacaq. Bir az sonra zəng edəcəm. Xahiş edirəm cavab ver.

Telefon əlində donub qalmışdı. Bu ola bilməzdi, olmamalıydı... “İsmarınc”ı yenidən oxumağa başladı: yuxu olmasın deyə düşündü... Qeyri-ixtiyar gözləri dolmuş, ürəyi surətlə döyünməyə başlamışdı. Özünü sanki suçlu kimi hiss etməyə başladı...

Telefon zəngi ürəyinin döyüntülərini daha da artırdı. Ürəyinin döyüntülərini eşidirdi. Əlləri əsə-əsə telefonu qaldırdı.

Bir neçə saniyə sükutdan sonra dəstəyin o biri başından yorğun, küskün amma o qədər də həyəcanlı bir səs sanki pıçıltı ilə danışırdı: Necəsən?!.

O idi, o...

- Yaxşıyam... Sən necəsən – deyə cavab verdi.

Dəstəyin o biri başından ağladığı hiss olunan Elifin hər kəliməsi ona əzab verməyə başladı.

- Görüşə bilərikmi?..

Sözünü bitirmədən “Hə, əlbəttə” dedi. Əlavə etdi:

- Harada?..

Bir neçə saniyəlik səsizlikdən sonra Elifin ağrı dolu səsi gəlməyə başladı:

- Səndən bir ricam var. Orda görüşək. İlk dəfə tanış olduğumuz restoranda. Yenə həmin masada oturarıq. Hər şey orda başlamışdı, orda da...

Elifə sözünü bitirməyə imkan vermədi...

- Yenə başlama. Bəlkə başqa bir yerdə. Artıq son bahardı. Ora axı açıq yer idi, indi ora soyuq olar...

- Səndən xahiş edirəm, orda görüşək, mənə elə gəlir, bu bizim son g&¨rüşümüz olacaq, oranı istəyirəm...

“Son” sözünü elə bir ağrı ilə söylədi ki, o bunun gerçəkdən də son görüş ola biləcəyini içəridən gələn üşütmə kimi hiss etdi... Elifi daha artıq incitmək istəmirdi, “Tamam” dedi, “Orda görüşək. Saat neçədə?..”

- Saat 19-da... - Günəş qüruba enəndə...

Yoox, bu qız halını onca bəlli edib, öz ölümünə onca inanıb ki, artıq rəmzlərə keçib, təbiətin halı ilə harmoniya axtarır, deyə düşündü. İçində nəsə qırılırdı, elə bil. Özünü toplayıb, “Tamam, tamam, səni gözləyəcəm” dedi...

- Gözləyəcəksənmi?” - Elif bu sözü elə təccüb qarışıq ağrı ilə soruşdu ki... Sonra da əlavə etdi:

- Sən, sən məni heç zaman gözləmədin ki... Hər zaman mən səni gözlədim. Sən isə ya gəlmədin ya da gecikərək gəldin.

Tez də əlavə etdi:

- İncimə, zarafat edirəm, incimə...

O hər zaman belə idi. Əlini incitməyə qıyamazdı... Xatırladı ki, doğurdan da cəmi bir neçə dəfə baş tutan görüşlərinin hamısında Elif onu gözləmişdi... Üzünə-gözünə, içinə-başına xəcalət hissi hakim kəsildi...

Saat 18.30 da artıq restoranda idi. Ona elə gəlirdi ki, Elif onu gözlədiyini görsə az da olsa xoşbəxt olar. Çünki ona xoşbəxt anlar yaşada bilməmişdi və hər zaman ondan ağrı dolu “ismarınc”lar almışdı..

19.00 radələrində Elif gəldi. Rəngi bəmbəyaz idi. Gözləri ağlamaqdan şişmişdi. Çox dağınıq idi. Amma cazibəsi! Cazibəsi elə həminki idi.. Kədər, hüzn ona sanki mistik bir gözəllik də vermişdi... – Daha yaxşı görünürsən dedi... Elif sadəcə dodaqucu acı təbəssümlə cavab verdi ona.

Onların səssiz baxışıarını ofisantın səsi pozdu:

- Nə sifariş vermək istərsiniz, əfəndim?..

...Levrək yeyəciyik dedi.. Elifin heyrət dolu baxışları ilə qarşılaşdı gözləri və gözlərini ayırmadan “hə, hə, levrək yeyəciyik” dedi..

Elifin gözləri ilə yaş sel kimi süzülməyə başladı... Demək, o da heç nəyi unutmayıb hələ də xatırlayır o günü, o söhbətləri, verdiyimiz sifarişləri... Həmin gün levrək yemək təklifi məhz ondan gəlmişdi və Əli də “onda elə bizə də levrək verin” demişdi...

Sifarişləri verəndən sonra bir müddət yenə ikisi də susdu... Şair demiş, “Qoy, sükut danışşsın, ikimiz susaq... (Sənə yaxın olum, dünyadan uzaq)...” halı onlara yad deyildi.

Sükutü Əlinin səsi pozdu:

- Nə zaman gedirsən?

- Elə bu gecə...

- Hər şey yaxşı olacaq, indi tibb o qədər inkişaf edib ki, artıq xərcəngə adi bir xəstəlik kimi baxılır..

Elif sanki onu dinləmirmiş kimi başını qaldırıb düz gözlərinin içinə baxdı və “sənin bunda heç bir günahın yoxdu, özünü heç zaman suçlama” dedi... Gözlərinin dərinliyində elə bir kədər vardı ki... Əli onu gercəkdən də sonuncu dəfə görəcəyini hiss etdi elə bil. Canını üşütmə tutdu...

- Belə olmasını mən də istəməzdim, dedi..

- Bilirəm. “Nəyi yaşamalı idiksə, onu da yaşadıq”... - Xatırlayırsanmı, bunu sən demişdin mənə...

Dilini sürüdü:

- Həə...

- ...Bəlkə də son yolçuluğumdu bu mənim... Səndən bir xahiş edə bilərəmmi?

- Əlbəttə, əlbəttə...

- Gedək sənin evinə. Evini görmək istəyirəm. Hər zaman oranı görmək istəmişdim. Hətta xəyallarımda sənin evinin necə ola biləcəyini də düşünmüşdüm. Gedək sənin evinə bir çayını içərik və söhbət edərik, məni xanımınla tanış edərsən. “Keçmiş bir dostumdu” deyərsən. Yalan danışmış olmayacaqsan ona. Aramızda gerçəkdən heç nə olmadı axı, sadəcə mən səni qarşılıqsız, dəli kimi sevdim..

- Tamam dedi Əli. Çünki onun xahişini rədd etmək gücündə deyildi... İllərlə sevgisini cavabsız qoyduğu, rədd etdiyi bu qadını incitməkdən qorxurdu artıq...

Əligildəydilər. Elif sanki sirli bir aləmə düşmüşdü. Evdə hər detala elə diqqətlə baxırdı ki... İllərlə bu evin necə ola biləcəyinə dair xəyallar qurmuşdu, indi onun yaşadığı, nəfəs aldığı bu evi görmək onu üçün cənəttə düşmək kimi bir şey idi... Əlinin xanımı ya gerçəkdən onun haqqında heç nə bilmirdi, ya da hiss etdirmirdi... Elif isə sanki bu evdə itirdiyi nəyisə axtarırdı. Bəlkə də yarımçıq qalmış xəyallarını. Bu evə ilk və son dəfə baxırdı: ilk və son!..

Beyza çay gətirməyə gedəndə tez Əlidən doğum günündə göndərdiyi rəsmin harada olduğunu soruşdu. Öz-özünə sual etmişdi: Yoxsa xoşuna gəlməyibmiş? Onu istedadlı bir rəssama çəkdirmişdi. Ürəyindən keçənləri xəfif-xəfif sözlərə tökdü:

- Heç olmasa, sənə göndərdiyim kiçik hədiyyələri xatirə saxladınmı? Yoxsa onların da dəyəri yox idi sənin üçün.!? Mənim kimi... Əli nə cavab verəcəyini bilmirdi. İçinə elə qəribə bir ağırlıq çökmüşdü ki... Bu bir az da sanki peşmançılıq ağrısı idi. Gerçəkdən də Elifi çox üzmüşdü. Sevgisinə cavab vermək əlində deyildi, amma ona bu qədər acımasız davranmaya da bilərdi. Sözləri, hərəkətləri ilə... Düşündü, gerçəkdən də onun tək suçu sadəcə mənə aşiq olmaqdı, sadəcə. Öz-özünə izah etdi: Yanlış adama...

Beyzanın yanında bir neçə kəlmə ümumi söhbət etdilər. Elif Beyzaya elə bir qibtə hissi ilə baxırdı ki. Həyatında heç kəsə bəlkə də belə qibtə hissi ilə baxmamışdı.

Hə, ona qibtə edirdi. Çünki məhz o sevdiyi adamın qəlbinə yiyələnə bilmişdi, onunla bir evi, sevgini bölüşürdü... Elifsə... bunları sadəcə bircə ay yaşamaq üçün bütün həyatını qurban verməyə hazır idi. Amma sevdiyi insan bircə dəfə də olsun ona sevgi ilə baxmamışdı, bircə dəfə...

- Gecdi, uçağın vaxtına az qalıb, oteldən əşyalarımı da götürməliyəm hələ, getmək lazımdır, deyib ayağa qalxdı. Evi bir daha göz dolusu seyr edib, “bax, dəyərli dostumu sənə əmanət edirəm, ona yaxşı bax” deyə məcburi bir gülüşlə Beyzaya səsləndi.

Otelə doğru hərəkət edən maşında heç biri danışmadı.. Sanki gözyaşları ikisinin də boğazında düyümlənib qalmışdı, dillənsələr dayanmadan ağlayacaqdılar...

Otelə az qalmış Elif bir təhər dilləndi:

- Nə gözəl havadır... amma acı qoxuyur. Səninlə görüşməyə gəldiyim o sentyabr gecəsini xatırladır. Nə qədər zəng etsəm də cavab verməmişdin, görüşmək istəməmişdin mənimlə... Mən də ağlaya-ağlaya hava limanına gedirdim... Onda da hava belə acı qoxuyurdu..

Heç nə demədi Əli. Ancaq içində “Keşkə bəzən keçmişi geri gətirə bilsəydik” deyə düşünürdü...

Otelə çatanda Elif “qalx, mənimlə” dedi – sanki bir az amiranə tərzdə...

Ona etiraz edəcək gücü yox idi Əlinin artıq. Yeri də deyildi... Otağa qalxdılar.. Balaca divanda yanaşı oturdular. Bir neçə dəqiqə sakitcə bir-birilərinə baxdılar. Sanki söhbətə başlamağa qorxurdular. Arada çox incikliklər, ağrılar-acılar olmuşdu... Daha doğrusu, Elif yaşamışdı bunları... Çünki Əli təkcə onun sevgisini cavabsız qoymaqla qalmamışdı. Aralarındakı dostluğun davam etməsinə də imkan verməmişdi... Kobud davranışları ilə çox üzmüşdü Elifi, çox... Amma yaşadığı bütün ağrılara baxmayaraq, o Elif üçün həyatın özü idi. Onu hələ də dəlicəsinə sevirdi...

Səssizliyi Elifin ağrı dolu sükutu pozdu:

- Cocuğunuz hansı ayda doğulacaq?

Əli cavab vermədi... Onu daha da incitməmək üçün ən yaxşısı cavab verməmək idi... Söhbəti dəyişmək üçün “inşallah nə zaman qayıdırsan” deyə sual etdi...

Elif sakitcə düz gözlərinin içinə baxırdı Əlinin. Üzünə acı bir təbəssüm gəldi Elifin. Gözlərində yazılmış “artıq heç vaxt” ifadəsi Əlinin boğazını yandıran bir düyünə çevrildi...

Elif sakitcə “xoşbəxt ol” dedi, “atalı-analı böyüsün” dedi...

Sakitcə deyilən bu sözlərin içindən Əliyə doğru elə qəribə bir ağrı axdı ki... O sanki heç vaxt xoşbəxt olmayacağını hiss etdi... Ona bəzi şeyləri açıqlamaq hissi onu boğmağa başladı. Bir şeylər demək istəyirdi. Ürəyindən keçənləri, düşündüklərini sözlərə belə daşıdı:

- Bilirəm, səni çox incitdim, bilirəm, amma bilirsən niyə etdim bunları.!?

- Sözünü bitirə bilmədi...

Elifin ağrı və yalvarış dolu sözlərlə “yalvarıram, artıq heç nəyi bilmək istəmirəm. Nə anlamı var ki? Mübahisə etmək istəmirəm... Gərginlik də istəmirəm... Mənə nələrisə izah etməyə borclu deyilsən... Bunu etməni də istəmirəm... Səni incitməyi isə heç istəmirəm... Gəl, keçmişdən danışmayaq, gəl, heç bir şeydən danışmayaq... Sözlərlə çox incitdik bir-birimizi. Yorulmuşam, yaman yorulmuşam...

Elif sakitsə başını onun dizlərinin üstünə qoydu. – Bu onların ilk belə təsirli təması idi. İksi də 18-19 yaşlı gənclər qədər həyəcanlı idi...

- Mənə bir masal anlat, ya da bir şeir de, bir də saçlarımı sığalla bir az yatmaq istəyirəm, dedi...

Qəhər onu boğmuşdu.. Heç bir şey danışa bilmirdi... Sadəcə saçlarını oxşamağa başladı... Yanağından aşağı süzülən gözyaşları ilə ona sakit bir layla deyirdi sanki... Üzünə süzülən gözyaşları sanki bir etiraf idi... Bu dünyada onu ən çox sevən qadının o olduğunu bildiyi halda rədd edərək öz əli ilə öldürdüyü qadınla sanki vidalaşırdı...

- Bağışla məni, bağışla... Gərək məni sevməyəydin... - Pıçıltı ilə söyləməyə başladı...

Elif isə elə dərin bir yuxuya getmişdi ki... Sanki illərin yuxusuzluğundan əziyyət çəkirmiş...

Elif bir də telefonunun zənginə oyandı... Onu hava limanına aparan taksi gəlmişdi...

Hər şey üçün sağ ol dedi Elif...

- İstəyirsən mən də səninlə gəlim... Qeyri-ixtiyar çıxdı Əlinin ağızından bu sözlər...

- Çox gecdir... Bu yolçuluğa tək çıxmalıyam. Qapıya yaxınlaşanda hiss etdi ki, Əlinin bu qədər üzülməsinə dözə bilməz. Qapıdan çıxar-çıxmaz dönüb təbəssümlə Əliyə baxdı:

- Tanış olduğumuzdan bu yana mənə ilk görüşümüzdən sonra heç bir zaman hədiyyə vermədin. Hər zaman mən sənə hədiyyə göndərdim. Hətta mənə kitab alıb göndərəcəyinə söz vermişdin, onu da etmədin. İndi xatırladım, qələm götürməmişəm... Gündəliyimi yazmalıyam mənə bir qələm hədiyyə verərsənmi?..

- Əlbəttə, dedi və qələmini çıxarıb Elifə verdi...

- Sağ ol, dedi Elif, qələm üçün...

- Nə zaman qayıdırsan axı? - Qapıdan çıxanda Əli təkrar soruşdu...

- Səndən daha bir şey də istəyə bilərəmmi? (Ayrılıq dəqiqələri gəlmişdi.)

- Hə, əlbəttə dedi, Əli...

- Məni heç zaman unutma..! Bir də “məsaj”larımı pozma, adımı və telefon nömrəmi telefonunun yaddaşından silmə heç zaman..!

- Belə danışma, dedi Əli. Amma son dəfə görürmüşcəsinə baxdı Elifə...

Taksiyə minəndə qəfil geri dönüb Əlini möhkəm qucaqladı və dərindən nəfəs alıb qoxusunu sanki həmişəlik içinə çəkməyə başladı... Və sarıldığı kimi də anidən ayrılıb taksiyə mindi, sürücüyə “gedək” dedi... Bu elə ani oldu ki, Əli sağollaşa da bilmədi...

Elif gedəli bir həftə olmuşdu. Bir neçə dəfə durumu öyrənmək üçün zəng etsə də Elifin telefonu qapalı idi. Artıq əməliyyata girməli idi... Görəsən həkimlər nə dedi... Naratahlığı yaman art­mışdı... İçinə sanki qəribə bir hüzn dolmuşdu...

Fikrə dalmışdı. Telefonun zəngi onu fikirdən ayırdı. Ola bilməzdi. Zəng edən Eliflə ortaq tanışlarından olan Sibel idi. Uzun zamandan bəri danışmamışdılar. Daha doğrusu, Sibel onun Elifə münasibətindən incimişdi və əlaqələri elə o zamandan kəsilmişdi. Zənglə yanaşı bir üşütmə də doldu içinə...

- Getdi... Artıq rahat yaşaya bilərsən... - Sibelin gözyaşı ilə dediyi bu sözdən sonra heç nə eşitməməyə başladı... Sibel gözyaşları içərisində nələrsə danışırdı amma Əli heç nə hiss etmirdi... Qəribə ağrı var idi hər yerində... Gözünün qarşısından elə sürətlə gəlib keçməyə başladı ki, ilk tanışlıqlarından sonuncu görüşədək olan zaman...

- Alo, alo! Eşidirsən məni... - Sibelin səsi onu yenidən özünə qaytardı. - Eşidirsən məni... Sənə bir hədiyyə qoyub məndə. Demişdi əməliyyatdan sağ çıxmasa onu sənə verim. Hara göndərim.

- Hardasan? - dedi Əli...

- Evə gedə bilmirəm, boğuluram, bir az hava almaq istəyirəm...

- Hardasan?!.

..15 dəqiqə sonra sahildə oturacaqda yanaşı əyləşmişdilər... Elə bil, dünyanın axırındaydılar...

Sükutu Sibelin qəmli pıçıltısı pozdu:

- Onu sən öldürdün..! Sənin sevgisizliyin öldürdü onu... Sənin başqasını sevmən, sənə başqa­sının toxunması, evlənməyin öldürdü onu... Niyə belə etdin, niyə? Onun tək günahı səni dəli­cəsinə sevmək idi. Niyə öldürdün onu, söylə niyə? İndi daha xoşbəxtsənmi? Daha xoşbəxt olacaqsanmı, söylə? - Sibel elə yanıqlı ağlayırdı ki...

Gözyaşları içərisində çantasındakı bağlamanı çıxarıb ona verdi. Sibelin gözlərində kədər qarışıq bir maraq da var idi... Bilmək istəyirdi o hədiyyənin nə olduğunu.. Əlinin əlləri əsirdi... Bağ­lamanı açdı... İçində bir gündəlik, bir də ondan ayrıldığı zaman hədiyyə istədiyi qələm vardı... (Sanki “gerisini sən yazarsan” demişdi Elif...)

Bunu sənə nə zaman verdi deyə soruşdu Sibeldən. Təəccüb içindəydi...

- Avropaya gedərkən hava limanında verdi dedi...

- Demək gündəliyini aparmamışdı... Demək bunun gerçəkdən də son yolçuluq olduğunu bilir­miş...

İçində elə qəribə ağrı var idi ki... Sanki sinəsində nəsə ona nəfəs almağa imkan vermirdi.. Boğulurdu... Tez g&¨ndəliyi vərəqləməyə başladı. Hər gün ayın tarixi ilə Elif ona bütün günü nə ilə məşğul olduğundan, nə düşündüyündən yazırdı. Sanki hər gün onunla söhbət edirmişcəsinə...

Vərəqləyib yazdığı ən sonuncu yazını tapdı. Tələsik yazmışdı...

“Birimizin xoşbəxtliyi üçün ikimizdən birimiz getməliydik bu həyatdan... Bu dünyada biz biri-birimiz üçün yazılmamışdıq. Səni heç kəslə paylaşa bilməzdim. Anladım ki, mən artığam bu dünyada... Mən gedirəm.. Çalış xoşbəxt ol... Amma unutma orda gözləyəcəm səni...

Səndən ən son istəyim sənə hədiyyə göndərdiyim qələmlə mənə yaz, məni yaz... Bu gündəliyi sən bitir.. Nə istəyirsən, necə istəyirsən onu yaz.. Amma sonra nə vaxtsa bu gündəliyi bir yazara ver, qoy bizi yazsın. Bizi..! ”

Əlləri titrəyirdi. Ona gəlirdi ki, Elifin ruhu indi burdadır və onun nə yazmasını görüb əbədi getmək istəyir...

“Bağışla” yazdı Əli... – “Bağışla məni... Mümkünsüzdü qovuşmağımız, mümkünsüzdü birlikdə xoşbəxt olmağımız. Amma mən səni...”

Gözlərindən süzülən yaş gündəlikdəki son sözün üzərinə düşüb onu qarışdırmışdı.. Son nöqtəni qoymadan “gündəliy”i qapatdı...

Sonbahardı... Havadan ağrı qoxusu gəlirdi...

Gözlərini yumub ağrı qoxuyan havanı dərindən ciyərlərinə çəkdi...

# 2938 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #