İtkilər, həbs, kitablar 2012-NİN YEKUNU

İtkilər, həbs, kitablar 2012-NİN YEKUNU
30 dekabr 2012
# 11:32

Ötən il daha çox gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsləri ilə yadda qaldı. 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) may ayının 2-də həbs olunublar. 4 ay həbsdə qalan şairlər avqust ayında 4-də həbsdən azad edilərək Vətənə qayıtdılar.

Ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Bəkir Nəbiyev 15 mart tarixində vəfat edib. Bəkir Nəbiyev 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

16 iyun tarixində yazıçı Şamo Arif vəfat elədi. Xalq Yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olan Şamo Arif 1930-cu ildə Qubadlı rayonunda anadan olmuşdu. 60-cı illərdə ədəbi fəaliyyətə başlayan yazıçı “Qoşa çinar”, “Göz dağı”, “Anamın yuxusuna girməsin”, “Qınamayın məni” əsərlərinin müəllifidir. Ölümündən bir müddət əvvəl yazıçının adı bir neçə dəfə Rəsul Rza, Mehdi Hüseynlə bağlı qalmaqallarda hallanmış, atasını müdafiə edən məqalələr yazmışdı.

3 avqust tarixində gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü Zərdüşt Şəfi vəfat etdi. Uzun müddət qan xərçəngindən əziyyət çəkən yazar öləcəyini bilirmiş. 26 yaşında həyata əlvida deyən şair “Başqa adamlar” hekayələr kitabının müəllifi idi.

23 noyabr tarixində şair, publisist, dramaturq Kələntər Kələntərli vəfat etdi. O 1930-cu ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdu. "Dağlar silkələndi", "Şöhrət axtaran xanım" və "Lənət şeytana, yaxud belə-belə işlər" mənzum pyeslərinin, "Şuşam geri alınmasa" və "Ağ atlı oğlan" poemaları və başqa əsərlərin müəllifi idi. Kələntər Kələntərli 2006-cı ildə "Tərəqqi" medalına layiq görülüb.

Ötən il ərzində Cəlil Cavanşirin "İtirilmiş əlyazma", "Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən”, Əjdər Olun “Tütün limanı”, Etimad Başkeçidin “Min yol mənə söylər”, Qan Turalının “Polis qorxusuyla öpüşmək”, Kamal Abdullanın “Labirint”, Kənan Hacının “Atamın sevgilisi”, Aqşin Yeniseyin "147 dənə sən" kitabları nəşr olundu.

Azərbaycan Yazıçılar Birliyinin 2009-cu ildən təxirə salınan qurultayı bu il də keçirilmədi. Yazıçılar Birliyi qurultayın keçirilməməyinin səbəblərini, binanın təmir olunması, üzvlərin yenidən qeydiyyatdan keçməməyi ilə bağlı ləngidiyini deyir. Qurultayın gələn il keçiriləcəyinə böyük ümidlər var.

Noyabr ayında AYB bir neçə nominasiya üzrə yeni mükafatlar təsis etdi. Mükafatlar 5 nominasiyada veriləcək. Ən yaxşı nəsr əsərinə görə Yusif Səmədoğlu, ən yaxşı poetik əsərə görə Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə Yaşar Qarayev, ən yaxşı tərcümə əsərinə görə Abbas Səhhət mükafatı, Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə Nəcəf Nəcəfov mükafatı veriləcək. Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilib. Mükafatlar 2013-cü ildən başlayaraq iki ildən bir veriləcək və mükafatlar qaliblərinə ilaxır çərşənbə günü təqdim olunacaq.

Mart ayının 30-da yazıçı Kamal Abdulla mətbuat konfransı keçirərək “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” kitablarına görə Nobel Mükafatına namizədliyinin irəli sürüldüyünü bildirmişdi. Nobel Komitəsi 5 professora - Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanovaya ayrı-ayrı məktublar göndərilib və təklif edilib ki, öz namizədlərini seçsinlər. Professorlar isə yazıçı Kamal Abdullanın əsərlərinin xaricdə çap olunmasını və başqa keyfiyyətlərini nəzərə alaraq onun namizədliyi üzərində dayanıblar.

Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyi ilə əlaqədar ölkədə və xaricdə bir sıra tədbirlər keçirildi. Böyük dramaturqun əsərləri ölkənin bir sıra teatrlarında tamaşaya qoyuldu, Moskvada heykəlinin açılışı oldu, əsərləri xarici dillərə çevrilərək bir sıra ölkələrdə səhnələşdirildi. Bundan başqa Axundova həsr olunmuş “Sülhün səfiri” filminin təqdimetməsi keçirildi.

# 2832 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #