Vaxtın ad günü

Vaxtın ad günü
28 dekabr 2012
# 13:29

Seyfəddin Hüseynli

Üzümüzə tutduğumuz təqvim üzrə ilin təhvil-təslimi qışın ortasına düşür. Payızın axır iki ayının qışdan, qışdakı son ayın da yazdan sayıldığını nəzərdə saxlayanda belə alınır. “Qərb - Miladi təqvimi”nə görə, “il” dediyimizin ikiyə ayrılan bircə fəsli var - Qış. Güman ki, növbənöv çətinliklər gətirən qışın vahiməsi, ağırlığı bir il üçün çox görülüb, onu iki yerə bölmək, “qüvvəsini parçalamaq” ehtiyacı yaranıb insanda, yəni bizdə.

Bir az detektiv versiyasına oxşadı, amma neynək: ən güclü detektivin də elə Vaxt olduğunu, bütün gizlinləri tədricən açıb-ortaya tökdüyünü az qala hər mətləb üstündə dilə gətirmirikmi? Bu da olsun o mətləblərdən biri.

Xəfiyyəçiliyə ki başladın, gərək işin axırına qədər gedəsən, yoxsa adamı Kərbəlayi Zalla bir tutub, “qulluqdan çıxararlar”… Deməli, qışın yarısının köhnə ildə qalıb, parasının təzə ilə keçməsinin bir mifik-mistik yozumu da bu ola bilər: bir halda ki, ömür “iki ölüm arasındakı müvəqqəti həyat”, “əzəli-əbədi Yoxluq arasındakı qısa Varlıq fasiləsi”dir, deməli, ilin əvvəli də, sonu da qışa düşməliydi.

İl – ömrün mikromodeli sayıla bilməzmi?! Yığılıb-yumrulanıb bircə ilə sığan, hələ ondan da az çəkən o qədər ömür var ki! İllah da, indilərdə ömür ildən qısa, il də gündən gödək gəlir insana, yəni bizə: gözünü qırpmağa peşmansan. Ancaq elə həmişə bu cür olub, deyəsən. Yoxsa

Şair yazmazdı ki:

Göz yumub aləmdən, istərdim açam rüxsarinə,

Canım aldın, göz yumub-açmağa möhlət vermədin!

* * *

Üst-başımızda gəzdirdiyimiz, ağırlıq-uğurluqlu, dəyiş-döyüşlü təqvimdə illərin get-gəl fəsli Yazdır. “Qədim Şərq təqvimi” deyilən bu zaman cədvəli həyatın ən sadə, amma çox da doğma məntiqinə daha uyğun görünür: il (ömür) yazda başlayır, açılıb-çiçəklənir, bar-bəhər verir, sonra haldan düşür, solub-saralır, axırda da, o söz…

O biri şərqlilər özləri bilərlər, ancaq biz, eyni təqvim əsasında, hər təzə ilin gəlişinə Novruz bayramı adı verib, bu adla təntənə qoparır, “fələkdən bir gün oğurlayırıq”. Keçəldir, kosadır, hər nədir: qəbulumuzdur – köhnə Novruzumuzdur. Şair elə-belə demir ki:

Hər gün açır könlümü zövqi-vüsalın yengidən,

Gərçi güllər açmağa hər ildə bir Novruz olur.

* * *

Ardımızca, böyrümüzcə yeriyən “İslami təqvim”in, mürəkkəbliyi qədər, maraqlı xarakteri var. Bu təqvim öz başlanğıcını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsindən – ona ögey baxan Ata ocağından köçüb, onu bağrına basmaq istəyən Ana yurduna pənah aparmasından götürür. Bəlkə elə həmin hicrətin, köçhaköçün təsirindəndir ki, bu təqvimin özü də sistemli şəkildə gəzərgiləşib, səfərdə olmağa alışıb: fəsilləri addım-addım dolaşmaq keyfiyyəti kəsb edib. Hicri təqvimi yaz deməz, qış bilməz; gah Aya (Qəmər, Mah) baxar, gah Günəşi (Şəms, Afitab) diqqətdə saxlayar, ilin əvvəliylə sonu hər dəfə 10 gün-11 gün addımlayıb, mövsümlərin hamısına baş çəkər. Bir də baxarsan, Məhərrəmlə başlayıb Zilhiccə ilə bitən Hicri ilinin təhvil-təslimi düşdü yayın qızmar çağına.

Amma heç buna görə də Şair öz qırımını pozmur. Deyir, kainatda Ayın, Günəşin hərəkəti məni maraqlandırmır, ayın-günün hesabını aparmaqda təmənnam budur ki, Sənə qovuşub bayram edəcəyim Vədə gəlib yetişsin:

Sipehrin fariğəm əslində Mahü Afitabından,

Qərəz eydi-vüsalındır bu ayü gün hesabından.

* * *

Köhnə əyyamlarda xeyli hörmətli tutulan, son 80-90 ildən bəri isə ancaq hərdən-hərdən tarixin künc-bucağından qaldırılıb toz-torpağı çırpılan bir təqvim də olub. Həmin o “Rumi təqvim” ən çox Anadoludan Balkanlara qədər uzanan maliyyə söhbətlərində, pul-paranın, gəlir-çıxarın hesablanmasında işlədilirmiş. Dəftərdarların, hesabdarların, xəzinədarların karına gəlirmiş. “Rumi” ki dedin, qəziyyə məlum…” Əlidarların, cibidarların, yeridarların nə işləri olacaqdı “Rumi təqvim”lə?! Bunların öz təqvimləri olub həmişə: maaş-borc təqvimi yeyib-bitirib ömürlərini…

Elə Şair də bu cərgədəymiş ki, deyib:

Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim:

Dövr - zalim, bəxt - nafərcam, tələb - çox, ömr - az

* * *

Bəlkə də daha dəqiqi belədir ki, bu ilsonu-ilbaşı vurhavuru bizə hər nə qədər vacib, əlamətdar gəlirsə gəlsin, içində vurnuxduğumuz Vaxt-Zaman üçün bir o qədər şərtidir, adidir.

Vaxt – tamdır, bütövdür; nə zamansa biryolluq yaranıb, ola bilsin, haçansa da birdəfəyə yoxa çəkiləcək. Köhnə ildə gözü qalmaz, təzə ilə də tamah salmaz; nə ilsonunda vay-vayı var, nə ilbaşında hay-hayı...

Ancaq insana, yəni bizə təsəlli gərəkdir, təntənə lazımdır axı! Odur ki, təqvimlər tapıb, cədvəllər çəkib, ölçülər qoyuruq. Yerlər nisbi, adlar şərti...

Məsələn, adında 10-luq daşıyan Dekabr birdən-birə keçib dayanır 12-ci yerdə, ilimizin sonunda. Həm də bu boyda dünyanın “Aralıq” kimi tanıdığı o boyda dəryaya “Ağdəniz” deyən qardaşlar birdən-birə Dekabrın adını çöndərib “Aralıq” qoyurlar. Vaxtı araya qoymağın lap ağını çıxarmaqdır bu.

Hər dəfə - öz icadımız olan - illərdən birinin quyruğunu o birinin başına düyünləyəndə bunu Vaxtın ad günü kimi elə özümüzəcə sırıyır, sevinib-şadlanırıq. Bu minvalla, guya Vaxtı harasa ötürürük, Vaxtı hardansa götürürük, Vaxtı hardasa itiririk. Halbuki vaxt Vaxtın nə vecinə! Onun işi insanla, yəni bizimlədir. Ötürülən də, götürülən də, itirilən də Özümüzük. Yoxsa Şair niyə desin ki:

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni:

Vəqtdir, çıxmağa dünya qapısından, əyilin!

...Ad günün mübarək, Vaxt!...

# 1704 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #