Qənirə Paşayeva: “Roqojini sevirəm”

Qənirə Paşayeva: “Roqojini sevirəm”
27 dekabr 2012
# 15:26

Ondan müsahibə almaq istəyirdik, bu haqda xahişimi mesaj vasitəsiylə ona çatdırdım.

2 dəqiqə keçməmiş telefonuma böyük bir mesaj hissə-hissə düşməyə başladı: “Salam. Kitabınızı oxuyuram. Maraqlıdır. Qurtaranda sizə tam fikrimi deyəcəm. İndi Kiprdəyəm. Axşam İstanbuldan Vyanaya, oradan da Hollandiyaya uçacağam. On dördü Bakıdayam. Təcili deyilsə o zaman görüşək. Kulisi oxuyuram, çox xoşuma gəlir, sizi görə bilməsəm də Vüsalə xanıma bu haqda deyirəm”.

Bu qədər gərgin iş rejimində vaxt tapıb Kulisi və mənim kitabımı oxumaq asan deyil.

Amma o Qənirə Paşayavadır, gənc həyatına böyük uğurları sığışdırmağı bacaran, enerjili, zəhmətsevər qadın...

O, Bakıya qayıtdıqdan sonra vədələşdik, keçən cümə, o qiyamət gününün gecəsi görüşdük.

Qənirə xanımın atası ədəbiyyat müəllimi olub.

Ələsgər müəllimin evində hələ uşaq ikən Qənirə xanım kimləri görməyib?

Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Abbas Zamanov...

Ədəbiyyat sevgisi atasından keçib.

Atası Bəxtiyar Vahabzadənin şeirini oxuyanda şair için-için ağlayırmış.

Əmisi ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevdir.

Anası Tehran xanım kimya müəlliməsidir.

Qənirə xanım onu mənimlə tanış edəndə bir müəllimə təmkini ilə dedi ki, tanıyıram.

Kulis.Az-ı yaxşı oxuyur Tehran xanım.

Murad Köhnəqalanı soruşur, deyir, Baxçalıdan yaxşı yazmışdı Murad.

Qənirə xanıma bağışladığım kitabları həvəslə vərəqləyir, Fərəh Pəhləvinin memuarını görüb deyir, bunu çoxdan oxumaq istəyirdim.

Belə bir ailədə böyüyüb Qənirə xanım.

Söhbətə 21 dekabr zarafatları ilə başlayırıq.

Məntiqlə qiyamətdən sonra söhbət buna yaxın bir mövzunun üstünə gəlməlidir, misal üçün Lars fon Trierin “Melanxoliya” filminə...

Amma biz Dostoyevskinin üstünə gəlirik və ədəbiyyat dünyası haqda həyəcanlı, bir-birimizin sözünü kəsərək etdiyimiz söhbət saatlarla çəkir.

Qənirə xanım “Dostoyevskinin mənfi qəhrəmanlarını da sevirəm” deyir.

Mən də Slavyan Universitetinin çap etdirdiyi Baxtinin “Dostoyevskinin poetikası” kitabından söhbət salıram.

Həmsöhbətimin Kafka haqqında maraqlı müşahidəsi var: “Kafkanın ağrısını yaxşı anlayıram. Məncə bu ağrı insanı azadlığa aparır”.

Kafka haqqında dedikləri bir qadının, bir həkimin mərhəmətinə çox bənzəyir.

Sanki Qənirə xanım bir pasienti haqda, ya da bir dostu haqda danışır, onun faciəsinə təəssüflənir.

Söhbət artdıqca mənim təəccübüm və heyrətim də artır.

Xüsusən də gənc deputat “Master və Marqarita”nı şagird vaxtlarında oxuduğunu deyəndə...

Dilimizə bir neçə il qabaq tərcümə edilmiş bu kitabı Qənirə xanım rusca oxuyub.

Ümumiyyətlə rus dilini çox yaxşı bilir, bir çox kitabları rusca mütaliə edib.

Sartr Kamyu konflikti haqda danışır, Kamyunu daha çox sevir.

Ürəyimdə Sartrın tərəfindəyəm, polemika etmirəm.

Simona de Buvardan heyranlıqla danışır, ümumiyyətlə uğurlu qadınları çox sevir Qənirə xanım, “İkinci cins”dən (Simonanın kult əsəridir) sitatlar gətirir.

Qənirə xanımda insanı heyran edən bir zəhmətsevərlik var.

Həkim olmayacağını bilsə də Azərbaycanın ən çətin universiteti olan Tibb Universitetinin pediatriya fakültəsini bitirib.

Bunu yalnız anasının istəyinə görə edib, universitet diplumunu da anasına bağışlayıb.

Tələbə olanda sistem vurmaqla, uşaqları müalicə etməklə özü üçün pul qazanmağa başlayıb.

Sonra da Bakı Dövlət Universitetinin yüksək ballı fakültələrindən olan beynəlxalq hüquq fakültəsini bitirib.

23 yaşından jurnalistika ilə məşğuldur, ANS-in parlaq simalarından olması hamımızın yadındadır.

Saatlar keçdikcə mənim enerjim azalır, amma Qənirə xanım sufilər haqda ehtirasla danışır.

“Məsnəvi”nin müxtəlif tərcümələri var.

Qənirə xanımın sufizmə marağı adi oxucu marağı deyil, bir həyat fəlsəfəsi kimi mənimsəyib sufiliyi...

Söhbətin son saatlarını Qənirə xanım söhbətdə iştirak edən həyat yoldaşımla bol rəqəmli, terminli sosial siyasət danışmaqla keçirdir.

Mənim intellektual səlahiyyətim söhbətdə ancaq dinləyici kimi iştirak etməyə çatır.

Bir-birimizə yeni görüşlərə dəvət edərək ayrılırıq.

Qənirə xanımım mənə hədiyyə etdiyi “Molla Nəsrəddin” jurnalının külliyyatının iki cildi ilə evə qayıdırıq.

Gecə saat üçdür, sulu qar yağır...

# 5840 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #