Bu dünya dağılacaq günün birində

Bu dünya dağılacaq günün birində
24 dekabr 2012
# 11:46

21 dekabrı geridə buraxdıq. Artıq qiyamət ajiotajı bizə gülməli gələ, arada xatırlayıb gülə bilərik. Amma etiraf edək ki, hamımız çətin bir durum qarşısındaydıq.

İnananlar heç, onların məsələsi aydındı. Böyük bir qorxu içində, təhlükəsiz məntəqələrinin axtarışında idilər. Həmin gün, misal üçün Şirincədə olmağa görə səxavətlə dollarlarından keçdilər.

Şübhə edənlər. Onları da gördük. Yenə də qorxu içində şam, konserv alır, ehtiyat görürdülər. Nə olar, nə olmaz deyə.

İnanmayanlar isə. Onlar gülüb keçirdilər. Bununla belə dünyanın nə vaxtsa dağıla biləcəyi qorxusu da onların ağlından keçmirdimi? Olsun ki, mayyaların öncəgörmələrinə inanmırdılar, olsun ki, qiyamət gününün varlığını qəbul etmirdilər, amma dünyanın nə vaxtsa dağıla biləcəyini ki, istisna etmirdilər. O gün 21 dekabr da ola bilərdi, əlbəttə.

Dünyanın dağılması fikri, qiyamət fikri, qlobal katastrof fikri bütün dövrlərdə aktual olub. İbtidai qəbilələrdən, ta böyük sivilizasiyalara qədər. “Nuh tufanı” hansı toplumun mifologiyasında yoxdur ki. Afrikada bütlərə tapınanlardan tutmuş İslam dininin mənsublarına qədər bütün dinlərdə.

Üstəlik elmi fərziyyələr də dünyanın dağılmayacağını inkar etmir. Günün birində bir azman meteorid yerlə toqquşarsa....

Heç bir zaman qiyamət fikri bu qədər qlobal olmamışdı. Bəlkə nə vaxtsa Avstraliya aborigenləri dünyanın dağılacağı qorxusu ilə yaşamışdılar. Hətta bəlkə onların da məişətlərinə uyğun tədarükləri olubmuş. Amma bu zaman Amerikadakı asteklər şad-xürrəm idilər. Onların Avstraliyadakı dəhşətdən xəbərləri yox idi.

Bu dəfə isə tamam başqa cür oldu. Dünyanın hər bir nöqtəsində qiyamət təhlükəsi yaşandı. Bəşəriyyət hələ belə bir qlobal qorxu yaşamamışdı. Bu ilk oldu.

Bir anlıq düşünək. Nə vaxtsa belə fantaziya gerçək olarsa? Ya dünyanın dağılması haqqında fantastik filmlər gerçəyə çevrilərsə?

Bizim kimi üçüncü dünya ölkələrində insanların başı fərdi fəlakətlərinə qarışmışkən qlobal fəlakətləri düşünməzlər. Absurd gələ bilər bizə. Qlobal istiləşmə, zəlzələ təhlükələri, tropik meşələrin qırılması, radioaktiv tullantıların dünyanı zəhərləməsi, atmosferin çirklənməsi, ozon qatının deşilməsi.

Bizim üçün bunlar önəmsənən problemlər olmaya bilər. Sosial problemlərin əlində boğulan biri üçün dünyanın “Nuhun tufanı”nda boğulması gülünc, əhəmiyyətsiz bir şey kimi gələ bilər.

Amma dünyanın harasındasa, avtobus basabasında evə gəlmək, qaz pulunu vaxtında keçirmək, axşamdan təmizlədiyi pal-paltarının sabah şəhərin donuz ağnayan palçıqlı küçələrində bulanacağı dərdi olmayan insanlar üçün bu olduqca ciddi problemdir.

Bu dünya dağılacaq günün birində. Məhz buna görə də 21 dekabr bəşəriyyət üçün əməlli-başlı təlim oldu.

# 2250 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #