Hadisə elə fahişəxanadan başlayır

Hadisə elə fahişəxanadan başlayır
3 yanvar 2013
# 08:15

Kənan Hacı nadir ədəbiyyat adamlarındandı ki, heç kəslə konflikti yoxdu. Bəlkə elə buna görədir ki, layiqli qiymətini almayıb.

Kənanın ədəbiyyat aləmində tanımadığı adam yoxdu. Kimdən desən xəbər verə bilər. Hətta bir bənd şeir yazıb adını şair qoymuş adamları belə tanıyır.

Kənan olduqca istedadlı qələm adamıdır. İstər publisistik yazılarına, istərsə də hekayələrinə nəzər yetirəndə onun olduqca ağır bir həyat yaşadığı məlum olur. Həyatın hər bir çətinliyini görüb.

Amma bununla belə heç vaxt sözə olan sevgisini itirməyib. Bəlkə buna görədir ki, hər dəfə çəkib getmək var ikən o, yenə sözlə qalıb. Özünün dediyi kimi, cibində bir qəpiyi olmayanda belə qələmə sarılmaq üçün ürəyində təpər olub.

Bunu oxucunu kövrəltmək üçün demədim. Elə olsaydı yazımı iki ay öncə Kənanın sağlamlığının çox ciddi şəkildə təhlükədə qalması ilə başlayardım. Deyərdim ki, qələm yoldaşımız ağır yatağa düşmüşdü. Amma yenə dirçəldi və təzə kitabı “Atamın sevgilisi” ilə bizi sevindirdi.

Kənanı sözə bağlılığından danışırdıq axı. Onun bu bağlılığı hər cümləsində duyulur. Kənan sözlərin üstündə zərgər dəqiqliyi ilə işləyir. Hər sözə bir naxış vurmaqdan yorulmur.

Məsələn “Çəhrayı qan” romanının ikinci səhifəsində belə bir cümlə işlədir: “Bu gözəlin bədəni şəhvət kotanıyla şırımlansa da, içində bir qapı var idi ki, o qapının dəstəyinə hələ bir əl belə toxunmamışdı”.

“Çəhrəyı qan” romanı Qarabağ müharibəsinin qızğın vaxtında gənc qəlbi vətənpərvərlik eşqi ilə alovlanın bir qızcığazın, evini tərk edib müharibəyə yollanmış, orada epilepsiya xəstəliyinə düçar olmuş Nabatın müharibədən sonrakı taleyindən bəhs edir. Müharibədən sonra Nabat Bakıda qəhrəman kimi qarşılanmır, nəfsini hər şeydən üstün tutanlar onu yerin dibinə-bir fahişəxanaya gömür. Qəhrəmanımız da onunla fahişəxanada tanış olur.

Kənan hadisənin nəqlinə də elə fahişəxanadan başlayır. Hadisələrsə sürətlə inkişaf etdir. Biz tezliklə fahişəxananın sahibini də tanıyırıq. Atası Camalın ondan imtina etməsinin səbəbini öyrənirik. Bu arada Kənan yaşadığı kəndin hər kəsin bildiyi, amma sirr kimi susub heç kəsə danışmadığı gizlinlərinə baş vurur. Camalın nə səbəbə qızından imtina etməsinin səbəbini öyrənirik. Bir gecənin içində təyyarəyə bilet alıb Bakıdan qaçmasının səbəbindən agah oluruq. Camal türmədə yatan Kərimin arvadını ələ keçirmişdi. Hər gecə kişi bədəninə susamış Mədinənin yatağında şirin-şirin yuxulayarkən Kərimin nə vaxtsa türmədən çıxacağını unutmuşdu. O gün gələndə isə Camal özünə yer tapa bilmir.

Kənan əsərə çox böyük miqyasda başlayır. Əsərin kəskin süjeti oxucunu dərinə aparır. Bu süjet hələ qabaqda böyük “macəralar”ın olacağından xəbər verir. Amma təəssüf ki, müəllif əsərə çox tez düyün verir. Süjeti dərininə inkişaf etdirsə də, eninə doğru inkişaf baş vermir. Kənan belə gözəl başlanğıcı olan əsəri sanki tənbəllikdən tezcə də bitirir. Hətta bir neçə yerdə ərinməyib əsərə publisistik əlavələr də edir.

Kənanın əsəri belə tez, tənbəlliklə bitirməsinə təəssüflənməmək olmur. Müəllif sanki bütün enerjisini cümlələrə, sözlərə töküb, əsərin süjeti tamamilə unudulub.

Deyirəm, gəlin biz də müəllif kimi edək, əsər haqında daha geniş danışmadansa, yazımızı burda bitirək. Qoy müəllif görsün ki, əsəri tez-tələsik bitirmək oxucuya necə təsir edir.

# 6701 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #