“Söyüşü əllərində bayraq ediblər”

“Söyüşü əllərində bayraq ediblər”
18 dekabr 2012
# 12:56

Bu yaxınlarda “Youtube”da iki azərbaycanlı tələbənin çəkdiyi “Plastilin” adlı yarım saatlıq filmi yayımlanmışdı. “Plastilin” bir gəncin daxili ziddiyyətlərini anladan sadə, bəsit kamera filmidir. Xətalarına rəğmən, “Plastilin”də diqqətimi çəkən əsas şey milli kinonun “xəstələndiyi” ali ideyaların, gərəksiz ciddiliyin, pafosun yoxluğu oldu. Təbii, gerçək bir hekayətin rejssorları hazırda Türkiyədə təhsil alan iki tələbədir. Onlarla virtual söhbəti təqdim edirik.

- Əvvəlcə özünüz haqda qısa məlumat verin.

Elməddin Süleymanov: Filmin ssenaristi və aktyoruyam. Üc ildir ki, İstanbulda sənaye mühəndisiliyi üzrə təhsil alıram. Amma mühəndisliklə ‚ əlaqələrim o qədər də güclü deyil. İki ildir ssenari yazıram. Bu iş üzrə peşəkarlaşmaq istəyirəm. Son bir neçə ildə yazdıqlarımı və yazmaqda olduqlarımı ekranlaşdırmaq niyyətindəyik.

Mahir Kərimli: Filmin operatoru və montajçısıyam. İstanbul Texniki Universitetində mexanika mühəndisliyi üzrə təhsil alıram. Bir ilə yaxındır ki, fotoqrafiya ilə məşğulam. Əsas maraq dairəm film və foto sənətidir.

- “Plastilin” bir insanin icindəki ziddiyyətlərdən bəhs edir. Və bu ziddiyyətlər beş insanın simasında təsvir olunur.

Elməddin: Mən bir az da öz hekayəmi canlandırdım. Orada 2-3 xarakter elə özüməm. Paradoks yaşayan bir insanın həyatı. Darmadağın bir tip. Ailəsi ilə ciddi problemləri var və istedadının olub- olmaması mövzusunda qərarsızdır. İçindən çıxmış insanları necə istəyirsə, o cür görür. Onların hər sözü onun beyninə təsir edir. O, balaca otaqda alter egosuya üzləşir.

- Filmdə söyüş bolluğu var və buna görə sizi qınadılar.

Elməddin: Filmə münasibət bildirənlərin əksəriyyəti söyüşü əllərində bayraq ediblər, mahiyyət isə kənarda qalıb. Diqqətlə izləyənlər isə filmin mesajını anlayıblar. Söyüş, həyatın içində istifadə etdiyimiz bir şeydir və seyircini aldatmaq düzgün deyil. İllərdir bizdə "fuck you" ifadəsi “lənətə gələsən” deyə dublyaj edilib və teleseriallarımız da, filmlərimiz də süni ssenarilər üzərində qurulmaqdadır. Elmi-bədii cümlələrdən qaçmalıyıq. Bir ssenarist realist olmalıdır.

Düzü, mən türkçə yazıb oxuduğuma görə Azərbaycan dilində yazdığım bu ilk ssenari mənə çətin gəldi.

Amma bir nöqtədən başlamaq lazım idi. Yazdıqlarım ilk növbədə səmimiyyətə dayanlamlıdı. Tənqidə isə həmişə tolerantam.

Mahir: Əvvəldə hamı söyüşə çox irad tuturdu. Süni olduğunu deyənlər də, bir neçə texniki qüsur tapmağa çalışanlar da, çox bəyənənlər də oldu. Bunların hamısını gözləyirdik. Gözlədiyimizdən fərqli reksiya aldığımızı deməzdim.

- Konkret olaraq bu film və ümumiyyətlə, gələcək işləriniz hansı publikaya hesablanıb? Hansı gözləntiləriniz var?

Elməddin: Ortada barmaqla göstəriləcək bir publika yoxdur. Birincisi, film “Youtube” vasitəsi ilə yayımlanıb və sosial şəbəkələrdə müzakirə olunub. Filmin geniş auditoriya qazanıb -qazanmamasının dərdini çəkmədik. Çünki, bir az dəyişik konseptlə çıxış etdik və iradlardan tutmuş təriflərə qədər düşündüklərimiz öz əksini tapdı. Təkcə oxşar məntiqi daşıyan insanlar tərəfindən bəyənilmədik. Heç gözləmədiyimiz insanların belə pozitiv rəyləri var idi.

Mahir: Bu mövzuda Elməddinin söylədiklərindən fərqli bir şey deməyəcəm. Sadəcə, onu deyim ki, film gözlədiyimdən daha çox bəyənildi.

- Sizi hansı problemlər narahat edir? Nələri ekrana gətirmək istəyirsiz?

Elməddin: Cəmiyyətin ortaq problemleri var. Mesajlar olacaq, olmalıdı da. Sosial, ailə-məişət fonunda yaşanan problemlər. Amma filmə təkcə problemi həll etmək bucağından yaxınlaşmırıq.

Mahir: Günümuzun problemləri insanlara məlumdur. Filmdə və gələcək çalışmalarda cəmiyyətdəki problemlərə toxunsaq da filmi xususi bir məsələyə həsr etmək kimi fikrimiz yoxdur. Filmi sırf sənət üçün çəkirik.

- Filmdə hərəkətlilik az, rakurslar eyni idi. İri planlarla da işləmək olardı.

Mahir: Filmin özü onsuz da çox hərəkətli nəzərdə tutulmamışdı. Həm də əlimdəki kamera buna çox icazə vermədi. Sonrakı çalışmalarda təkmilləşdirməyi düşünürəm.

Elməddin: Bizim yaradıcı texniki heyəti böyütmək niyyətimiz var, sadəcə ilk filmdə ikimiz çalışdıq.Hazırda üzərində işlədiyimiz bir neçə film daha var. Biz bu işi sürəkli olaraq davam etdirmək niyyətindəyik. Xətalar da zamanla azalacaq təbii ki. Əsas səhvləri görüb üzərində işləməkdir.

- Bəzi rejissorlara görə, kino montajdan baslayir.

Mahir: Bu fikri tamam düzgün qəbul edirəm, çünki texniki xətalarımı montajda gördüm. Otağın balaca olması planlarımı tam realizəyə imkan vermədi. Elməddin mənə ssenarini göstərəndə ona bir çox xarakteri eyni səhnəyə sığışdıracağımı demişdim, lakin məkanın kiçikliyi buna yol vermədi.

Elməddin: Şəraitdən qaynaqlanır. İkinci filmdə daha maraqlı görüntülərimiz olmalıdı.

- İkinci filminiz nədən bəhs edəcək? Onu da kamera filmi kimi nəzərdə tutursuz?

Elməddin: İkinci film birincisinə bənzəmir, ssenarisini tamamlamışam. Sadəcə onu deyə bilərəm ki, fərqli film olacaq.

- Elməddin, beş müxtəlif obraz oynamısan. Rollarla bağlı iş prosesi necə oldu?

Elməddin: Eyni zamanda beş obrazı ifa etmək çox çətin idi. Ayrı-ayrılıqda ruh hallarını bilsəm də. Əslində aktyor kimi əsəbi və səbirsizəm. Elə əsəbiləşmişdim ki, filmi yayımlamaq fikirindən daşınmışdım. Amma zövq aldım.

- Filmi izləyəndə Vudi Alleni xatırladım.

Elməddin: Allenin demək olar ki, bütün filmlərini izləmişəm. O, mənim favorit rejissorumdu. Onu daha çox ssenarist kimi sevirəm.

- Mahir, operatorluğu özün öyrənmisən?

Mahir: Hələ öyrənirəm. Dediyim kimi fotoqrafiya ilə ciddi məşğul olmuşam. Niyə film çəkməyə başladım, çünki Azərbaycanda film sektoru ölüb. Çəkilənlər boş, saxta və sünidir. Foto sənəti nisbətən daha yaxşıdır, xeyli yaxşı fotoqraf var, amma kreativ deyillər. Bunu da Azərbaycanda inkişaf etdirməyi düşünürəm. Bu mövzuda yaxın gələcəkdə həyata keçirmək istədiyim bir neçə fikrim var.

- Türkiyədə mühəndis təhsili alan tələbələrin kino sənətinə marağı nə ilə bağlıdır? Filmə maraq olduğu halda nədən mühəndisliyi seçdiz? Ən azından Türkiyədə keyfiyyətli kino təhsili almaq üçün imkanlar genişdir.

Elməddin: 2010-cu ildə mühəndisliyi ən ideal seçim sayırdım. Analitik qərar deyildi. Çox fikirləşmədən qərarı vermişdim. Daha sonra marağım azalmağa başladı. Və ssenari yazmaqa başladım. Düzdür, hardasa bu sahə üçün təhsil vacibdir, amma həlledici deyil. Filmi çəkdikcə peşəkarlaşırsan.

Mahir: Universitetə xüsusi marağım olmadığı üçün ən məntiqli seçim kimi mühəndislik göründü.

- Nuri Bulge Ceylan da deyəsən, ixtisasca mühəndisdir?

Elməddin: Dəqiq məlumatım yoxdur. Amma bir çox yaradıcı insanın otağından asdığı mühəndislik diplomu olmalıdır. Mühəndis təhsili alan tələbələrin kinoyla maraqlanması sadəcə təsadüfdür, ya da bezginliyin əlaməti.

Mahir: Məncə sadəcə təsadüfdür. Bu cür də açıqlamaq olar ki, mühəndislik oxuyarkən özlərini kinoda tapıblar.

- Yəni özünü ifadə üçün kino daha əlverişlidir?

Mahir: Bu suala cavab verməyim üçün çox tezdir. Çünki bu mənim kinoda ikinci çalışmamdır, buna qədər isə fotoqrafiya ilə məşğul olmuşam. İlk film çalışmasında işlədiyim insanlar qeyri-ciddi yanaşdığı üçün yarımçıq qoymalı oldum.

Elməddin: Özünü ifadə etmək üçün əla metodikadır. Mənim üçün kinonun mesajı olmalıdır. Bəsit və ya çətin , fərq etməz.

- Film izləyirsizmi?

Elməddin: Vaxt tapdıqca izləyirəm. Sevdiyim rejissorlar Allen, Carmuş, Hiçkok, Kronenberqdir. Allenin ssenariləri daha çox xoşuma gəlir və o, əzilən kişi modelini oynayır. Carmuş ən səmimi rejissorlardan biridir. Hiçkok inqilabçıdır. Kronenberq isə xüsusi iyrənclikləri ilə məni özünə çəkir.

Mahir: Təəssüf ki, həddindən artıq az film izləmişəm. Amma “Ghettofilm”dən sonra uzun müddət oturub film izləmək qərarı vermişəm.

- Mahir, özunun çəkmək istədiyin nəsə var?

Mahir: Bir hekayəm var, onu sırf festival üçün çəkmək niyyətim var.

Elməddin: Mənim Türkiyə və Azərbaycanla bağlı uzunmetrajlı ssenarilərim var.

- Yeni ədəbi nəsildən kimləri oxumusuz?

Elməddin: Ən yeni ədəbiyyat ciddi problemlər yaşayır. Kitab yazmağa qərar verməmişdən öncə, bilməlidirlər: “yaxşı mütaliə səviyyəmizin olması, möhtəşəm yazıçı olduğumuz mənasını verməz”. Heyif ki, bunu qavramaq istəyənlər çox azdır bizdə. Gündəmi davamlı təqib etməyə çalışıram. Bizim ölkədə şeir anlayışı qadın və onun daxili orqanları ilə sərhədlənir. İçib yazmaq maraqlı hissdir, qatılıram. Amma qadın mövzusundan qaçmalıyıq. Şeiri qətlə yetirməyə nə lüzum var? Ən son oxuduğum, Qan Turalının "Mustafa"sıdır ki, bu insanı mən Con Fantenin romantizmi ilə müqayisə edirəm.

Seymur Baycanı oxumuşam. Zənnimcə, bu insan ancaq gördüklərini yazır. Məncə, S.Baycan kulinariya sahəsində güclüdür. Əli Əkbər isə yazıçıdan çox şoumendir. Qurşaqdan aşağı yaza bilmək üçün belə ciddi potensial gərəkdir. İçində basdırılmış gəncliyini indi ortalığa tökür.

Mahir: Ən yeni ədəbiyyatdan Turalı və Seymur Baycani oxumuşam. Qisaca deyim ki, hər iki yazıçının kitabı uzun bir köşə yazısı kimi idi. Son zamanlarda modern ədəbiyyata diqqətin artmağı yaxşıdir, amma bizdəki ədəbiyyatın hələ çox inkişaf eləməsinə ehtiyac var.

- Nədən “Ghetto film”?

Elməddin: “Ghetto” ən sadə anlamı ilə xarabalıqdı. Sadəcə xarizmatik bir isimdir. Və mənim digər layihələrimin isimləri ilə əlaqədardır.

Mahir: Bu adi Elməddin təklif elədi. “Ghettofilm”in daha tez tanınacagına və ugur qazanacagina kömək edəcəyini duşünürəm.

Sevda SULTANOVA

Kulis.Az "Plastin" filmini təqdim edir:

# 4318 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #