Şərqşünasdan ağır ittiham: “Sübhün səfiri” İrana qiymətli hədiyyədir

Şərqşünasdan ağır ittiham: “Sübhün səfiri” İrana qiymətli hədiyyədir
17 dekabr 2012
# 13:13

Şərqşünasdan ağır ittiham

“Sübhün səfiri” İrana qiymətli hədiyyədir

Solmaz Rüstəmova-Tohidi,

tarix elmləri doktoru, AMEA akad. Z.M.Bünyadov ad.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Bədii Şurası tərəfindən qəbul edilib istehsalata buraxılan “Sübhün səfiri” adlı Mirzə Fətəli Axundova həsr olunmuş filmin ssenarisi ilə tanışlıq ssenari müəllifinin (Xalq yazıçısı Anar) və onu qəbul etmiş kinostudiyanın Bədii Şurasının istər M.F.Axundovun şəxsiyyətinə, istərsə də ümumən Azərbaycan xalqına qarşı son dərəcə naqis, təhrif olunmuş, alçaldıcı, bəzi hallarda isə açıq təhqiramiz münasibəti və bunun yekunu olaraq alınan zərərli, qəbuledilməz nəticələri ilə çox ağır bir təəssürat yaradır.

Dediklərimi əsaslandırmaq üçün ssenariyə müraciət edək.

Əvvəlcədən qeyd olunmalıdır ki, bu filmdə heç bir hadisə baş vermir. Əsas süjet xətti yalnız bir məsələ ətrafında qurulub: Mirzə Fətəli ölür və onun bütün yaxınları yalnız bu hadisənin nə vaxt baş verəcəyini, digər iştirakçılar isə (xüsusilə rus məmurları?!) onun harada dəfn olunacağını gözləyir və müzakirə edirlər. Tamaşaçının Axundovla ilk tanışlığı da onun ölüm yatağında olduğu kadrla başlayır. Ümumən bütün filmin üçdə bir hissəsini ölməkdə olan Axundovun halının pisləşməsi, huşunu itirməsi, fikrinin çaşması, arvadı Nanə xanımın ona su verməsi, yastığını düzəltməsi, ailə üzvlərinin təlaşı, həkim Düpon və rus məmurlarının öz aralarında bu mövzuda söhbətləri kimi kadrlar təşkil edir. Ölüm yatağında tək qaldığı vaxtlarda isə Axundovun yaddaşında - halyusinasiyalar şəklində - onun ayrı-ayrı əsərlərindən parçalar və həyatı boyu görüşdüyü insanlar, o cümlədən tanınmış şəxsiyyətlər canlanır.

Gözləmək olardı ki, məhz bu görüş səhnələrində, xüsusilə Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov və Həsən bəy Zərdabi ilə söhbətlərində M.F.Axundovun bir mütəfəkkir, filosof, maarifçi, ədib kimi obrazı yaranacaq, onu və həmsöhbətlərini qəlbən narahat edən mövzulara, Azərbaycan və Şərq xalqlarının taleyüklü məsələlərinə münasibətləri açıqlanacaq. Qətiyyən yox! Heyrətamiz bir haldır ki, filmin ssenarisində M.F.Axundovun bu 3 görkəmli şəxsiyyətlə hər hansı bir ciddi mövzuda fikir mübadiləsi aparılan ən kiçik bir dialoq belə yoxdur.

Əksinə, F.Bodenştedin iştirakı ilə M.Ş.Vazehə həsr olunan görüşlərdə tarixi-faktoloji təhriflərə yol verilir (əgər bu bədii vasitə məqsədilə edilirsə belə kobud qusur kimi dərhal nəzərə çarpır, çünki Vazeh-Bodenşted münasibətləri kifayət qədər məlum mövzudur). M.Ş.Vazehin Mirzə Fətəlinin həyat yolunun seçimində oynadığı məqamla bağlı səhnədən isə aşağıda danışılacaq.

Ssenaridə son dərəcə təəccüb və narahatlıq doğuran məsələlərdən biri A. Bakıxanovun obrazının çox səthi və yanlış şərhidir. Azərbaycanın ilk peşəkar tarixçisi, əsərləri hələ sağlığında Peterburqun elmi dairələrində geniş əks-səda doğurmuş, Avropa ölkələrini gəzmiş, Qərbi və Şərqi yaxından bilən və elmi-nəzəri müqayisələr edən, Qərb modernizmini dəstəkləyən, bu mövzularda məqalələr nəşr etdirən, nəhayət Azərbaycan xalqının taleyində mühüm rol oynamış Türkmənçay müqaviləsi bağlanarkən tərcümanlıq etmiş A.Bakıxanov kimi bir şəxsiyyətlə film boyu 3 dəfə görüşən M.F.Axundov, nəinki bu mövzular (yaxud onlardan biri) ətrafında hər hansı bir fikir mübadiləsi aparmır, əksinə, bu böyük təfəkkür sahibi və maraqlı insanı əslində tanımadığı aydın olan müəllifin iradəsi ilə belə bir səhnə yaranır: xəstə Axundov özünün xəstə təxəyyülündə guya onunla vidalaşmağa gələn Bakıxanovun Məkkəyə ziyarətə getməsindən və ümumən, “mömin müsəlman” olmasından “heyrətlənir” və onu “müsəlmanlara qarşı əlisilahlı vuruşmaqda” ittiham edir. Bakıxanov da öz növbəsində “hər işin allahın əlində olduğunu, məhz bu “günahını yumaq, tövbə etmək” üçün Məkkəyə getdiyini və ən başlıcası, “allahın yoluna çıxmağın vacibliyini çox gec anladığını” etiraf edir və hələ Axundova da “onun səhvlərini təkrar etməməyi” məsləhət görür!

A.Bakıxanovun Məkkə ziyarətindən qayıtmadığı və yolda öldüyü faktının Nanə xanımın dili ilə filmdə səsləndirilməsindən isə artıq istər-istəməz belə nəticə alınır ki, allah Abbasqulu ağanın tövbəsini qəbul etməyib və “günahlarını” da bağışlamayıb!

Beləliklə, istər rus ordusunda xidmətinə, istər rus hökumət dairələri ilə ən yüksək səviyyədə münasibətlərinə baxmayaraq bütün ömrünü “dindar bir şərqli kimi yaşadığı” (Y.V.Cəmənzəminli) hamıya (ssenari müəllifindən başqa) məlum olan A.Bakıxanov kimi böyük bir şəxsiyyət tamaşaçının yaddaşında yalnız öz dininə və müsəlman xalqlarına xəyanət etmiş və buna görə də allahdan layiqli cəzasını almış bir obraz kimi həkk olunur.

Axundov-Bakıxanov xəttindən danışarkən ssenaridəki bir məqam da xüsusi vurğulanmalıdır. Belə ki, müəllifin bu iki şəxsin rus hökumət qulluğunda olmaları və o dövr uçun kifayət qədər yüksək hərbi rütbə almaları faktına münasibəti bir çox suallar doğurur.

Bu iki insanın istər modern düşüncəli bir ziyalı kimi formalaşmasında, istərsə də dövrün tanınmış mənsəb sahibləri sıralarına qəbul olunmasında, xüsusən xarici ölkələrin yüksək ictimaiyyəti (dövlət və ziyalıları) tərəfindən tanınmasında onların məhz Rusiya hökumət orqanlarında qulluq etmələrinin həlledici rolu olub və bu gün bu faktı danmaq mənasızdır. Lakin görünür ki, hələ də Sovet ideologiyası düşüncə tərzinin təsiri altında qalan müəllif qəhrəmanlarının bu “günahını” bir qədər pərdələmək məqsədilə Sovet dövrü geniş təbliğ edilən bir vasitəyə əl atır: filmin böyük bir hissəsini Bakıxanovun və Axundovun Qafqaza sürgün edilmiş rus dekabristləri ilə münasibətlərinə, görüşlərinə, söhbətlərinə, Axundovun bütün ədəbi yaradıcılığı fonunda kiçik bir səhifə sayılacaq Puşkinin ölümünə yazdığı şerin geniş müzakirəsinə həsr edir. Bu zaman son məqsədi Bakıxanov vasitəsilə yalnız Puşkinin öldürüldüyü xəbərini çatdırmaq olan “baron Rozenin iqamətgahında bal” kimi böyük, təmtəraqlı görünüşlü səhnələr ssenariyə daxil edilir.

Halbuki, M.F.Axundovun öz xalqının maariflənməsi, hüquqlarının və maraqlarının qorunması və digər bu kimi məsələlərlə bağlı əməli fəaliyyətinin əsas hissəsi onu məhz Rusiya hökuməti idarə sistemində işi ilə bağlı olub. Azərbaycan tarix arxivində o dövr Axundovun imzası ilə yazılan, tərcümə edilən və onun geniş xarakterli əməli fəaliyyətini əks etdirən saysız sənədlər var. Təkcə XIX əsr Azərbaycanda məktəb və maarif sisteminin yaranmasına həsr olunmuş tədqiqat əsərlərini vərəqləmək bəs edərdi ki, Rusiya hökumətinin müsəlmanların heç də hamısının cahil qalmasına deyil, əksinə bu əhali qrupu arasında da (hansı niyyətlə edildiyindən asılı olmayaraq) savadlı rus təbəələrinin artırılmasına yönələn siyasəti, həmin məqsədlə ölkə ərazisində rus-tatar məktəbləri açması və bu işdə məhz M.F.Axundovun məsləhətçi kimi çox mühüm və fəal rolunu işıqlandıran faktlarla müəllif tanış olsun. Lakin təəssüf ki, filmdə nəinki Mirzə Fətəlinin bu sahədəki fəaliyyəti ümumiyyətlə öz əksini tapmayıb, əksinə, yalnız öz xidməti səylərinə görə deyil, həm də dərin savad və istedadlarına görə Rusiya ali mənsəb sahiblərinin etimadını və hörmətini qazanmış A.Bakıxanovun və M.F.Axundovun yüksək hərbi rütbələr alması faktı da müəllif tərəfindən ən ucuz şəkildə bayağılaşdırılır, iki rus məmurunun dili ilə guya “Qraf Paskeviçlə qen. Ermolovun” arasında olan şəxsi intriqalarının nəticəsi kimi “Bakıxanova qarşı Axundovun irəli çəkilməsi” kimi dedi-qodu xarakterli bir söhbət mühüm informasiya kimi nəzərə çatdırılır. Bununla da, müəllifin iradəsindən asılı olub-olmayaraq (?), Bakıxanovun və Axundovun həyatlarının böyük və əsas hissəsini təşkil edən xidməti fəaliyyətlərinin və bilavasitə dövlət qulluğunda olmaqla əldə etdiyi nailiyyətlərin də üstündən bir xətt çəkilir.

Həcm baxımından ssenarinin nisbətən az səhifələrini təşkil etsə də, Axundovun öz həyatına, yaradıcılığına və nəhayət ki, xalqına münasibəti onun Həsən bəy Zərdabi ilə söhbətlərində açıqlanır və bu zaman müəllif artıq tamamilə öz şəxsi mövqeyini, münasibətini və əhval-ruhiyyəsini ortaya qoyur. Bütün bu söhbətlər boyu Mirzə Fətəli yalnız şikayət, narazılıq edir, ətrafındakı avamlıqdan, qanacaqsızlıqdan təngə gəldiyini, bütün zəhmətlərinin, xüsusilə əlifba islahatı ilə bağlı cəhdlərinin boşa çıxdığını bildirir, hətta “ teatr səhnəsi olmadığı” üçün “teatr əsərləri” yazmasını belə (!) hədər bir iş hesab edir. Hərçənd elə oradaca Axundovun pyeslərinin artıq Bakıda və Tiflisdə tamaşaya qoyulduğu bildirilir. Lakin son dərəcə nikbin, xoş əhval-ruhiyyəli, canlı dilli pyeslər, özü də komediyalar yazan Axundov, ssenari müəllifinin iradəsi ilə, nə səbəbdənsə bu son dərəcə mühüm hadisəyə laqeyd qalır. Teatrı olmayan Azərbaycanda məhz onun pyeslərinin əsasında teatrın yaranmasının ilk cücərtilərini, Zərdabinin özünün səyi ilə bu tamaşaları təşkil edən və bu proseslərdə yetişən gənc azərbaycanlı ziyalıları, müəllimləri, şagirdləri (onların arasında hələ çox gənc Nəcəf bəy Vəzirovu) görmür. (Bu baxımdan filmin gedişi boyu göstərilən Axundovun pyeslərindən ayrı-ayrı səhnələr də qətiyyən öz bədii həllini tapmır, kim tərəfindən, nə məqsədlə oynanıldığı aydınlaşmır, odur ki, ayrı-ayrı yamaqlar təsiri bağışlayır).

Öz həyatından və xalqı tərəfindən layiqincə qiymət almadığından narazı olan Axundovu sakitləşdirmək üçün H.b.Zərdabinin gətirdiyi arqumentə - xalqa məhəbbətdən, onu maarifləndirməkdən söhbət gedərkən minnətdarlıq ummağın düzgün olmadığı fikrinə Mirzə Fətəli daha “güclü” arqumentlə cavab verir: Zərdabinin özünün də Rusiyada ilk müsəlman qəzeti ( Azərbaycanda ilk mətbuat - “Əkinçi” qəzeti) buraxdığını, amma “çe fayda” (!) – yəni xalqı tərəfindən qiymətləndirilmədiyini, millətin savadsız olduğunu vurğulayır. Burada hər iki ziyalı “yazıb-oxuyanlarımızın da donos yazmaqla məşğul olduqları” fikrində razılaşırlar. Lakin bundan sonra, Axundovun təbirincə deyilsə, hələ “gənc”, bu səbəbdən daha nikbin olan Zərdabi əslində filmin leytmotivi sayılacaq fikri səsləndirir: “Gələcək nəsillər biləcək ki, millətimizin yolunda biz nə qədər əzab çəkmişik. Bizim arzularımızı onlar həyata keçirəcək”. Zərdabinin bu sözlərinə filmin qəhrəmanı olan Mirzə Fətəli Axundovun, müəllifin arzusu ilə verdiyi cavab, qeyd-şərhsiz, yalnız ssenaridə yazıldığı kimi göstərilir: “Amin! ..Amma ..mənim onlara da sən deyən ümidim yoxdur. Çünki onlar da bizim müasirlərimiz olan bu eşşəklərdən törəyəcək.” (Filmdə eşşək sözü zırrama sözü ilə əvəz edilib-red.)

Ədalət xətrinə qeyd edilməlidir ki, bu son sətirlər müəllifinin şəxsi təxəyyülünün məhsulu olmayıb, həqiqətən M.F.Axundovun M.Mülküm xana ünvanlanan, lakin nə özü, nə də kimsə tərəfindən göndərilməyən, onun saysız əlyazmaları içində qalan və yalnız Sovet dövrü, ədibin bütün yazılı irsi dərc olunan vaxt üzə çıxan bir məktubundan götürülüb.

Lakin Axundovdan fərqli olaraq ssenari müəllifi istər Axundov dövrünün yetişməkdə olan yeni ziyalı nəslinin, istərsə də onlardan sonra bütün gələcək nəsillərin Axundov irsinə münasibətini çox yaxşı bilir. Elə isə Axundov kimi böyük bir fikir və əməl adamının, bir canlı insan olaraq, əhvalının bəlkə həqiqətən o qədər də xoş olmayan bir zamanında yazdığı, lakin özünün və yaxınlarının heç vaxt üzə çıxarmadığı bu sətirləri filmdə səsləndirməkdə məqsəd nədir?

Yuxarıda deyilənlərdən də aydın olur ki, bir sıra digər süjet xətlərinə baxmayaraq, filmin əsas ideyası “Axundov və din” mövzusu üzərində qurulub. Filmin bütün real və xəyalı surətləri Axundovu dinsiz, imansız, kafir və s. kimi qəbul edir, rus çinovnikləri isə əvvəlcədən mollaların Axundovu müsəlman qəbiristanlığında dəfn olunmağa izn verməyəcəklərini bildirirlər. Ssenaridən çıxış edəriksə Axundova bu münasibətin nədən yarandığı aydın deyil. Belə ki, bütün film boyu həmin münasibətlərə əsas verə biləcək Axundovun ən mühüm əsəri – “Kəmalüddövlə məktubları”ndan bir kəlmə belə danışılmır. Yalnız filmin sonlarında Axundov hamının gözlədiyi vəsiyyətnaməsini açıqlayarkən bu əsərin adı çəkilir, və... “məlum” olur ki, Axundov “Kəmalüddövlənin” əlyazmalarını evindəki sandığın dibində, “mafraşın altında” gizlədib! “Nəbadə xəbər tutalar!”

M.F. Axundov tərəfindən dəfələrlə üzü köçürülərək dövrün bir çox mütərəqqi şəxslərinə göndərilən, əlyazması şəklində dillərə tərcümə olunan, geniş fikir mübadilələri, mübahisələr və s. doğuran, və hələ öz sağlığında ona böyük şöhrət və nifrət gətirən bir əsər barədə deyilən yuxarıdakı sözləri hətta xəstə Mirzə Fətəlinin heç ölümqabağı sayıqlaması kimi də qəbul etmək məntiqə sığmır. Lakin filmin sonlarına yaxın bütün bu məsələlərdə ssenari müəllifinin mövqeyi artıq aydınlaşmağa başlayır. Belə ki, Axundovun sonuncu görüşdüyü adam Şeyxülislam olur. Xristiansayağı “günahları bağışlamaq” mərasimini xatırladan bu səhnədə Şeyxanə Mirzə Fətəlini “biliyi bilməyənlər arasında” yaydığı üçün “əsl qiyməti allahdan” alacağı ilə sakit edir. Bundan sonra Axundovun uzun-uzadı “can vermə” səhnələri gəlir. Artıq reallıqla vidalaşmış Mirzənin təhtəlşüurunda özünün yaratdığı qaraguruh Molla İbrahimxəlil, Dərviş Məstəli şah kimi obrazlar canlanır. Və məhz bu obrazların Mirzə Fətəlini müsəlman qəbiristanında ona yer olmadığı, onun dəfnində iştirak etməyin günah olduğu kimi sözlərlə təhdid edərək, əslində filmin qəhrəmanı üzərində təntənə çalması, Axundovun bu dünyanı hansı hisslərlə tərk etdiyi barədə ssenari müəllifinin ehtimalını ortaya qoyur.

Düşünmək olardı ki, heç olmasa filmin son kadrında görünən yazı-məlumatda gələcək nəsillərin axır ki, Mirzəyə onun layiq olduğu qiyməti verdiyi, ona heykəllər ucaltdığı, xatirəsini əbədiləşdirdiyi, əsərlərini dönə-dönə nəşr, tərcümə və tədqiq etdiyi, yubileylərini keçirdiyi və s., və s. xatırlanacaq. Yenə də yox! Film lakonik bir yazı ilə bitir: “Mirzə Fətəli Axundov 1878-ci il martın 10-da sübh tezdən vəfat etdi. Onu 3 gün sonra Tiflisdə üç qəbiristanlığın arasındakı boş sahədə qəbir qazıb dəfn etdilər”. Vəssalam! (Bu zaman dərhal niyə Axundovla dost kimi görüşən Şeyxin bu işlərdə yardımçı olmadığı sualı ortaya çıxır və cavabsız qalır). Qeyd olunmalıdır ki, filmin final görünüşü - 8 yaşlı Fətəlinin anasının qucağında dəvə üstündə sübh cağı İrandan Qafqaza yola düşməsi və “sübhün elçisi” adlandırılması kimi simvolik səhnə də artıq öz bədii funksiyasını ifa edə bilmir, çünki bu uşağın axırını - necə öldüyünü tamaşaçı indicə gördü.

Mirzə Fətəlinin dəfni ilə bağlı bir sıra məsələlər həqiqətə uyğun olsa da, məhz bu məqamları qabartmaqda məqsəd nədir? Həyatda kifayət qədər cəsarətli və prinsipial, son dərəcə fəal və işgüzar, nəhayət, komediyalarından da göründüyü kimi, ruhən şad və ünsiyyətli bir adam olmuş Axundovun xəstə, zəif, aciz, bədbin, işlərində uğursuz və qorxaq obrazını yaratmaqla, sözün əsl mənasında böyük bir şəxsiyyəti bu qədər kiçiltməklə müəlliflər nə demək istəyirlər ? Sovet dövründən fərqli olaraq Mirzə Fətəlini demək olar ki, tanımayan gənc nəslə ən populyar təbliğat növü - bədii film vasitəsilə niyə məhz belə Axundov təqdim edirlər?

Bütün yuxarıda göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, Mirzə Fətəlinin məhz islam dininə barışmaz münasibəti ilə şəxsən razılaşmayan film müəllifləri bu məsələdə öz mövqelərini ortaya qoymağa çalışmış, lakin Axundovun həqiqətən böyük şəxsiyyəti qarşısında bunu açıq göstərməyərək bu ya digər vasitələrə əl atmış və təsdiq edək ki, məqsədlərinə nail olmuşlar. Dediyimizə daha bir bariz sübut kimi ssenaridə Mirzə Şəfi Vazehlə gənc Fətəlinin söhbəti göstərilə bilər. Axundovun öz xatirələrindən məlumdur ki, Vazehin gələcəkdə kim olmaq barədə sualına o, ruhani olmaq istədiyini bildirəndə, Mirzə Şəfi “demək riyakar və şarlatan olmaq istəyirsən” kimi cavab verib və məhz bu sözlər Fətəlinin həyat yolu seçiminə güclü təsir qoyub. Ssenaridə bu səhnə canlandırılır. Lakin diqqətə layiqdir ki, bütün film boyu Axundovun yazılarından ən mənfi məqamları seçərək olduğu kimi verən, hətta Axundovun “qədirbilməz” varislərinə, əslində bütün Azərbaycan xalqına aid edilə biləcək “eşşəkdən törəyənlər” ifadəsini işlətməkdən belə çəkinməyən müəllif nədənsə bu səhnədə din nümayəndələrinin heysiyyətini qoruyur, həmin sözləri işlətməyərək Vazehin dili ilə Fətəliyə “başqa peşə dalınca get” cümləsi ilə kifayətlənir.

XIX əsrdə cəhalət, nadanlıq, xurafat anlayışları ilə az qala sinonim halına gəlmiş islama bu günün nəzərindən baxan, dini kökündən rədd etməklə, ehkamları şübhə altına qoymaqla Şərq dünyasının neçə-neçə nəsillərinin fikrini açan, onları yeni düşüncə, mədəniyyət, həyat tərzi axtarışlarına sövq edən M.F. Axundovu filmin yaradıcıları yəqin ki, tanımırlar, yoxsa onun “Kəmalüddövlə məktublarını” sandıqda gizlətməzdilər.

Təbii ki, hər bir bədii əsərdə müəllifinin öz mövqeyi ola bilər və olmalıdır. Lakin bu əsərin indiki halda konkret və son dərəcə məşhur tarixi şəxsiyyətə həsr edilən, dövlət tərəfindən maliyyələşdirilən (deməli əslində dövlətin mövqeyini əks etdirən) bədii kino filmi olduğu və milyonlarla tamaşaçıya, o cümlədən xarici tamaşaçılara ünvanlandığı nəzərə alınmaya bilməz.

Bununla bağlı diqqəti daha bir vacib məsələyə yönəltmək istərdim. Məlumdur ki, M.F.Axundovu İranda da yaxşı tanıyır, bir çox hallarda “iranlı” sayır və öz mütəfəkkir və xadimləri kimi geniş tədqiq edirlər. M.F.Axundovun özünün bu məsələyə münasibəti üzərində dayanmayaraq onu qeyd edək ki, Mirzə Fətəli bütün ömrü boyu İranın saray, dövlət, siyasət, elm, din xadimləri ilə ən sıx təmasda olub, dəfələrlə İrana gedib və hətta Məhəmməd şahın fərmanı ilə “Şir-Xurşid” nişanı ilə təltif olunub və bunu dönə-dönə öz məktublarında vurğulayıb.

Yeri gəlmişkən bildirək ki, bu fakt filmin ssenarisində rus məmurlarının dilindən istehza ilə səsləndirilir və zaman baxımından təhrif olunur. Həmçinin, Axundovun İranın Tiflisdəki konsulu Mirzə Hüseyn xanla görüş səhnəsi də son dərəcə ikrah edici təfərrüatları ilə istər Axundovun məktublarında adı dəfələrlə hörmət və məhəbbətlə çəkilən bu tarixi şəxsə, istərsə onun təmsil etdiyi ölkəyə qarşı müəllifin həqarətli münasibətini ifadə etməkdən başqa heç bir ideya yükü daşımır və filmə (onun iranlı tamaşaçılarını nəzərə almaqla) yalnız xələl gətirir.

Qeyd olunmalıdır ki, M.F.Axundovun bütün yaradıcılığı, xüsusilə onun ictimai-siyasi və fəlsəfi irsi XX əsrdə də İranda daim diqqət mərkəzində olub, onunla bağlı çoxsaylı elmi-nəzəri əsərlər yazılıb və hətta onlardan biri, İranın tanınmış alimi F.Adəmiyyətin kitabı İran Şahı M.Pəhləvinin xanımı Fərəhin başçılıq etdiyi Pəhləvi Fondunun mükafatına layiq görülüb. Lakin İranda İslam İnqilabından sonra bir çox dəyərlər kimi, M.F.Axundova da münasibət kökündən dəyişib və maraqlıdır ki, bu gün onun yalnız dini görüşləri deyil, Qərb modernizminin tərəfdarı kimi mövqeyi də kəskin tənqidə məruz qalır. Belə ki, İran İslam Respublikasının dini lideri yanında fəaliyyət göstərən Mədəniyyət müəssisəsi tərəfindən hazırda İranda modernləşmə ideoloqları və praktiklərinə həsr olunmuş “Qərbin mədəni hücumu və asılı ziyalıların rolu” adlı kitablar seriyası buraxılır ki, bu seriyadan olan ilk üç kitabdan biri məhz M.F.Axundova həsr olunub. Bu kitabın məzmununu açıqlamağa, yəqin ki, ehtiyac yoxdur.

Bu baxımdan ssenarisini nəzərdən keçirdiyimiz “Sübhün səfiri” filminin ən “maraqlanan” tamaşaçıları arasında iranlıların az olmayacağı nəzərə alınarsa, Şərqdə modernləşmə prosesinin ilk ideoloqlarından sayılan M.F.Axundovun bu sahədəki xidmətləri qətiyyən xatırlanmayan, əlifba sahəsindəki cəhdləri istər İran, istər Türkiyə nümayəndələri tərəfindən çox məntiqli şəkildə rədd edilən Mirzə Fətəlinin, üstəlik, ömrünün sonlarında islam dininə olan münasibətinə görə peşmançılıq çəkdiyi, ağır yatağa düşərək dərin fiziki və mənəvi əzablar içində öldüyü, meyitinin 3 gün ortada qalaraq, axırda 3 qəbiristanın arasında boş bir yerdə torpağa basdırıldığından bəhs edən bədii filmin ən əvvəl İran İslam Respublikasının dini rəhbərləri və ideoloqları, həmçinin Azərbaycanda da Axundova qarşı həmin mövqedə duran bir sıra insanlar üçün qiymətli hədiyyə olacağı qətiyyən şübhə doğurmur.

Böyük kino industriyası olmayan, ildə cəmi 1-2 film çəkilən Azərbaycanda dövlət sifarişi olan və dövlət tərəfindən də maliyyələşdirilən, xüsusilə xalqımızın məşhur şəxsiyyətlərinə həsr edilən filmlərin yaradılmasını ciddi elmi konsultantlar cəlb etmədən, konkret Axundov kimi şəxsiyyətdən söhbət gedəndə isə daha geniş dairədə mütəxəssislərlə birgə hazırlıq mərhələsi aparmadan kimliyindən asılı olmayaraq yalnız bir nəfər müəllifin və hər hansı Bədii Şuranın ixtiyarına vermək ən azı məsuliyyətsizlikdir.

Bu gün Qərb modern inkişaf yolunu seçmiş, paytaxtında Sivilizasiyaların dialoqu, Qərb-Şərq vəhdəti problemlərinə həsr olunan beynəlxalq forumlar keçirilən və özünü bütün dünyaya bu mövqedən təqdim etmək istəyən ölkəmiz və xalqımız üçün M.F.Axundovdan böyük və layiqli nümunə tapmaq çətindir. Məhz Axundovun oyatdığı xalq onun ölümündən cəmi 40 il sonra özünün ilk müstəqil, bütün Şərqdə isə, ilk demokratik dövlətini yaratdı!

XIX əsrin ortalarında Avropada geniş yer almağa başlamış materialist elmi-fəlsəfi təlimini dərhal qavramağa qadir olmuş, Şərqdə modernizm, sekulyarizm, köklü islahatçılıq, maarifçilik kimi prinsiplərin ilk ideoloqlarından olan, mütərəqqi Qərb-Şərq düşüncəsi sintezinin real daşıyıcısı səviyyəsinə yüksələn, o tay-bu tay Azərbaycan xalqının tarixinə isə ilk dramaturq, nasir, filosof-mütəfəkkir, nəhayət böyük Vətəndaş və Böyük Azərbaycanlı kimi daxil olan Mirzə Fətəli Axundovu yalnız bu kontekstdə və müasir bədii kino vasitələri ilə dünya ictimaiyyətinə tanıtmaqla biz bu parlaq, işıqlı simanın 200 illiyini ləyaqətlə qarşılaya və onun həqiqətən layiqli varisləri olduğumuzu sübut edə bilərik.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #