"Əsl xilaskar və Məsih Məhəmməd peyğəmbərdi"

"Əsl xilaskar və Məsih Məhəmməd peyğəmbərdi"
15 dekabr 2012
# 08:15

Layihə: Dünyanı dəyişən insanlar

«O şair deyil, peyğəmbərdir, onun «Quran»ı isə, əyləncə, ya da ictimai maariflənmə üçün insan tərəfindən yazılmış bir kitab deyil, tanrı qanunlarıdır».

İohann Volfanq Höte.

«Ey Məhəmməd! Mən sənin müasirin olmadığım üçün özümü bədbəxt hesab edirəm. Bəşəriyyət ancaq bir dəfə sənin fövqəladə gücünü gördü. Bir daha heç bir zaman görə bilməyəcək. Mən sənə heyranam».

Otto Bismark.

Məkkəli Haşimoğulları sülaləsindən Məhəmmədin Allahın elçisi seçilməsindən 100 il əvvəl, İsa Məsihin çarmıxa çəkilməsindən təqribən 500 il sonra, Adəmin Həvva ilə buluşduğu yerdə inşa etdiyi ilk səcdəgah və Nuh tufanından sonra İbrahimin oğlu İsmayılla birlikdə bərpa etdiyi Kəbə evinin yerləşiyi Məkkədə inqilabi hesab olunacaq bir hadisə baş verdi. Qureyş qəbiləsinin ikinci qolundan olan və xas qüreyşilər üçün daha aşağı sinifin nümayəndəsi olan Haşim bin Abdimənaf Məkkə şəhərinin və bütün ərəb tayfalarının əsas səcdəgahı olan Kəbə evinin rəisi seçildi.

Ona qədər Məkkənin və Kəbə evinin rəisi ünvanı uzun əsrlərdi ki, Qureyş qəbiləsinin başçısına aiddi və bu ünvan varislik üzərinə keçirdi. Haşimin Kəbə evinin rəisliyni hansı şəraitdə əldə etməsi ilə bağlı tarixi məxəzlərdə heç bir məlumat olmasa da, bu bir faktdır ki, baş verən hadisə Məkkədə böyük siyasi və sosial mübarizəyə yol açmışdı. Sonradan bu mübarizə dünyada qlobal hadisələrin yaşanmasına yol açacaq və günümüzə qədər uzanacaqdı…

Haşimdən sonra Məkkə rəisliyi oğlu Abdulmütəllibə, ondan isə oğlu Əbu Talibə keçəcəkdi. Məkkə rəisliyi uğrunda savaş Məhəmmədə Allah elçiliyi verildiyindən sonra daha da şiddətlənəcəkdi. 622-ci ildə Əbu Talib vəfat etdikdən və Məhəmməd və ardıcıllarının məcburən Yəsribə (Mədinə) qaçışından sonra Məkkə şəhərinin rəisliyi yenidən Qureyş qəbiləsinin başçısı Əbu Süfyana qayıtmışdı. Lakin bununla Qureyşilərlə Haşimilər arasında olan mübarizə bitməmişdi. Əsil mübarizə hələ qarşıdaydı…

Haşimi Abdullahın oğlu Məhəmməd

Məkkə rəisi Abdulmütəllib bin Haşimin oğlu Abdullah 570-ci ilin ilk aylarında Suriyadan dönərkən karvanı ilə Yəsribə (Mədinə) dönər. Burda o, Mədinənin sayılan qəbilələrindən olan Xazrəç qəbiləsindən olan Aminə adlı bir qızı görər və onunla evlənib Məkkəyə gələr. Amma hələ Məhəmməd doğulmadan atası Abdullah vəfat edər.

Abdullahın ölümündən dörd ay sonra, 571-ci ilin aprel ayının 20-də Məkkə rəisi Abdulmütəllibin evində Aminə dünyaya bir oğlan gətirdi. Babası Abdulmütəllib uşağın adını «tərifli», «seçilmiş» felindən yaranan Məhəmməd adını qoydu.

Uşaq dörd yaşına dolarkən anası Aminə uşağını da yanına alıb Mədinəyə, ata evinə qonaq gedər. Burda gələcək peyğəmbər dayılarının bir neçə ay qonaq qaldıqdan sonra Məkkəyə dönərkən yolda anası Aminə xəstələnər və dünyasnı dəyişər. Biçarə yetimi babası Abdulmütəllibə gətirərlər. Qoca və üzgün Abdulmütəllib bir müddət uşağa baxdıqdan sonra ölüm yatağına uzanar və oğullarını son vəsiyyətini etmək üçün çağırar. Məsələ Məhəmmədin kimin tərbiyəsi altına girməsi idi.

Yetim uşağı Abdulmütəllibin oğulları içində ən varlısı olan Əbu Ləhəb istəyər. Lakin Abdulmütəllib Əbu Ləhəbin zalım və ədalətsiz olduğunu bildirib, uşağı ona verməz və uşağa Abbasın baxmasını istər. Bu zaman Əbu Talib Abbasın evdə çox az olduğunu və gününü səfərlərdə və ovda keçirdiyini önə sürüb, Məhəmmədi öz yanına istəyər . Abdulmütəllib oğlunun bu təklifini geri çevirməz.

Bundan sonra Məhəmməd Əbu Talibin yanında böyüyəcək, onun verdiyi tərbiyə ilə yetişəcəkdi. Son peyğəmbər son nəfəsinə qədər bir bütpərəst olaraq vəfat edən əmisinə minnətdar olacaqdı. O, yalnız Xədicə ilə evləndikdən sonra əmisinin evindən ayrıldı. Buna baxmayaraq peyğəmbərin ağır sınaq dönəmində Məkkə rəisi olan əmisi onun xilas yeri olacaqdı. Əbu Talib son nəfəsində qardaşı Abbasın üzərinə Məhəmmədi qorumağı bir vəzifə olaraq qoyacaqdı.

Tanrı elçisi Məhəmməd

Gələcək peyğəmbər qırx yaşına qədər heç bir bütə sitayiş etməz, amma heç kimi də bütlərə sitayiş etdiyinə görə qınamaz. Qırx yaşına dolduğunda tacirlikdən əl götürüb zahidliyə meyl edər. Günlərini dağa çıxıb tənhalıqda keçirər. Onun pərişan halından kimsə bir şey anlamaz.

610-cu ildə bir gün Hira mağarasına girər və ordan qırx gün çıxmaz və qırxıncı gün ona Allahdan bir mələk enər. Cəbrayıl adında olan mələk ona bir kitab uzadar və «oxu», deyər. Məhəmməd «mən oxuya bilmirəm», söyləsə də, mələk onu qucaqlayıb sıxar və yenidən «oxu» deyər. Və Məhəmməd oxuyar: «Yaradan və bağışlayan Allahın adıyla. Rəbbin nəhayətsiz kərəm sahibidir..» …

Həmin gün Məhəmməd dağdan evə dönər və Xədicədən üstünü örtməsini xahiş edər. Allahın elçisi durmadan titrəyirdi. Sonradan hər dəfə vəhy aldıqdan sonra yaxın əshabələri onun dəhşətli titrəyişlərinin şahidi olacaqdılar.

Səhəri gün Məhəmməd ilk olaraq həyat yoldaşı Xədicəyə açılar. Allahın ona böyük mərhəmət göstərib elçi seçdiyini söylər. Xədicə ona bir Nəsrani xristianı olan əmisi oğlu Nofəli gətirər. Məhəmməd başına gəldikləri anlatdıqdan sonra Varaka bin Nofəl Məhəmmədə şəhadət edər və onun peyğəmbərliyini təsdiq edər. Qoca və xəstə olan Nofəl qısa sürə içində ölər. Buna baxmayaraq Xədicə, Əli, Əbu Bəkr, Zeyd, ona iman gətirib Allaha təslim olarlar.

Hira dağında baş verən hadisədən sonra Məhəmmədə 3 il vəhy gəlmədi. Bu dönəmdə Məhəmməd ətrafındakıları Allaha təslim olmağa dəvət etsə də, onu dinləməzlər. Bəzi hallarda ona məcnun (dəli) deyərlər.

613-cü ildə Məhəmmədə gələn vəhy bərpa olunar və ilk ayədə bildirilər: «Nun. Qələmə və yazıya and olsun ki, sənə Rəbbinin neməti verilmiş sadəcə. Sən bir məcnun deyilsən». («Qələm surəsi». 1-2-ci ayələr). Bundan sonra Allahın elçisi davamlı olaraq vəhylər alar və bu vəhylər sayəsində onun tərəfdarları durmadan artar.

Məhəmmədin ilk ardıcıllarının böyük əksəriyyəti Haşimilərdən olur. Bir qisim başqa qövmlərdən və Qüreyşilərdən ona biət edərlər. Məhəmmədin yüksəlişi və ardıcıllarının saynın artması Qüreyşilərlə Haşimilər arasındakı köhnə münaqişəni alovlandırar.

622-ci ildə Əbu Talib ölduyündə Haşimilər özlərinin lideri olaraq Məhəmmədi tanımalarına baxmayaraq, Qureyş lideri Əbu Sufyan Məkkə rəisi seçilir. Əbu Sufyanın hakimiyyətə gəlişi müsəlmanların Məkkədə qalmasını imkansız hala gətirir. Artıq iki soy arasında qardaş qırğının qaçılmaz olduğunu görən Məhəmməd Məkkəyə ziyarətə gələn və içlərində anası Aminə tərəfdən qohumları olan Yəsrib (Mədinə) qəbilə başçıları ilə görüşür. Yəsriblilər Məhəmmədə sığınacaq verməyə razı olur və elə həmin il böyük əksəriyyəti Haşimilərdən oluşan müsəlmanlar Məkkədən ayrılıb Yəsribə hicrət edirlər. Məhəmməd tərəfdarlarına, «şəhərə köçün», (mədinə sözü şəhər anlamına gəlir), deyir və bundan sonra Yəsrib şəhəri Mədinə (peyğəmbərin şəhəri) adını daşıyır.

Məhəmməd dünyanın ilk sosial dövlətini qurur

Peyğəmbər Məkkəyə gəldikdən sonra yeni dövlətin quruculuğu ilə məşğul oldu. Mədinədə artıq köhnə qaydalar və qanunlar işləmirdi. Məhəmmədin Mədinəyə gəlişindən bir neçə gün sonra şəhər yeni qanunlarla idarə olunmağa başladı. Bu qanun və qaydaları Məhəmməd verir və Allahdan gələn vəhylər hesabına yeni dövlətin təməlini atırdı.

Qureyşilərlə aparılan savaş hər nə qədər ağır olsa da, məhz Məhəmmədin yeni icma qanunları bu savaşların qazanılmasında önəmli rol oynadı. Məhəmmədin qanunları hər kəs üçün yeni idi və bu qanunlar özlərinin ideallıqları ilə hər kəsi heyran edirdi.

Əbu Sufyanın təslim olmasında və Kəbənin bütlərdən təmizlənməsində ancaq Məhəmmədin Mədinədə qurduğu yeni dövlətin güc mərkəzinə çevrilməsi ilə izah oluna bilər. Məhz yeni qanunlar ətraf döyüşkən bədəvi ərəb qəbilələrini Allahın dinini qəbul etməyə sövq edirdi. Bədəvilərin qılıncları heç bir zaman birləşməmişdi və hər bir qəbilənin qılıncı ancaq öz qəbiləsi üçün qınından çıxarılırdı. Amma Məhəmməd bu qılıncları birləşdirməyi bacardı. Artıq bədəvi ərəb üçün qəbilə qanunları və qəbilə maraqları yoxdu. Artıq islam icma qanunları və müsəlman icma maraqları vardı. Məhəmməd vəhşi və cahil bədəvi ərəbin beynində inqilab etməyi bacarmışdı.

Bu ağlasığmaz və inanılmazdı. O bunun üçün heç bir silahdan və zordan istifadə etməmişdi. Sadəcə sözdən istifadə etmişdi. İnsanların beyninə və vicdanına müraciət etmişdi. Bunu hələ bəşər tarixində heç kimsə bacarmamışdı. Və hələ ki, heç kim bacarmayıb.

Məhəmməd peyğəmbərin ideyları və çağırışları demək olar ki, İsa peyğəmbərin ideya və çağırışları ilə eyniydi. Fərq olaraq ortada yalnız İsa Məsihin romantikası ilə Məhəmməd ibn Abdullahın realizmi vardı. Əslində Məhəmməd peyğəmbər İsa peyğəmbərin romantik sosial ideyalarını reallaşdırmağı bacardı. Bu baxımdan İsa Xilaskar (Məsih) olaraq təqdim olunsa da, əsl xilaskar və Məsih Məhəmməd peyğəmbərdi. Çünki onun qurduğu dövlət hər anlamda ideal və Tanrıdan gələn bir dövlətdi. O insanlara bir dövlət daxilində, bir icma içində azadlıq, bərabərlik və qardaşlıq gətirdi.

O bütün bunları insanlar içində reallaşdıra bildi. Dünyada ilk dəfə olaraq Məhəmməd peyğəmbər dövlətə və cəmiyyətə sosial ədalət prinsiplərini gətirdi. Ondan və onun dörd rəşidi xəlifəsindən sonra heç kim və heç bir dövlət öz vətəndaşlarına və insanlığa belə bir sosial ədalət bəxş edə bilmədi.

Məhəmmədin Mədinədə qurduğu dövlət hər bir anlamı ilə doğurdan ağlasığmaz və inanılmaz bir dövlətdi. O dövlətin təməlini qurarkən peyğəmbərin ilk olaraq tapındığı şey Allahdan insanlara verilən təbii haqlardı. Həmin haqları ki, bu gün belə tətbiq etmək mümkün deyildi. Məhəmmədin yaratdığı dövlətdə insan tək Allahın qarşısında asılı vəziyyətdə idi. Ondan başqa bütün xüsuslarda insan azaddı və öz dərkinə görə qərar vermək azadlığı içindəydi.

Lakin Məhəmmədin dininin insanlara aşıladığı əxlaq və vicdani dəyərlər insanları pis və zalım olmaqdan çəkindirərdi. İlkin islam dövlətində hər kəs cəza olaraq qarşı tərəfə vurduğu ziyanı ödəməliydi. Bu da insan haqlarının bu gündə təməli hesab olunmaqdadır. Yəni sən bir bəndə və insan olaraq bir başqa bəndə və insanın haqlarına təcavüz edə bilməzsən. Hətta o, bütpərəst belə olsa.

Məhəmmədin yaratdığı dövlətdə bütün icma üzvləri Allah və icma qarşısında bərabərdi. Məhəmməd və onun ardıcılları heç kimə fərq qoymurdu. Məhəmmədin yaratdığı hüquq Məhəmmədə belə imkan tanımırdı; o ölərkən belə varislərinə heç bir miras qoymadı.

Məhəmmədin qurduğu dövlətdə başçının tək fərqi onun ədalətli hakim sifəti idi. Başqa heç anlamda dövlət başçısının fərqi yoxdu. Peyğəmbər olan Məhəmməd beytülmala toplanan malları xalqa özü dağıdardı və ondan sonra hakimiyyətinin son illərində Osman istisna olmaqla rəşidi xəlifələrdə onun bu yolunu davam etdirdilər. Məhəmmədin yaratdığı dövlətdə hər kəsin sərvəti eyni deyildi, amma dövlət kiminsə varlanması üçün ayrıcalıq yaratmırdı və Məhəmməd tədricən icmada mal varlıqlarının bərabərliyini təmin edəcək addımlar atırdı. İnsanlar arasında sosial hüquq bərabərliyinin təmin olunması Məhəmmədin yaratdığı dövlətin əsas qayəsi idi.

Məhəmmədin qurduğu dövlətdə bütün icma üzvləri qardaş idilər. Bu müsəlman olmağın əsas şərtlərindən biri hesab olunurdu. Məhəmmədin dönəmində bir müsəlmanın başqa bir müsəlmana yuxarıdan aşağı baxması əsla qəbul olunmazdı. Bütün müsəlmanlar qardaşdı və bütün müsəlmanlar eyni haqqa sahibdilər. Bir müsəlmanın başqa bir müsəlmanı öldürülməsi isə ən böyük günah hesab olunurdu və bu günah heç bir zaman bağışlanmazdı. Qəribədir ki, Məhəmmədin zamanında müsəlmanların qardaşlıq prinsipi ən pozulmaz prinsiplərindən biri idi və peyğəmbərin dönəmində heç bir müsəlman heç bir müsəlmanı öldürməmişdi.

Məhəmməddən sonrakı dönəm

632-ci ildə iyunun 8-də Məhəmməd 62 yaşında gözlərini dünya işığına yumub Allahın dərgahına gedərkən onun dövlətinin hökmü artıq Mədinə və Məkkədən ayrılaraq bütün ərəb yarımadasını əhatə edirdi. Vəfatından bir qədər öncə isə Şam və Bizansa yürüş etmək üçün ordu hazırlığı görürdü. Onun bu hazırlığını xələfi Əbu Bəkr davam etdirdi. Ömər bin Xəttabın dönəmində isə islam bayrağı Yerusəlim üzərində dalğalanmaqla yanaşı üç qitədə Allahın elçisinin xələfinin adına xütbə oxunurdu.

622-ci ildə Məhəmmədin Mədinədə qurduğu kiçik dövlətin sərhədləri 25 ildən sonra Afrikada Həbəşistana qədər, Avropada indiki Priney yarımadasından Fransa sərhədlərinə qədər, cənubdan Balkanlara, Asiyada isə Amudərya çayının sahillərinə qədər uzanırdı.

Buna baxmayaraq Məhəmməddən sonra xəlifənin Haşimlər arasından seçilməməsi, Haşimilərin ciddi narazılığına səbəb olmuş və icma daxilində qarşıdurmaya yol açmışdı. Haşimi müxaliflərin başında Məhəmmədin qızı, Əli ibn Əbu Talibin həyat yoldaşı Fatimə dururdu. Peyğəmbərin qızı hesab edirdi ki, ondan sonra xəlifəlik Məhəmmədin əmisi oğlu və özünün həyat yoldaşı Əli ibn Əbu Talibə məxsus olmalıdır. Əli ibn Əbu Talib özü isə hakimiyyətə iddialı olmadığını irəli sürürdü. Peyğəmbərin vəfatından 6 ay sonra Fatimə vəfat etsə də, Haşimilərlə Qureyşilər arasında hakimiyyət intriqaları durmadan böyüməkdə davam etdi.

Üçüncü xəlifə Osmanın Qüreyş qəbiləsindən olması daxili gərginliyi daha da artırdı. Osman digər iki xəlifədən fərqli olaraq Qureyşilərin dövlətdə yüksək vəzifələr almasına imkan yaratdı. Onun Əbu Sufyanın oğlu Muaviyəni Şama vali təyin etməsi isə faktiki olaraq Qureyşilərin hakimiyyətə qayıdışı kimi dəyərləndirildi. Şamın yeni valisi təmtəraqlı həyat keçirir, saraylarda eyş-işrətə yol açır və beytülmalı mənimsəyirdi. Xəlifə Osman özü də digər xələflərindən fərqli olaraq saraya köçmüşdü. Ondan fərqli olaraq Əbu Bəkr və Ömər palçıq daxmalarda yaşayır, dövləti məsciddən idarə edir və qohumlarına heç bir fərq qoymurdular. Amma Osmanın dönəmində müsəlman icmasında sosial ədalət prinsipləri pozulmağa başlamışdı. Qüreyşilər hər yerdə özlərinə imtiyazlar istəyir və yaşlı xəlifə onlara bu imtiyazları verirdi.

Osmanın 12 illik xəlifəliyi müsəlmanların sosial bərabərliyində və qardaşlıq prinsiplərində parçalanma yaratdı. Yaşlı və xəstə Osman demək olar ki, ətrafında nələrin döndüyündən xəbərsizdi. O daha çox ətrafındakı Qureyşilərə inanır və ağılından belə keçirmirdi ki, peyğəmbərin ideyalarının təməlini sarsıdan addımlara rəvac verir.

Osman 82 yaşında öz sarayında öldürülərkən artıq müsəlman icmasında kifayət qədər dərin sosial parçalanma baş vermişdi ki, bu da sonradan Məhəmməd peyğəmbərin dövlətini sarsıdan əsas faktora çevrildi.

Haşimi - Qureyşi müharibələri

Osman öldükdən sonra nəhayət Haşimilərin lideri Əli ibn Əbu Talib xəlifə seçildi. Artıq Haşimlərlə Qüreyşilər arasında münasibətlər elə bir səviyyədə idi ki, müsəlman birliyindən danışmağa belə dəyməzdi. Gözlənildiyi kimi artıq özünü müstəqil dövlət başçısı kimi aparan Şam valisi, Qureyşilərin lideri Muaviyyə ibn Əbu Sufyan Əlinin hakimiyyətini tanımaqdan imtina etdi və ikiyə parçalanmış müsəlman dünyası üz-üzə gəldi. Artıq qardaşlıq və bərabərlikdən danışan yoxdu. Artıq ədalət anlayışı belə ölmüşdü. Azadlıq isə heç kimi düşündürmürdü. Qarşıda böyük hakimiyyət və böyük sərvət vardı və bütün savaş bunların üzərində idi.

Muaviyədən fərqli olaraq bütün qəlbi ilə peyğəmbərə və Allahın qanunlarına tabe olan Əli ibn Əbu Talib çətin vəziyyətə düşmüşdü. O illər uzunu imtina etdiyi hakimiyyət boyunduruğu altına girmişdi və onun hakimiyyət dönəmində peyğəmbərin qoyduğu qaydalar bir-bir dağılırdı. Savaşmaq belə çıxış yolu deyildi. Allah müsəlman qanını tökməyi yasaq buyurmuşdu.

Muaviyə ilə bir neçə savaşı qazansa da, Əli ibn Əbu Talib qələbəni Məhəmmədin ideyalarının xilas yolu olaraq görmürdü. Məhəmməd bütün qələbələrini səbrlə, güzəşt və danışıqlar yolu ilə əldə edirdi. O zaman Əli ibn Əbu Talib də müsəlman icması içində birliyi yenidən bərpa etmək üçün danışıqlar yoluna baş vuracaqdı…

Amma onun qarşısındakı rəqibi çox məkrli idi. Üstəlik hazırkı durum da çox fərqliydi. İslam xilafəti dünyaya hökm edirdi. Mübarizəsi aparılan hakimiyyət heç də kiçik Mədinə, ya da Məkkəyə sahib deyildi. Söhbət bir dünya hakimiyyətindən gedirdi.

Bütün qəlbi ilə Allaha və onun peyğəmbərinə bağlı olan sonuncu rəşidi xəlifə siyasəti belə qəbul etmirdi. Ona görə hər şeydən əvvəl Məhəmmədin qaydaları bərpa olunmalı və müsəlmanlar içində avropalıların təbiri ilə indi bizim kommunizm adlandırdığımız icma idarə üsulu geri qaytarılmalıydı. Əlinin mövcud siyasi durumu dəyərləndirə bilməməsi və qələbədən imtina edərək düşməni ilə danışıqlar masasına əyləşməsi təbii olaraq Haşimilər və digər tərəfdaşları arasında qəzəb hissi doğurdu. Etiraz edənlər Əlidən ayrıldılar və hər iki tərəfə cəbhə açdılar. Xaricilər adlanan bu hərəkat Əli ibn Əbu Talibi xəyanətkar elan etdi və bir müddət sonra xəlifə, məsciddə namaz qılarkən xaricilərin yolladığı qatil tərəfindən öldürüldü.

Əlinin öldürülməsi ilə əslində Məhəmmədin qurduğu dövlət məhv edildi. O dövlət ki, insanlara xilas yolu idi. O dövlət ki, insanlara qardaşlıq, azadlıq və bərabərlik gətirdi. O dövlət ki, Tanrının qaydaları ilə insanlar arasında ədaləti təmin edirdi. O dövlət ki, ondan sonra dünyanın ən böyük inqilabları belə bir dövlət qurmağa cəhd edəcək, lakin hər dəfə nəticə uğursuz olacaqdı.

Savaş hələdə davam edir

Əlinin öldürülməsi və Əbu Süfyanın sülaləsinin hakimiyyətə gəlməsi və xəlifəliyin bir şahlıq rejiminə dönüşməsi Haşimi klanı ilə Qreyş klanı arasındakı savaşı durdura bilmədi. Kərbəla çölündə baş verən faciəvi qətl isə bu savaşı məhəlli iç savaş halından çıxarıb beynəlxalq səviyyəyə daşıdı. Öldürülmüş peyğəmbər nəvəsinin övladlarına qucaq açan İran savaşın bir tərəfinə çevrilirkən, Haşimi Qureyşi savaşı Misirdən Türküstana qədər uzandı.

Ərəb xilafəti içində olan millətlər bu savaşdan öz yaraları üçün yararlanmağa çalışdılar və bəzən müvəffəqiyyət qazanmağı da bacardılar. Bunun bariz nümunəsi isə Haşimilərin nümayəndəsi, peyğəmbərin əmisi Abbasın soyundan olan Əbül Abbas Səffəhin Təbrizdə xəlifə taxtına oturdulmasını göstərmək olar.

Abbasilərin hakimiyyəti təqribən 750 il davam etdi və sonuncu Abbasi xəlifəsi Osmanlı sultanı Sultan Səlim Yavuz tərəfindən taxtından endirildi və xəlifə ünvanını osmanlı sultanları daşımağa başladılar.

Bu gün isə, dünyanın hər yerində müsəlmanlar arasında Haşimilər və Qüreyşilər arasında 6-cı əsrdə başladılan savaş aparılmaqdadır. Bunlar məzhəb savaşları, şiə-sünni davası, şiə-vəhhabi savaşı və s. adlanır.

Qəribədir ki, nə şiələri, nə də sünni məzhəblərini Məhəmmədin qurduğu dövlətin mahiyyəti maraqlandırmır. Onları maraqlandıran əsas hakimiyyətin kimə mənsub olmasıdır. Yəni sünnilər Məhəmmədin siyasi mirasçısının olmadığını iddia etdikləri halda, şiələr bunun əksini idda edirlər. Məhəmmədin əsas mirası, ideyaları və qurduğu dövlət isə müsəlmanları, daha demək olar ki, heç maraqlandırmır. Artıq müsəlmanlar hesab edirlər ki, cənnəti qazanmaq üçün, ya Haşimilərin tərəfində olacaqsan, ya da əksinə Qureşilərin.

Məhəmməddən sonrakı kommunizm cəhdləri

Kommunizm ideyaları Avropada 17-ci yüz ildən başlayaraq kabus kimi dolanmağa başladı. Bu ideyanın tərəfdarları dünyadakı mövcud düzəndən imtina edir və bu düzəni zalım və ədalətsiz hesab edirdilər. Maraqlıdır ki, kilsə yerdəki hakimiyyətin Allahdan gəldiyini iddia etdiyi üçün yeni ideyanın sahibləri Allahdan belə imtina edirdilər. Tanrının öz bəndələrini xilas etmək üçün yolladığı dinlər, bu dinlərin təmsilçilərinin ucbatından bumeranqa çevrilib Tanrıya tərəf yönəlmişdi. Ateizm kommunizmin ayrılmaz və əsas silahına çevrilmişdi. Əslində ateizm ilkin halında ədalətsizliyə qarşı məzlum və çarəsiz insanların Allaha olan qəzəbindən başqa bir şey deyildi.

18-ci yüz ilin sonlarında bütün Avropanı sarsıdan Böyük Fransa İnqilabı baş verdi. İnqilabın əsas şüarı «azadlıq, qardaşlıq və bərabərlik»di. İnqilabın liderləri bəşəriyyətə «azadlıq, qardaşlıq və bərabərlik»liyi, həmçinin sosial ədaləti silah və terror yolu ilə gətirirdilər. İnqilab düşməni elan edilən yüzlərlə insanın hər gün gilyotində başı kəsilir, yüzlərlə insan top mərmiləri ilə gülləboran edilirdi.

«Azadlıq, qardaşlıq və bərabərlik» özünü bərqərar etmək üçün qan tələb edirdi. Həm də hər gün daha çox qan. Sonunda isə bəlli oldu ki, bütün axıdılan qanların «azadlıq, qardaşlıq və bərabərlik»ə və həmçinin sosial ədalətə heç bir dəxli yoxdur.

Məhəmmədin ölümündən təqribən 1300 il sonra Rusiya adlanan nəhəng bir imperiyada yenidən inqilab etdilər. İnqilabçılar insanlara kommunizm vəd edirdilər. Amma bunun əvəzinə insanların aldığı yenə amansız terror, müharibə və həbs düşərgələri oldu. Nəhəng Sovet dövləti bəşəriyyətə bundan başqa heç bir şey verə bilmədi. Sadəcə yüz milyondan artıq insanın canını aldı. Və bu qurbanların böyük əksəriyyəti amansız işgəncələrlə öldürüldülər.

Sonra Çində inqilab baş verdi. Yenə terror, müharibə və repressiya.

Bundan sonra dünyanın bir çox qitələrində çoxlu sol yönümlü inqilablar baş verdi. Onlar hamısının xalqlarına verdikləri şey terror və qan oldu. Bu proses hələ də davam etməkdədir.

Amma Məhəmməd kommunizmi bir damla qan axıtmadan qurmağı bacarmışdı. O heç kimə qarşı terrordan yararlanmamışdı. Buna baxmayaraq dünyanın ən geridə qalmış xalqının içində dünyanın ən ideal, ən inkişaf etmiş dövlətini qurmağı bacarmışdı. Hansı ki, belə bir dövləti bu gün dünyanın ən inkişaf etmiş xalqları belə qura bilmirlər. Çünki önəmli olan böyük bir toplumda tam fikir birliyi yaratmaq və bu fikir birliyini qoruyub saxlamaqdır. Məhəmməd bunu bacarmışdı. Ondan sonra xəlifələri Əbu Bəkr və Ömər qismən peyğəmbərin bacardıqlarını bacarmışdılar…

# 5407 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #