Cavanşir Yusifli “Bənna” romanından yazır...

Cavanşir Yusifli “Bənna” romanından yazır...
14 dekabr 2012
# 11:13


Gecəli-gündüzlü dünyanın şərhi, onun içinə kömülən sirlərin də açımı belədir: bir var görünənlər, bir də var görünməyənlər... Ancaq bu sadə və primitiv izahla insan yalnız bəhs etdiyi şeylərin səthinə toxunub da keçir, ağlı başına gəldikdə isə, daha dərin mətləbləri anlamağa vaxt çatmır. Dünyada hər şey bəlkə də bu vaxt acısından sona qədər açılmır, izah edilmir, naməlumluqda itib-batır, ya bəlkə nəyisə açmağa, izah etməyə ehtiyac yoxdu və açılsa belə həmən o səthə toxunmaq kimi olacaq. Hər halda nəsr mətnləri, hekayə, roman mətnləri insanın bilmək istədiyi sirri gizlədib, özündən on qat ağır pərdəyə bürüyüb itirməklə yeni sirlər yaratmaq üçündür.

Mən dünyanın sirləri ilə oynayan romanları xoşlayıram. Nəticəsi, ideyası yazılmamışdan bəlli olan əsərləri oxumuram və fikrimcə, bu əsərlərin insanların öyrənmə, nəyəsə vaqif olmaq eşqinə qətiyyən dəxli yoxdu. İnsan üçün əsas şey, onun mahiyyətini bəlləyən nəsnə məhz nəyəsə vaqif olmaq, min illər boyu sabit görünən şeylərin düzümünü dəyişdirmək çabasıdır.

Elə bu səbəbdən Mübariz Cəfərlinin son zamanlar yazdığı üç romanı (“Bərpaçı”, “Bənna” və “Bağban”) yüksək qiymətləndirir, onların bizim nəsr prosesində, ümumən ədəbi gəlişmədə rol oynayacaqlarına dərindən inanıram. Vaxt gələcək, - buna heç bir şübhəm yoxdu, - bu ortabablıq dövrü keçəcək, insanların sözlə məzələnib ədəbiyyatdan şöhrət qazanmaq yolu kimi bəhrələnmək xəstəlikləri arxada qalacaq, onda bu romanların içində nə böyük gücün yatdığı görünəcək.

Mən bu giriş sözünü yazmaya da bilərdim, Mübariz onsuz da usta nasir kimi tanınır, kimdənsə lap elə kəşfiyyat məqsədi ilə soruşduqda, təqribən bu sözləri eşidə bilərsən: bilirsənmi, onun nə mükəmməl hekayələri var... Ancaq məsələ heç bunda da deyil, məsələ həm nə yazmaqdadı, həm də necə yazmaqdadı. Bu sahədə də Mübarizi digərlərindən demək olar ki, heç nə fərqləndirmir, povest povest, hekayə hekayə, roman da roman ölçüsündədir. Əsas məsələ təhkiyənin canı olan əhvalat və hekayətlərin arxa planını göstərməkdədir. Müqayisə düzgün olmasa da təqribən belə deyə bilərik: bu cür yazmaq Blok kimi bütün metaforaları, müqayisə, bədii bəzək-düzəyi bir kənara tullayıb, birbaşa mənanı göstərməkdir. Bizdə adətən Füzulini anlamayanların bir bəhanəsi olur ki, dil qəlizdir, izafətlər anlaşılmır, qəlib köhnədir, yaxud ərəb-fars tərkibləri.... Ancaq bu adamların ağlına gəlmir ki, mətndə dil yox, metadil əsasdır, kaleydoskop yox, onun içində fırlanan məna kombinasiyaları önəmlidir. Yazıya keçid kimi, belə bir təəssüratımı bölüşmək istərdim. Bir gün Şamaxı səfərimizdə səfər yoldaşlarımızın başı başqa yerdə qarışmışkən çalğıçılara pul verdi, xahiş elədi ki, “Şirvan şikəstəsi”ni çalsınlar. Musiqi çalındıqca coşur, üzü işıqlanır, ancaq əsas misralara çatdıqda peşman kimi olur, əlləri yanına düşürdü. Çalğıçılar “neynək, neynək a dərdim alım”ı sıradan bir misra kimi deyirdilər, bu türkünün fəlsəfəsi, həyatla ölümün sərhədini cızan mahiyyəti adi şey kimi itib-batırdı.

Mübarizin “Bənna” romanı həcmcə kiçikdir, ancaq bu romandakı qatlar, məna ilə oyunlar son dərəcə maraqlı və insanı düşündürən incəliklərlə doludur. Burada mətnlə mətndənkənar gerçəklik arasındakı münasibətlər, onların bir-biri ilə dilləşməsi, bir-birini gah izah edib aydınlaşdırması, gah da məlum şeyləri sirr tülünə bürüyərək ortaya yeni mənalar, yeni həqiqətlər qoyması romanın strukturunun nə qədər mürəkkəb olduğundan xəbər verir. Əsərdə həyat hekayətlərinə müəyyən, ancaq çox orijinal bucaq altından baxılır, oxucuya sadə nəql deyil, ilk növbədə çözümü asan olmayan labirint təqdim edilir. Bu, hardasa qədim müdriklərin dünyanın alt qatlarında gizli saxlanılan mətləbləri açmasına bənzəyir; bir cəhəti bəri başdan vurğulayım ki, adı çəkilən romanda müasir nəsr təcrübəsi ilə səsləşmədən çox dilləşmə, oppozisiya yaratmaq meyli var. Hadisələr, onların kəsişmə xəttindəki labirint əvvəlcədən qurulan modelə, bədii-fəlsəfi mexanizmə tabe deyil və belə olduğu üçündür ki, əsər Markesi, yaxud Borxesi, yaxud qədim müdriklərin fantaziyalarını deyil, əslində çox mürəkkəb və qəliz xarakterə malik həyatın özünü xatırladır, onun sirlərinə işarə vurmağa yönəlir. Kiminsə modeli, yaxud bu modelə bənzər mexanizmlə yazılan mətn sadəcə həmin model və mexanizmlərə yazılan şərhlərdir.

Haqqında bəhs edilən əsərdə süjet, təhkiyə dinamikası son dərəcə canlıdır və burada artıq-əskik heç nə yoxdur. Romanın məzmununu, fabulasını nəql etmək istəsən, neçə dəfə öz-özünə danışsan da, sonda yenə də nəyisə yaddan çıxartdığını təsdiqləməli olacaqsan. Çünki, əsərdəki “aldadıcı vahid mənanı” tapmaq üçün süjet xətti o qədər haçalanır ki, getdiyin yolda bu döngələrin birini unutsan, əhvalatın məntiqi zəif və tamamlanmamış görünəcək. Müəllif əslində sadə bir əhvalatın dinamikasında nə qədər eniş və yoxuşun ola biləcəyini tutur, bir az əvvəl real cizgilərlə rəsm etdiklərinin üstünü ”qaralayır”, ona elə nüanslar əlavə edir ki, bir hadisə qırığından neçə-neçə döngə yaranır və bunlar hadisələrin arxa planında gizlin qalanları nişan verirlər. Hadisələrin “arxa bağçasını” anlatmaq üçün müəllif təhkiyə məqamını da yaxşı seçir: həyatla ölümün sərhədində. Bu isə, yəni həyatla ölümün sərhədində dayanıb dünyaya baxmaq sabit, tərpənməz görünən hər şeyi hərəkətə gətirir, dünya yer-yerdən tərpənir, lərzəyə gəlir, adi bir işartını tutmaq üçün “burulğan” yaradılır, elə hadisələr baş verir ki, dənizdə dalğanın “əlinin arxası və ovcunun içi” görünür. Hər şey ondan başlanır ki, zərgər Neman günlərin bir günü uşaqlarına musiqi müəlliməsi tutur: gözəllər gözəli, qəddi-qamətli, döşləri göz deşən... Bu xanım uşaqlara musiqidən başqa nə varsa öyrədir, onları qəribə nağılları ilə sehrləyir, bir dəfə əlini yanağına yüngülcə toxundurmaqla az qala həyatlarını dəyişir. Və təkcə dəyişmir, həm də onlar üçün bir ömür sirr yaradır, onların və ətrafdakıların ömrünü labirint tülünə bürüyür. İnsan bir şeyə ürəkdən inansa, inan ki, olacaq. Və uşaq da buna inanır, bu fikir beyninə, ruhuna o qədər yeriyir ki, nağılın mabədini özü bir ömür boyu quraşdırmaqla məşğul olur. Uçmaq istərkən eyvandan yıxılıb şil-küt olur, ayaqları əlil arabasına bərkidilsə də, xəyalında bütün dünyanı gəzir, gah dərviş, gah müsafir, gah da ... hamının sirri olur. Bəzən bir ömrün, bir insanın, bir insan həyatının... yaradığı sirr eni-uzunu bəlli dünyada elə əngin ərazilər inşa edir ki, bunu yaşamağa insan nəfəsi bəs etmir, neçə-neçə nəslin enerjisi sərf edilir və ən əsası kiminsə yuxusunu, kiminsə həqiqətini anlamağa açar olur. Təqribən belə, mənbələrin birində olduğu kimi: 1247-ci il noyabr ayının beşi, cümə axşamı idi. Mövlana ilə Şəms həzrətləri otaqda söhbət edirdilər, Allah-taaladan və onun çeşidli himayədarlıq məqamlarından bəhs edirdilər. Bu zaman qapı döyüldü və Şəms həzrətlərini bayıra çağırdılar. Şəms Təbrizi üzünü Mövlanaya tutub "məni qətl etmək üçün çağırırlar" dedi və çölə çıxdı. Orada bir qrup insan bir anda üzərinə hücum etdi. Şəms Təbrizi həzrətlərinin “Allah!!” deyən səsi eşidildi. Mövlana o saat çölə çıxdı, heç kimi görmədi. Yerdə qan ləkələri vardı. Dərhal oğlu Sultan Vələdi oyandırıb vəziyyəti aydınlaşdırmağı istədi. Nə elədilərsə, Şəmsin cəsədi tapılmadı. Bu cinayəti işləyənlər yeddi kişi idi. Aralarında Mövlananın oğlu Alaəddin də varmış. Yeddisi də qısa zaman içində “yaxalanıb” müxtəlif bəlalara düçar olub öldü. Bir gecə Sultan Vələd yuxusunda Səms Təbrizinin cəsədinin bir quyuya atıldığını gördü. Şəms ona "mən filan yerdəki quyudayam. Məni buradan çıxarıb dəfn edin" xahiş etdi. Sultan Vələd oyanıb ən yaxın dostaları ilə yuxudan gördüyü quyunu tapmağa yollandı. Tapıb Mövlananın mədrəsəsində dəfn etdilər”.

Bu mətnin şübhəsiz ki, Mübarizin romanı ilə birbaşa əlaqəsi yoxdu və üstəlik roman tam başqa mətləblərdən bəhs edir. Ancaq mətnin qurulmasında bir məqam var ki, bunların hər ikisində uyğun gəlir: vaxt-vədə yetişir, elə bir durum yaranır ki, əfsanə həqiqətin, həqiqətsə əfsanənin içində itib-batır, bax bu vəziyyətdə ayrıca olaraq əfsanədən və ayrıca olaraq həqiqətdən danışmaq, onların dəqiq sərhədini göstərmək mümkün olmur. Onlar bir-birinə keçir, bir-birinə nüfuz edir və həyat da elə budur.

Romanda dünyadakı mövcud harmoniya anlayışı darmadağın edilir, harmoniya adına deyilən şeylərin əslində xaos olması ortaya çıxır. Bənna bir tikili inşa edərkən daşları elə qoymalıdır ki, birinin çıxıntısı o birisinin qısalığı ilə tən gəlsin, yaxud zərgər elə işləməlidir ki, yerdən göyə məsafə üzük qaşının parıltısına sığsın. Bu harmoniyanı, dünya içində onun bütün gözəl və parlaq cizgilərini ovuc içinə yığıb bir-bir daşların düzümündə əks etdirən usta adi bir sınaqdan çıxa bilmir. Sonra onu sınağa çəkən zərgər Neman dostuna ölüm ayağında, son nəfəsində başqa bir ismarıc yollayır. Bu dünyada günahlarımı yumaq üçün usta bir məscid tikməlidir. Bu kodun yozumu da odur ki, Nemanın xəyallarında bütün dünyanı dolaşan, çox danışan və insanları bu qeyri-adi söhbətləri ilə heyrətləndirən və bezdirən əbədi şikəst oğlu məkanı dəyişməli, ustanın evində yaşamalıdır. Roman bitsə də bu suallar bitmir, yaxud bu suallara zərrə qədər də aydınlıq gəlmir.

Son olaraq ona deyə bilərik ki, nəsr mətnində əhvalatların arxa planını göstərmək, yeni təhkiyə, yeni üslub axtarışları həmişə mövcud ənənəyə oppozisiya yaratmaqla müşayiət edilir və zənnimcə, Mübariz də yaradıcılığında səssiz-küysüz elə bu işlə məşğuldur.

# 3150 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #