Günahı yağışda axtarma...

Günahı yağışda axtarma...
3 noyabr 2012
# 08:00

Bakıya yağış yağdı. Sel küçələri bürüdü. Təbii ki, romantika da coşdu-çağladı. Facebook da əməlli-başlı islandı...

Hansısa şair yazıb: “Yağış gözəldi, kasıb ayaqqabısı olmaya...” Yağış yağanda talesiz insanlar haqda düşünürəm. Əyni yalın, ayaqqabısı su buraxan o qədər talesiz insanlar var ki... Kimlərsə pəncərədən baxıb yağışı qayğısızcasına seyr edəndə, sevgililər xoşbəxtcəsinə bir çətirin altında bir-birlərinə qısılanda, yağışdan feyz alanda o biçarələr göylərə nifrətlə baxırlar, yağışa lənət yağdırırlar... Hər şey bu qədər sadə...

Yağış günahkar deyil ki... Fəsillərdən payızdırsa və bu payız hələ indiyədək öz sərt üzünü göstərməmişdisə, aylardan da noyabrdırsa, bəs öz yağışını nə vaxt yağdıracaqdı?

Yağış həm də buna görə romantikaya bir kədər qatır. Son baharda depressiyaya düşənlər o kədəri acı-acı qurtumlayır, taleyin pəncərəsində öz ömür yolunda şütüyən doğma və yad adamları seyr edir, bu yolun qırmızı işığını yandırıb kimisə saxlamaq istəsə də o adam bu yoldan dayanmadan ötüb keçir... Saxlaya bilmirsən o adamı. Sənin taleyindən keçib gedir və yağış onun ayaq izlərini amansızcasına yuyub aparır...

Hər yaşın öz romantikası var. Yağan yağışı seyr edib bu kədər dolu romantikadan, xəyal qırıqlığından qurtulmaq istəyirsən. Amma içində bu kədərə yenildiyinin fərqindəsən. Mazoxistcəsinə bu kədərdən zövq alırsan.

Sərxoş olmaq istəyirsən, amma içə bilmirsən, payız isə qədəhinə elə hey yağış süzür...

Yağışdan sərxoş olub adamlardan uzaqlaşırsan, özün üçün yaratdığın tənhalıq adası hardasa lap yaxında səni gözləyir... Amma o adaya heç tək getmək istəmirsən... Amma nə acılar ki səninlə getmək istəyən birisi yox... Çevrilib dənizə baxırsan, görürsən ki, burulan sulardan savayı arxanca əl yelləyən yox...

- Get!- deyirsən özün özünə, - daha buralarda bir işin qalmadı, bu şəhər hər küçəsi, hər tiniylə sənə əzab gətirəcək, xatirələr içini göynədəcək hər addımda... Get!

Amma anlayacaqsan ki, getməyə heç ehtiyac yox imiş... O tənhalıq adası sənin öz içindədir, sən o adanı öz içində gəzdirirsən...

Yağış neyləsin?! Yaxşısı budur, çıx bu yağışda doyunca islan, özünə gəl, dostum...

# 2330 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #