Şeytan - Eyvaz Sirablının hekayəsi

Şeytan - Eyvaz Sirablının hekayəsi
29 yanvar 2020
# 11:47

Kulis.az Eyvaz Sirablının "Şeytan" hekayəsini təqdim edir.

... Göylər bəyaz, tərtəmizdi,
Tanrı ilə pərdəmizdi...

…Məğribdən-məşriqə göy üzü gömgöydü. Bu göylükdən, təmizlikdən yer üzünə heç nə çatmırdı. Yer üzü qaranlıqdı, qatışıqdı. Buynuzlu, buynuzsuz şeytanlar adamlarla əl-ələ verərək son zamanlar dəbdə olan «Puşistıy» yallısını oynayırdı. Dəstəbaşı Anaş Şeytandı. Millət üç gündü bu havaya ayaq götürüb yorulmadan yırğalanırdı. Ölkənin şahından xəbər yoxdu. Gəmisi dəryada qərq olmuşdu. Nə ölüsü, nə də dirisi ortalıqdaydı. Ölkə sirli “Bermud üçbucağı”nı xatırladırdı...

... Buynuzlular buynuzsuz şeytanlara xəbərçilik edirdi. Bu şounun baş dirijoru da Anaş özüydü. Dərgahdan qovulmuş əsl Şeytansa çaşmışdı. Onun şətəli işləmirdi. Müasir milli şeytanlar onu yaxına buraxmırdı. Hikkələrindən qapqara qaralmış özükimiləri ətrafına toplayan Eks-şeytan vücudundakı bütün kin-küdurətini, hiylə-fəsadını udaraq qınına çəkilmişdi. Məqam gözləyirdi...

...Dünyasa hər saat daha da şeytanlaşırdı. Başsız ölkəni şeytanlar idarə edirdi. Legitim Şeytan statusunu ölkəqarışıq özəlləşdirən Anaşsa, özünün «Həpimiz şeytanıq» adlı əsərini kütləvi tirajla çap etdirərək şeytanlara sırımaqdaydı. Havadan şeytan iyi gəlirdi...

...Leksikondakı «Vətən, torpaq, millət, qeyrət» və bunabənzər «lazımsız» sözlərin işlədilməsi qanunla qadağan edilmişdi. Ölkə qeyrət buxovundan «azad olmuşdu». Biqeyrətlik yelkəni altında qeyrətsiz sabaha doğru üzən adamlar Anaşın dirijorluğu ilə qaranlıq dünyalarında «İşıqlıdı ləmpələri kolxozun...» misralı məşhur aşıq mahnısını tər tökə-tökə oxuyurdu…

…Səmanın altında yırğalanan dənizsə, elə bil bir az əvvəlki quduz it deyildi. O böyüklükdəki gəmidən su üzərində iri bir taxta parçası və ona sarmaşmış İnsandan savayı heç nə gözə dəymirdi. Qəflətən havalanan dəniz, gəmini parçalayıb udduqdan sonra elə birdən-birə də sakitləşmişdi...

Bu aldadıcı, vahiməli sakitlikdi. Dərya canına, qanına quduzluq hopmuş nəhəng bir heyvantək daxildən qaynayan kinin, küdurətin hökmüylə hər an şahə qalxmağa müntəzirdi. Hələliksə sinəsindəki taxta parçasına sarmaşmış insan övladını da bətnindəki balıqlara yem etmək üçün səbirsizliklə səmadan gələsi əmrin sorağındaydı…

... Külli-kainatın yaradıcısı və əbədi sahibisə son qərarı çıxarmağa çətinlik çəkirdi. Dənizdə yem gözləyən balıqları da, taxta parçasına sarmanmış insanı da o yaratmışdı. Qəribəydi, dəryanın içindəkilər yaradandan yem, üstündəki İnsansa qurtuluş diləyirdi. Ulu Tanrı dərgahındaca bərk fikrə getmişdi…

…İnsan gözünü açdı. Bütün vücudu sızıldayırdı. Harada olduğunu kəsdirə bilmədi. Sonuncu dəfə gəmidəki keyf məclisində içdiyi şərabın tamını ağzında hiss etdi. Havadan da şərab iyi gəlirdi. Boz-bulanıq nəzərlərlə irəli baxdı. Burnundan, sarmaşdığı taxta parçasından və hikkəylə qırçınlanan dəniz səthindən başqa heç nə görə bilmədi. Deyəsən, harada olduğunu yavaş-yavaş anlayırdı…

Sarmaşdığı taxta parçası hər zaman məcburən söykəndiyi xitabət kürsüsünü xatırlatdı ona… Kürsü, dəniztək dalğalanan insanlar, bəlağətli cümlələr, yağlı vədlər, təmtəraqlı səfərlər və hər axşamkı keyf məclisləri…

Xatırladı. Anaş Şeytan ona çox şey öyrətmişdi. Ağ yalanı gülə-gülə insanların üzünə demək və bu zaman qətiyyən gözünü qırpmayaraq bu yalana özünü də inandırmaq məharətini aşılamışdı ona. Tək bircə şeyi bacarmırdı. Danışanda insanların üzünə baxa bilmirdi. Daha doğrusu, şahlıq etdiyi ölkənin bütün sakinlərindən iyrənirdi. Onları ümumiyyətlə görmək istəmirdi. Amma görməyə məhkum idi. Anaş demişkən, rəiyyət tez-tez şahı görməli və dinləməliydi.

...Xatırladı. Sonuncu dəfə gəmiyə minərkən İlangöz həmişəkitək ona əl eləyirdi. Gülümsəyirdi…

... İnsan diksindi. Dalğalar üstündə at yerinə şeytanlar qoşulmuş arabada Anaş ona tərəf çapırdı. Məlunun buynuzu vardı, şeytanlarsa buynuzsuzdu…

Deyəsən, o ağlını itirirdi. Qalxmaq istədi. Onun qarşısında bu halətdə görünməmək üçün. Sadəcə, özü boyda dikələrək həmişəki görüntünü yaratmaq istədi. Qorxdu. Sonuncu ümidi olan taxtadan sürüşərək dənizə düşməkdən ehtiyatlandı. Çünki bütün ömrü boyu qolundan tutmuşdular.

Ölmək istəmirdi. Əlini ümidlə Anaşa uzatdı. Məlun ona buynuz göstərdi, dünənədək ayağından öpdüyü hökmdarını nifrətlə süzdü.

İnsan ilk dəfə olaraq onun əsl simasını görə bildi. Anaş sevinir, şahın bu ümidsiz vəziyyətindən həzz alırdı. Bu günü görmək üçün zatı qırıq, mayası iblis südündə yoğrulmuş Anaş bütün ömrünü sərf etmişdi. İnsan uduzduğunu, aldandığını anladı. Gec idi…

...Dəniz yırğalanırdı. Və bu yırğalanma hökmdarının ətrafında şeytan arabasını çapan Anaşı şövqə gətirirdi. İnsansa yaşamaq istəyirdi…

Arabaya qoşulmuş atsifət şeytanlara əl uzatdı. Məlunlar iri dişlərini ağardaraq başlarıyla Anaşı göstərdilər. Aydındı. Bütün noxtaları birləşdirən cilov çoxdan onun əlindəydi. Anladı. İllər uzunu başına ip keçirilərək bu şeytanlartək onun tərəfindən sürükləndiyini, aldandığını, onun ucbatından xalqın sonsuz məhrumiyyətlərə düçar edildiyini, sonsuz günaha batdığını dərk etdi. Şeytanlara uzanmış əli yanına düşdü…

...Ulu Tanrı öz dərgahında fikrə getmişdi. Yeri-göyü xəlq etdiyi, daşa, torpağa can verdiyi, bir kərə «Ol!» deməklə yer üzünün Əşrəfi olan İnsanı yaratdığı günü xatırladı...

Dünyaya nəzər saldı. Adamlar Legitim Şeytanın başına ip salıb oynadırdılar. Ona papış tikmişdilər. Məlun heydən düşmüşdü. Sakinlər sonra bir-birinə torba tikməyə, tələ qurmağa girişirdi. Tanrıdan xəbərsiz qloballaşan dünyada klonlaşma yoluyla artıb-törəyən buynuzlu-buynuzsuz şeytanlar, çəngəlli-çəngəlsiz əzrayıllar ara qatmaq, can almaq üçün növbəyə durmuşdu. Adamlar əsl şeytanın legitimliyini tanımaq belə istəmirdi...

...Toxların halına acların ağladığı dünyada Legitim Əzrayıla ehtiyac qalmamışdı. Qlobal ölkənin boz və kosmopolit düşüncəli klonvari canalanları sakitcə adamların qanını alırdı. Yerdə qalan quru canlarasa sahib duran tapılmırdı.
Əzrayıl canının hayındaydı. «Canalan» adlı MMC-sinin baş ofisindən bayıra addım atmağa qorxurdu. Qanının alınmasına qərar verilmişdi…

...Dünya çalxalanır, ağız deyəni qulaq dinləmir, bədən başa tabe olmurdu. Körpələr elə bətndəcə öz anaları barədə «kompromat» toplayır, övladlar «alterantiv» valideyn arayır, ağaclarda meyvə əvəzinə şeytan yetişirdi. Səmadan yer üzünə yağış əvəzinə şeytan yağır, düzənlərdə şeytan bitirdi. Dünya şeytan əkib, şeytan biçirdi…

...Məlun Anaş hırıldayırdı. Ölkə başdan-ayağa onun səpdiyi virusa yoluxmuşdu. Kimdən, nədən və necə yarandığı məlum olmayan gənc Milli Məlunlar dumbul çalaraq göbək atır, xoruz döyüşdürüb, it boğuşdururdu. Dünya virusa hamiləydi. Buynuz doğacaqdı. Quduzlaşmışdı, özü-özünə təpik atırdı. Anaşınsa reytinqi dünyaya «vot-vot» buynuz göstərəcəkdi. Qəzetlərin hamısı bu barədə yazır, «trilogiya»lar çap edilirdi. Təəssüf ki, heç kəs heç kimin kitabını oxumurdu…

...Tanrı dənizə baxdı. Şeytansifətlərin çiynində hırıldayaraq taxt-taca doğru hərisliklə çapan Anaşı qəzəblə süzdü. Gözlərindən od çıxdı. Alov kəməndi Anaşın piylənmiş və qartımış boynuna sarılaraq onu cəhənnəmin limitsiz, sutkada 24 saat alovlanan tonqalına həmən transfer etdı. İnsansa qeyri-ixtiyari taxta üzərində dizi üstə dikələrək, Yaradanının hökmünə tamaşa edirdi…

...Dərgahın qapısı döyüldü. Səcdəyə gələn neçə əsr bundan əvvəl Tanrının üzünə ağ olmağa cürət etmiş Şeytan idi. Dizi üstə sürünərək Yaradandan onu bağışlamağı təvəqqe edən Məlunun boynunda Anaşın «Puşistıy» xaltası, ayağında adamların tikdiyi üstü deşikli papıc, əlindəsə ölkənin tüksüz baş imicmeykeri tərəfindən şəxsən onunçün hörülmüş torba varıydı...

... Şeytanın buynuzları dibindən kəsilmiş, quyruğu qoparılmış, qonur və qalın tüküsə Məmi dəllək tərəfindən zəhmətkeşlərin «yekdil» tələbiylə «Satana-13» ödpüskürəniylə tamamilə ütülmüşdü. Havadan xaş iyi gəlirdi...
...Məlun, yer üzünün əşrəfi olan insanların əlindən canını götürərək ulu yaradana yenidən pənah gətirmişdi. Tanrı rəhmdildi, Bağışlayandı. Yazığı gəldi. Bağışladı…

Cəhənnəmin pəncərəsindən Anaşın asimana bülənd olan bağırtısını, bacasındansa əriyən qart peysərinin iyini və qapqara tüstüsünü sonsuz radiusda eşitmək, duymaq və görmək mümkün idi.

…Dəniz qabarırdı. Bətnindəki balıqların yemək vaxtıydı. Yaranmışlar yaradandan öz halal ruzilərini diləyirdi…
…Tanrı şahə qalxmış dalğa üzərindən ona son dəfə ümidlə baxan İnsandan üzünü çevirdi...
…Ac dəniz Yaradanın hökmüylə, boz üzlü şeytanlara uymuş adamlar tərəfindən murdarlanmış torpağı naqisliklərdən təmizləmək üçün onun üzərinə yeridi…

...Yer üzü gömgöydü. Bu göylükdən göylərin üzü gülürdü.

Gallery

# 2804 dəfə oxunub

Oxşar xəbərlər

Yüksək sürət, həyəcan və adrenalin  - Ən yaxşı yarış filmləri - Siyahı

Yüksək sürət, həyəcan və adrenalin - Ən yaxşı yarış filmləri - Siyahı

13:00 25 aprel 2024
Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

12:30 25 aprel 2024
Təhqir edilən aktyordan sərt reaksiya - Foto

Təhqir edilən aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
# # #