Süni intellekt ədəbiyyat yarada bilərmi?

Süni intellekt ədəbiyyat yarada bilərmi?
29 yanvar 2020
# 11:19

Kulis.az Rəvan CavidinSüni intellekt ədəbiyyat yarada bilərmi?” essesini təqdim edir.

Ötən əsrin ortalarında elm “Maşınlar düşünə bilərmi?” (Alan Turinq) sualına cavab axtardı. Daha dəqiq desək, 1950-ci illərdə qəzetlərin manşeti yalnız bu sual ilə məşğul idi. Üzərindən 47 il keçdi və 1997-ci ildə süni intellekt şahmat oyununda Qasparovu məğlub etdi. Dünyada bir nömrəli şahmatçını. Ona görə bu misalı çəkirəm ki, şahmat bildiyimiz ən intellektual və ən çox taktika istifadə edilən oyun növüdür. Tibbi araşdırmalara görə, normal səviyyədə bir şahmatçının beyin qırışları bu oyunu ilk dəfə oynayandan iyirmi beş dəfə daha artıq işlək olur. Qeyd edim ki, oyunda Qasparovun oppenenti olan süni intellekt ən sadə alqoritmlər qurmağı bacarırdı. Bu gün telefonumuza yüklədiyimiz şahmat oyunlarında daha çətin gedişlər, daha mürəkkəb kombinasiyalar qurulur.

Sadəcə bir otağın içərisində fəaliyyət göstərən milyonlarla meqabitlər günümüzün robotlarını yaradır və artıq ictimai dəstəkdən sosial işlərə qədər bütün sahələrdə onların gücündən və imkanlarından istifadə olunur. İlk süni intellekt heç bir insan təsiri olmadan özünün ondan artıq kopyasını yaratmış, üstəlik hər yaratdığı yeni kopyada daha mükəmməl istehsal bacarıqlarını göstərmişdi. 2011-ci ildən etibarən kompüter oyunlarının qurulmasında tamamilə bu cür robot intellektdən istifadə edildi. Süni intellekt hər şey edə bilirdi. Cərrahiyyə əməliyyatına girir, müharibədə piyada əsgərlərə yardım edir, mətbəxdə yemək hazırlayır, şahmat, dama oynayır, tennis məşqlərinə kömək edirdi və sair. Ancaq 2015-ci ildə süni intellektin görünməyən tərəfləri özünü göstərdi. O, ssenari yaza bildi, musiqilər bəstələdi. Yazdığı ssenarilər isə poetik idi, həm hadisə olaraq, həm də mətn olaraq kafi qəbul oluna bilərdi.

2016-cı ildə Benjamin adlı bir Sİ proqramı “Sunspring” (Günəbaxan) qısa filminin ssenarisini hazırladı. Heç bir insan təsiri olmadan. İnternet üzərindən oxuduğu kitablar, bütün vikipediya məlumatları və YouTube platformasında olan milyonlarla musiqi mətnlərinin sayəsində. Obrazlarına sadəcə bir hərflə ad qoyan, dialoqlarında poetik misralardan istifadə edən, paralel dünyalara göndərmələr edən doqquz dəqiqəlik bir film. Filmi çəkən rejissor demək olar ki, təxəyyülündən istifadə etməyib. Çünki Benjamin obrazların geyimindən tutmuş, mimikalarına qədər, filmdə hansı musiqilərin istifadə olunacağına qədər hər şeyi yazmışdı. Musiqiləri də özü bəstələmişdi. Film ingilis dilindədi və titrlarda ingilis dilli ədəbiyyatdan istifadə olunduğu qeyd edilir. Bunun açıqlamasını vermək, məncə, yersizdi.

Benjaminin yazdığı film bizi yormur, çünki filmdə insanın yaratdığı musiqilərin, səhnə effektlərinin kopyaları istifadə olunub. Gəlib çıxırıq əsas məsələyə – Sİ proqramlarının yaratdığı sənət əsərləri nə dərəcədə orijinaldır və onlar necə yaranır?

Şəkil redaktorlarında, İnstaqram və digər foto-video platformalarında fotolarımızı istədiyimiz səviyyədə rəngləyə, korrektə edə bilirik. Bu zaman proqramların beyni bizim şəkillərimizdəki pikselləri əzbərləyir və növbəti redaktə işlərində bizim də piksellərdən istifadə edir. Proqramı hazırlamaq üçün sadəcə bir foto kifayət edir, ondan sonra hər saniyə proqram yeni üz cizgiləri, yeni rənglər tanıyır. Və beləliklə şəkillərimizin orijinaldan fərqli nümunələrini bizə təqdim edir. Qeyd edim ki, həmin nümunələrdə üz cizgilərinin konturları insandan daha çox ev heyvanlarının anatomiyasına uyğun gəlir. Niyəsi mənim üçün də məchuldu.

Dünyaca məşhur bir neçə əsər məhz bu cür yarandı. Üstəlik, tendensiyalar dadaist, sürreal sənətin inkişafına gətirib çıxardı. Dizayn proqramları vasitəsi ilə süni zəkanın yaddaşındakı konturlardan yeni animasiyalar hazırlandı. Bu gün baxdığımız filmlərin əksəriyyəti bu cür effektlərlə işlənir.

Ancaq süni zəka orginal sənət yarada bilmir, səbəbi isə duyğu neyronlarıdı. Bu neyronlar bizə təbiətin (yaradıcı gücün) harmonik şərtləridir. Ona görə yaşayırıq ki, bizim beyin hüceyrələrimizdən başqa duyğu reflekslərimiz də mövcuddur. Yazıya biologiya terminləri ilə davam edib yorucu olmaq istəmirəm. Qısası budur ki, sənət yaratmaq üçün sadəcə düşünmək lazım deyil, hətta ilk şərt belə deyil. Hiss etmək vacibdir və bunu süni zəka edə bilməyəcək. Yaddaş transplantasiyasının düşünüldüyü bir zamanda belə insan hisslərinin başqa birinin yaddaşı ilə yaşamaq cəhdləri mümkünsüz qiymətləndirilir. Vizual olaraq hər şey mümkündür, insanı ruhsuz təsəvvür edə bilsək.

Buna görə də, Benjaminin yazdığı ssenari gerçək ədəbiyyat hadisəsi deyil, sənət deyil. Benjamin yuxarıda qeyd etdiyim foto redaktorlar kimi öz yaddaşındakı (Google, YouTube) mətnlərin sintezini təqdim edir. Süni zəka düşünə bilir, hiss edə bilmir. Hələki...

# 4078 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #