Azərbaycanda peşəkar yazıçı yoxdur

Azərbaycanda peşəkar yazıçı yoxdur
24 yanvar 2020
# 11:29

Hadisələrə obyektiv münasibəti ilə seçilən tənqidçi İradə Musayeva maraqlı bir status yazıb. O, deyir:

“...Anası öləndə Prust bərk sarsılır, amma anasından 2000-ci illərin hesabı ilə götürəndə 6 milyon Amerika dolları qalmışdı. Üstəlik, hər ay 15 min dollarlıq sabit gəlir. Demək istəyirəm ki, bu məbləğlə arxayın yaşamaq (baxmayaraq ki, ağır xəstə olub və cəmi 51 il yaşayıb) və 4 min 800 səhifəlik roman yazmaq olarmış... Yemək, ailə, iş dərdi çəkməyib... Müqayisə edəndə bizim yazıçılar qəhrəmandır, problemli məişət həyatının künc-bucağında vəziyyətlərinə uyğun şəkildə nələrsə yazırlar... Amma inanmıram ki hər 6 milyonu olan adam da Prust ola bilsin, hətta yazıçı olsa belə...”

Təbii ki, tənqidçinin təsbitinə heç bir etirazım yoxdur. Mən sadəcə günümüzün ən ciddi ədəbiyyat probleminə toxunan bu fikri bir az inkişaf etdirmək istəyirəm.

Azərbaycan yazıçısı həm də fədakardır.

Üstəlik, həm də həvəskardır.

Çünki milyonlar qazanmaq bir yana, heç bir müəllifin öz yazıçılıq fəaliyyəti ilə minimum yaşayış səviyyəsini qurmaq imkanı yoxdur.

Dünyada isə bəs-bəlli bir qayda var: məşğul olduğun sənətdə o zaman peşəkara çevrilirsən ki, o sənətdən dolanışıq çıxarasan!

Əgər belə deyilsə, sən sadəcə həvəskarsan.

Demək, çağdaş dünyanın məntiqi ilə Azərbaycanda bir nəfər də olsun peşəkar yazıçı yoxdur.

Səbəbsə, yazıçılardan asılı deyil.

Düzdür, adama deyərlər, səni oxumurlarsa, yazma, yazırsansa, dolanışıq davası eləmə.

Amma yox, bu sözləri işin mahiyyətini bilən qələm adamına demək olmaz.

Çünki o, qayıdıb sənə cavabı məlum olmayan belə bir sual verər:

“Nə bilirsən ki, oxunmuram?”

Bir yazıçının oxunub-oxunmamasını müəyyən etmək üçün onu oxucuya təqdim eləmək lazımdır. Biz bunu nə zaman elədik? Bakıdakı bir-iki müstəqil nəşriyyatın, iki-üç kitab mağazasının statistikası ilə cəmiyyətin kitaba münasibətini müəyyən edə bilmərik.

Ölkədə kitab industriyası yoxdur, buna görə, kimin nə qədər oxunduğunu müəyyən etmək qeyri-mümkündür.

İndiki halda heç kim oxunmur. Yaza bilən də, yaza bilməyən də. Və bu amansız gerçəklik bizi həvəskara, fədakara, İradə xanım demiş, qəhrəmana çevirir.

Halbuki sadəcə yazıçı olmaq kifayətdir.

Bundan da dəhşətlisi, müstəqil olduğumuz 29 il ərzində heç bir ədəbiyyat və mədəniyyət xadimi, heç bir müvafiq qurum kitab sənayesinin formalaşdırılması üçün heç vaxt ciddi məsələ qaldırmayıb.

Mən inanıram, belə bir təşəbbüs olsaydı, dövlətimiz onu dəstəkləyərdi. Çünki kitab ümummilli məsələdir.

Və bu gün də belə bir təşəbbüs heç kimin ağlına gəlmir.

“Əli böyüklərin ətəyinə çatan” ədəbiyyat və mədəniyyət xadimləri isə ev, təqaüd, orden-medal və vəzifə istəyirlər...

Biz itmiş zamanı kitablarda da axtara bilmirik.

Prustdan ən ciddi fərqimiz budur.

# 5557 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #