Roza Zərgərli: “Onu Aygündən də, Röyadan da əvvəl mən eləmişəm” – Müsahibə

Roza Zərgərli: “Onu Aygündən də, Röyadan da əvvəl mən eləmişəm” – Müsahibə
22 yanvar 2020
# 08:58

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin növbəti qonağı müğənni Roza Zərgərlidir. Layihədə məşhur sənətçilərlə ədəbiyyat və sənət barədə söhbət edirik.

- "Sibir çiçəyi" adlı kitab yazdınız, maraqla qarşılandı. Orda nələrdən bəhs etmisiniz?

- Azərbaycanda ifaçı olaraq öz həyatından bioqrafik roman yazan ilk sənətçiyəm. Əslində, mən ifaçı kimi tanınsam da, əsas peşəm rejissorluq olduğu və ssenari yaza bildiyim üçün düşündüm ki, belə bir kitab yazmalıyam. Peşəkar yazıçı olmadığıma görə bir qədər tərəddüdlərim vardı, düşünürdüm ki, məndə alınmayacaq. Amma mənə elə gəlir, ilk dəfə üçün pis alınmadı.

- Avtobioqrafik roman həm də bir qədər cəsarət tələb edən janrdır. Gərək mümkün qədər səmimi olsun müəllif. Bu romanı yazarkən nə qədər səmimi oldunuz?

- Mən elə bu nöqteyi-nəzərdən ilk romanı özüm haqqında yazmağa qərar verdim. Daha səmimi olsun ki, oxucu kitabı oxumağa başlayanda kitabdan ayrıla bilməsin. Məqsədimə də çatdım. Kitabda yetərincə səmimi olduğumu düşünürəm. Böyük sevgi ilə yazmışam o kitabı. 3 yaşımdan bəri yaşadığım bütün həyat hekayələrimi qələmə almışam. Hazırkı həyat yoldaşım həyatımda baş verən bütün anları bildiyinə görə, sirlərimi yazmaqdan da çəkinmədim.

- Kitabın təqdimatında ikinci kitabınızın anonsunu vermişdiniz. Necə oldu yaza bilirsinizmi?

- Bəli, artıq çapa hazırlayıram. Kitabın ön sözü də yazılıb. Çalışırıq martda işıq üzü görsün. Bu dəfə oğlum Corcun anasının həyatını qələmə almışam. Kitabın adı “Məcnunsuz Leyli”dir. Çox maraqlı romandır. Kitabın redaktorluğunu bu dəfə də Mintac Elsevərə həvalə etdim. Bundan sonra üçüncü kitabımın üzərində işləyəcəm. Bir fizik haqqında yazacam. Alimin dəliliyə doğru irəliləyən həyatından bəhs olunacaq.

Gallery

- Bu gün müğənni deyiləndə insanların ağlına ancaq soyunub efirlərdə yüngül hərəkətlər edən obraz gəlir. Ona görə də müğənninin kitab yazması qeyri-adi qarşılanır.

- Çünki media sənətçinin yüngül tərəflərini göstərir. Bəlkə də onlara ciddi, sanballı suallar verilsə, ciddi və sanballı cavablar verərlər.

- Düşünürsünüz ki, günah jurnalistlərdədir?

- Tam olaraq jurnalistləri də günahlandırmaq istəmirəm. Elə pis bir dövrdə yaşayırıq ki, sosiallaşma insanların dayazlığını daha tez qəbul edir. Ciddi və əhəmiyyətli bir post paylaşırsan, reaksiyası zəif olur. Bu günlərdə autizmli uşaqlarla bağlı bir qurum açılıb. Onunla bağlı paylaşım etdim. Heç kim girib o səhifə ilə maraqlanmadı. 6 yaşlı vunderkindimiz haqqında Rusiya kanalları material hazırlayır, mediası yazır, amma bizim media nümayəndələri bu məsələyə ötəri yanaşır. Məsələn, bizim audiokitab layihəmiz var. Bu günlərdə geniş təqdimatı da olacaq. Bilirəm ki, tanış deyilsiniz. Çünki bu barədə hələ heç bir jurnalist məndən heç nə soruşmayıb. Sosial şəbəkədə audiokitab layihəmizin videoçarxını paylaşdım, heç bir sayt yazmadı. Amma özümlə bağlı bir video paylaşıram, səhəri gün bütün manşetləri bəzəyir. Azərbaycanda kitabxanasında 2 min 700-dən çox kitab olan yeganə audio kitabxana məndədir.

- Audio kitablar bugünkü oxumayan kütləyə ədəbiyyatı dinlədərək çatdırmaq üçün unikal vasitədir. Buna görə sizi təbrik etməyə dəyər.

- Təəssüfləndirici də olsa bir həqiqətdir ki, günümüzün oxucusu oxumağa zaman ayırmaq istəmir. Amma mən kitabın qoxusunu çox sevirəm. Əgər bu qoxunu hiss etmədinsə, içinə çəkmədinsə bunun marağı olmur. Mən hətta əvvəllər “Axundov kitabxanası”na gedirdim, orada oxuyurdum kitabları. İnsanlar hamısı birtəhər baxırdı ki, müğənni gəlib kitabxanada saatlarla kitab oxuyur. Bəzən təyyarədə, avtomobildə kitab oxuyan zaman beyin funksiyaları pozulduğu üçün başağrıları yaranır. Ona görə, səyahət zamanı dinləmək daha rahatdır. Audiokitab layihəsini bir neçə şirkət etdi, amma başa vura bilmədilər. Biz isə məhz bu layihəni yekunlaşdırmağa nail olduq.

Gallery

- Sizin romanı özünüzün yazmadığınızı deyənlər də oldu. Bu fikirlərə necə reaksiya verdiniz?

- Reaksiya vermədim. Düşünürəm ki, bunlar boş söz-söhbətlərdir. Mənim üçün əhəmiyyətli olan oxucular, ədəbiyyatda öz sözünü demiş adamlar, yazıçılardır. Gözlədiyim müsbət fikirləri də onlardan aldım.

- Kimlər idi onlar?

- Romanımın ilk oxucusu Kamal Abdulla oldu. Hələ kitab işıq üzü görməmiş əlyazmasını oxudu. Mən onun fikirlərindən sonra kitabı çapa vermək üçün daha da ürəkləndim. Vahid Əziz, Nəriman Həsənzadə, Fikrət Qoca roman haqqında müsbət fikirlərini bildirdilər. Əliqismət Lalayev çox bəyəndi romanı. Hətta tamaşa formasına salmağı məsləhət gördü.

- Romanı filmə çevirmək haqqında düşünürsünüz?

- Səkkiz rejissordan təklif gəldi, hamısından imtina etdim. Çünki bu gün Azərbaycandakı film sferası, filmlərimizin nəzərdə tutulan büdcəsi bu roman üçün yetərli deyil. Orta səviyyəli film olmasına razı deyiləm. Özüm ixtisasca rejissor olduğuma görə bilirəm ki, istədiyim film nə qədər büdcə ilə ortaya çıxa bilər. Amma ilin axırından etibarən özüm romanı ya film, ya serial üçün ssenariləşdirməyə başlayacam.

- Bu roman film olarsa, sizin obrazınızı hansı aktrisanın oynamağını istəyərdiniz?

- Vacib deyil ki, çox tanınmış bir aktrisa olsun. Hətta film sayəsində kino aləminə yeni bir sima da doğa bilər. Əslində, obrazları ifa edəcək aktyor və aktrisaları indidən özüm üçün gözaltı etmişəm. Uşaqlığımı və yeniyetməliyimi oynayacaq aktrisalar artıq var. Amma adlarını açıqlamayacam. Gəncliyimi oynayacaq aktrisa yoxdur.

- Veriliş aparırsınız, klip çəkdirirsiniz, mahnı yazdırırsınız... Konsertlər, qastrol səfərləri... Bütün bu qarmaqarışıqlığın arasında kitab yazmağa necə vaxt tapırsınız?

- Mən bəzi əlyazmalarımı yollarda edirəm. Sonra Mintaca yollayıram ki, baxsın, müzakirə edək. Çünki Mintacın redaktəsindən sonra ikinci dəfə də özüm redaktə edirəm yazdıqlarımı.

- Redaktəsini bəyənmirsiniz?

- Yox, Mintac çox yaxşı yazıçıdır. Sadəcə olaraq, ədəbiyyata çox qərq olur və fikirlərimi qəlizləşdirir. Mən onu sadələşdirirəm. Çünki bu gün oxucu çox fikirləşmək istəmir. Yüngül material istəyir.

- İlk dəfə oxuduğunuz kitabı xatırlayırsınız?

- İlk dəfə İvan Turgenevin “Mumu” əsərini oxumuşam. 7 yaşımda ikinci oxuduğum böyük həcmli əsər “Timur və komandası” olub.

- İkinci dəfə qayıtdığınız əsər hansıdır?

- Uşaqlıqda oxuduğum uşaq ədəbiyyatını, nağılları nəvəmə görə bir də oxuyuram. Bu dəfə başqa şeylər kəşf edirəm. Ona görə də qərara gəlmişəm ki, oxuduğum əsərləri yenidən oxumalıyam. Məsələn, “Mumu” hekayəsini iki dəfə oxumuşdum. Bu yaxınlarda üçüncü dəfə də oxudum.

- Sizi ən çox təsirləndirən əsər və yazıçılardan da bəhs edək bir az.

- Hafizəmdə ən çox “Min-bir gecə” nağılları özünə əbədi yer edib. Çingiz Aytmatovun, Oljas Süleymenovun əsərlərini çox sevirəm. Fizulini çox sevirəm. Klassiklərdən Tolstoyu bəyənirəm. Əcnəbilərdən Conatan F-nin "Qadın sirli aləm" romanı çox təsirləndiyim romanlardan olub.

Nizami, Füzuli və digər dahilərimizlə bağlı verilişlər hazırladığım üçün onların da yaradıcılığından xeyli məlumatlıyam. Amma mənim fikrimcə, türkdilli xalqların dahiləri doğulduqları ölkəyə aid deyillər. Nizami, Füzuli, Səməd Vurğun Azərbaycan dahisi deyil, bunlar bütün Türk dünyasının dahiləridir. Mənim üçün dahi yazarın milliyyəti yoxdur.

- Bu yaxınlarda hansı əsəri oxumusunuz?

- Oljas Süleymenovun “Az i Ya” kitabını oxudum, bütün ədəbi dünyagörüşümü dəyişdirdi. Onun yaradıcılığı ilə bağlı veriliş hazırlamaq istəyirdim. Elə oldu ki, qohumu rəhmətə getdi, Bakıya gələ bilmədi. İlk növbədə bu kitabın taleyi mənim diqqətimi cəlb etmişdi. Bilirsiniz ki, bu kitabın satışı sovet dağılana qədər qadağan olunub. Kitab cəmi 2 min nüsxə ilə çap olunmuşdu. Onun bütün nüsxələrini müsadirə edib yandırmışdılar. Buna baxmayaraq, kitabı yazı makinalarında yenidən çap edir, əllə üzünü köçürür, müəyyən məbləğ müqabilində bir gecəliyə oxumağa verirdilər. Kitab SSRİ-nin "qara bazarlar"ında dəyərindən 100-150 dəfə baha satılırmış. Sovet dövründə belə bir əsər yazmaq çox təhlükəli idi. O kitabı oxuyanları həbs edirdilər. Mənim bu əsərlə tanışlığımın da maraqlı tarixçəsi var. Space radiosunda rəhbəri Əhməd müəllimlə Oljas Süleymenov haqqında veriliş hazırlamaq, onu Bakıya gətirmək istədiyimi söyləyəndə mənə bir fakt söylədi. Əhməd müəllim 20 yaşlarında dövlət radiosundan idman jurnalisti kimi Qazaxıstana ezam olunur. Qazaxlar qonaqpərvərlik əlaməti olaraq ondan nə istədiklərini soruşurlar. O isə Oljas Süleymenovun “Az i Ya” kitabını almaq istədiyini deyir. Kitabın adını çəkmək qadağandır, səni tutarlar, - desələr də Əhməd müəllim fikrindən daşınmır. Bir nəfər əl altından kitabı 170 rubla almaqda Əhməd müəllimə köməklik göstərir. Yoxlamadan keçirmək üçün isə çamadanın parça hissəsini söküb kitabı ora yerləşdirir. Hazırda həmin kitab məndədir. O kitabı əlimə alanda mənə elə gəlir ki, böyük bir xəzinəyə toxunuram. Hətta deyərdim ki, bu kitab ədəbiyyatın Qurani-Kərimidir. Qurandan sonra mənə elə gəlir, bütün müsəlmanlar, türklər bu kitabı mütləq oxumalıdır.

- Axırıncı dəfə nə vaxt pul verib kitab almısınız?

- Mən hər zaman pul verib kitab alıram.

- Ən çox hardan alırsınız kitabları?

- Türkiyədə hava limanında və Rusiyanın kitab mağazalarından.

- Azərbaycanda kitab mağazalarından kitab almırsınız?

- Azərbaycanda kitab mağazalarında kitaba hörmət yoxdur. Bütün kitab mağazalarında yaxşı kitablar yox, daha çox gəlir gətirən kitabları önə çıxarırlar.

- “Sibir çiçəyi” nə qədər satıldı?

- Min nüsxə çap olunmuşdu, hamısı satıldı. İndi hazırlaşırıq növbəti min nüsxəni nəşrə verək.

- Kitabınızdan gəlir əldə edə bildinizmi?

- Mən kitab satışından əldə edilən məbləği yenə kitaba xərcləyirəm. Ümumiyyətlə, bu gün Azərbaycanda kitab satışından yüksək gəlir əldə etmək mümkün deyil. Necə ki, müğənni satdığı albomdan gəlir götürə bilmir, eləcə də yazıçı. Yenə biz müğənnilərin toy bazarı var. Yazıçılarda o da yoxdur.

Gallery

- Sizcə, kitabınıza marağın çox olmasında müğənniliyinizin rolu var?

- Əlbəttə, kütləyə maraqlıdır ki, görək Roza Zərgərli həyatından nələr yazıb. Boşanmasından yazıbmı? Əslində mən o kitabda çirkin bir ördək balasının böyüyüb necə gözəl bir qu quşuna çevrilməsini qələmə almışam. Bu kitab bütün gənc qızların stolüstü kitabı olmalıdır. Hər bir qız təhsilli olmalıdır, karyerasının arxasınca getməlidir. Bununla yanaşı ailə həyatını da axsatmamalıdır. Bu, balaca bir qızın gəlib böyük yerlərə çıxmasından bəhs edən həyat dərsliyidir.

- Tamaşaçıların əksəriyyəti sizi sənətinizə görə deyil, xeyirxah bir insan olduğunuza görə sevir. Bu, sizi qıcıqlandırmır ki?

- Bunu çox adam deyir. Açığı məni çox qıcıqlandırır bu vəziyyət. Çünki mənim ifaçı kimi Azərbaycan mədəniyyətinə verdiyim töhfələr daha çoxdur, nəinki uşaq evindən uşaq götürməyim. Estradada bir çox inqilablara mən imza atmışam. İlk türmə həyatı yaşayan qadın obrazını mən yaratmışam. Məndən sonra Aygün Kazımova, Röya edib. Slova caz stilində ilk ifaçı olmuşam. Deyəndə də qalmaqala yaranır.

- Əslində, sizin bir çox həmkarlarınızla qalmaqalınız olub. Bunu özünüz qəsdən edirsiniz, yoxsa təsadüfdən alınır?

- Mən qalmaqal yaratmağa meylli deyiləm. Yaranıbsa da bu, qarşı tərəfin yanlışlığından olub.

- Əvvəlcə, Corcun bələdiyyə üzvü seçilməsi, sonra qızınızın Musiqili Teatrda aktrisa kimi çalışmağa başlaması... Bütün bu uğurların arxasında sizin rolunuz varmı?

- Mənim onların həyatında rolum yalnız ana kimidir. Övladlarım istedadlı və savadlıdır. Onlara sadəcə gedəcəkləri istiqamət üzrə məsləhətlər vermişəm. Nə Corcun bələdiyyə üzvü seçilməsində, nə qızımın teatrda işə başlamasında zərrə qədər əməyim olmayıb. Qızım onsuz da aktrisa kimi seriallarda, filmlərdə çəkilirdi. Opera ifaçılığı üzrə təhsil alıb, Xuraman Hacıyevanın tələbəsi olub. Gedib çörək sexində çörək bişirməyəcək ki... Övladlarımı ana kimi daha da qabağa çəkmək istərdim, övladlarım bunu qəbul etmir. Eqoludurlar. Heç nə etmirəm, yenə də adım üstlərindədir. İnanın ki, bəzən buna görə övladlarımla problem yaşayıram. Onlar mənimlə eyni verilişdə iştirak etmək istəmirlər.

- Yeni nəsil ədiblərdən kimləri oxuyursunuz?

- Qisməti bir dəfə oxumağa başladım, məni özündə saxlaya bilmədi. Bəyənməmək deyil, sadəcə olaraq mənim yazıçım deyil. Mənim ruhuma bir az yaxın yazıçı Qan Turalıdır. Onun da bəzi yazıları... Düşünürəm ki, onun fəlsəfi fikirləri mənə daha yaxındır.

# 17127 dəfə oxunub

Oxşar xəbərlər

"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
# # #