Gül kimi "devlət" - Alpay Azərdən hekayə

Gül kimi "devlət" - Alpay Azərdən hekayə
20 yanvar 2020
# 16:58

Kulis.az Alpay Azərin “Gül kimi “devlət” hekayəsini təqdim edir.


Xaqani Səfəroğluya


22 yanvar, 1990

Bakıda baş verən qırğından iki gün sonra rayon cavanları lehimləmə aparatıyla qurğuşun lövhəyə “Qorbaçov” yazıb, yeməkxananın həndəvərində tənbəl-tənbəl gəzişən arıq küçə itini tutub boğazından asdılar. Böyüklü-kiçikli o itə tüpürdülər, it də deyəsən, bu tüpürcəklərin pis şey olduğunu hiss etdi, nədisə, qulaqlarını sallayıb adamlardan uzaqlaşdı.

Xəbər düşəndə ki, Bakıda dinc adamları qıran əsgərlər, maşınları əzib yerə yapışdıran tanklar bu gün-sabah rayona girəcək - artıq qırğın şəkilləri olan “Səhər” qəzeti oralara da gəlib çıxmışdı, - adamlar vəlvələyə düşdü. Dünənə qədər itə tüpürüb söyənlər elə bildi, rayonda əsgərlərin gözü birinci qurğuşun lövhəni tutacaq, başlayacaqlar qabaqlarına çıxanı güllələməyə. Məsləhətləşib o lövhəni itin boynundan çıxartmaq qərarına gəldilər və it bu dəfə dalınca daha çox adamın gəldiyini görəndə hürkməyiylə yerindən götürülməyi bir oldu. Qaçdılar dalınca və həyatı boyu qaçmadığı bir sürətlə adamlardan xeyli uzaqlaşan it axırda nöqtəyə dönüb yox oldu. Onu son dəfə görənlərin dediyinə görə, boynunda lövhə İranla sərhəd kəndlərin birində hərlənirmiş, sərhədi keçdiyini deyənlər də varıydı. (Məftillərin qırıldığı, o taylı-bu taylı camaatın rahatca o tərəf-bu tərəfə keçdiyi vaxtlar idi).

Sərhədyanı evlərdə yaşayanlara bərk-bərk tapşırmışdılar ki, iti görsələr, tutub lövhəni boğazından çıxartsınlar, tuta bilməsələr, daşla vurub öldürsünlər, lövhəni isə çaya atsınlar. “Eybi yox, Allah bizi bağışlayar. Camaatı qırğına verəsi deyilik ki,” - ağsaqallar günah məsələsini belə çözmüşdü. Hətta sərhədyanı kəndlərdə yaşayanlar ordu gələnə qədər əllərində fənər növbəylə gecələr gözətçilik etdilər.
Həmin vaxtlar məktəbin yarımqaranlıq zirzəmisinə yığışmış rayon cəbhəçilərisə “İndi biz neyniyək?” sualına cavab axtarırdı.
Tarix müəllimi Telman “Mütləq qisas almalıyıq” deyən Nazimə heç cürə başa salammırdı ki, silahsız, texnikasız rus ordusunun qabağına çıxmaq axmaqlıqdı. Nazimsə öz dediyindən əl çəkmirdi:

- Telman müəllim, ruslar sözsüz, rayona gecə əsas yolla girəcəklər. Bizdə plan belədi, ordu fermaların yanından keçəndə, Rüstəmlə mən neft dolu butulkaların başına əski keçirib, əskini yandırıb atırıq BTR -lərin üstünə. BTR yanan kimi, ordan çıxan əsgərlərdən ikisini-üçünü vurub qaçırıq meşəyə. Meşəni də yaxşı bilirsiz, fermalara az qala bitişikdi, yəni, tez qaçıb gizlənmək olar, ordan da qaçırıq Qırxbulağa xalamgilə.

- Ora qaçırıq, bura qaçırıq, elə bil kino danışırsan bizə. A kişi, nəynən vurassız əsgərləri? Babandan qalan ov tügəngiynən? Yaxşı, lap tutaq ki, dəqiq nişan aldız, ruslardan ikisini yox, lap beşini öldürdüz. Bəs o biri BTR-dəki əsgərlər durub tamaşa eliyəcək sizə? A kişi, tanklardan biri çönüb sizə elə bircə dənə mərmi atsa, heç tikəniz ələ gəlməz.

- Müəllim, siz elə deyirsiz, elə bil uşağıq-zadıx. Dünən gecə Rüstəmlə ora gedib hamısını yüz dəfə ölçüb-biçmişik, fermanın damından yerə hoppanıb meşədə gizlənmək cəmi on üç-on dörd saniyə eliyir, yəni buna qədər hesablamışıq.

- Ay Nazim, Telman müəllim dedi axı, sizdəki snayper tüfəngi deyil e, Nikolaydan qalma ov tüfəngidi, - başqa cəbhəçi söhbətə qoşuldu. - Gecə vaxtı, göz-gözü görməyəndə, sən neft butulkasıynan BTR partladassan, dalınca dayandoldurumla əsgər öldürəssən, sonra qaranlıqda meşəyə, ordan da kəndə qaçassan hə? Ağ eləmə də tay.

Bayaqdan o birilərə qulaq asan Rüstəm qəfil dilləndi:

- Telman müəllim, indi deyirsiz biz yəni o qədər axmağıq? Birincisi, qaranlıqda güllə atmağa tankların, BTR-lərin işığı bəs edər bizə. İkincisi, meşəyə qaçıb ordan kəndə getməkçün fənərimiz də var.
Bu dəfə o biriləri yenə başladılar: ağlınızı başınıza yığın, əl çəkin axmaq fikirlərinizdən, camaatı boş yerə qırğına verib cəbhənin adını ləkələməyin. Nazim Telman müəllimə etiraz elədi ki, bəs o vaxt dərsdə bizə qəhrəmanlıqdan, Babəkdən, Koroğludan danışırdız, nə oldu bəs, qisas əvəzinə, deyirsiz, əl-qolumuzu yanımıza salaq, heç nə eləmiyək. Cavabında Telman müəllim dedi ki, a kişi, qisas almaqçün sənin heç olmasa, avtomatın, qumbaran, tankın olmalıdı, yoxsa ov tüfəngiylə...

20 Yanvara qədər Telman müəllimin kommunist partiyasından çıxmaq haqda yazdığı ərizələri büro qəbul eləməmişdi, demişdilər tələsmə, get evdə otur, yaxşı-yaxşı fikirləş, atanla da məsləhətləş, gör o, nə deyir.

Vaxtilə rayon partiya komitəsində təlimatçıdan ikinci katib vəzifəsinə qədər gedib çıxan atası - rayonun fəal və fanatik kommunisti Qəmbər kişi oğlunun bu niyyətindən xəbər tutanda, xeyli danlamışdı onu.

“Başın xarab olub? Partiyadan çıxmaq nədi? Görərsən, Qarbaçov zəlil qalmışı gec-tez devirəjəhlər, təzə rəhbər gəlib nətəhər lazımdı, ölkədə qayda-qanun yaradajax. Ona görə təcili bu axmaq fikri rədd elə başından getsin”.

Cəbhəçilərin nəticəsiz bitən iclasının səhərisi Telman müəllim atasının radioda “Mayak” kanalına qulaq asmasını görəndə, cin vurdu təpəsinə:

- Ay kişi, bu qədər həngamədən sonra sən utanmm... - özünü güclə saxladı, - yenə ruslara qulaq asırsan? - deyib radionu söndürdü.
Qəfil yumruğunu masaya vuran Qəmbər kişi ayağa qalxdı:

- Utanmaz özünsən! Əlimin içindən gəlir! Bunun dediyi sözə bir bax hələ! - qıpqırmızı qızardı.

- Demədim o sözü! Şər atma! Gördün ki, özümü saxladım. Yaxşı, lap deyək qələt elədim. Bəs sən başa düşmək istəmirsən ki, indi Mirzə Xəzərə qulaq asmaq lazımdı, Mayaka yox! Mayakın dövrü getdi, ay kişi.

- Getmədi!

- Getdi! Özü də həmişəlik getdi. Bir az da bu ürəkdə rusa nifrət əkmək lazımdı! Tək erməniynən iş qurtamır, - düz atasının gözlərinin içinə baxıb barmağıyla onun sinəsini döyəclədi.

- Özüm bilərəm kimə nifrət eliyərəm! - oğlunun əlini itələdi. - Bunun sinəmə vurmağına bir bax! Ən böyük nifrətə ləyax elə sənin xalq cəbhəndi! O boyda devlət guya sənin, ya mənim nifrət eləmiyimnən buralardan çıxıb gedəjəh. Yuxunda görərsən.

- Eeh, onsuz da xeyri yoxdu, - Telman müəllim başını bulayıb o biri otağa keçdi. Atası isə artıq xoda düşmüşdü:

- İndi guya bunlar qəhrəmandılar! Zırt. Kurskda, Stalinqradda nemesin belini qıran rusu udajaxlar. Tarix müəllimisən, ensklapediyanı aç, Karib böhranını bir də oxu! Rus altmış ikidə raketlərini gətirib Amerikanın qulağının dibində yerləşdirəndə, Kennedi fil qulağında...
“Karib böhranını bir də oxu” sözləri Telman müəllimin qulağına çatanda, o dəqiqə bildi söhbət nədən gedəcək, əlləriylə qulaqlarını bərk-bərk qapadı. Atası da o biri otaqdan bunu hiss edirmiş kimi, acığa səsini bir az da qaldırdı. Onda oğlu başladı barmaqlarıyla tez-tez qulaqlarını sıxıb buraxmağa, sözlər qırıq-qırıq səslər, hecalar şəklində gəlib çatdı ona. Bu səslərdən bezib əllərini yanına salanda, atası artıq Kubada Sovet raketlərini yerbəyer eləmişdi.

- ...Rusun qorxusundan amerikanlar bir də ora burunnarını soxmadı. İndi deyirsən, sənin dılğır cəbhən rusa qalib gələjəh?! Yuxunda görərsən. Bir də, adam naşükür olmaz. Yaxşı bilirsən, hər rayonda, hər kənddə məktəb tikən, xalqa pulsuz...

Çarpayıda oturan Telman müəllim başını əllərinin arasına alıb fikrə getdi. “Dəhşətdi e. Başa da düşmək olmur, ordu Bakıda daha nələr eləməliydi ki, bu adam Sovet hökumətinə nifrət eləsin? Evlərə girib arvad-uşağı qırmalıydı? Onda da xalq cəbhəsini günahlandıracaqdı ki, sizinkilər şəhərdə barrikada qurmasaydı, ordu camaatı qırmazdı”. Atasıyla Nazimin fikirləri arasında bu qədər fərqin olmasından dəhşətə gəlirdi cəbhəçi, heç cürə qəbul edəmmirdi bunu. “Biri neft butulkasıyla tankın qabağına çıxır. Biri də tankla dinc adamları əzən orduya az qala haqq qazandırır”.
Atasının böyük hələ də SSRİ-ni tərifləməsindən bezən Telman müəllim o biri otaqdan qışqırdı:

- Sən partbiletini bərk-bərk qoru ha, gündə iki dəfə ütülə ki həmişə şax qalsın...

***

25 yanvar, 1990, gecə saat 3-dən sonra

Üstündə üç əsgərin oturduğu ztr-ə tərəf bir-birinin dalınca başı alovlu, neftlə dolu iki şüşə atdılar. Naziminki hədəfə dəymədən yolun o biri tərəfinə düşüb partladı, Rüstəminkinin alovu hələ havadaykən söndüyündən (tələsik, alov hələ şölələnməmiş atmışdı), ztr-in təkərinə dəysə də, partlayış, yanğın baş vermədi. Ztr-in üstündəki əsgərlər dərhal fermalar tərəfə avtomatlardan aramsız atəş açmağa başladı. Əsgərlərə güllə atmaq yaddan çıxdı və cəbhəçilər əllərində tüfəng, fənər damdan yerə tullanıb götürüldülər meşəyə sarı. Az sonra qabaqda gedən tank havaya iki mərmi atdı.

Bu səslər rayona gəlib çatanda itlər səs-səsə verib hürüşdü. Hövlnak küçəyə çıxan kişilər bir-birindən “Görən, atan kimlərdi?” soruşdular, Bəs ermənilər olsa neyniyəcəyik? mənasını verən çarəsiz-qorxaq baxışlarıyla bir-birinə baxdılar. O birilərə nisbətən özünü toxtaq aparan Sovet ordusunun tank mexanik-sürücüsü Seyfəl əlini havada yelləyib dedi: “Narahat olmuyun, ruslardı, iki dəfə tankdan atdılar, ermənilərdə tank nə gəzir”. (O vaxt hələ ermənilərdə tank yox idi.) O birilər bu cavabdan rahatlansalar da, işıqçı Abbas narazı-narazı başını yelləyib dedi: “Yaxşı, ruslardısa, tankdan niyə atsınlar? Axı onlara güllə atan olmadı?” Seyfəl onu sakitləşdirməkçün dedi ki, narahat olma, ordu heç kimə heç nə eliyəsi deyil, eləcə komendantlıq yaradıb rayona, bir də, çox güman, İranla sərhədə nəzarət edəcəklər, vəssalam. İşıqçı Abbas başını bulayıb etiraz elədi: “Sən hələ də bunları indiyə qədər tanımırsansa, tay onda sənə sözüm yoxdu”. İtlərsə hələ də hürürdü. Səksəkə içində öz evinə gedən kişilərin çoxu ürəklərində özlərinə bu sualı verdi: “Görən, o it indi hardadı?”

Telman müəllim cəbhə yoldaşlarına zəng edib tələsik dedi ki, ruslar rayona girirlər, çox güman sabah səhərdən cəbhəçiləri bir-bir tutub içəri basacaqlar. Sonda hamısına yaxın kəndlərə, rayonlara qaçıb bir müddət qohum-tanışlarının evlərində gizlənməyi tapşırdı. Nazimlə Rüstəmin evlərində olmadığını biləndə, üstəlik, telefonda vahimə-ağlaşma səslərini eşidəndə, ürəyində hər ikisini söydü: “Əclaflar, axırı istədiyinizi elədiz də”. Sonra arvadının qulağına nəsə pıçıldayıb evdən çıxdı...

Nəhayət, fermalardan sonra beş kilometr yol gedib rayon mərkəzinə daxil olan tanklar, ztr-lər yan-yana dayanmış iki beşmərtəbəli binanın yanından keçdilər. Evlərin çoxunda işıqlar keçiriliydi, adamlar pəncərəyə yaxınlaşmağa qorxurdu, bəzilərisə pərdəni azca aralayıb qorxa-qorxa yola boylanırdı.

Hərbi kolon bir qədər də yol gedib ikimərtəbəli həyət evinin qabağında dayandı. Çölə tökülüşən əsgərlər siqaret yandırıb öz aralarında söhbət eləməyə başladılar. Əsgərlərdən biri o birinə ay işığı altında görünən başı qarlı dağı göstərib dedi: “Krasota.” (Gözəllik.) Filtrisz “Prima” siqaretini həvəslə sümürən əsgər razıyam mənasında başını tərpədən anda, hamısı qəfil gur səsə tərəf boylandı.

- Da zdravstvuyet velikiy russkiy narod!!! (Yaşasın böyük rus xalqı!!!) - pəncərədən çölə çıxan bir yumruq havada yelləndi.
Elə həmin an arxadan uzanan başqa bir əl onun ağzını yumub içəri dartdı. Əlini tapançasının üstünə qoyan komandir, dərhal kalaşnikovlarını döyüşə hazır vəziyyətinə gətirən əsgərlər səs gələn tərəfə gözlərini zillədilər. Kəşfiyyatçı zabit başıyla Bəlkə ora getmək lazımdı? işarəsini verdi, əlini hələ də tapançasından çəkməyən komandir sakitcə “Ne nado” (Lazım deyil), - dedi, səsin sahibindən onlara ziyan gəlməyəcəyini fəhmiylə hiss elədi. Nəhayət, ortancıl oğlundan qurtulub çölə çıxan Qəmbər kişi yüyrək addımlarla komandirə yaxınlaşıb onunla, əsgərlərlə yüz ilin tanışları kimi ərklə, isti-isti görüşdü, hamısına rusca “Rayonumuza xoş gəlmisiz” dedi. Tanklardan birinə yaxınlaşıb əliylə lüləsini sığalladı, uğrunda döyüşdüyü “devlətin” gücünü hiss elədi sanki, bütün bədəni sevincdən-həyəcandan gizildədi və bu hissdən doymadı elə bil, əliylə iki dəfə tankın gövdəsinə vurdu.

- Hə, başa düşdüm, siz Böyük Vətən müharibəsi iştirakçısınız, - təəccüb qarışıq maraqla veterana baxan komandir dilləndi.
- Elədir ki var, yoldaş komandir. Müharibə haqda mən sizə sonra danışacam, - bunları deyə-deyə müharibə veteranı hələ də ehtiraslı baxışlarını tankdan çəkəmmirdi.

- T-64-dü, şəhər döyüşləri üçündü, - komandir müharibə veteranının tanka sevgi hisslərini bölüşürmüş kimi gülümsədi.

- Bilirəm. Bizim vaxtda T-34-ləriydi, - Qəmbər kişi şagird müəllimə cavab verən kimi sevincək dilləndi.

Qocaya sanki başqa planetdən gəlmiş adam kimi baxan əsgərlər artıq əllərini tətikdən çəkmişdi, onu ziyansız, az qala doğma adam hesab edirdilər.

- Nə atışmaydı? - gözlərini qıyan Qəmbər kişi qəfil soruşdu.

- Uşaq-muşaqlar idi, deyəsən, bizi qorxutmaq istəyirdilər, - komandir gülə-gülə əlini yellədi.

- Erməniləriydi, yoxsa bizimkilər? - veteran gözlərini qıydı.

- Gecə çətindi onu bilmək. Amma narahat olmayın, atacan (batya), bunu tezliklə biləcəyik.

- İtkilər olmadı? - Qəmbər kişi həyəcanla soruşdu.

- Əlbəttə yox. Dedim axı, hədəfə dəymədilər.

- Hə, lap yaxşı.

Qəfil veteranın özünə də bir təhər gəldi Sovet ordusuna bu cür can yandırmağı: həmin anda baş verən atışmada öz yerlilərindən kiminsə, ən əsas da Telmanın gülləyə tuş gələ biləcəyi ağlından keçdi. Xalq Cəbhəsinə nifrət eləsə də, onlara lağ eləsə də, rayon cəbhəçilərindən birinin belə ölümünə qıymırdı. Ağır texnikanın yaratdığı vahiməydi, həyəcanıydı, ya bu səhnə ona döyüş illərini xatırlatdırdı, nə idisə, pis fikirləri dərhal beynindən qovan Qəmbər kişi əvvəlki ovqata qayıtdı:

- Yoldaş komandir, yəqin razılaşarsız ki, Dağlıq Qarabağda qayda-qanun yaratmaq lazımdı, əsas da erməniləri yerində oturtmaq lazımdı.

- Yerində oturdacayıq, erməniləri də... - komandir bir anlıq fasilə verdi, Qəmbər kişiyə baxıb bic-bic gülümsəyərək əlavə elədi: - erməni olmayanları da.

“i ne armyan” (erməni olmayanları da) sözlərindən sonra komandir özü də, əsgərlər də Qəmbər kişiyə baxıb gülüşdülər, veteran da onlara qoşuldu.

- Yoldaş komandir, - Qəmbər kişi vacib bir məsələni deməyə hazırlaşdığını çatdırmaqçün yenə qəfil gözlərini qıydı, - bu günlərdə rayonumuzda əsgərlərin qabağına bir it çıxa bilər, boynundan Qarbaçov yazılmış lövhə asılıb. Xəbəriniz olsun, bunu ermənilər edib, Bakıdakı hadisələrdən sonra dərhal qonşu rayonda, Hadrutda yaşayan ermənilər, - əliylə rayonun istiqamətini göstərdi, - o iti gecəylə biz tərəfə göndəriblər. İstəyirlər Sovet ordusunun əliylə bizim rayonda qırğın törətsinlər. Dedim yəni biləsiz ki, bu, ermənilərin provakasiyasıdı. Çox xahiş edirəm...

- Onu da araşdırarıq, - komandir tələsik qol saatına baxdı.

Qəmbər kişi bayaqdan ağlında tutduğu hadisəni, - almanlarla döyüşə-döyüşə Xarkovun Staroverovka kəndini azad edəndə, yerli camaatın bir alayı soyutma kartof və salayla yedirməsini danışmağa başlayanda, komandir “Biz artıq getməliyik,” - dedi, veteranın əlini sıxıb komendantlıq rayonda qayda-qanun yaradandan sonra mütləq onunla görüşüb müharibə xatirələrinə qulaq asacağına söz verdi. Veteran toz qaldıran, tırtıl, motor səsi ətrafa yayılan tankların, ztr-lərin dalınca bir xeyli baxıb dilləndi: “Düz deyir, bunlar hər şeyi yoluna qoyajaxlar”.

***

27 yanvar, 1990

Moskvadan gələn müstəntiq Telman müəllimi milis idarəsinin zirzəmisində sorğu-suala tutmuşdu...
Ona qədər Qəmbər kişi komendantla görüşüb demişdi, oğlu bir səhv edib Sovet hökumətinə qarşı çıxıb, yalvar-yaxar eləmişdi ki, lap beş il iş versinlər, amma ondan artıq olmasın, bir də, cəzasını Moskvada yox, Bakıda çəksin. Komendant da veteranı sakitləşdirmişdi: “Narahat olma, beş ili ağlına belə gətirmə, uzağı, iki il verəcəklər, əsas odu, oğluna başa sal Nazimlə Rüstəmin gizləndiyi yeri desin”.

- ...Xalq Cəbhəsinin rayonda neçə üzvü var? - müstəntiqin ilk sualı bu oldu.

- Doqquz.

- Adlarını, soyadlarını yaza bilərsiz? - masanın üstündəki vərəqi və qələmi Telman müəllimə tərəf itələdi.

- Heç nə yazmayacam, - müstəntiqlə üz-üzə gəlməsin deyə, başını aşağı saldı.

- Rüstəmlə Nazim hardadırlar? Onların soyadlarını yazın, zəhmət olmasa.

“Pajaluysta e”. Belə də müstəntiq olar?”

- Mən heç nə yazmayacam. - başını yellədi Telman müəllim.

- Siz başa düşmək istəmirsiz ki, onlar ictimai asayişi pozublar, buna görə lazım olan cəzalarını almalıdırlar.

- Onlar.... Biz istəmirdik... - davamını demək istəmirəm mənasında narazı-narazı sağ əlini yellədi.

- Nəyi istəmirdiz? - müstəntiq diqqətlə ona baxdı.

- Heç, - Telman müəllim başını buladı.

- Yaxşı, Sovet ordusuna qarşı müqavimət haqda Xalq Cəbhəsinin rayon şöbəsinin qərarı olubmu? Ya bununla bağlı siz Bakıdan təlimat almısınız?

- Yox.

Müstəntiq ayağa durub gəzişməyə başladı, əllərini şaqqıldatdı.

- Biz istəmirdik uşaqlar güllə atsınlar.

- Yəni onlar heç kimdən təlimat almadan əsgərlərə atəş açıblar?

- Bəli.

- Bəlkə elə bu barədə bir izahat yazasınız?

- Mən heç nə yazmayacağam.

- Düz eliyəcəksən.

- Nə? - Telman müəllim çaşqın halda müstəntiqə baxdı.

- Bilirsən, mən əslən haradanam? - müstəntiq qəfil ona tərəf əyilib pıçıldadı.

- Siz yüz faiz Ukraynadansız. - müstəntiqin “q” hərfini “ğ” kimi tələffüz etməsindən bildi onun haralı olduğunu, əsgərlikdə ukraynalılarla bir yerdə xidmət eləmişdi Telman müəllim.

- Düzdü, İvano-Frankovskidən, Qərbi Ukraynadan. Bizim də bu dövlətdən zəhləmiz gedir. Mənim babam, nənəm, böyük dayım otuzuncu illərdə aclıqdan ölüblər. Ona görə bu zibil dövləti görməyə gözüm yoxdu. Narahat olma, sən uzağı burda bir ay qalacaqsan, çalışacam üstündə heç bir maddə olmasın. Onu bil ki, ordu bu rayona girəndə heç atışma da olmayıb, sizinkilər fermalar tərəfdən partlayıcı şüşələr atıblar, onlar da hədəfə dəyməyib və əsas odur, ölən və yaralanan yoxdu, - bunları pıçıltıyla dedi. - Sən onda belə elə, götür vərəqi, bir izahat yaz ki, həmin adamlar, Nazim, Rüstəm, soyadlarını da yaz, Azərbaycanın uzaq bir rayonuna qaçıblar, özün bir rayon adı fikirləş tap. Yaz ki, indiyə qədər səninlə heç bir əlaqə saxlamayıblar. Mən sənin yazdığın izahatdan sonra Moskvayla əlaqə saxlayacam, onlar da sənin izahatda yazacağın rayonun prokurorluğuna cinayət-axtarış tədbirləriylə bağlı təlimat verəcəklər. Aydın məsələdi ki, o cəbhəçiləri həmin rayonda tapa bilməyəcəklər. Mən sonra Moskvayla bir də əlaqə saxlayıb deyəcəm ki, öz kanallarımla yoxlamışam, o cəbhəçilər çox güman Azərbaycan ərazisini tərkib edib İrana qaçıblar. Hə, planımız necədi?

Müstəntiqin üzünə matdım-matdım baxan cəbhəçi elə bil yuxu görürdü, inanmırdı eşitdiklərinə. Birdən ayılan kimi oldu. “Bəlkə KQB üsuluyla məni tora salmaq istəyir? Nə olsun Ukraynadandı. Heç inanmıram Moskvadan gələn müstəntiq üstümə maddə yapışdırmamış buraxsın məni. Ay-hay. Elə bilir uşağam-zadam bununçün”.

Sonda Telman müəllim əşi, nə olar, olar məntiqiylə həmin izahatı imla kimi yazıb verdi müstəntiqə, rayon adı kimi Qazaxı göstərdi. O biri günlər nə KQB üsuluyla onu ələ almaqçün cəhdlər elədilər, nə də dustaq saxlandığı milis idarəsinin zirzəmisində döyüb həmin cəbhəçilərlə bağlı məlumat qopartmaq istədilər və bir aydan sonra onu evə buraxdılar...

Hələ həbs olunmamışdan əvvəl əsgərlər Telman müəllimin ikimərtəbəli evinə girib otaqların hamısını ələk-vələk eləmişdilər, çarpayıların altına qədər girib baxmışdılar. Arvadı on dəqiqə əvvəl altı yaşlı oğluyla beş yaşlı qızına, “vayennilər” içəri girəndə, üzlərini divara tərəf çevirmələrini, gözlərini yummalarını bərk-bərk tapşırmışdı.

Üç əsgərlə bir zabit uşaqlar olan otağa girəndə, cəbhəçinin oğlu çarpayıda üzü divara sarı, nəfəsini yavaş-yavaş alıb verirdi. Eyni zamanda heç olmasa, bircə dəfə gözlərini qıyıb əsgərləri görmək istəyirdi. Guya qeyri-ixtiyari arxası üstə çevrildi, həyəcandan yumulu gözlərini tez-tez qırpmağa başladı. Bacısı isə şirin yuxudaydı. Oğlan nəhayət, gözlərini azca araladı, əsgərləri, komandiri çiyinlərindən asılan avtomatlarıyla bir yerdə gördü, görən kimi yenə gözlərini bərk-bərk yumub aramsız qırpdı. Yaxınlaşan addım səslərindən sonra dodaqlarını da bərk-bərk sıxıb nəfəsini kəsdi. Qırmızıburun, kök zabit başının üstündə dayanıb xısın-xısın güləndə, onu boğan havasızlıqdan qurtulmaqçün tez-tez nəfəs almağa başladı, gözlərini açdı. “Nu çto, malış, ni spitsya tebe?” (Hə, balaca, yuxun gəlmir?) - komandir başını ona tərəf əyib gülə-gülə soruşdu. Guya yuxudan oyanırmış kimi oğlan qəfil durub yerində oturdu, gözlərini ovxaladı. Birdən ona elə gəldi ki, əsgərlər onu da, bacısını da, dalınca aşağı düşüb anasını da gülləliyəcək. Vahimə içində ona qəribə-qəribə baxan komandirə fısıldaya-fısıldaya yatan bacısını göstərib ana dilində dilləndi: “O, ölüb”. Zabit elə bildi, uşaq “O, yatır” deyir, başını tərpədib “Pust spit. Tı toje spi” (Qoy yatsın, Sən də yat.) - deyib tələsik əsgərlərlə bir yerdə otaqdan çıxdı...

***

1991, 19 avqust

Nəhayət, Qəmbər kişinin həsrətlə gözlədiyi gün gəlib çıxdı, SSRİ-ni diriltmək istəyənlər Qorbaçovu devirib ölkədə fövqəladə vəziyyət elan elədilər, televizorla da xalqa dedilər ki, bu gündən mitinqlərə son qoyulur, ölkədə qayda-qanun yaradılır.

Həmin gün Qəmbər kişi səhər doqquzdan axşam yeddiyə qədər televizorun, radionun qabağından çəkilmədi, arada əlləri belində şəstlə otaqda o baş-bu başa gəzə-gəzə, özü-özüylə danışa-danışa hər şeyin yaxşı olacağına inandı.

Axşamüstü parkda başlarına ağ panama papaq qoymuş qalib ədalı veteran dostlarıyla son hadisələri domino oynaya-oynaya bir xeyli müzakirə elədilər və hər dəfə domino daşlarını zərblə masaya çırpanda, “şapp!” səsindən dərhal sonra hamısı “Düzələjəh!” dedi. “Şapp” səsiylə “Düzələjəh” sanki hansısa şeirin nəqəratı kimi səsləndi. Sevinənlər, gizlincə bayram edənlər, yeni Stalin həsrətində olanlar arasında kolxoz, sovxoz sədrləri, məktəb direktorları, müəllimlər də varıydı. Cəbhəçi qohumlarına barmaq silkələyənlər də oldu: “Oturun yerinizdə ha. Ta sizin dövranınız getdi”.

Gecə yerinə girən Qəmbər kişini qəfil həyəcan bürüdü, özünə sual verdi: “Görən, Amerika təzə hökumətlə nağayrajax?” Cürbəcür ssenarilər qurdu beynində, nüvə müharibəsinə gedib çıxanda, yenə Karib böhranı yadına düşdü. Tezcə də cavab tapdı: “Qələt eliyəllər. G*ttəri çatmaz e”.

Ertəsi gün SSRİ-nin təzə başçısı Yanayevin, dünyanın gözü qarşısında xarici jurnalistlərin suallarına cavab verə-verə əllərinin əsməsi Qəmbər kişini xoflandırsa da, Telmanın “Ora bax, dostunun əlləri əsir” deməyinə guya soyuqqanlı reaksiya verdi:

- Həyəcandandı, keçib gedəjəh. O boyda məsuliyyətin altına girmək saa asan gəlməsin e, - əsəbdən sağ dirsəyini qaşıya-qaşıya tez söhbəti başqa tərəfə yönəltdi. - Bura bax, yadında, deyirdim başıxallını devirəjəhlər. İnanmırdın, lağnan deyirdin get partbiletini ütülə. Gördün, axırda mən deyən oldu. İndi sənin ajığına gedib ütülüyəjəm biletimi, - həyəcanı bilinməsin deyə, süni qəhqəhəylə güldü. - Öz də bundan sonra dilini farağat qoy, otur yerində. İnan maa, səni bir də tutsalar, təzə gələn komendanta ağız açmıyajam ha.

İki gün sonra Yeltsin tərəfdarlarıyla bir yerdə qiyamçıların hamısını həbs elədi. Kremlə qayıdan Qorbaçov üç-dörd ay Kremldə başını girləsə də, gördü artıq idarə edəmmir, istefa verib dövləti göndərdi tarixin arxivinə.

Kül rəngi alan Qəmbər kişi əməlli-başlı depressiyaya düşdü, evdə bir də siyasətdən söz salmadı, xeyli müddət televizora, radioya yaxın durmadı, günün çoxunu həyətdəki ağacların dibini belləyib sulamaqla keçirdi.

Artıq cəbhədə ağır döyüşlərin getdiyi, özünü dünyaya demokratik ölkə kimi tanıdan federativ imperiyanın hər iki tərəfə silah-texnikanı bol-bol verdiyi, aradabir ucuz satdığı vaxtlar idi. Gah ermənilər hücum edib haranısa alırdı, gah da bizimkilər əks-hücuma keçib işğal olunan yerləri geri qaytarırdı. “Gül kimi devləti” dağıdanları söyən müharibə veteranı nə SSRİ-nin dirilməsinə, nə də Qarabağ məsələsinin həllinə ümid edirdi.

...Doqquz maya iki gün qalmış həmişəki kimi Qəmbər kişinin kefi açıldı, orden-medallarını taxacağı pencəyini, ağ köynəyini, qara qalstukunu gəlininə ütülətdirdi. Yenə bayram günü parkda veteran dostlarıyla görüşüb domino oynaya-oynaya döyüş xatirələrinə baş vuracaqdılar, Stalini tərifləyib, Qorbaçovu söyəcəkdilər.

Mayın səkkizi səhər həyətdə meyvə ağaclarını sulayan Qəmbər kişinin yadına yenə müharibənin son günləri düşmüşdü...

Xidmət elədiyi rota qırx beşin aprelində döyüşə-döyüşə Haydelberq şəhərinə daxil olmuşdu. Komandanlıq ayların, illərin şəhvətindən əzab çəkən Sovet əsgərlərinə alman qadınlarını, qızlarını zorlamaq ixtiyarını vermişdi. Onlar da bundan gen-bol istifadə edirdilər: tək-tək, qrup halında küçədə tutduqlarını elə orda, istədiklərini tapmayanda, evlərə girib zorlayırdılar. Müqavimət göstərənləri sillə-təpiyin altına salır, saçlarından tutub yerlə sürüyürdülər, gücləri çatmayanda, hikkədən, qəzəbdən bir gülləylə o dünyalıq elədikləri də olurdu.
Qəmbər yarıuçuq evlərdən birinə girəndə, qabağına çıxan ortayaşlı, sarısaçlı bir qadın qarşısında diz çöküb yalvarmışdı ki, onu zorlamasın. Alman dilində yeddi-səkkiz söz bilən Qəmbər qadının nə demək istədiyini gözlərindəki dəhşətli qorxudan anlamışdı, rusca “Yemək istəyirəm” demişdi, qadının çaşqın halda “Was?... Was?” (Nə?... nə?) deməsindən sonra barmağıyla ağzının içini göstərmişdi. Sevincək mətbəxə qaçan alman qadını qara çörək, kolbasa, zirzəmiyə enib ordan bir şüşə qırmızı çaxır gətirmişdi...

Sonra kirli-paslı, barıt qoxulu əsgəri soyundurub hamamda yaxşıca çimizdirmişdi, Qəmbərin bir aylıq yorğunluğu bədənindən çıxmışdı...
O vaxtdan bu yana hər dəfə doqquz may öncəsi zorlanmadığına görə sevinən qadının qaça-qaça mətbəxə gedib gətirdiyi kolbasayla qara çörəyi acgözlüklə yeməyini, iki fincan çaxırı başına çəkməyini, hamamda ağ, yumşaq əllərin onun ora-burasını bərk-bərk, bəzi yerlərini nəvazişlə sürtə-sürtə kirdən təmizləməsini, lap axırda çarpayıdakı sevişmələrini kinolent kimi beynində fırladan müharibə veteranı bundan xeyli xoşallanırdı.

Elə indi də “Görən, sağdı? Görən, o vaxt məndən uşağa qalmadı?” suallarına bundan sonra çətin ki, cavab tapacağını bilə-bilə, yenə o sualları özünə verəndə, dəhşətli partlayış səsinə diksindi. Qrad mərmisi yeddi məhəllə aşağıdakı evin həyətinə düşmüşdü...

1994-cü ilin yanvarı

Artıq “gül kimi devlətin” balası bütün gücüylə ermənilərə kömək edirdi. Çadır düşərgəsində yaşayan, Qırmızı Xaçın, Qızıl Ayparanın hesabına dadsız yeməklər yeməkdən arıqlayıb ovurdu ovurduna yapışan, hələ də keçmiş vaxtların xiffətini çəkən müharibə veteranı yana-yana deyirdi: “Ehh, vaxtında qeyrətli bir oğlan qabağa çıxıb Qorbaçovun təpəsinə bircə güllə çaxsaydı...”

P.S. Sovet ordusu rayona girəndən sonra, orda-burda danışırdılar ki, o it qayıtmasa, İran hökuməti gec-tez boynundan asılan lövhəylə bir yerdə itin şəklini çəkib Moskvaya göndərəcək, Qorbaçov da bundan xəbər tutub qəzəblənəcək, bunu edənləri tapıb cəzalandıracaq. Rayon işğal olunandan sonra o itin harda itib-batdığı bilinmədi. /edebiyyatqazeti.az/

4 oktyabr 2017, - 11 yanvar, 2019. Bakı

Image result for Alpay Azər

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #