Əmimin ilk məhəbbəti - Hekayə

 Əmimin ilk məhəbbəti - Hekayə
12 dekabr 2019
# 14:50

Şahsənəm

2 yaşımdan bu yana hər şeyi xatırlayıram, kiçik əmim mənə zarafatla “yaşından qabağı, tuşunu, yəni yuxunu danışırsan” deyir...

Böyük əmim tələbə yoldaşı olan bir qızı sevmişdi. Nənəmin narazılığına özünəməxsus etirazla “o qızı mənə almasanız özümü qatarın altına atacam” deyirdi. Babam sakit adam idi, böyük məsələlərin həllində canını rahat gəzmək üçün qərar haqqını nənəmə vermişdi. Gənclər təhsillərini başa vurduqdan sonra nənəm naçar qalıb razılaşdı. El adəti ilə elçilik, toy elədilər. Toy günü maşın karvanı əmimin gəlnini gətirməyə qonşu rayonun dağ kəndlərindən birinə yola düşdü.

İlk dəfə dağ kəndini, təpə başında kənd evini görürdüm. Heç xoşuma gəlməmişdi. Gəlini görəndə isə düzü bəyənmədim. Uğruna özünü qatarın altına atacaq gözəlliyi yox idi. Adi, qarabuğdayı qız idi. O vaxtlar kənd yerlərində toylarda gəlin evdən çıxanda toplu fotolar çəkdirərdilər. Gəlinin gözündəki kədəri bir qədər böyüyəndən sonra köhnə albomda tapdığım şəkildə gördüm. Sanki umduğu xoşbəxtliyin ondan yan keçəcəyini duymuşdu...

Bir neçə şəkil çəkdirdikdən sonra vağzalı sədaları altında gəlini maşına mindirib üz tutdular kəndimizə doğru. Həmin illərdə adət var idi. Bəylə gəlin əvvəl 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində həlak olmuş şəxslərin şərəfinə ucaldılmış abidə kompleksini ziyarət edər, əbədi məşəlin önünə güllər düzər, şəkillər çəkdirərdilər. Toy karvanı abidə kompleksinin önündə dayananda məlum oldu ki, fotoqrafımız yəni, böyük bibimin əri adamların arasında yoxdur. Xatırladım ki, bibimin ərinin “Zenit” fotoaparatı var idi və uşaqlıq şəkillərimin müəllifi məhz o olub.

Sən demə, gəlin evinə gedərkən maşında yeri dar olan ailə fotoqrafımız acıq edib, yol avtobusu ilə kəndə qayıdıb. Bəylə gəlin əbədi məşəlin qarşısında and içmə anlarını beləcə fotolarla əbədiləşdirə bilmədilər. Hərdən anam ironiya ilə, “abidədə şəkillərini çəkdirə bilmədilər deyə boşandılar” deyirdi...

Toydan sonra biz öz yaşadığımız şəhərə qayıtdıq. Arada nənə-babamın yanına gedəndə bibi çağırdığım gəlinlə dostlaşmışdım və əsl bibilərim qədər də sevirdim onu. Yeniyetmə yaşında olan kiçik əmilərimin davalarını çıxsaq 5 yaşıma kimi ailədə dava-dalaşın nə olduğunu görməmişdim. Uşaq fəhmimlə hiss edirdim ki, nəsə düz getmir. Əmim qəddar, pis insan deyil. Cavanlığında hətta deyərdim çox yaraşıqlı oğlan idi. Ağbənizli, yaşılgözlü, dövrünün dəbinə uyğun uzatdığı qəhvəyi rəngli, qıvırcıq saçları ilə kinoaktyorlarına bənzəyirdi. Həlim, yumşaq xarakteri var. Di gəl ki, tərsliyi tutmasın. Tərsliyi isə sevib seçdiyi qadına qarşı tutmuşdu niyəsə. Toy günü o böyük sevgiyə nə olmuşdusa əmim arvadının gününü göy əskiyə düymüşdü. Heç yola getmirdilər. Nənəm “ikiniz də oxumusunuz, hamı gedir Sumqayıtda fəhlə işləyir, diplomunuz var, gedin siz də iş tapın, işləyin” deyirdisə də onlar getmirdilər. Bir gün nənəm əmimi dilə tutub, razı salıb, cibinə 300 rubl pul qoyub Sumqayıta yola saldı. Sumqayıtdan xəbər gözləyərkən əmimin sorağı Rusiyadan gəldi. Əri gedənə kimi problemi tək əri ilə olan gəlin ev əhlinə qan uddurmağa başladı. Hər deyilən söz dava ilə nəticələnirdi. Haqqına deyim ki, kiçik əmilərim də az aşın duzu deyildilər.

Bu arada əmimin yaşılgözlü, atasına oxşayan bir qızı dünyaya gəlmişdi. Gəlin qızını hamıya qısqanırdı. Heç kimin uşağa məhəbbət göstərməyini, toxunmağını istəmirdi.


Əmim isə Rusiyadan arvadını istəmədiyini, boşamaq istədiyini yazırdı məktublarında... Nənəm evliliyə qarşı olduğu kimi, boşanmaya da qarşı idi. Son sözü isə, “heç biriniz adam deyilsiniz, uşaq saxlayası ağlınız yoxdu, verin özüm böyüdəcəm” olmuşdu. Boşandılar... Yaşılgözlü bacımı anası bizdən aldı, apardı...

Nənəm nəvəsinin xiffətini eləyirdi. Böyüklərin yanında heç nə deməsə də, təklikdə olanda iş görə-görə öz-özünə əmimin qarasınca danışırdı. “Səni görüm heç bay olma” deyirdi. Ana qarğışı da özünü çox gecikdirmədi. Rusiyada yaşadığı şəhərdə axşam işdən qayıdarkən bloka girdiyi an əmimi başqasına oxşadıb, lom ilə vurmuşdular. Lom beyninə saplansa da möcüzə nəticəsində sağ qalmışdı. Bu əmimlə baş verən ikinci möcüzə idi. Birinci möcüzə əsgərlikdə gəlmişdi başına.

Əmimin yuxusu dərindir. Hərbi xidmətdə qaravulda durarkən hətta o qədər dərin yatıbmış ki, qorumalı olduğu tankı işə salıb, başqa yerə sürüb aparanda belə oyanmamışdı. Cəza olaraq isə özü kimi bir cəzalı əsgərlə tayqanın dərinliklərinə göndərmişdilər. 2 aydan bir vertolyotdan paraşütlə “suxoy payok”larını atırmışlar. İki cəzalı əsgərlə birlikdə bir də sərhədçi iti varmış yanlarında. Əmim əsgərlikdən danışanda nənəm “Oy Allah! Getdi itlə yatdı gəldi” deyərdi... Xidmətləri xətt boyunca ərazini gedib qayıtmaq imiş. Hələ də xidmətinin nədən ibarət olduğunu xatırlaya bilmir. Bir dəfə marşrutu üzərində olan gölü dolanmağa tənbəllik edir, donmuş gölün üzərindən keçmək istəyir. Danışır ki, “buz birdən çatladı, qaçmaq istəyəndə buz qırıldı, kürəyimdəki ağırlıqla birlikdə suya düşdüm. Çapalasam da xilas olacağıma ümid yox idi. Gözümü yumub “bu da son” dediyim anda qüvvətli bir əl kürəyimdən tutub məni qaldırdı. Gözümü açanda sudan kənarda, büsbütün islaq, donmuş halda idim. Ətrafda isə öz ləpirlərimdən başqa iz gözə dəymirdi. Sonra güzgüdən gördüm ki saçlarım o an ağarıb...”

Lom beyninə saplananda da Allah saxlamışdı. Beyninin heç bir mərkəzi zədə görməsə də, o gün, bu gün qəfil başlayan başağrılarından əziyyət çəkir. Həə... əmim geri qayıtmışdı. Sağ qalması, evinə qayıtması münasibətilə məclis də qurulubmuş. Bilmirəm mən o məclisdə olmuşam ya yox. Çünki heç xatırlamıram.

# 4709 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #