Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...

Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...
10 dekabr 2019
# 14:01

Kulis.az tanınmış yazıçı Səfər Alışarlının mərhum jurnalist Elçin Səlcuqun xatirəsinə həsr etdiyi “Qəzet və tank” hekayəsini təqdim edir.

Xudmani kabineti və suvenir istehsalı üçün hazırladığı kiçik sexi göstərəndən sonra Abbas qonşuluqdakı üçmərtəbənin arxasından göbələk kimi pırtlamış şifer dimdikli artırmaya işarə ilə dedi ki, onlar da orada kağız torba düzəldir, etiket, reklam vərəqləri-zad çap eləyirlər. Başa düşdü ki, bu, ona təsadüfən deyilmədi. Təsadüfən qadın hamilə qalır, adam teatrda asqırır, mətbəə yeri göstərilmir. Özü də gör kimə!

Dalbadal bir neçə dəfə boğazını arıtlayandan sonra ağzına yaxınlaşdırdığı incə yumruğuna qupquru öskürməyi var Abbasın, sanki içində tez-tez sönən nasaz motosiklet motorunu təpikləyib işə salır və yumruğunda sıxdığı dəstəklə qazı sabit saxlamağa çalışır.

Köhnə neft zavodunun ərazisindən emal qurğularını dəmiryolu qarışıq süpürüb aparmışdılar, elə bil, onilliklər boyu fasiləsiz kirlənmiş torpağın qabığını soymuşdular ki, altdakı qara yaraları günəş tez sağaltsın. Lütlənmiş ətraf istehsal məzmununu tam itirdiyindən ortada anti-əbədiyyət heykəli kimi qalmış kərpic boruya, onun çatlayıb əyilmiş gərdənindəki qara skob qatarının sonadək qalxan xəttinə diqqətlə fikir verəndə o ucalıqlardan kəllə-mayallaq yıxılıb ölməkdən başqa adamın ağlına heç nə gəlmirdi. Zamanında yəqin ki, başından gecə-gündüz hisli metan alovu püskürürmüş bütün Qaraşəhərin fəxri olmuş bu zurnapetin.

– Dedin, nə çap edirlər orada? – Rəşid təzə mayalanmış şəxsi mülkiyyət rüşeyminə baxıb qurtarandan sonra soruşdu.

– Nə çap etdiklərini görməmişəm, – Abbas dedi. – Özləri dedilər ki, çap maşını yığıblar. Adı Nizaməddindi.

– Nəyin, çap maşınının? – Rəşid zarafata saldı.

– Yox, oranın sahibinin.

Boruya ilişmiş payız küləyi axın ritmini itirdiyindən hərdən qəfləti çırpıntısı ilə hüznlü boşluğu diksindirirdi. Mətbəədə bir usta plyonkanı dozakla köçürən köhnə dəzgahın altına uzanmışdı. Kişinin pnevmatik cəldliklə dəmirdən qırağa çıxan, o qədər də köhnə olmayan başı gilyotin altına qoyulmuşa oxşadı: xalq tərəfdən yalnız tüklü üzü, pırtdaşıq saçları və xırdaca qulağının biri göründü. Oraya açılan zalda bütün örtük və qapaqları sökülmüş çap maşını çadırını yel aparmış mağar kimi çılpaq qalmışdı. İçi-içalatı bir-birinin əksi olan müxtəlif ölçülü ling, silindir və barabanlarla dolu olduğundan onların hamısının yerində və saz vəziyyətdə olmasına inanmaq bir qədər çətin idi. Ona baxanda xroniki nasaz kolxoz maşınlarını xatırlamamaq sadəcə mümkün deyildi.

– Usta, bu maşın işləyir, ya?..

– İşləyir, işləyir, – usta dəmirin altından cavab verdi.

– Hansı formatı vurur?

– A2 vurur, A3, A4, A5...

Usta “a” səslərini “ə” kimi tələffüz edə-edə çap formatlarını böyükdən-kiçiyə doğru həvəslə sadaladı və ləhcəsi onu fransız gilyotininin ağzından götürüb uzağa, “şərəvoy” deyən MTS mexaniklərinin yanına tulladı.

Sonrakı sualların əziyyətinə qatlaşmamaq üçün kişi müdirlərin aşağı ofisdə oturduğunu deyib bu dəfə qara yağlı əli ilə çölə işarə verdi.

Bu ofis də Abbasınkı kimi hələ adam hənirinə uyuşmamışdı, döşəməyə çəkilmiş yağlı boya iyi burun dimdiklədiyindən qapını yarıyadək açıq qoymuşdular və arada başını içəriyə soxan külək axtardığının burada olmadığını görüb heç nə soruşmadan əsəbiliklə çıxıb gedirdi. T şəkilli stol, bir neçə stul və köhnə divandan başqa heç nəyi olmayan böyük otaqda müdirlərin dinməzcə şaqqıldatdığı nərd oyundan çox biyar işi xatırladırdı. Azarkeşi, oynamağa iddialısı başının üstündə olmayanda maraqlı nərd oyunu dünyanın mənasız məşğuliyyətlərinə, məsələn, fışdırıqla oyun havası çalmağa oxşayır. Ya da bekarçılıq üzündən tum çırtlaya-çırtlaya evlənməyə...

Oyuna baxa-baxa təxminən özü yaşda olan bu iki cavan oğlanın nə dərəcədə mətbəə adamı olduğunu müəyyən etməyə çalışdı və bu qənaətə gəldi ki, adamlar da, ofis də, çap avadanlığı da, mebel də, hətta müdirlərin oynadığı nərd də kooperativlərin sığındığı bu ərazinin özü kimi haralarınsa köhnəsidir.

Onun qəzet çapına aid bütün suallarını oyuna bir an belə ara vermədən, bir az da ağızucu tərzdə cavablandırdılar. Sanki söhbət gizli çap olunacaq qeyri-leqal qəzetdən yox, üstünə at şəkli vurulan “Rodeo” brendli selofan torbadan gedirdi.

– Eləyərik, – oyunu hamı kimi barmaqlarının ucu ilə deyil, ovcunun içi ilə oynayan Nizaməddin dedi.

– Dəmiri, kağızı, boyanı gətirərsən, biz çap edərik, – nisbətən gümrah səslə deyən partnyor onun ümidini daha da artırdı.

O bütün bunları tapıb toplaya biləcəyinə əmin olmasa da, söhbəti axıra qədər davam etdirdi.

– Məzmuna senzura olmayacaq ki? – nəhayət, suallar sualını verdi və müqəddəratların məhz bu cavabdan asılı olacağını fikirləşib içindəki həyəcanı boğdu.

– Olmayacaq, – Nizaməddin yenə elə dedi. Zalım oğlunun elə bil heç dünyadan xəbəri yox idi. Bir anlığa onun ümumiyyətlə mətbəə adamı olmasına şübhə etdi. Ancaq buradaca məlum oldu ki, dünyanın hamısından da olmasa, ən azı yarısından xəbəri var. – Görmürsünüz, Moskva nələr çap eləyir?! – Nizaməddin handan-hana ciddi səslə dedi.

Bu adam faktiki olaraq böyük ölkənin qoyduğu senzuranı öz kiçik mətbəəsindən qovan ilk naşir idi. Bəlkə də nə vaxtsa bu xidmətinə görə ona küçələrin birində heykəl qoyub altından yaxşı sözlər yazacaqlar, ancaq həmin an o, bunun heç fərqində deyildi. Sanki yenicə qurmağa başladığı istehsalatın taleyi onu oynadığı nərddən artıq maraqlandırmırdı. Ancaq elə bil bu adamın içində nəsə dərin sükunətli, ağır bir lay yatırdı və bütün bu söhbət, nərd oyunu, mətbəə-filan o layı qəti tərpədə bilmirdi.

– Qaldı bir məsələ, – Rəşid dedi. – Qiymətlər.

– Mən təxminən bilirəm siz nə çap eləyəcəksiniz, – Nizaməddin ilk dəfə oyuna fasilə verib ani olaraq onun üzünə baxdı. – Görmüşəm. Çapçı ilə özünüz danışarsınız. Mənə işığımın pulunu versəniz, kifayətdi.

2

O, paytaxtdan çox uzaq bir mətbəədə qəzetin ilk sayını çap eləmişdi, ancaq şübhə doğurmamaq üçün ona mətbəənin həndəvərinə hərlənməyə icazə verməmişdilər. Təzəli-köhnəli materialları da ciddi seçimlə oxumadı, çünki bu işin baş tutacağına əmin deyildi: dəfələrlə cəhd etmişdilər, alınmamışdı. Bəzən heç yeganə nüsxədə olan əlyazmaları da qaytarıb gətirmirdilər. Birdən möcüzə baş verdi, alındı! Gedib uzaq şəhərdəki dostlardan birinin evində oturdu, mətni yığmışdılar, korrekturanı oxumağa gətirdilər. Oxudu, mümkün qədər az düzəliş etməyə çalışdı ki, mətbəədə gizli şəraitdə işləyən adamlara əlavə təhlükə yaratmasın.

– Kağız gətir, neçə min tiraj lazımdırsa, verək, – dedilər.

Linotipdə yığılıb məcməyilərə qoyulmuş hazır qəzetin çıxacağına yenə şübhə edirdi, çünki mətbəədə vəziyyət hər an dəyişə bilərdi. Gedib “Qurtuluş”dan pul götürdü və qayıdanda gördü ki, sanitar aviasiyanın helikopterləri cəbhə bölgəsindən yaralı daşıyır. Qırmızı-mavi işıqları ilə bərq vura-vura prospekt boyu səssiz irəliləyən təcili yardım maşını karvanını görəndə onu xof basdı, bu mənzərəni sanki yuxuda görürmüş kimi səkidə oturub özünə gəlməyə çalışdı. Elə bil karvandakı maşınlar kiçik intervallarla onun ayrı-ayrı əzalarının üstündən keçib bütün bədəni boyu dövrələmə hərəkət edirdi, hər dəfə də dəhşətli cəldliklə onları sayanda eyni rəqəm – qırx yeddi alınırdı. Əlinin üstündən keçəndə qorxdu ki, maşınlar aşar, odur ki, ovcunu asfalta yapışdırdı və maşınları yavaş-yavaş əlinin içindən ayağının üstünə, sonra o birinə ötürəndə istədi ki, yol boyu düzülmüş adamların hamısı səkinin qırağına oturub karvanı xəstəxanaya qədər o cür ötürsün. Eləcə karvanın arxasınca getdi, hər dəfə başını endirib gözlərini yumanda maşınların qırx yeddisini də öz əzaları üstündə hərəkət etdiyini, hətta onların içində nə baş verdiyini də gördü: çoxlu ölü vardı.

Xəstəxanaya axışan adamların qarşısında ağ xələtli, ucaboy qız hovuzun badı üstünə çıxıb səksəkəli başını sülh göyərçini kimi o yan-bu yana əsdirirdi. Çox uzaqdan baxanda böyük müharibə qarasının içində bu səhnəcik bütünlüklə qızın xələtinə bürünüb hovuzun üstünə sallanmış gilas budağının arxasında kiçik bir nöqtə kimi görünməz olurdu. Qız səsini yüksəltmədən, sanki onu dövrəyə alanların birinci sırası üçün danışırdı.

Adamların çoxu cəbhədəki vəziyyəti bilavasitə oradan gətirilmişlərdən öyrənmək üçün bura yürümüşdü, çünki televiziya, mətbuat həqiqəti demirdi. Qız izah etməyə çalışırdı ki, xəstəxana birdən-birə bu qədər yaralını qəbul etməyə hazır olmasa da, onların yerləşdirilməsi və müalicəsi üçün bütün tədbirlər görülür.

Əslində isə problem, deyəsən, yaralılarda yox, yaralanıb ölənlərdə – onların morqa daşınmasında, sənədləşməsində, qohumlarına verilməsində və dəfnində idi. Xeyli keçmiş, içəridən qayıdan qız xəstəxananın yalnız münaqişə zonasından gətirilənlər üçün işləyəcəyini elan edəndə, adamlar cərrahiyyə korpusunun girişi ağzından çəkilib həyətin dərinliyindəki skamyaların ətrafına dağılışdılar. Elə bil bununla uzaq dağlarda baş qaldırmış qanlı münaqişə də müvəqqəti həllini tapdı, yaralılar isə sağalıb öz evlərinə qayıtdı. Qız onların yanına gəlib skamyada əyləşdi: onun daxili narahatlığı səsinə toplamaq istədiyi inam və qətiyyəti yarıyoldan qaytarıb gözlərinə çatmağa qoymurdu.

– Mən “Qurtuluş”danam, – o, qıza dedi.

– Mən də, – qız tez cavab verdi. – Adım İradədi. Sizi tanıdım.

Qız dedi ki, başqa xəstəxanalardan da cərrahlar çağırılıb. Sonra köks ötürərək əlavə elədi ki, yaralıların çoxu ağırdır...

Bu ağırlığı “ölüb” kimi başa düşmək lazım idi.

– Mənə bir dənə təcili yardım maşını lazımdı, – o dedi. – Rayonda qəzet çap edirəm, buradan kağızı aparıb, oradan tirajı gətirəcək. Başqa cür mümkün deyil. Bütün yollar hərbçilərin nəzarətindədir. Bəlkə bu fəndlə birtəhər keçirə bilək.

– Bu gün çox qarışıqlıqdı, – qız dedi. – Sabah gəl, mən danışaram. Güman edirəm ki, alınar.

Ertəsi gün İradə həyətə çıxanda qoca sürücü də yanında idi. Gecə ərzində yorğun gözləri qızarmış xanımdan fərqli olaraq qocanın gözlərində qəribə sevinc işartısı vardı, yəqin xəstələr içində maraqsız keçmiş sürücü ömründə ilk dəfə əsl fədakarlıq tələb edən işə getmək imkanına görə belə sevinirdi. Qocaya baxanda bu dünyada öz sahibini tapmamış nə qədər insan sevincinin qapıcı zirəklər tərəfindən yağmalandığını təqribən hesablamaq olardı.

O isə Eşqinlə gəlmişdi. Eşqin qıza, iki-üç sutka yol yoldaşlığı eləyəcəyi qocaya baxa-baxa sanki borca susurdu, adəti üzrə əməliyyat qabağı sükut və səbir dolu nirvanada idi. Bu halı iki dəqiqə, bəlkə də az çəkə bilərdi.

– Ehtiyatlı olun, – İradə dedi və sağollaşıb getmək istəyəndə Eşqin cəld irəli atılıb onun qolundan yapışdı: susmaq, səbir, təmkin-filan hovuzdakı kiçik fəvvarənin şırıltısına qarışıb mümkünsüz bir şey kimi qeyb oldu.

– Bə bir dayan görək! Hara qaçırsan?!

Qızın ilk dəfə gördüyü, bəlkə də hər ehtimala qarşı üzünü yadda saxlamamaq üçün tələsik tərk etmək istədiyi cavan oğlanın istəyinə tabe olmaqdan başqa əlacı qalmadı.

– O boyda əməliyyata gedirik, – Eşqin davam elədi. – Yol doludu hərbçiynən, bir də gördün kefli havasına urus tətiyi çəkdi, vəssalam! Eşqin yoxdu. Ağsaqqal ömrünü yaşayıb qurtarıb, onun nə vecinə! Mən hələ heç evlənməmişəm.

Ağsaqqal, əlbəttə, bununla razı ola bilməzdi, amma bu gözlənilməz zarafatı Eşqinin qara qaş-gözünə, uzun kirpiklərinə bağışlayıb heç nə demədi, eləcə gülümsünməyinə davam etdi.

– Neynim, indi bu iki daşın arasında mən səni evləndirim? – İradə soruşdu.

– Evləndirmə. Mənim həkim xanımlardan xoşum gəlir, boyun bir az qısa olsaydı, sənə elçi göndərərdim. Zarafat! Ancaq sən belə elə: get ordan mənim əynimə uyğun bir dənə xələt gətir ki, geyib oturum qabaqda, ağsaqqalın böyründə. Kənardan baxanda mənim həkim olduğumu, xəstə apardığımı fikirləşsinlər. Ölkənin o başına gedəcəm e-e...

– Onda iki xələt lazımdı ki sizə, – İradə dedi və Eşqinin yox, Rəşidin üzünə baxdı.

– Yox, mən getmirəm, Eşqin gedəcək, – o dedi.

Eşqinin nirvanası bayaqdan qurtarmışdı, özünün həmişəki ampluasına qayıdışı bir baxışın, bir qımıltının, anın işi idi, o da artıq baş vermişdi. Bura onun üçün daha rahat idi, burada o, kefi istəyən hər şeyi eləyirdi. Məqalə yazırdı, kombinatda işləyirdi, universitetdə oxuyurdu, qız sevirdi, xoşu gəlməyənlərlə dalaşırdı, bir sözlə, mövcud həyatı dəyişmək üçün əlindən gələni edirdi. Lazım olanda hətta üstündə tapança da gəzdirirdi.

– Səni yolda yuxu tutmayacaq? – xələti gözləyə-gözləyə bekarçılıqdan darıxmamaq üçün yenə sürücüyə girişdi.

Sürücü qımışdı və cavab verməyə macal tapmamış Eşqin basqısını davam etdirdi:

– Bə sonra səni keqebeyə çağıranda nə deyəcəksən? Hələ sovet hökumət yıxılmayıb eey! Satassan bizi?

Sürücünün gözündəki balaca işıq söndü, sanki abberviatur kimi tələffüz edilmiş o bircə söz haradansa onun sifətinə axıb gələn yeganə sevinc deşiyini dərhal tapıb qapadı.

– Sən nə deyəcəksənsə, mən də onu deyəcəm, – nəhayət, kişi cod səslə mızıldanıb üzünü yana çevirdi. Elə bil yanda hər şeyin əvvəlkitək köhnə, bayağı və çarəsiz olması kişini dərhal geri qaytardı. Bu zaman İradə xələti gətirdi və Eşqin onu elə bağdaca əyninə geyib yoxladı. O qədər ciddi-cəhdlə ora-burasını dartışdırıb düzəldirdi ki, elə bil sehrli xələt geyinib həqiqətən həkim olacaqdı.

– Gəl, bir şəkil çəkdirək, – o, İradəyə təşəkkür yerinə dedi.– Dünyanın işini bilmək olmaz!

Onlar sürücünü də yanlarına alıb gülümsəyə-gülümsəyə gözlədilər ki, Rəşid çiynindəki çantasından fotoaparatını çıxarıb çıqqıldatsın. Sonra maşına əyləşib kağız dalınca yaxınlıqdakı mətbəələrdən birinə yollandılar: Eşqinə ağ xələtli yeni qiyafəsi ləzzət eləyirdi. Əlinin altında iynə-dərman olsaydı, bəlkə ağsaqqal sürücüyə elə sükan arxasındaca iynə vurmaq həvəsindən vaz keçməzdi.

3

Bəzi səbəblərə görə “Qurtuluş”un qərargahında yeni mətbəə haqqında heç nə demək olmazdı. O, Eşqinə təcili material toplamağı tapşırıb əlindəki məqalələri makina vərəqinə sütun halında yazdırmaq üçün nə vaxtsa çalışdığı yazı-pozu məkanına getdi. Böyük bina idarələri, şöbələri və hazırladığı materialları ilə birlikdə susuz, tapdaq yerə hörüklənmiş qəşəng atı xatırladırdı. Maşın bürosunun uzun zalında qızlar səs-səsə vermiş avtomat klavişləri illər öncə olduğu kimi dəyişməz ahənglə şaqqıldadırdılar. Qapıdan içəri girən hər kəsə sanki oyuncaq tapançalardan fasiləsiz atəş açılırdı. Burada ağız deyəni qulaq həqiqətən eşitmirdi, çünki ona heç ehtiyac yoxuydu. Qızların işi mətnin mənasına varmadan onu mümkün qədər səhvsiz yığmaq idi. Bu yazıları ən sonda oxuyan akademik Qafarovun kağızda hətta düzəldilmiş səhvləri də görməkdən zəhləsi gedirdi. Əslində isə səhv tamam başqa yerdə gizlədilirdi və heç bu qızlara gəlib çatmırdı. Qızlardan yalnız biri səhvlərin harada gizlədildiyindən xəbərdar idi, çünki həqiqətən babat təhsili və dilə Boduen de Kurtene qədər həssaslığı vardı. Əlyazmaları ondan alıb göz gəzdirdi, əsas hissələri özü yazmış kimi dərhal tapıb oxumağa başladı və çox uzağa getmədən xırdaca gözlərini geniş açıb onun üzünə gülümsünə-gülümsünə başı ilə “yox” dedi.

Rənglərlə boyadılmış yalanı oxucuya yavan əppək kimi verən mətbuatın əhatə dairəsində heç kimin dilə gətirmədiyi, adi reallıqlardan bəhs edən həqiqət dolu söz adətən əlyazmada belibükük, pinti, bir az da köntöy görünür. Yalnız mətbəədə sütuna oturub çap maşınının ağzından çıxandan sonra o söz sanki yuyulub təmizlənir, cilalanır, qəddini düzəldib iyrənc yalanları asanlıqla xışlayaraq bütün kəsəri, parlaqlığı, şəqqavətiylə ağıllara və ürəklərə şığıyır. O, evə gedə-gedə bunları – qəzetin “Qurtuluş”dan kənarda kimlərə lazım olduğunu fikirləşirdi, bəzən tanıdığı adamları xəyalına gətirərək bir-bir onları götürüb kənara qoyurdu, buna görə başına bir iş gələcəyi təqdirdə o adamların necə laqeydliklə susacağını təsəvvür edir və heç onlardan incimirdi də...

Qapıdan çıxanda akademiklə qarşılaşdı. Həmişəki kimi dəri qovluğu qoltuğunda, yalanların gizlədildiyi yerdən gəlirdi. Tanışlıq verməsə, bəlkə də tanımazdı.

– Mən gizli çap etdiyim dörd səhifəlik qəzetin bir nömrəsilə sizin bütün həyatınız boyu sonaladığınız akademik yalanları alt-üst elədim, – o, baş müdirə ucadan dedi və daş döşənmiş şüşəli foyedə o sayaq da ucadan şaqqanaq çəkib güldü.

Akademik çox təcrübəli idi, amma özünü itirən kimi oldu.

– Mənim kitablarımdakıların, olsa-olsa, beş-on faizi yalan olar, – Qafarov qartal dimdiyini unutmağa qoymayan burnunun altında mızıldanmaqla onun şaqraq zarafatının qarşısına soyuq ciddiyyətini itələdi. – Qalan doxsan faizi bu xalqa lazım olan, bütün dünyanın etiraf etdiyi, inandığı, nəsildən-nəslə ötürdüyü tarixi faktlar və elmi həqiqətlərdir.

– Qafar müəllim,– o dedi, – axı siz yaxşı bilirsiniz ki, mühüm tarixi faktları və elmi həqiqətləri insanların zehnində bulandırmaq üçün beş-on dənə faizsiz yalan da yetərlidir. Böyük hesabla götürsək, o yalanların kütləsi çox ağır olar...

– Siz bütün bunları, görünür, dəqiq hesablamısınız, bizlik bir iş qalmayıb, – Qafarov kinayə ilə mızıldandı və başını yelləyə-yelləyə iti addımlarla liftə tərəf getdi.

Məqalələri makinada sütunlara özü yığdı, səhvləri ağ rənglə boyayıb düzəltdi. Çətinliklə olsa da, elmi müəssisələrin birində metal barmaqlıqlar arxasında gizlədilən kseroks aparatına yol tapdı, sütunları kseroksda kiçildərək maketi qurdu, sonra mətbəələrin birində plyonka çıxartdırıb dozakla köçürtdürdü, kağız doğratdı, boya aldı, hətta həmin mətbəədən çapçı da apardı və qəzetin çapı başladı.

Ayrıca götürülmüş bir kooperativ mətbəədə senzuranı ləğv etmiş Nizaməddin hər ehtimala qarşı əl-ayaq yığışandan sonra, gecə işləməyi məsləhət gördü. Bilənlər bilir, bilməyənlər üçün demək lazımdır ki, çap maşını təkcə elektrik cərəyanı ilə işləmir, ona öz funksiyasını yerinə yetirmək üçün həm də kompressorun ala-babat təzyiqlə vurduğu hava lazım olur. Səsi və hisi mane olmasın deyə, təbii ki, Nizaməddin kompressoru sexdən çölə, divarın arxasına çıxarmışdı. Çığırqan, qırmızı balonlu qurğu orada dil boğaza qoymadan sərxoş meşə quşuna bənzəyirdi. Nəhayət, düymə basıldı, barabanlar və linglər fırlandı, elastik rezin düyməciklər maşının arxasına yüklənmiş A2 format kağızın ilk vərəqini kompressorun vurduğu havanın köməyilə götürüb irəli, dozakl bağlanmış barabanın ağzına tərəf ötürdü və iş başladı. Bir neçə vərəqi zay edəndən sonra boya barabana mütənasibliklə yayılanda maşın sürət yığan lokomotiv kimi vaqonları ardınca rəvanlıqla çəkib apardı və bir üzü vurulmuş qəzet öndəki yüklükdə üst-üstə qalanmağa başladı. O, vərəqlərdən birini götürüb kənara çəkildi, səhifələrdəki hər bir hərf ona öz qüsuru və uğurlu oturuşu ilə, hətta sabah onu əlində tutub oxuyacaq adamın onlara baxanda nə düşünəcəyi, hansı hislər keçirəcəyinə qədər tanış idi. Fikrin və sözün belə azad ifadə və yayım mərhələsinə çatmaq üçün o, illər, onilliklər keçmişdi, nə vaxtsa bu nailiyyətdən alacağı sevinci təsəvvürünə gətirə bilməmişdi. İndi də sevinə bilmədi. Qəzet yalnız başlanğıc idi, qarşıda çox müşküllər dururdu.

Vərəq əlində, çölə çıxdı. “Dominant”ın divarlarda təkrar-təkrar zoqquldayan bir neçə taktlıq pırıltısı ilə müqayisədə kompressor payız axşamının sərinində xoş avazla oxuyurdu. Ətrafdakı boş düzəngaha rahatlıqla yayılan bu avaz şimal küləyi kimi boruya ilişmirdi, hər yerdən yumşaqlıqla keçib uzaqdakı yola, doqquzmərtəbələrə qədər yumşaqlıqla yayılırdı. Qəzetdə yazılanların acı həqiqətlərdən doğan hirsi, hikkəsi şəhər axşamına özünəməxsus hüznlə yayılan bu sonsuz, tənha səslə heç cür uzlaşmırdı.

Səsin avazında sabah nələrin ola biləcəyini xeyli fikirləşəndən sonra o, içəri qayıtmaq istəmədi. Elə bil səs içəridəki dövrdən ən azı beş il, on il irəlidə idi və onun ardınca gedə-gedə tamam başqa insanlarla, tamam başqa şəhərlə qarşılaşıb gələcək haqqında daha xoş danışmaq, yeni xəyallar qurmaq olardı. Xoşbəxtlikdən həmin an Eşqin gəlib çıxdı və o, tapşırıqlarını verib, əlində bir üzü çap olunmuş qəzetlə yola tərəf getdi. Səs onu ötürürmüş kimi getdikcə zəifləyə-zəifləyə uzaqdan əl eləyən doğma uşağa bənzədi. Yaratmaq eşqi çin olmuş arzularla tapışıb çulğaşanda reallıqları çətinliklə üstələmiş həyat davası sanki birdən-birə dayanır, keçmiş gəlib irəli keçərək yeni nə varsa hamısını udur və adam daha hər şeydən doymuş kimi gələcəyə getmək istəmir.

Səhərin seyrək dumanında arxasınca yaşıl “Jiquli”nin qarabaqara gəlməyinə səbir göstərdi, qaçmadan, gizlənməyə cəhd etmədən getdi. İlk dəfə deyildi: onları ovçuya, özünü isə əti yeyilməyən çöl quşuna bənzətmişdi bir dəfə. Əl çəkib gedəcəkdilər, tutmaq istəyən çoxdan maşını qabağa verib saxladardı. Mehmanxananın qarşısındakı meydanda dayanıb maşından düşdü və yavaş-yavaş yaşıla tərəf gedəndə oradan da ucaboy bir cavan tələsik çıxıb işarə elədi ki, qayıdıb getsin. Başa düşdü ki, bu da yaşıldakıların vəzifə borcuna aid incəliklərdəndir. Gəlib maşına oturdu və “Qurtuluş”un qərargahına qədər yolu rahatlıqla keçib tirajı təhvil verdi.

“Qurtuluş”un katibi onu çağırıb təşəkkürünü bildirdi. Katib 10-15 dəqiqəyə əvvəldən-axıradək oxunan bu qəzetə sanki yeni dövrün konstitusiyası kimi ciddi və diqqətlə baxırdı. Dedi ki, qəzetin əsas əhəmiyyəti ondan ibarətdir ki, bütün ölkənin mətbuat akvatoriyasında yüzilliklər boyu mövcud olan xofu kəsinliklə sındırır. Elə də dedi: “akvatoriyasında... xofu... kəsinliklə... sındırır...” O həmişə genişliyə can atırdı, uzaqlara baxırdı: ucsuz-bucaqsız çöllər, dünyanın göbəyində ləpələnən dənizlər, dağlar, meşələr, çaylar onun xəyalında heç zaman düşmənlər tərəfindən yağmalanmamışdı, parçalanıb bölünməmişdi, həmişə bütöv, möhtəşəm, yenilməz olmuşdu. Bu qəzet onun arzularına doğru uçuşunu sürətləndirən vəsilələrdən biri idi. Sonra da dedi ki, dekanın keqebeyə yazdığı ərizəni çap etməkdə düzgün mövqe tutmamısınız: “O məsələlər kiçik təfərrüatlardı, – dedi, – bizi daha böyük işlər gözləyir. O hədəflərə çatmağa xidmət edənləri yazmaq lazımdı!” Burada katiblə razılaşmırdı.

4

Şəhərə tanklar yeridiləndə, televiziya partladılanda sanki “Qurtuluş”un tam xoşbəxtliyi üçün hərbi komendantın bir tank rotasını da gətirib arxasına Nizaməddinin öz mətbəəsilə sığındığı üçmərtəbəyə yerləşdirdilər. Soyuq qış gecəsində qanına-qaltan edilmiş “Qurtuluş” üçün qəzet elə həmin gecənin içində hər şeydən, adamları küçələrdə öldürən tankdan, topdan da vacib silaha çevrilmişdi. Hamı onu axtarırdı. O isə Nizaməddini. Şəhəri basmış zorakılığın xofu və miqyası ilə müqayisədə çox kiçik görünən hər bir adam kimi Nizaməddini də tapmaq asan deyildi. Bir-iki həmləyə tapılmayan hər kəsi həlak olmuşların sırasına daxil etmək üçün onun adını xəstəxanaların qarşısına yapışdırılmış siyahılardan birinə əlavə etməkdən savayı heç nə tələb olunmurdu.

Balkonda durub siqaret çəkdiyi yerdə qoluna təsadüfən güllə dəymiş Nizaməddinin uzaq xəstəxanadan gəlməyi bir ayadək çəkdi. O, müalicə olunub hospitaldan çıxmış əsgər kimi paltosunun bir qolunu boş-boşuna yellədə-yellədə ərazidəki dislokasiya yeniliyini ölçüb-biçdi və işi davam etdirmək qərarını verdi. Hərbçilər döyüş texnikasını idarənin ön hissəsində gen-bol yerləşdirdiyindən arxada kooperatorların ərazisinə toxunmamışdılar. Belədə onlar sanki prospektdəki intensiv nəqliyyatın hərəkətindən özlərini gizlətmişdilər.

– Tirajın nə qədər olacaq? – Nizaməddin maraqlandı.

– Nə qədər vura bilsən, – o dedi. – İyirmi, otuz, əlli min. Ölkə xaos içindədi...

– On min elə, – Nizaməddin dedi. – Arxa pəncərələr həyətə açılır, qorxuram kompressorun dırıltısı bunları bezdirə.

Kompressor ciddi məsələydi, amma paytaxtda senzuranı ilk dəfə ləğv etmiş Nizaməddin işə yararlı bir qolu ilə onu da həll elədi. Son ana qədər gözlədi və çap maşınının düyməsi basılanda gedib yaxınlıqdan yeni zavoda gedən buxar borusundakı kiçik vintili açdı. Yüksək təzyiqlə göyə püskürən buxar elə fışıltı verməyə başladı ki, kompressorun səsi onun içində boynuna daş bağlanmış “Mumu” suda boğulan kimi boğuldu. Ancaq bu dəfə iş rejimini Nizaməddin gündüzə keçirməli oldu, çünki gecə əsgərlər yatanda səs onları daha çox narahat edə bilərdi.

On minlik tirajın iki prosesə vurulması axşamüstünə çəkdi. Tirajın ikinci üzünün yarıdan çoxu vurulub qurtaranda ehtimal olunan ən pis iş baş verdi: hərbçilərin qoluqırmızılı növbətçi zabiti, dalınca da silahlı iki əsgər, gəlib birbaşa mətbəəyə girdilər. Kapitan içəridəki adamlara, üç-dörd notluq dəyişməz səsin təkrarı ilə qəzetləri arxadan bir-bir çəkib gətirən və çap edib ön şitin üzərinə səliqə ilə yatırdan maşına maraqla baxdı, sonra maşının ətrafına dövrə vurub əsas prosesin barabanların arasında necə baş verdiyini izlədi. Üzündəki maraq ifadəsinin dərinliyindən qəzet çapını ilk dəfə belə əyani şəkildə gördüyünü düşünmək olardı. Qəzetin 1 və 4-cü səhifələri olan qatlanmamış üzü üst-üstə yığılır, oradakı ordu şəkilləri, başlıqlarda görünən “rus” sözləri özlüyündə dili bilməyən zabitə çox şeyi elə ilk baxışdanca anladırdı.

– Bu nə deməkdi? – kapitan barmağını qəzetin adının üstünə qoydu.

– Bu, qədim türk sözüdü – Rəşid dedi, – mənasını təxminən “güc birliyi” kimi başa düşmək lazımdır.

İkicə dəqiqəlik müəmmalı susqunluqla qarşıdakı gözlənilməz olayların dinclik dövrünü başa vurmuş Eşqin yerindən sıçrayıb kapitana yaxınlaşdı və əlini onun belindəki tapançanın üstünə qoydu.

– Bunu sat mənə! – hərbçiyə rusca təklif elədi. – Bax belə lazımdı, – əlinin tilini öz boğazına çəkdi.

Kapitan onun əlini kənara itələdi, ancaq Eşqin cod şinelin qolunu buraxmadı.

– Gəl güləşək, – kapitana dedi.

Onlar darısqal yerdən çölə çıxası oldular. Eşqin kapitanı qucaqlayıb qaldırdı, qolları arasında sıxmalayıb yerə qoydu.

– Mən Pskov desant diviziyasında xidmət eləmişəm, – Eşqin dedi və hərbçilərin üçünə də meydan oxudu. – Köhnə desantçı kimi hər birinizlə güləşməyə hazıram.

– Mən sizi həbs edib, qəzetin də bütün tirajını müsadirə etməliyəm, – kapitan güləşin tamam başqa növünü təklif etdi.

Onlar bunu zarafata salmağa çalışdılar, çünki hərbçilər silahlı idi və təkcə silahlı deyildilər, həm də binanın o biri üzündə tam ekiplənmiş tank rotası dururdu.

– Bax, məni bütün şəhər tanıyır, – Eşqin dedi.– Bu dəqiqə çıxaram o trubanın başına, çağıraram camaatı, tökərəm bura, sizin tanklarınızı da əlinizdən alarıq, özünüzü də həbs edərik! – Eşqin elə əvvəldən başladığı yarıciddi üslubda dedi.

Zabit ilk dəfə görürmüş kimi başını qaldırıb fəlakət rəmzitək ucalan kərpic boruya baxdı, bozumtul batmaqda olan qış günəşinin zəif şüaları onun yaşıl dəbilqəsinin üstündə oynayıb altındakına heç cür təsir edə bilmədi. Rus qəribədir, ayıq vaxtında, bir də əlində silah olanda deyilən hər sözə inanır. Bunun izahı belədir ki, o, nadir hallarda ayıq olur. Ona həmişə elə gəlir ki, sərxoş olduğu müddətdə dünya yerindən qoparaq harasa çox uzaqlara gedib çıxıb, Rusiya isə bu köçün dalınca tərpənməyə hazırlaşdığı üçün onun çalışdığı idarədə, yaşadığı evdə, hətta tanıdığı adamlarda da çox şeylər dəyişib və bunların heç birindən onun xəbəri yoxdur. Əlinə silah götürmüş rusa isə elə gəlir ki, növbəti dünya müharibəsi çoxdan başlayıb, bütün dünya dağılmaq ərəfəsindədir. Əgər o, araq içməyi tərk edib silah altına giribsə, deməli, ümid yalnız ona qalıb və o, yeganə xilaskar olduğu üçün hər deyilənə inanaraq öz bildiyini etməlidir, yəni məsələnin həllinə yəhudilərdən başlamalıdır. Ortada yəhudi məsələsi olmadığı üçün altı tankı itirmək təhlükəsi təpədən-dırnağa silahlı naryadın ayıq rəisinin codluğunu bir az yumşaldan kimi oldu.

– Hə, çox ucadı, – dedi. – Çıxa bilərsən onun başına? – həmin nisbi yumşaqlıqla da Eşqindən soruşdu.

– Bə sən necə, çıxa bilərsən? – Eşqin sambo güləşindən asanlıqla söz güləşdirməyə keçdi.

Kapitan duruxdu, əsgərlərinin yanında özünü aciz göstərmək istəmədi. Naməlum eyhamla dedi ki, çox şey ola bilər. Kapitanın tərəddüdü söhbəti uzatdı, ortaya mərc girdi, sonra pul, bir yeşik araq ehtimalı-filan girdi, sonra mərcin şərtləri dəyişdi və axırı gəlib orada dayandı ki, Eşqin boruya dırmaşır, əvəzində ya kapitan da boruya dırmaşır, ya da tanklardan birini Eşqinə satır.

Təsadüfən Eşqin təzəcə aldığı krossovkalarda gəlmişdi. Bu təsadüfün iki başı ola bilərdi: ya Eşqin buna aldanıb boruya dırmaşanda kəllə-mayallaq aşağı gəlməli idi, ya da indiyədək elədiyi bütün riskli əməllərdə olduğu kimi, taleyi onun üzünə növbəti dəfə gülməli idi. Dəri gödəkçəsini əynindən sıyırıb pəncərənin barmaqlığından asdı, həmişəki iti yerişi ilə boruya tərəf getdi. Yarıyoldan qayıdıb kapitanın şinelinin düyməsindən tutdu və astadan dedi:

– Yıxılıb ölsəm, tankı Rəşidə verərsən! – düyməni asanlıqla qoparıb Rəşidə verdi.

Bu sözlər bayaqdan gizli əsəblə havada qaynayan söhbətin bütün qeyri-ciddi vızıltılarını dixlofos kimi boğub öldürdü. Sanki indi yada düşdü ki, çat verib əyilmiş borunun başına çatmamaq, hansısa nöqtəsindən yıxılıb ölmək çox realdır. Ancaq Eşqini saxlamaq mümkün deyildi. Borunun dibindən əsgərləri səslədi ki, gedib onu özülün üzərindən ilk skoba qədər əllərində qaldırsınlar.

– Görsən skoblar çürükdü, qalxma, düş aşağı, – Rəşid dedi. – Tirajdı da yandırar, başqa bir şey fikirləşərik!

İlk pillələri rahatlıqla qalxan Eşqin dönüb Rəşiddən soruşdu:

– Cəmi neçə dənə olar bu zıbırkeşlər? Yüz dənə olar?

– Olar, – o dedi.

– Yıxılıb ölsəm, bir anama, bir də sevgilimə deyərsən ki, onları çox sevirdim! – Sonra həmişəkitək əlavə elədi: – Bir də vətənə!.. – İki skob qalxan kimi dayanıb aşağı baxa-baxa yenə əlavə elədi: – Yox, vətənə demə, vətən bilir, zatən!

– O birilər bilmir? – Rəşid soruşdu.

– O birilər də bilir, ancaq dinməzcə ölüb getmək olmaz ki... Nəsə demək lazımdı...

Eşqin əl atdığı skobların möhkəmliyini yoxlamaq üçün onları divardan çıxarmağa çalışırmış kimi güclə dartıb sonra ayağının altına alırdı. Görəsən borunu hörənlər skobları divara necə bənd eləmişdilər, uclarını əyib hörgünün arasına oturtmuşdular, ya necə? Hər halda boru bir günə hörülməmişdi və inşaatçılar o skoblarla aylar boyu qalxıb-enmişdilər. Ancaq bu nə vaxt olmuşdu? Borunun ortasından xeyli yuxarıda, ikinci köbənin üstündə Eşqindən də uzun rəqəmlərin qırmızı kərpic hörgüsü ilə “1947” yazılmışdı. Borunu tikənlərin ağlına onun nə vaxtsa əyilib çökəcəyi, o səbəbdən uçurulub dağıdılacağı yəqin ki, gəlmişdi, ancaq Eşqinin tankdan mərc gəlib onun başına çıxacağı heç kimin ağlına gələ bilməzdi.

Borunun yarısını Eşqin təxminən yarım saata keçdi və bu məsafədə üç skob qopub onun əlində qaldı. Eşqin onlara diqqətlə baxdı, sanki borudan deyil, öz həyatından qopardığı dəyəri heç zaman bilinməyəcək nəsnələr kimi aşağı vızıldatdı. Rəqəmlərə çatanda o yenə dayanıb aşağı baxdı, nəsə dedi, ancaq nə dediyini heç kim dəqiq eşitmədi. Sonra iki sözü bir də, daha ucadan təkrarladı:

– Yellənir oğraş!

– Qayıt, bəsdi! – aşağıdan qışqırışdılar.

Eşqini başlanmamış işdən çəkindirmək asan idi, ancaq yarımçıq işdən döndərmək mümkün deyildi: ya o, borunu yıxacaqdı, ya da boru onu. Kapitan siqaretini sümürə-sümürə mətbəə ilə ofis arasındakı meydançada var-gəl edir, hərdən başını qaldırıb dəbilqəsinin altından borunun gövdəsinə baxır, deyəsən, nə düşündüyünü heç özü də ayırd edə bilmirdi. Bəlkə də o, təsadüfən gəlib çıxdığı bu yad, uzaq məmləkətdə belə riskli və ağrılı bir işə niyə ilişdiyini başa düşməkdə çətinlik çəkirdi. Arada binanın o biri üzündə ucadan danışan dinamik vasitəsilə elan veriləndə kapitan əsgərlərini də çağırıb xidmətini davam etdirmək üçün ora yollandı. Onun ardınca dəbilqəli, zirehjiletli, üst-başı silah-sursatla dolu ortaboy iki əsgərin ləngərli yerişi eynən çilədənini ilbizlə doldurmuş ördək balalarının yerişi kimi ağır və cansıxıcı idi. Bu an Eşqinin ayağının altında növbəti çürük skobun bir ucu qopdu və o, yapışdığı dəmirdən yuxarıdakına dartınıb yoluna davam elədi.

– Çox tərs uşaqdı! – Nizaməddin mızıldandı.

– Sən necə fikirləşirsən, – Rəşid ondan soruşdu, – bu kapitan tank sata bilər bizə?

– Nə bilim... – o dedi. – Urusun tankdan-topdan çox nəyi var ki?! Qoy biri də əskik olsun.

Rəşid yenə Eşqini səslədi. Eşqin isə son metrləri dırmaşırdı. Nəhayət, borunun ən yüksək nöqtəsinə çatdı və ayaqlarını son köbənin üstünə qoyub üzüqoylu badın üzərinə sərildi. Aşağıdan baxanda onu kərpicdən seçmək çətin olsa da, küflə qapısından qulaq verəndə onun borunun içiylə dalğa-dalğa gələn səsini, daha doğrusu, zarıltısını eşitmək olurdu.

Dincini alandan sonra qalxıb möhrənin üstündə oturdu və dedi ki, ovuclarını dəmir cırıq-cırıq edib. Aşağıdan məsləhət gördülər ki, sviterini cırıb əllərinə dolasın. Bir qədər də eşələndi, sonra ayağa qalxıb borunun hündürlüyünü 1 m 67 sm də artıraraq o ucalıqdan dumanlı şəhərə müraciətlə qışqırdı:

– Ehe-e-ey! Üç öpüb bir dişlədiyim, burdayam!..

5

Tankın dalınca gecə gəldilər. Darısqallıqda yedəkçi maşın lafeti çətinliklə tanka yaxınlaşdırıb, nəhayət, mühərriki söndürəndə elə bil şəhərdə işləyən bütün mühərriklər həmin andaca dayandı və evakuasiya kontingenti özünə gəlib hərəkətə keçincə ərazi dəhşətli bir sükut içində boğuldu. Sanki qaranlıqda hər hansı bir pusqunun olub-olmamasını yəqinləşdirmək üçün hamı yerində dondu. Yalnız yüngül küləyin mətbəə divarındakı mıxdan kapsula kimi sallanan, qapını da tam işıqlandıra bilməyən fənəri necə həzinliklə yelləyib cırıldatması eşidildi.

Bu bir gizli gecə alveri idi, nə alan buradaydı, nə də satan. Ortada adamlar ora-bura qaçışırdı, pul xofu fırlanırdı və “tank” adlanan o boyda zirehli ölüm maşını başına yaylıq örtülmüş məsum gəlin kimi dinməzcə divarın böyrünə qısılıb öz aqibətinin necə olacağını gözləyirdi.

“Qurtuluş”un uşaqları o qədər dəqiq və cəld tərpənirdilər ki, lazım gəlsə, tankı qucaqlarına alıb aparacaqlarını da istisna etmək olmurdu. İnsafən, kapitan tankın yaxşısını seçmişdi: sürücü quyusuna qurbağa kimi sıçramış uzundraz düyməni basan kimi mühərrik kal gurultu ilə işə düşdü, faraların qoşa işığı uzaq yük limanındakı əyridimdik kranları diksindirdi. Örtük çadırı çirmələyib qüllənin arxasında bənd edəndən sonra tankın lafetə minməsi xeyli vaxt apardı. Təkcə vaxt aparmadı, həm də birtərəfli düşən ağırlığı ilə lafetin iki arxa təkərini elə yerindəcə partlatdı. Odur ki, lüləni geri fırlayıb, tankı lafetin qabaq hissəsinə maksimum oturtmaq lazım gəldi ki, qeyri-bərabər ağırlıq o biri təkərləri də partlatmasın.

– Çıx pulemyotu doldur, otur komandir lyukunda, – Cavid özü ilə gətirdiyi çəlimsizə əmr elədi. – Yolda qabağımızı kim kəssə, əmr gözləmə, vur! ... bunların anasını!

Çəlimsiz əl-qolunu bir-iki dəfə oynatmaqla quş kimi uçub qüllənin üstünə qondu və bir göz qırpımında yarıqaranlığın içindən tankın qarnına sürüşüb yox oldu.

Tank mütənasib qrasiyasına, olduğundan da qüdrətli görünən zirehli performansına baxmayaraq, əvvəlcə özünü maşına minmək istəməyən buğa kimi apardı, elə onda da burnunun ağırlığı birtərəfli düşdüyü üçün lafetin iki təkərini oyuncaq maşın təkəri kimi əzdi.

– Stansiyaya qədər bunu dişimizdə də olsa, aparmalıyıq! – Cavid diskləri yerə yapışmış təkərlərə baxa-baxa hirslə dedi.

Bu an çəlimsiz oğlan başını lyukdan çıxarıb əl fənərinin işığında patronla dolu lenti pulemyotun alt yarığına bərkitməyə başladı və işini bir göz qırpımında qurtarandan sonra komandirdən soruşdu:

– Cavid, snaryad da qoyaqmı lüləyə?

– Lazım deyil, – Cavid dedi, – pulemyotu hazır saxla, yetər.

Lüləsi arxaya çevrilmiş tank lafetin üstündə əyri durmuşdu, əgər o vəziyyətdə atəş açsaydı, mərmi uzağı əlli metr məsafədə yerə dəyib partlayardı. Nəhayət, qoşqu maşını gücənib lafeti dartdı, tank ağır-ağır yırğalanıb lafetin qalın dəmirlərini gərilmiş yay kimi cırıldatdı. Hələ prospektə çıxmamış bəlli oldu ki, lafetin arxasının bir tərəfi yerə doğru çox enib.

Onlar darvaza tağına qədər tankın arxasınca getdilər, təşviş dolu pıçıltıları necə olursa-olsun əmanətin yaxınlıqdakı dəmiryol stansiyasına çatdırılması, qarşılaşa biləcəkləri hərbi və polis patruluna qarşı verəcəkləri döyüşlə bağlı idi. Tank onların pıçıltılarına, həyəcan və təşvişlərinə cavab olaraq başına torba keçirilmiş uzun, dümdüz lüləsini bütün gövdəsilə birlikdə ağır-ağır yırğalayırdı. Və gecənin alaqaranlığında bu mükəmməl döyüş silahının yenilməzlik dolu simasına baxa-baxa onun düşmənlə döyüşə necə atılacağını təsəvvür etməklə bu dünyada qorxu, həyəcan və təşviş yaradan çox şeyləri unutmaq olurdu.

Asfalta çıxanda tank sevinirmiş kimi dimdiyini azacıq qaldırdı, yedəkçi maşın dərhal sağa döndü və qarnının dərinliyindən gələn uzun fınxırtı ilə nərildəyib yavaş-yavaş sürət yığmağa başladı. Qaranlıqda lafetin arxasının bir tərəfi prospektin nahamar yerlərinə sürtünüb qığılcım çıxarırdı. Onlar darvaza tağının arxasında dayanıb hər an açıla biləcək atəş səslərini gözlədilər ki, lazım olsa, maşına oturub köməyə getsinlər.

Image result for səfər alışarlı"

# 3360 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #