Anna Akopyana qadın-qadına bir neçə sual

Anna Akopyana qadın-qadına bir neçə sual
6 dekabr 2019
# 12:45

Son günlər uşaqlıq illərimlə, Cəbrayılla bağlı o qədər qarmaqarışıq yuxular görürəm ki, ertəsi gün onların çin çıxma ehtimalı da qaçılmazlığa çevrilir. Ötən gecə də yenə bizim olmayan tərəflərdə idim. Hər şey ailəlikcə son gündə qoyub gəldiyimiz kimi idi. Yeddi saatlıq yuxudan oyanandan sonra əlimi yorğanın altından sürüşdürüb telefonu axtarıb tapanda havanın rəngi hələ də tünd bənövşəyiyə çalırdı. Getdikcə işıqlanan səhərin fonunda internetə göz atanda sayt manşetlərindəki xəbər ötən gecəki yuxumu dolayı yolla çin çıxardı. Yuxularımda gördüyüm yerlərə getmək istəyi mənim ürəyimi titrədiyi kimi, Bakıya gəlmək istəyi də Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın qəlbini “vəcdə” gətirmişdi.

Anna xanım öz istəyində vəcdə gəlməklə yetinməyərək bir az da irəliləyib bildirib ki, bu gəliş “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində həyata keçirmək istəyir.

Xəbərin gətirdiyi bütün ağrı və sızını, əsəb və hiddəti bir kənara qoyub, mahiyyətinə keçməyə cəhd edirəm. Bu cəhdə kimdir sualı ilə başlamaq istəyirəm. Xanımın ismi ədəbiyyat tarixində dərin izlər, oxucuların yaddaşında travmatik şırımlar açan Tolstoyun yaraşıqlı, zərif və həssas qəhrəmanını xatırlatsa da, bu Anna o, Anna deyil. Hətta inanmıram ki, bu Anna xüsusi insani keyfiyyətlərinə, həssaslığına, ədalət hissinin üstünlüyünə görə romandakı Anna ilə müqayisə olunsun.

Məsələ burasındadır ki, bilgisayarın ekranından boylanan ağbəniz, alagöz, tünd rəngli saçları olan qadın zahirən da o qədər bəd deyil, hətta xeyli zərifdir də. Lakin həssaslıq və ədalət məsələsində qərar verməkdə ilişirəm desəm, yəqin ki, yanılmaram.

Əslində, hər bir insanın yaradılışında həssaslıq, ədalət prinsipi mütləq vardır. Qadınlarda isə bu xüsusiyyətlərin ikiqat artıq olduğu deyilir.

Hətta bu xüsusiyyəti normadan artıq həyat tərzinə çevirənlər də var.

Təbii ki, əbəs yerə Anna Akopyanın adı ətrafında həssaslıq və ədalət mövzusuna toxunmuram.

Ötən əsrin əvvəllərinə, ordan da 18-ci əsrin ortalarına gedib çıxmaq, ermənilərlə olan qanlı-qadalı yaddaşımızı qurdalamaq, ortalığa qan-qaraçılıq salmaq istəmirəm. Lələklə tarixə yazılanlardan başqa heç nəyin canlı şahidi olmamışıq.

Amma bizim də gördüyümüz, şahidi olduğumuz, şəxsən yaşadığımız hadisələr var ki, tarixi çox uzağa yox, otuz il əvvələ gedib çıxır. Qarabağ müharibəsi, Xocalı soyqırımı, Şuşanın işğalı, ondan sonra başlayan və davam edənlər...

Klaviyaturanın düymələrinə toxunmaq, sait, samit qarışıq bu qədər sözləri bir yerə yığmaq, fikrində, dodağının altında “işğal”, “Qarabağ” sözlərini düşünmək o qədər də asan deyil. Üstəlik, bütün bunları yaza-yaza bu qədər tarixin içərisində ölən, yaralanan, əlil olan, evindən illərdir qaçqın düşən, yurdsuz-yuvasız qalan insanları düşünmək ikiqat əzabdır.

Yaşadığın hər günün içərisində yadından çıxmasa da hansısa bir detalla, məqamla qaysaqlanan yarana toxunan həyatın içərisində bir də görürsən ki, bütün bunlara bais olan ölkənin rəhbərinin xanımı Bakıya gəlmək istəyir. Bu haqda yumşaq bəyanatlar səsləndirir. Burda qəribi əlbəttə ki, ağlamaq tutur. Çünki itirən də, hər şeyi zorla, qırğınla, göz yaşı ilə əlindən alınan da, hasarın bu tayından yanıb viran qalmış torpağına, ellərinə, evinə baxan da elə qəribin özüdür.

Anna xanımın bura gəlişində hansı hisslərin, duyğuların əsas rol oynadığını kəsdirmək müşkül məsələdir. Amma həmyaşıdım və həmkarım olan Anna xanıma xəyali suallarım yaranır.

O, baş verənlərdən ciddi şəkildə xəbərdardırmı?

Yoxsa mərhum yazıçı Qrant Matevasyan kimi o da Qarabağda bizə yaşadılan bir çox reallıqlardan “xəbərsizdir”?

Ömründə bircə yol lider həyat yoldaşına oyandığın torpaqda azərbaycanlıların qəbri, evi, yurdu varmı deyə sual veribmi?

“Atəş nöqtələrini susdurmaq” adı altında işğal olunan Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam rayonlarında ümumiyyətlə erməni yaşamadığını bilirmi?

Və BMT-nin məlum konvensiyasına “qeydsiz-şərtsiz” ifadəsinin nədən yazıldığı haqda məlumatı varmı?

Olmamış olmaz!

Çünki onun yazıçı Lyüdmila Ulitskaya ilə qoşalaşıb Qarabağa getdiyi videoya baxdım. Özgə torpaqlarında çox rahat gəzməsi, ahəstə duruşu, baxışlarındakı arxayınlıq və sakitlik ərinin “yallısı”ndan heç də geri qalmırdı.

Və nəhayət sonuncu sual: Bütün bunlardan sonra qadınlıq, sülh və qələm kimi ülvi dəyərləri qullanmaq ayıb deyilmi?

# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #