Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə

Yaxşılığın peşman elədiyi adam - İsi Məlikzadədən hekayə
19 noyabr 2019
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz dördüncü hekayə "Yaxşılıq"dır.

Müdir idarənin qabağında maşından düşəndə üzünü Kərimə tutub:

- Saat birə qədər azadsan, - dedi.

Bu girəvə Kərimin əlinə elə bil göydən düşdü - indi saat səkkizdir, günortaya qədər maşınla şəhərin başına min dəfə dolanmaq ola - Kərim neçə vaxt idi ki, cibində iki yüz manat pul hərləyirdi, macal tapa bilmirdi ki, poçta girib bu pulu Moskvada oxuyan kiçik qardaşı Namiqə göndərsin. Belə iş olmazdı, belə işləmək olmazdı, Kərim obaşdandan evdən çıxırdı, bir də gecə yarıdan keçəndə qayıdırdı: o tikintiyə dəy, bu tikintiyə dəy, o idarəyə sür, bu idarəyə sür. Adam gərək canına baxsın, atam-qardaşım, can cahana bir dəfə gəlir. Maşın maşındı, gərək ona da qulluq eləyəsən, nə olsun ki, dəmir-dümürdü? Budu ey, Kərimin «QAZ-69»-u dördcə ayın maşınıdı, baxımsızlıqdan hay-hayı gedib, vay-vayı qalıb, günlərin bir günü hansı yoldasa ayağını yerə dirəyib dayanacaq: «Tərpənmirəm, vəssalam. Gecə-gündüz məni minib çapırsınız, insaf da dinin yarısıdı, heç olmasa, sökülüb-dağılan yerlərimə əl gəzdirin». Kərim maşına necə əl gəzdirsin, harda əl gəzdirsin? Kərimin vaxtı, macalı varmı heç?

Axır vaxtlar könlündən keçirdi ki, taksidə işləsin. Heyf deyil taksi! Neçə gün işdəsən, neçə gün kefdə. Acanda da özünü ver arvadın yanına, rahat ye, iç, dincini al, həm də evin dərd-sərindən xəbərdar olarsan: bilərsən nə çatır, nə çatmır.


Kərim günü-günə satırdı, düzünə qalsa, işini atıb getməyə ürəyi gəlmirdi; müdirə üz-gözü öyrəşmişdi - müdir cavan idi. Kərimdən iki-üç yaş böyük olardı, qanacaqlı, mülayim adam idi. Kərimlə dost-yoldaş kimi rəftar edirdi. Həm də taksiyə gündə neçə adam minir, gərək hamısının nazını çəkəsən orda saxla, burda saxla, çamadana kömək elə, pulun qalığını qaytar. Parka qayıdandan sonra da zəhmətlə, müsibətlə qazandığın qəpik-quruşdan ona ver, buna ver. Hünərin var, vermə. Yox, deyəsən, idarə maşınında işləmək yaxşıdır: öz əlin, öz başın, bir müdirdi, bir də sən.


Kərimgilin evlərinə yaxın poçt Yasamalda idi, bir yerə məktub, pul-filan göndərəndə burdan göndərərdilər. «QAZ-69»un ağzını döndərdi Yasamala tərəf.
Maşını sürə-sürə küçələrə fikir verdi, gördü ki, küçələrdə adam seyrəlib. Bakının isti günləri başlanmışdı - iyunun əvvəli idi - kimin imkanı vardısa, indi daş-divarından od tökülən bu şəhərdən qaçmışdı: kimi kurorta getmişdi, kimi Xəzərin yamyaşıl, duzlu, ilıq suyunda sərinlənirdi, bağı olan bağda, olmayan da parkda, xiyabanda, evinin bir küncündə kölgələnirdi. Şəhərin belə seyrək vədəsi Kərimə xoş gəlirdi, belə vaxtlarda həm maşın sürmək asanlaşırdı, həm də dükan-mağazalarda basabas olmurdu. Kərim ilin bu çağında dincəlməyi ağlına da gətirmirdi, göydən parça-parça od ələnsə də, Bakıda iki adam qalacaqdı: o, bir də onun müdiri... Müdir sağ olmuş özünə qətiyyən fikir vermir, elə bilir həmişə belə cavan, qıvraq, sağlam olacaq, dincəlməyə qışda gedir. Havalar soyuyandan sonra day nə istirahət? Kərim də müdirlə birgə çıxırdı məzuniyyətə, onda da ev-eşiklə əlləşirdi. Yasamalda dədə-babadan qalma birmərtəbəli, üçgözlü evi vardı, balaca həyəti vardı. Yan-yörəsini çoxmərtəbəli binalar bürümüşdü, ancaq Kərim bu hündür evlərdə yaşamaq istəmirdi. Böyük qardaşı neçə il idi ki, doqquzmərtəbəli binanın altıncı mərtəbəsində olurdu, qardaşıgildə çox oturanda Kərim darıxırdı, elə bilirdi vertolyotda oturub. Qayıdanda, nədənsə, liftə minmirdi, həmişə pilləkənləri düşəndə fikirləşirdi ki, adamın ayaqları gərək yerdən üzülməsin, heyf deyil öz həyətim? Balaca da olsa, yenə həyətdir, iki-üç ağacı var, su kranı var, orda asudə nəfəs alırsan. Yayda xartutun kölgəsində oturub pürrəngi çay içmək nəyə desən dəyər.
Kərim maşını saxladı: qabaqda bir dəstə uşaq əl-ələ verib, yolun sağından soluna keçirdi. Bağça uşaqları idi, tərbiyəçi qız onları tələsdirirdi, amma uşaqlar yerişlərinə haram qatmırdılar, elə bil küçədə, bu yolda onlardan başqa heç kim yox idi, danışa-danışa addımlayırdılar. Kərim fikirləşdi ki, bu körpələri şəhərin istisində saxlamaq insafsızlıqdır, gərək bunları bir sərin yerə aparaydılar. Uşaqlar keçib getdilər, Kərim maşını yerindən tərpətdi və birdən yadına öz övladları düşdü. Kərimin bir oğlu vardı, bir qızı. Oğlu beşinci sinifdə oxuyurdu, qızı üçüncü sinifdə. Kərim qızından çox razı idi, amma oğlu sarıdan qəlbi bir az sınıq idi. Kərim sükanın arxasında «əhh» eləyib, bir ah çəkdi və başladı yana-yana ürəyində oğlundan gileylənməyə, elə gileyləndi, elə bil kimsə yanında oturub onun ürəyindəkilərə qulaq asırdı. «Adə, belə də müsibət olar? Altı aşıq boyu yoxdu, amma sinəmə böyük adam kimi dağ çəkir. O gecə müəllim gəlib, deyir, bəs oğluvuz oxumur, sinifdə şuluqluq salır. Eləmədim tənbəllik, elə müəllimin yanında durğuzdum bunu. Dedim, adə, sənə kitab alıram? Cavab ver də, alıram, ya yox? Dedi, alırsan. Dedim, dəftər alıram? Dedi, alırsan. Dedim, əyin-baş alıram? Dedi alırsan. Dedim, hər gün məktəbə gedəndə cibüvə bir abbası qoyuram? Dedi, qoyursan. Dedim, ayə, ay biveç, bəs nöş oxumursan? Hə, nöş oxumursan, ay sənin... Necə cinnəndimsə müəllim bizə gəlməyinə peşman oldu. Dedi, Kərim qardaş, hirslənməyin, çalışıb oxutdurarıq uşağı. Dedim, anam-bacım, bəs mən necə hirslənməyim? Mən bununçün özümü oda-közə vururam, gecə-gündüz əlləşirəm, bu da belə? Uşaq nə desə yaxşıdı? Deyir, neynirəm oxuyub, klarnetçalan olacam, toylara gedib pul qazanacam. Odu ey, deyir, qonşumuz klarnetçalan Ağasəlim üç sinif qurtarıb, amma hər gecə toydadı, evə paçka-paçka pul gətirir. Uşağa bir bax, indidən qazanc yolu seçir özüçün. Təzədən cin vurdu başıma. Dedim, ayə, elə bilirsən klarnet çalmaq dəm-dəm halvasıdır, ötürəsən içəri. Adə, klarnetçalanın gərək talantı olsun. Bəlkə sənin talantın yoxdu heç. Dedim, atam-qardaşım, klarnetçalanın gərək nəfəsi olsun, gərək ciyəri mal ciyəri kimi olsun onun. Adə, sən klarnet püfləyə bilərsən? Skeletə oxşayırsan...»

Kərim gördü ki, qabaqda - onun yolunda bir «Volqa» dayanıb, sürəti bir az azaltdı. Birdən «Volqa» yerindən tərpəndi, sürücü qapını açıb təzədən çırpdı və bu vaxt yerə, nəsə, əl boyda bir şey düşdü. Kərim nə qədər siqnal verdisə də, «Volqa» dayanmadı, başqa küçəyə burulub gözdən itdi.

Yerə düşən qara pul kisəsi idi. İçində pasport, təyyarə bileti, bir dəstə də şax-şax pul vardı, hamısı da iyirmibeşlik. Kərimi tər basdı. Kərim uşaqlıqda xırda-xuruş pul itirmişdi, elə indi də hərdən itirirdi, - amma ömründə bircə qəpik də tapmamışdı. Burda yəqin iki-üç min pul olar. Get əyin-baş al özüvə də, arvada da, uşaqlara da. Lap təptəzə mebel al... Bəxtə bir bax ha. Bəxtin gətirməyi yəqin belə olur... Bəs onun, bu pulu itirənin bəxti? Yəqin varlıdı, yəqin kurorta-keyfə, pul xərcləməyə gedir. Kərim təyyarə biletinə baxdı. Bilet Moskvaya idi. Moskvada kurort nə gəzir? Bəlkə onun Moskvada vacib işi var? Bəlkə oğul evləndirib, qız ərə verir, gedir ki, xəm-xırt alsın. Bəlkə orda xəstəsi var, ona dəyməyə gedir? Bəlkə elə o xəstə can üstədir, bu adamın yolunu gözləyir, bu adamın həsrətindədir? Bəlkə dərdinə əlac tapılmayan o xəstə elə Kərimin oğlu yaşında bir uşaqdı?.. Kərim bir anlığa o uşağı gördü də. Gördü ki, ağ xalatlı həkimlər, şəfqət bacıları yığışıblar uşağın çarpayısının yanına, amma uşaq onlara baxmır, uşaq güclə nəfəs alır, irilənmiş gözlərini zilləyib qapıya...
Kərim pasportu vərəqləyib ordakı ünvana baxdı və maşını geri döndərdi. «Atam-qardaşım, Namiq, pulu bir-iki saat gec alsan incimə. Bu kişinin işi səninkindən vacibdir».

Kərim kəsə yollarla gəlib Neftçilər prospektinə tez çatdı və axtardığı binanı asanca tapdı. Doqquzmərtəbəli bina idi, üzü Xəzərə tərəf dayanmışdı. Kərimin fikrincə belə yerdə, belə binada yaşayan adam mütləq vəzifəli adam olmalı idi.

Üçüncü mərtəbəyə qalxa-qalxa Kərim fikirləşdi ki, görəsən, bu dəri kisədə nə qədər pul olar və pulu saymamağına bir az peşman oldu.
Qapını alçaqboylu, sarıbəniz bir qız açdı. Qızın ürkə-ürkə baxmağından Kərim hiss elədi ki, qız evdə təkdir. Kərim pasportu açıb kişinin şəklini qıza göstərdi.

-Anam-bacım, bu adam burda yaşayır?

Qız başını tərpədib:

-Hə, - dedi.

Və Kərim pul kisəsi tapmağını qapının ağzındaca qıza yerli-yataqlı danışdı. Əvvəlcə istədi kisəni qıza verib getsin, ancaq bayaq Kərimin ürəyini titrədən bir hiss onu geri qaytarmağa qoymadı: doğurdanmı bu evin uşağı Moskvada xəstəxanadadır, doğurdanmı bu kisə yiyəsinin Moskvada vacib işi var? Axı, bu kişi kimdir, hansı yuvanın quşudur ki, bir dəstə təptəzə, şax-şax iyirmibeşlik itirir?

Kərim girəcəkdə ayaqqabılarını çıxartdı və səksəkə ilə baxıb gördü ki, corablarının cırıq-söküyü yoxdur, - sağ olsun arvadı, havalar ki qızdı, tez-tez Kərimin corablarını dəyişir, gecə Kərimdən xəbərsiz ayaqqabılarının içinə qoyur. Kərim şüşə kimi parıldayan parket döşəmədə elə usduf-usduf yeridi ki, elə bil yıxılmaqdan qorxurdu. Qız onu uzun dəhlizdən keçirdib, hündür tavanlı böyük bir otağa gətirdi. Otaqda yekə bir divan vardı, döşəmədəki parket rəngində çəhrayı qırmızımtıl piano vardı, burda çoxlu büllur qab vardı və bu qablara baxan kimi Kərim fikirləşdi ki, bunlar yaraşıq üçündür, bunlara xörək çəkməyə, su tökməyə adamın heyfi gələr. Ağ örtüklü dəyirmi stolun üstünə xeyli kitab-dəftər tökülmüşdü. Kərim yumşaq kresloda oturan kimi divara baxdı. Beş-altı yaşlı bir uşağın böyüdülmüş rəngli şəkli vardı burda. Qıvrımsaç, irigözlü uşaq idi, oğlan ya qız olduğu bilinmirdi. Kərim ürəyində allaha yalvardı ki, bu qəşənglikdə uşaq xəstə olmasın və öz-özünü məzəmmət elədi ki, uşaq məsələsi, xəstəxana məsələsi onun ağlına niyə girib?

Qız harasa zəng elədi. Soruşdu ki:

-Dayım ordadı?

Dəstəyi götürən qadın cavab verdi ki:

-Burdadı.

Dəstəkdə səs çox aydın eşidilirdi, elə bil bir addımlıqda danışırdılar. Sonra bir kişi səsi eşidildi. Soruşdu ki:

-Məni neynirsən?

Qız həyəcanlı idi.

-Bizə bir nəfər gəlib, - dedi və əhvalatı xəttin o biri başındakı kişiyə qısaca danışdı. Kişi niyəsə bir az susdu. Sonra dedi:

-Tut onu saxla, gəlirəm!

Kişinin səsi polad kimi idi və bu səs polad yumruq kimi dəydi Kərimin başına.

Qız əli yanırmış təki dəstəyi tez yerinə qoydu və alt dodağını çeynəyə-çeynəyə dönüb Kərimə baxdı. Kərim gördü ki, bu sarıbəniz qızın yanaqları bircə anın içində qançır kimi oldu. Qızın burnunun üstü də, alnı da qızardı. Kərim istədi durub getsin, amma getmədi: Ürəyində «Lənət şeytana, - dedi, - birdən elə bilər qaçmışam onun qabağından. Qoy gəlsin görüm nə deyir. Necə yəni «tut onu saxla?» Bu qız məni niyə saxlamalıdır, bu qız məni necə saxlaya bilər?»
Qız telefonun yanında donub qalmışdı. Bilirdi ki, dayısının dediklərini bu üzü tüklü yad kişi eşidib, çünki kişi birdən-birə pərt olmuşdu, gözlərini döyə-döyə qalmışdı. Kərim arıq idi, cansız-cəsədsiz idi, xəstəlikdən təzəcə qalxmış adam kimi gözləri çuxurda idi, amma Kərimin gözləri anadangəlmə belə idi. Üzünün tüklü olmağı onu bir az aciz, fağır göstərirdi və Kərim hiss eləyirdi ki, qızın ona yazığı gəlir. Kərimin də qıza yazığı gəldi. Onu xəcalətdən, pərtlikdən qurtarmaqçün özünü ələ alıb danışdı. Soruşdu ki:

-Sən də burda yaşayırsan?

Qız başı ilə stolun üstündəki kitab-dəftərə işarə elədi:

-Qəbul imtahanlarına hazırlaşıram, - dedi. - Rayondan gəlmişəm... Keçən il instituta girə bilmədim. İstəyirəm bəxtimi bir də sınayam.

Kərim:

-İnşallah, bu il instituta girərsən, - dedi və üzünü qıvrımsaç uşağın şəklinə tutub soruşdu:

- Nəyindi bu?

Qız şəklə baxmadan:

-Dayımın oğludu, - dedi. - İndi böyüyüb, on dörd yaşı var. Bu şəkli dörd-beş yaşı olanda çəkdiriblər. Bir həftədir anasıyla Soçiyə gedib.

Gümanın düz çıxmadığına Kərim sevindi. Sevindi ki, bu qıvrımsaç, qəşəng uşaq böyüyüb, özü də xəstə-zad deyil, indi Soçidə təmiz hava udur.
Kərim gördü ki, yavaş-yavaş qızın eyni açılır, üzünün, alnının qızartısı çəkilir. Amma özünün içindəki əsməcə hələ keçib getməmişdi. «O nə söz idi kişi dedi? Mən oğruyam, qulduram, nəyəm? Bəlkə səhv eşitmişəm?»
Kərim qıza baxıb güclə gülümsədi.

- Zəngi basan kimi qapını açdın, - dedi. - Bəs məndən qorxmadın? Məni tanımırsan, axı.

Qız dedi:

-Rayonda biz qapı bağlamırıq... - Sonra da günahkarcasına gülümsədi. Hər səhər dayım evdən çıxanda bərk-bərk tapşırır ki, qapını heç kimə açmayım. Siz zəngi basanda dayımın tapşırığı tamam yadımdan çıxmışdı. - Qız birdən məhrəm adam kimi soruşdu: - Çay gətirimmi?

Kərim dedi:

-Çox sağ ol, anam-bacım, çaynan aram yoxdu. Bir stəkan səhər, bir stəkan axşam, vəssalam.

Kərim düz demirdi, Kərim gündə azı bir samovar çay içirdi. Burda elə bil tikan üstündə oturmuşdu. Parıltılı parket döşəmə də, piano da, büllur qablar da onu darıxdırırdı. Kişinin telefonda dediyi sözlər Kərimin qulaqlarından getmirdi: «tut saxla... tut saxla.. tut saxla...» Kərim fikrini yayındırmağa çalışdı. Stolun üstündəki kitab-dəftərə baxıb, təzədən oğlunu yadına saldı və başladı ürəyində öz-özünə danışmağa, gileylənməyə. «Deyirəm, atam-qardaşım, mən oxumadım, nə qazandım? Hə? Rəhmətlik atam ha deyindi, rəhmətlik anam gündə dalımca məktəbə gəldi, genə ağlım başıma yığışmadı. On səkkiz yaşımda evləndim. Bay atonnan!.. On səkkiz yaşında! Narazılıq eləmirəm, çörək pulu çıxır, ailəmi dolandırıram, amma genə oxumaq yaxşıdı, atam-qardaşım. Mən şoferəm, müdir gəzdirirəm. Sən oxu, müdir ol, qoy səni gəzdirsinlər. Düz demirəm, bəgəm? Odu ey, mənim böyük qardaşım, sənin böyük əmin Feyzulla, Allah ömür versin ona, - oxudu, indi peşə məktəbinin direktorudu. Maşallah, balaları da oxuyandılar. Mənim kiçik qardaşım, sənin kiçik əmin Namiq institutu qurtardı, amma oxumaqdan doymadı, iyirmi yeddi yaşı var, hələ evlənməyib - allah canını sağ eləsin, indi Moskvada aspiranturada oxuyur. Dedi, ac-susuz qalsam da oxuyacam. Adə, bəgəm Namiqin qardaşları ölüb ki, Namiq ac-susuz qalsın? Feyzulla bir tərəfdən göndərir, mən də bir tərəfdən. Budu ey, iki yüz manat yığıb toplamışam, bir azdan gedib yola salacam».

Girəcəyin qapısı şaqqıldayıb açılanda qız sim kimi gərildi. Kərim qızın həyəcanlandığını görəndə kreslodan qalxıb dəhlizdən eşidilən ayaq tappıltısına qulaq asa-asa gözlədi ki, yəqin indi içəri nəhəng gövdəli bir adam girəcək; səsi polad kimi olan adam balacaboy ola bilməz ki. Amma içəri ortaboylu, elə Kərim kimi arıq, gicgahları ağappaq 45-50 yaşında bir kişi girdi. Otağa girən kimi də əlini Kərimə uzadıb dedi:

-Onu bəri elə görüm.

Qız:

-Burdadı, - dedi və pul kisəsini pianonun üstündən götürüb kişiyə verdi:

Kişi hirsini güclə boğan adamsayağı başını bulaya-bulaya:

-Sizin əlinizdən bizə gün-dirlik yoxdu, - dedi. - Prafilaktoriyada cəmi iyirmi dəqiqə olmuşam. Tez gözünüz alıb ki, maşının içində pencək asılıb, hoop! vəssalam.

Kərim bu danışıqdan heç nə başa düşmədi. Çiyinlərini çəkib:

-Atam-qardaşım, bu nə söhbətdi? - dedi. - Mənim otuz yaşım var, hələ haram tikə yeməmişəm.

Kişinin nazik dodaqlarında, parıltılı gözlərində acı bir təbəssüm dolandı.

-Tanıyırıq sizi, - dedi və başladı dəri kisənin içindəkiləri yoxlamağa. Pasport da yerindəydi, təyyarə bileti də, pulu da. Amma kişi, deyəsən, naçar qalmışdı, bilmirdi Kərimin yanında pulu saysın, ya yox.

Kərimin matı-qutu qurumuşdu. Çaş-baş qalmışdı, günahkar adam kimi gözlərini döyürdü, ayağının birini götürüb, o birini qoyurdu. Kərim pianonun yanında donub qalmış qıza nəzər saldı. Qızın yanaqları təzədən allanmışdı, burnunun üstü də, alnı da, boyun-boğazı da qızarmışdı. Kərim sözünü qıza dedi:

-Mən... Mənim ayrı niyyətim olsaydı... Oğru olsaydam, day bura nöş gəlirdim?

Kişi tələsik dedi:

-Etibar qazanmaq üçün.

Kərim yenə heç nə başa düşməyib çiyinlərini çəkdi. Kişi kisənin içindəki iyirmibeşliklərdən birini çıxarıb stolun üstünə atdı. Üzünü Kərimə tutub;

-Götür, - dedi.

Sarıbəniz qızın dodaqları titrədi. Qız yalvarırmış kimi yavaşdan:

-Ay dayı... - dedi.

Kişi onun üstünə çəmkirdi:

-Sən burda nə qələt eləyirsən, aaz?!

Qız başını aşağı salıb otaqdan çıxdı.Kərim əvvəlcə stolun üstündəki iyirmibeşliyə baxdı, sonra gözlərini zillədi kişinin parıltılı gözlərinə və özünə söz verdi ki, bir də oğlunu danlamayacaq. Qoy oğlu klarnetçalan olsun, nağaraçalan olsun - nəçi olur-olsun, təki adam olsun. Oxuyub bu kişi kimi olacaqsa, vay Kərimin halına!

Kərim dinməz-söyləməz otaqdan çıxdı. Çaşdığından az qalmışdı ayaqqabısız getsin. Qapının ağzında ayaqqabılarını geydi və birdən uzun dəhlizin o biri başında sarıbəniz qızı gördü; qız arxası ona tərəf dayanmışdı. Kərim səsi titrəyə-titrəyə:

-Salamat qal, anam-bacım, - dedi. İstədi desin ki, inşallah, bu il instituta girərsən, amma demədi, deyə bilmədi, boğazına yumruq kimi tıxanmış qəhər onu danışmağa qoymadı...

Həyətdə maşına oturandan sonra da Kərimin içindəki əsməcə keçib getmədi.

Kərim yan güzgüdən gördü ki, kişinin «Volqa»sı arxada dayanıb. Kərimin qulaqlarında uğultu qopdu, əlləri, ayaqları əsdi. Başı ağırlaşdı, beynində səbrini daraldıb bircə tikə eləyən bir fikir dolandı: «haramdı, haramdı, haramdı. Maşını, pulu, rahatlığı necə qazanıb?... İnsafı olmayana haramdı bunlar».

Kərim «QAZ-69»-u sürətlə dala verdi «QAZ-69»un arxası «Volqa»nın burnuna dəydi. Bərk şaqqıltı qopdu, şüşələr çiliklənib asfalta töküldü. Kərim gözlərini yumub, ürəyində: «Bağışla, Namiq - dedi, - bağışla atam-qardaşım, sənə pul göndərə bilmədim. Bu pula maşının əziyini düzəltməliyəm. İdarə maşınıdı, neynəyim?»

«QAZ-69» dəli bir nərə çəkib həyətdən çıxdı. Kərim heç düşüb baxmadı ki, görsün maşının harası əzilib..

# 4286 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #