Mirmehdi Ağaoğlu: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram dindarlar məni öldürər”

Mirmehdi Ağaoğlu: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram dindarlar məni öldürər”
15 oktyabr 2019
# 13:37

Bu gün tanınmış yazıçı Mirmehdi Ağaoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onunla səmimi söhbəti diqqətinizə çatdırır.

- Miri, niyə hamı səni çox istəyir? Heç kimlə problemin olmayıb. Adətən ədəbi mühitdə tanınmış imzalar arasında dava-qovğalar olur. Səndə isə əksinədir.

- Bu sualı mən də tez-tez özümə verirəm. Arada cavabını tapıram, arada da tapa bilmirəm. Əvvəla ona görə ki, kiminləsə konfliktə girəndə özümü çox pis edirəm. Tutalım, kiməsə nəsə deyib, onu hər hansı formada incidirsən də düzdür? Ancaq mən özüm də incinirəm və uzun müddət özümə yer tapa bilmirəm. Bir də uşaq vaxtından eşitmişəm ki, hamı babam haqqında xoş sözlər danışıb. Heç kəsi görmədim ki, onun haqqında nəsə əyri danışsın. Adı Əliağa idi, hamı onu Ağa deyib çağırırdı. 29 ildir rəhmətə gedib, hələ də onu hörmətlə xatırlayırlar. Biz də kəndimizdə Ağanın balaları deyirlər. Və istər-istəməz uşaq vaxtından məndə belə düşüncə formalaşıb ki, bir nəvə kimi onun adına layiq olmalıyam. Məncə sadə cavabı budur. Bir də ki, o qədər "İsa peyğəmbərə oxşayırsan" dediniz ki, boynuma məsuliyyət qoydunuz. Mən heç, İsa peyğəmbərdən ayıbdır (gülür).

На изображении может находиться: 1 человек, сидит

- Amma bir dəfə Fikrət Qocayla tutaşmışdın. Sərt bir yazı yazmışdın...

- Nolsun? Ancaq ondan sonra da görüşdüm, təzədən bir müsahibə aldım. Bir neçə gün əvvəl də tədbirdə gördüm, görüşdüm. Mənim Fikrət Qoca ilə şəxsi davam yoxdur. O yazıda da ümumən ədəbiyyatın mənafeyini müdafiə etmişdim. Bugünkü gündə neqativ fikirlərə köklənmək istəmirəm, ancaq hamıya bəllidir ki, nə vaxta qədər ki, AYB-nin rəhbərliyində ahıllar oturacaq, ədəbiyyatımız da elə Fikrət Qoca, Anar yerişi ilə yeriyəcək. Necə olur ki, Elçin 31 yaşında AYB katibi ola bilir? Özü də bütün SSRİ-də ən gənc katib idi. Ancaq indiki gəncləri AYB-nin həndəvərinə də buraxmırlar. Nəsə bunları başqa vaxt danışarıq, məsələn, Kulisin canlı yayımında...

На изображении может находиться: 2 человека, люди сидят, стол и в помещении

- Kulis demişkən... Bizi – Kulisi niyə tərk elədin?

- APA bərpa olunanda mənə dəvət gəldi. Rəhbərlik belə məsləhət gördü ki, Apa.az-da çalışsam yaxşıdır. Əvvəl bir az çəkindim, amma indi yerimdən çox razıyam. Bir də ki, özün bilirsən, mənim Kulisdən ayrılmağım formal xarakter daşıyır. Qəlbimlə elə kulisçi dostlarımın – sizlərin yanındayam. Azərbaycanda sırf ədəbiyyatla, mədəniyyətlə məşğul olan, bəlkə də birinci platforma Kulisdir. Kulis mənə çox doğmadır. Nə vaxtsa bu layihənin bir parçası olduğuma görə, qürur duyuram.

- Səndən ötrü həmişə darıxmışıq. Sənsiz davaların, mübahisələrin dadı-tamı qaçıb. Sən necə? Darıxırsan?

- Yox, darıxmıram (gülür).

На изображении может находиться: 4 человека, в том числе Aliya Dadashova, Sherif AG и Ayxan Ayvaz, люди улыбаются

- Gəl, sənə Kulisdəki ənənəvi zarafatı eləyək: Feysdə qız tuta bilirsən?

- Buna elə zarafatla da cavab verim: hə.

- Amma Ka - oğlun (Mirmehdi oğlu Mirkazımı belə çağırır – red) səndən yaraşıqlıdır. Onun perspektivi daha çoxdur.

- Hə, arada ona paxıllığım tutur. Sənin deməyinin problemi yoxdur, bir də görürsən xanımlar deyirlər ki, oğlun səndən yaraşıqlıdır. Mən də çarəsizcə razılaşıram.

На изображении может находиться: 2 человека, люди сидят

- Miri, sən seyid ailəsində böyüyübsən. Dinə sevgin olsa da, o qədər də dindar deyilsən. Ümumiyyətlə, məxsus olduğun nəsil şəcərəsinin müqəddəsliyini özündə, həyatında və yazılarında nə qədər hiss eləyirsən? Bu həm də bir məsuliyyət və çərçivə deməkdir.

- Din haqqında, onun həyatımdakı yeri haqqında çox düşünmüşəm. Bu haqda hələlik essevari bir şeylər qaralayıram, bəlkə yaxında çap elədim. İndilikdə geniş danışmaq istəmirəm. Ancaq sənə deyim ki, seyidlik mənim üçün dini bir nəsnədən çox, sırf şəcərə ilə bağlıdır. Özün düşün, dünyada nə qədər nəsil var ki, bu qədər uzun tarixçəsi olsun. Yarı gerçək, yarı mifik də olsa seyidlər deyə bir nəsil var və mən buna görə öz içimdə fəxr edirəm. Onu kənara heç zaman büruzə vermirəm. Ancaq sənə deyim ki, seyid nəslindən olmağım mənə bir çox məsələlərdə kömək edib, istər həyatımda, istər yazılarımda onun təsirini hiss etmişəm, həmişə sığalı üstümdə olub. Dindar olmamağıma gəldikdə isə... Ola bilsin şablon səslənəcək, ancaq mən əməllərimdə bu ada layiq olmağa çalışıram. Bunu nə qədər bacarıram, bilmirəm.

- Din sənə yazmaqda da kömək elədi. Ən yaxşı hekayələrin Quran motivli hekayələr idi. Bu silsiləni davam etdirəcəksən?

- Silsiləni davam etdirib-etməyəcəyimi bilmirəm. Din mətnlər, mifologiya yazıçı üçün çox böyük ilham mənbəyidir. O mətnlər qalıcı olur ki, onlar kürəklərini dini mətləblərə söykəyirlər. Bunun da sadə bir səbəbi var. Min illərdir din bizim düşüncələrimizi, arxetiplərimizi formalaşdırıb. Biz dindar olmasaq belə şüuraltı olaraq, dinin bizə təlqin etdiyi arxetiplərlə yaşayırıq. Və yazıçı da əsərlərində bu arxetiplərə söykənəndə oxucunun "sarı sim"inə toxunmuş olur. Burda bir məsələ də var ki, baxır necə istifadə edirsən. Bu çox vacibdir. Sənə etiraf edim ki, sırf Kərbəla hadisəsi haqqında gələcəkdə - 10 ilə, 20 ilə - böyük bir epopeya yazmağı düşünürəm. Ancaq bu dini əsər olmayacaq. Mən bunu dini əsər yazmaq üçün yox, roman yazmaq üçün yazacam. Yeri gəlmişkən, Şərq ədəbiyyatında dini motivdə yazılmış romanlardan biri kimi Nəcib Məhfuzun "Məhəlləmizin övladları" romanını çox sevirəm. Hətta bu romana görə Məhfuza sui-qəsd təşkil olunmuşdu. Nə bilmək olar, bəlkə mənim də romanıma görə dindarlar məni öldürəcək? (gülür)

На изображении может находиться: 1 человек, стоит и в помещении

- Ailə şəcərəsi haqda roman yazmaq fikrin yoxdu bəs? Markesvari bir şey. Dünya ədəbiyyatında bunun örnəkləri də var.

- Sənə deyim ki, seyid ailələrində olan elə adətlər var ki, onları çoxları bilmir. Yəqin ki, bunları heç olmasa fakt xatirinə yazıb yaddaşa köçürmək lazımdır. Əslində mənim ilk hekayələrim, daha doğrusu cızma-qaralarım da bununla, elə nəslimizlə bağlıdır. Bir dəfə bir məclisdə böyük babam haqqında artıq əfsanələşmiş bir-iki rəvayət danışdılar. Dedim, yaddan çıxmamaq üçün bunları yazım. Beləcə yazmağa başladım. Ağlımda ideyalar çoxdur, sadəcə hələ də məişət qayğıları və başqa səbəblər imkan vermir ki, özün üçün mikro mühit yaradasan və o mühitin içində intizamlı şəkildə yazasan. Buna görə açığı çox təəssüflənirəm.

- İndiyə təəssüf edirsən, amma fakt budur ki, həmişə müsabiqələrdə yer tutmusan. Elə “Hörümçək” hekayən (yeri gəlmişkən o da Quran motivlidir)... Onun qazanmadığı uğur qalmadı. Daha hansı müsabiqəyə yollamaq fikrin var? Bəlkə onu uzadıb romana çevirəsən, sonra da Bukerə göndərəsən. Necə təklifdir?

- Təkliflərini özünə saxla (gülür). Dediyim kimi, ağlımda neçə-neçə romanın fikri, ideyası var. Dərd onları kağıza köçürməkdir e. Kərəmi bu yerdə ağlamaq tutur. Açığı sənə deyim ki, əvvəllər ad günümdə sevinirdimsə, daha sevinmirəm. Elə bil ki, qum saatını çevirmisən başı aşağı və qumlar sürətlə şüşənin aşağısına doğru axmaqdadır. Ortada da heç nə yox. Ona görə də daha qabaqkı kimi ad günümdə sevinib eləmirəm. 37 mənim özümü repressiya elədiyim yaş olacaq. Özümə qarşı daha sərt, daha qəddar olmalıyam. Yalandan bir-birimizi tərifləməyimizə baxma, yaş gedir, ancaq ortada həqiqətən ciddi nəsə yoxdur. Düzdür, hansısa müsabiqələrdə hekayələrim yer tutub. Bunlar yaxşıdır. Ancaq ədəbiyyatın missiyası, məramı bu deyil. Mən özümə 40 yaşa qədər vaxt qoymuşam: ya ortaya bütün mənalarda sanballı bir əsər qoycam, ya da hər şeydən uzaqlaşacam. Bunu bir dəfə deyəsən Şərif Ağayar da demişdi, 30-40 yaş arası yaradıcı adam üçün ən kritik perioddur. Əvvəl nələrsə yazmısan, cavanlığına və nəyəsə hörmət edib tərifləyiblər. Ancaq yaş ötür, əvvəlki əsərlər geridə qalır, özünü təsdiq etmək üçün yeni əsər ortaya qoymalısan. Bu zaman da içində bir qorxu yaranır ki, birdən bu əsər zəif olar və əvvəlki şöhrətin də əldən gedər. Ədəbi mühitə fikir ver, nə qədər adam 20-30 yaş arasında yazdıqlarının çörəyini yeyir, sonrakı illərdə nəsə yazmaqdan çəkinir ki, birdən zəif alınar. Ona görə də deyirəm ki, 30-40 yaş arası period çox ağır dövrdür. Özümə bu dövrdə təmkin, səbir, cəsarət arzulayıram.

На изображении может находиться: 2 человека, люди улыбаются, текст

- Biz bilirik ki, atan da dinə yaxın adamdır, klassik ədəbiyyatı çox yaxşı bilir, özü də sənətkardı – nəqqaşdır. Yazıçı olmağında atanın rolu nə qədərdir?

- Atam haqqında onu deyə bilərəm ki, öz həyatını yaşayan adamdır. Heç vaxt səhər durub tezdən işə qaçmağı xoşlamayıb. Deyir ki, Allah insanı faili-muxtar, yəni azad yaradıb. Öz istədiyi kimi yaşamalıdır. Həmişə də könlüncə olan işləri görüb. Mən o vaxt bankdakı işimdən çıxanda da atam heç nə demədi, əksinə mənə qahmar çıxdı ki, insan gərək könlü olan işdə çalışsın. Klassik ədəbiyyata gəldikdə isə, uşaq vaxtından mənə həmişə elə gəlib ki, Füzuli də bizim ailənin bir üzvüdür. Evimizdə onun adının çəkilmədiyi, bir beytinin səslənmədiyi gün olmayıb. Yəqin bütün bunların təsiri olub. Gəl sənə qısaca bir şey danışım. Bir dəfə atamla əmim söhbət edirdilər. Mənim onda 14 yaşım heç olmazdı. Atam yenə Füzulidən, Seyid Əzimdən danışdı. Əmim də ona dedi ki, ədəbiyyat təkcə Füzulidən, Seyid Əzimdən ibarət deyil. Həmin söhbətdə əmim Markesin, Folknerin adını çəkdi ki, dünyada belə yazıçılar var. Və onlar da öz əsərlərində aşağı-yuxarı elə Füzulinin, Seyid Əzimin dediklərini deyiblər. Bu məni maraqlandırdı və Markesin əsərlərini oxumağa başladım. O vaxtdan Füzuli ilə yollarımız ayrıldı. Mənim də Füzulim Markes oldu.

- Nə vaxtsa atan ədəbi qəhrəmanın ola bilərmi? Axı Pamuk da nəqqaşlardan yazmışdı.

- Yəqin ki. Hələ buna hazır deyiləm.

На изображении может находиться: 2 человека, люди улыбаются, люди стоят, солнечные очки, дерево, на улице, часть тела крупным планом и природа

- Gəl, ciddi söhbətdən bir az kənara çıxaq. Bu gün də doğum günündür. Arada zarafat da lazımdır. Bəzən deyirlər ki, Miri ona çox da lazım olmayan terminlər və sənətçi adları bilir. Düzdü bu?

- Deyəsən klaviaturanın arxasına Şərif keçdi. Yox? (gülür) Bunu deyənlər məni istəməyən qüvvələrdir.

Bilirsən, biz olduqca dinamik bir dövrdə yaşayırıq. Çağdaş dünyanın sənət adamları ən azı bir xarici dil bilməlidirlər. Biz tez-tez deyirik ki, Azərbaycan ədəbiyyatı niyə dünyaya çıxmır? Düzdür? Bunda dövləti də, AYB-ni də, başqa qurumları da günahlandırırıq. Ancaq gəl etiraf edək ki, dünyaya çıxmaq üçün özümüz nə edirik bəs? Çağdaş dövrün yazıçısı, sənətçisi mütləq ingilis dilini bilməlidir. İngilis dilini bilmədən sən xarici aləmlə əlaqələr qura bilməzsən. Nə də sənin elə böyük ədəbiyyatın yoxdur ki, xarici nəşriyyatlar gəlib səni tapsın. Buna özün can atmalı, şəxsi əlaqələr yaratmalısan. Bunun üçün də xarici dil bilmək vacibdir. O gün Llosanın müsahibəsini oxudum. Orda da oxşar şeylər deyir. Əgər Borxes gəlib Fransada fransız dilində mühazirə ilə çıxış etməsəydi, Latın Amerikası yazıçıları Avropa dillərini bilib Avropa dilli mühitə çıxmasaydılar, yəqin ki, Latın ədəbiyyatı fenomeni bir neçə on il gecikəcəkdi. Ona görə də düşünürəm ki, bizim yazıçılar da ingilis dilini mütləq öyrənməlidirlər, heç olmasa rus dilində yazmağı bacarmalıdırlar. Təəssüf ki, içi mən qarışıq çoxumuz bu məsələlərdə axsayırıq. Mənim də termin təşnəm, sənin dediyin sənətçi adı təşnəm bundandır. Son 50 ildə dünya mədəniyyəti sürətlə dəyişib, sənətin müxtəlif sahələrində yeni trendlər yaranıb. Bu trendlərdən ən azı termin səviyyəsində xəbər tutmadan nəinki Avropaya çıxmaq, heç bir avropalı ilə normal söhbət edə bilməzsən. Çünki sənə muzey eksponatı kimi baxacaq.

На изображении может находиться: 1 человек, сидит и борода

- Sən canın, neçə rok qrupunun və rok ifaçısının adını bilirsən?

- Mən roku bir janr kimi çox sevirəm. Xüsusən ruys-rok məktəbini, bir də klassik rok ifaçılarını bəyənirəm. İndi yox, ancaq cavan vaxtlarımda ifalarını dinlədiyim rok qrupları haqqında internetdə də nələrsə oxuyub onlarla yaxından tanış olmağa çalışırdım. Sənə bir söz deyim. Səksəninci illərin Azərbaycan gəncləri ilə söhbət elə... Məsələn, İlqar Əlfioğlu... Rəhmətlik Adil Mirseyid də bu haqda yazılar yazırdı, onunla da bu barədə söhbətlər eləmişdik. O illərin gəncləri bizdən daha erudusiyalı, dünyagörüşlü idilər. Neçə-neçə rokçuları, qrupları tanıyır, onları dinləyirdilər. Ta bizim kimi, gitara deyəndə ağıllarına təkcə Rəmiş gəlmirdi, Cimmi Hendriusks gəlirdi, Carlos Santana gəlirdi... Yenə özümü saxlaya bilmədim, ad çəkdim (gülür).

- Ancaq deyəsən rəssamlığa xüsusi sevgin var. Bu nədən irəli gəlir?

- Səbəbini hələ tam araşdıra bilməmişəm. Ötən əsrin 70-ci illərindən başlayaraq Neftçaladan çıxan bir rəssam nəsli yetişib. Sakit Məmmədov, Həsən Daşdəmir, o cümlədən mənim əmim Mirələm Ağayev. Yeri gəlmişkən əmimlə Adil Mirseyid tələbə yoldaşı olublar. Ona görə, məncə, rəssamlığa sevgi də ailədən gəlir. Rəssamlıq sənəti sivilizasiyanın irəli getməsində çox nəhəng işlər görüb. Əgər fikir versən görərsən ki, Avropada intibah dövrü məhz rəssamlığın çiyinləri üzərində irəliləyib.

На изображении может находиться: 1 человек, стоит

- Ad gününü qeyd edəcəksən? Planında nə var? Qonaqlıq filan.

- Deməli, belə bir təzad yaranıb. Əvvəllər atamgillə qalanda həmişə yoldaşım şikayətlənirdi ki, gəl bu ənənəvi ad günü mərasimlərindən çıxaq. Ad günlərində çıxaq şəhərə, baş-başa ad günü qeyd edək, ya teatra, filmə gedək. Mən də razılaşmırdım. Artıq üç ildir ki, atamgildən ayrı yaşasaq da hər dəfə ad günü vaxtı imkan olmur deyə Rembrandtın "Azmış oğulun evə qayıdışı" tablosunda olduğu kimi əlimiz ətəyimizdən uzun atamgilə gedirik. Onlar süfrə açırlar, onlarla qeyd edirik. Bu məişət xırdalığına niyə vardım? İki il əvvəl bu haqda bir hekayə yazmışdım. Elə ad günüm günü. Ancaq nədənsə çap etməmişəm. Güman edirəm növbəti ad günümə qədər çap olunar.

На изображении может находиться: 1 человек, улыбается, сидит и в помещении

- İnşallah… Sonda... Sənə Kulisdə həm də Başlıq Miri deyirdik. Çox vaxt gedən yazıların başlığını sən qoyurdun. Bəlkə elə bu müsahibədə də başlığı sən verəsən. Nə deyirsən?

- Müsahibənin içini bir neçə yerə başlıqla minalamışam ki, işiniz asanlaşsın. Görüm hansını seçəcəksiniz. Mənim başlığım budur: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram dindarlar məni öldürər”.

# 8168 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #