Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri

Qəmin bacısı yox, dərdin qardaşı – Hafiz Hacxalılın şeirləri
14 oktyabr 2019
# 17:42

Kulis.az Hafiz Hacxalılın şeirlərini təqdim edir.

Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrını didir, oxuyur.

Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Laçına gedir, oxuyur.

Düşündükcə sonumuzu,
Sağımızı, solumuzu.
Qardaş, ölən ruhumuzu.
Bu səs dirildir, oxuyur.

Göydə uçan quşları da,
Gözümüzdə yaşları da.
Biz ürəyi daşları da,
Qədir əridir, oxuyur.

Aparır

Gözüm bir tərəfə, könlüm əsiri,
Dartıb arxasınca çəkir aparır.
Sinəm dərdlərinin xırman yeridir,
Yaz bilmir, qış bilmir, “əkin” aparır.

Elə arxasınca əlim uzalı,
Dilimdə “Qal, Getmə, Nolar” əzabı.
Ölmüşəm tabutum yarpaq misalı,
Bu gözəl qabaqda şəkil aparır.

Yan, qovrul, beləcə içində, Hafiz!
Keçdi ömrün “Nədən, neçində”, Hafiz.
Sevənlər dünyadan köçəndə, Hafiz.
Dünyanın ən ağır yükün aparır.

Olmur

Bir bilsən, əzizim, sənsizlik kimi,
Bu qədər qayğılar ömrə yük olmur.
Məni həsrətindi yıxıb-sürüyən,
Dərdin adı çıxıb, dərd böyük olmur.

Ürəkdi, başını qatardım onun.
Birtəhər dilini tapardım onun.
Çevirib başına atardım onu,
Heyif ki, ondan da üzərlik olmur.

Qəmin bacısı yox, dərdin qardaşı,
Nisgili ürəyə daşı ha daşı.
Tanrının özünə qarışıb başı.
Mənim çəkdiyimə heç şərik olmur...

İlahi, nə idi o qızın adı?

Hopdu damla-damla su yaddaşma,
Qaya baxışıma, qu yaddaşıma,
İlahi, nə deyim bu yaddaşıma,
İlahi, nə idi o qızın adı?

Bir mələk boylandı, bir bəndə getdi,
Bilmədim, mən yazıq nə səmtə getdi.
Saldı ürəyimi, kəməndə, getdi,
İlahi, nə idi o qızın adı?

Sinəm həsrət-həsrət qara şum oldu.
İki əlim oldu, bir başım oldu.
O qız sənin mənə qarğışın oldu.
İlahi, nə idi o qızın adı?

Kəsib günəş donlu qanadımı da,
Sındırıb sonuncu inadımı da.
Deyəsən, biryolluq unudacağam,
Vallah, belə getsə, öz adımı da,
İlahi, nə idi o qızın adı?

***

Bağlı qalıb nə vaxtdı,
Bu sükutun daş ağzı.
Mən sussam da, gözümün,
Açılacaq yaş ağzı.

Günü qara-ağ verib,
Dərdi ağ varağ verib.
Ömrü şuma döndərib,
İllərimin xış ağzı.

Göyərər, toxum olmaz.
Yataram, yuxum olmaz.
Ölümdən qorxum olmaz.
Bal dili var, xoş ağzı.

Nə bağım var, nə barım.
Ay gecikən baharım.
Gözləyirəm nübarı,
Mən bu qara qış ağzı.

***

Odu yanar aram-aram,
Qızınmaz ki, bu qara dam.
Ay ürəyi buz, qar adam
Ürəyimə xoş gəldin...

Payız nəğməsi

Bu payız nəğməsi sehrli, ovsun,
Qoyun sərçələr də bir az oxusun.
Can verən yarpaqlar son nəfəsini,
Cücülər, böcəklər sınıq səsini.
Qatsın bu nəğmənin şirinliyinə,
Sarı yarpaqların payız sevgisi,
Sevdalı könlümün yalqız sevgisi
İşləsin ruhumun dərinliyinə.

Murazı gözündə qalan o çiçək,
Bir də gülümsəyib haçan güləcək?
Ümidi qırılmış bir sapdı onun.
Bu sarı ayrılıq tez tapdı onu.
Gəzir saçlarında həsrətin əli,
Aman, nənən ölsün, ay sarı gəlin!
Sən də öz bəxtindən yarımadın heç!
Dayan, bircə anlıq boylan geriyə,
Sonra bu ayrılıq körpüsünü keç!

Nə sərhəd tanıyır, nə sədd tanıyır,
Tək sarı rəngində bir xətt tanıyır.
Gedər durnalar da sarı sim üstə,
Gedər qürbət elə dəstəbədəstə.
Göylərin gözündə sarı xətt qalar.
Gedən durnalardan əmanət qalar.
Yağar göy üzündən sarı nəğmələr,
Yol gələr ruhuma sarı nəğmələr.

A sarı payızım, a sarı nəğməm.
Hissimin, duyğumun açarı nəğməm.
Mən də yavaş-yavaş oxuyum səni.
Gözümə, könlümə toxuyum səni.
Mən payız dərdimi yaza bilmirəm.
Payızdan nə qalar yaza bilmirəm.
Təpədən-dırnağa sarı siməm mən.
Özüm də bilmirəm axı kiməm mən.
Payız donundakı adamam bəlkə,
Ya da,
Bir sarı yarpağa sığınan kölgə.
Sarı yarpaqların sarılığına,
Sığınıb oxuyur bir sarıköynək:
“Yenə payız gəldi qonaqlar kimi,
Soldu məhəbbətim yarpaqlar kimi”.
Təsəlli istəyən ürək, ay ürək.
Qoşul bu nəğməyə, ax bu cığırla.
Bir daş ürəklinin lap acığına.
O, səni anlamaz, o, səni duymaz.
Bu sirli, sehirli nəğməni duymaz.
Payız, qızıl payız, qızılı payız.
Qoy elə mən çəkim nazını, payız.
Sarıyım qanamış yaramı daha.
Tanıyım yaxşını, yamanı daha.
Bir yarpaq sözün də öz ahəngi var.
Payız nəğmələrin həsrət rəngi var.
Bu payız nəğməsi sehrli ovsun.
Qoyun sərçələr də bir az oxusun,
Qoyun sevənlər də bir az oxusun.

***

Yer qızıl, göy qızıl, hər tərəf qızıl,
Deyən zərgərlərin xəbəri yoxdu.
Payız qızılını hamıya qıyır,
Onun hasarı yox, çəpəri yoxdu.

***

Atam indi atasıyla yaşıddı,
Atam indi müdrikliyin zirvəsi.
O, od ömrü, o, su ömrü yaşadı,
Yandırmadı, dondurmadı heç kəsi.

***

Yad ellərin torpağı kimi,
dənizləri də qucaq açmaz sənə,
Su balıqlar üçün həyatdır, sənin üçün ölüm.
Ölümdən-oluma qaçmaq arzusu
dənizlərdən boy vermir.
Səni torpağa, daha doğrusu, dənizlərə
balıqlar basdırar, insanlar yox.
Sən indi dünyanın gözündən uzaq,
sən indi hamıya yadsan, yad.
Sənin indi bir adın var: miqrant!

Image result for Hafiz Təmirov

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #