Gecə saat 3-də gələn qonaq - Yeni hekayə

Gecə saat 3-də gələn qonaq - Yeni hekayə
25 yanvar 2020
# 16:51

Kulis.az Xəyyam Rəfilinin "Kimsəsiz söz" hekayəsini təqdim edir

Bir sözə oyanıram. Başımı balışdan qaldırmadan saata baxıram. Mavi rəqəmlərdə 03:41 yazılıb. Asanlıqla yuxuya gedə bilməyəcəyimi anlayıb qalxıram. İbrahim beşiyində şirin-şirin mışıldayır. Mətbəxə keçirəm. Bir stəkan su, qələm, kağız...

Bir söz haradansa – lap uzaqdan, səssiz-səmirsiz, xəbər-ətərsiz gəlmiş. Vaxtsız gələn sözlə tanış olmamış mətbəxin qapısında on ildən bəri tanıdığım sözün dayandığını görürəm.

“Niyə yatmırsan? Nə yazırsan? Soyuq olar sənə!” Doğma söz ətrafımda bir dövrə uçub yuxulu-yuxulu mətbəxdən çıxır və mən düşüncəmin üfüqlərindən qələməcən mübhəm qəribəliyə bürünmüş halda kimsəsiz sözlə tək qalıram.

“Sən kimin sözüsən? Haradan gəlirsən? Niyə mənə gəlmisən?” suallarını sıraya düzməyə hazırlaşıram ki, söz məni qabaqlayır.

Ədəb-ərkanla salam verir. Məşum, titrək, utancaq, ürkək... Bütün kimsəsizlər kimi!

“Bağışlayın... Çöldə dayanmaq olmur. Şaxta qılınc kimi kəsir. Bir yandan soyuq adamlar... Gedəsi yerim də yox... Heç nə istəmirəm... Bir gecəlik... Yox, mən sizi incitmərəm... ”

Kimsəsiz sözlər?!...

“Hə, işlənmiş, atılmış... Təkdən bir yaxşı adam çıxır. Bir də görürsən, bir neçə sözü götürüb getdi. Qəribədir. Elə adam var, başqasının sözünü işlədir, elə adam var, bir ayrı adamın sözünü veriblər ona, o da məcbur...”

Sözün səsi... Ya səsin sözü? Fasiləsiz danışır, imkan vermir ki, düşünüm...

”Bir şair var. Hərdən söz ovuna çıxır. O qədər kimsəsiz sözə can verib ki... Siqaret çəkməsə... Zalım... Tüstüdən söz sözü görmür... Mən də tüstüdən qorxuram. Yoxsa ilin-günün bu vaxtı şaxtada küçələnməzdim... Sən də qəribəsən e...”

Sözə bax, əl-ayağı isindimi, sənli-mənli danışır.

“Niyə elə deyirsən?”

“Nə bilim, belə birtəhərsən e. Sən kimsəsiz sözə yiyə durana oxşamırsan.”

Özümdən çıxıram...

“Sən bunun boyuna bax, hündürdən danışmağına bax... Axı mən hansı sözümü yiyəsiz qoymuşam?”

“Mənə bax, heç ömründə kimsəsiz sözə sahib çıxmısan?”

“Kimsəsiz söz... Hər sözün öz sahibi var axı... Mən ən azından öz sözlərimi sahibsiz qoymamışam. Lap tutalım, bu yetim sözləri yığıb gətirdim evə... Bəs sonra? Bunların nazıyla oynamaq var e... Birinin o birindən xoşu gəlmir, biri iki hərfini bir nöqtəyə dirəyəcək ki, məndən sonra filankəs yox, o biri söz gəlsin, o biri söz bir ayrı cür sifariş verəcək... Mən sizlə bacarmaram dost! Ən yaxşısı o şair sizi tüstülü otağında saxlasın.”

“Sən də elə hamı kimisən. O şair isə bizə görə hələ də subaydı. Paltarlarını da özü yuyur, yeməyini də özü bişirir. Amma bizi küçəyə atmır.”

Şaxtalı külək quduz it kimi küçənin başında ulayır... İndi gəl bu yetimi qov görüm, necə qovursan...

Dənizin uçurumundan boylanan günəşin sarı-qırmızı işığı mətbəxi dolduranda səhərin gəldiyini anlayıram.

Şəhər oyanır... Adamlar tələsir... Maşınlar şütüyür...

Bir qəribə yorğunluq çöküb canıma. Elə bil, səhərəcən qaçmışam...

Kağızda söz şəkilləri... Cızma-qara...

Sözə bax... Səssiz-səmirsiz, xəbər-ətərsiz gedib...

İndi bu qədər sözün içində səni necə tapım?... İnsafsız...

Gallery

# 3115 dəfə oxunub

Oxşar xəbərlər

Kino xidmətləri rəqəmsallaşacaq

Kino xidmətləri rəqəmsallaşacaq

10:30 18 aprel 2024
"Lənətli kitab" açıqlacaqmı? - Yeni film

"Lənətli kitab" açıqlacaqmı? - Yeni film

10:11 18 aprel 2024
"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
#
#
# # #