Qadın haqlarını qoruya bilməyən feministlərimiz

Qadın haqlarını qoruya bilməyən feministlərimiz
20 sentyabr 2019
# 11:01

Mən onun üzünü həmişə ifrat dərəcədə makiyaj olunmuş görürdüm. Soruşanda “Nədir, indi bəzənmək də qadağandır?” deyib gülürdü. Və mən başa düşürdüm ki, bu qadının taleyində o qədər çox şey qadağan olunub ki... Bilirdim ki, onu döyürlər, yaxşı davranmırlar, amma nə isə deməyə haqqım çatmırdı. Bir az danışan kimi “Qarışma!” deyib üzünü çevirirdi. Bir gecə bütün kənd əlində fənər onların evinə tərəf qaçdı. Özümü üzüyuxarı axan selə atıb getdim. Gördüm ki, makiyajının rəngləri üzünə dağılıb. Bu cinayətə görə ərinə cəmi 7 il həbs cəzası verdilər. O isə bəlkə də hələ 30 il, 40 il davam edəcək bir həyatı bitirmişdi. Cəmiləni bir də görmədim.

Hər gün üzünü makiyajla bəzəyən qadınların səsi çoxaldı.

Hər gün kimsə “bəsdi!” deyib susmaq istəmir.

Hər gün kimsə öz üsyanını bağırmaq cəsarətini tapır.

Bu hadisələrin fonunda isə baş qəhrəmanlar yox, digərlərinin taleyi, xarakteri aydınlanır.

Mən qadınlarının belə qadın hüquqlarını dolğun şəkildə bilməyən bir toplumun nümayəndəsi və nə təəssüf ki, bu cür davam etsə, utanaraq kişi olduğumu bildirəcək bir heyvan növüyəm.

“Feminist”lərinin vikipedik məlumatlardan da aşağı səviyyəli bilikləri ilə qoruya bilmədiyi, hüquq müstəvisindən kənarda (bunu deməyə məcbur edən hadisələr yaşayırıq) adam yerinə belə qoyulmayan, gənc nəslinin ən yaxşı halda pivə içib, siqaret çəkib, küçədə maşa rolundakı anarxist oğlanların yanında plakat tuta bilməyi azadlıq və qadın hüququ hesab edən, ictimai mövqeyi olmayan və ya ictimai-sosial mövqeyinin məişət çərçivələri ilə hüdudlandırılan, Orta Şərqin funksional İslamına uduzan, Avropanı həmişə əxlaqsızlıq yuvası kimi tanıyan qadınların hər gün dözərək yaşadığı bir cəmiyyətin əks cinsi olmaq hərdən utanc verir.

Bu gün hamılıqla feministik.

Qadın hüquqlarını deyil, insan hüquqlarını feminizm adıyla təhrif edib küçələrə yazmalı, ən azından bundan sonrakı qurbanları bu şəbəkədən azad etməliyik.

Heç kimi cinsi orientasiyasına görə ayırmamalı olduğumuzu ən kəskin və mentalitetin qulağının dibinə sillə vurarcasına hayqırmaq zamanı çatdı.

Övladlarımızı “sən kişisən, sən qız uşağısan” kimi lazımsız tərbiyə yüklü cümlələrdən xilas etməliyik.

Hər dəfə eyni yerə qayıdırıq. Bütün problemlərin kökü modern cəmiyyəti hələ də qura bilməməyimizdən irəli gəlir. Ədalətli, haqlı insanların şübhə donuna salınması, məsxərəyə qoyulması bu günün dəhşətlərini yaradır.

“Demaqoqluq eləmə” deyən adamların qızları bu gün evlərin küncüncə sınmış biləklərini sarıyaraq zar-zar ağlayır. Kimisi isə artıq ata-ana deyil.

Biz bizə öyrədilən dəyərləri çeynəyib tüpürməliyik.

İnsanı təmsil edən, insanı haqlı bilən yeni cəmiyyəti, aydın toplumu qurmalıyıq.

Çalışan və yeni nəsillərə kişi penisindən, qadın vaginasından, molla duasından, rahat həyatın pullu işlərdən başladığından mənasız mühazirələr oxumayan bir milli təfəkkür forması yaratmalıyıq.

Cəmiyyətimiz öz mexanizmindəki iki xüsusi detala görə irəliləyə bilmir, inkişafdan qalır. Birincisi, yanlış təbliğ olunan dini dəyərlər. İkincisi, yanlış ifadə olunan ailə dəyərləri.

Müasir dünyanın təməli çeşidlənmə erasının yaranışında qoyuldu. Brendlər, markalar, reklamlar, dəyişən tələb-təklif qaydaları, hüquqi münasibətlər və sairə. Bizə bu aktual mövzuda lazım olan hüquqi münasibətlərdir. İlk feminist dalğa məhz bu ifadənin davamı oldu. İlk zorakılıq, inkivizisiya dövründən daha dəhşətli cəzalar isə sənaye inqilabından sonra daha gizli və daha “humanistcəsinə” göründü, göstərildi.

Tarix və mədəni period göstərdi ki, inqilaba və mütərəqqi məqsədlərə görə döyüşən adamlara sahib cəmiyyətlər inkişafın pik həddini yaşadı və yaşamaqdadır. Məsələn, elə bu mövzularda adı tez-tez hallanan Fransa cəmiyyəti.

İctimai qınaq belə bu gün qadınlar üzərində daha kəskindi. Spirtli içkidən istifadə edən, siqaret çəkən, dəblə geyinən qadınlar bir də küçələrdə haqları tapdalanmış həmcinslərini müdafiəyə çıxsalar, onlara pozğun adı daha tez etiketlənir.

Üzülmək gərəkdir ki, bunların səbəbi elə kişi qeybətlərindən doğur. Ali irq isə heç də kişi deyilmiş. Bu qədər təzyiqin, problemlərin ittiham olunan tərəfi bizlərik. Deməli, çatışmayan şey bizim cəmiyyətə doğru reaksiya verməməyimizdir.

Sürətlə dəyişən dünyada insanların bu qədər qəddar və sevgisiz olması məni gələcək haqqında bədbin fikirlərə atır. Və məhz bizim kimi cəmiyyətlərdə, xüsusən bu mövzuda, bəli, mən feminizmin təbliğinin lehinəyəm.

# 3228 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #