Tarkovski filmləri nədən bəhs edir?

Tarkovski filmləri nədən bəhs edir?
20 sentyabr 2019
# 17:30

Kulis.az Günel Təhməzzadənin tərcüməsində Bijaya Bisvalın “Andrey Tarkovski ekzistensialist kinematoqrafiya filosofu kimi” məqaləsini təqdim edir.

Mən başa düşə bilmirəm ki, insanlar həyatın özünün mənasız olması faktını qəbul etdikləri halda, niyə incəsənətdən məna gözləyirlər” – Devid Linç

Tarkovski bir zaman heykəltəraşıdır. O, zamanı sadəcə saat vasitəsilə məhdudlaşan bir hesablama quruluşu kimi deyil, fəlsəfi bir konsepsiya kimi anlayır. Zamanın elmi qavrayışı çox kiçikdir və olduqca subyektivdir; o, bəzən məlul-müşkül gözləməyə düçar olanda, lənətli qeyri-müəyyənliklər sizi aşağı çəkərkən, bəzən də sevgilinin qollarında bir yuxu kimi sürətlə keçir və ya qürubdan, qış yağışından tutmuş çiçəyin üzərindəki damlalara və pəncərə şüşəsindəki şehə qədər forma dəyişdirir; insanlar üçün zaman bütün narahatlıqların əsas səbəbi olduğu kimi, həm də xatirə, yaddaş kimi yaraları sağaldan ən yaxşı anti-depressantdır. “Heç bir incəsənət növü kinonun etdiyi qədər zamanı müəyyən edə bilmir. Kino nədir, ancaq zamanla düzəldilən mozaika?” – o deyirdi. “Zaman hər şeyin baş verdiyi qeyri-müəyyən, yüngül bir ifadə vasitəsi deyil. Biz zamanın özünün sıxlığını hiss edirik”.

Tarkvovski ziddiyətli insan ruhunun dixotomiyalarını təhlil edən ekzistensialist kinemotoqrafiya filosofudur. Onun qəhrəmanları adətən həyatın mənasızlığını əvvəlcədən dərk edən və ağır bir şəkildə onun içindən çıxmaq üçün mübarizə aparan, ölümdən qorxduğu halda ölümə can atan Dostoyevskiçilərdir, O, fiziki olaraq ən ağrılı əzablarımızı göstərir, daxilimizi xaricimizə çevirir, məntiqsiz şüurumuzun gözəçarpan bir modelini qurur. Gerçəkdə beynimizin içində qadağan olunmuş yer olan “Zona” elə bir yerdir ki, biz burada iki tərəf arasındakı boşluqda körpü qurmaq üçün özümüzü manipulyasiya edərək mənən və idealistcəsinə prioritetlərimizə qarşı olan ən güclü istəklərimizi ölçüb-biçirik. Tarkovski insan qəlbinin içərisində bir təbiətin olduğunu açıqlayır. Onun simvolları, Toro kimi beton cəngəlliklər arasında ömür sürərkən qədim dövrə məxsus təbii dincliyin həsrəti çəkənlər, müharibə, texnologiya və müasirliyə nifrət edənlərdir. O həm də təbiətin özünü təsvir edir. Şiddətli qum fırtınaları ilə simvolizə olunan qəzəb, qarla təsvir olunan peşmançılıq, musson yağışları ilə təsvir olunan kədər və gün işığı ilə simvolizə olunan böyük uğur onun hekayələrinin nadir tərəfləridir.

“Güzgü” zamanın və yaddaşın axıcılığını nümayiş etdirir, necə ki, keçmişin həsrəti ilə məğlub gələcək bir-birinə qarışır və səpələnir. Elə bir gələcək ki, orada tarix əbədi təkrarlanır və öz evində aramsız şəkildə ev həsrəti çəkmək hissini yaşayırsan. O elə irəliləyir ki, elə bil şüur axını kimi axıb gəlib huşsuzluğa çatırsan, özünü Arseninin poeziyasında tapırsan və bu səbəbdən də film sanki anlardan deyil, misralardan yonulub. Görüntülü, iztirablı misralar okeandakı dalğalar kimi axır və bir-birinə qərq olur. Obrazların dəyişkən böhranlı taleləri ilə təlatümə gətirilmiş pərdələrin rəqsində, sürüşüb əldən gedən uşaqlığın yükü altında dağılmış, dəlik-deşik olmuş damlarda, ən azından təsəvvürlərimizdə azad olduğumuzu xatırladan, yüngülcə yerdən yüksələn və havada qalan xəyallarda bir poeziya var. Xəyallardan və pis yuxulardan ötüb keçmirsə bəs onda həyat nədir? Baş qəhrəman kainatın insan olmadan da mövcud olduğunu göstərmək üçün çıxıb gedəndə kamera səhnələrin arxasında dayanır.

İvan anasının kölgəsində böyüyən balaca oğlan olmağı arzulasa da özünü yetkin kişinin həyatını yaşayan yerdə tapır. Ququ quşunun nəğmələr ona mistik görünür, amma qətiyyən silah səslərindən qorxmur. Ətrafında gedən müharibə daxilində artıq yenildiyi mənəvi müharibə qədər ürəyini qanatmır . O müharibə ki, onun döyüş meydanı özü İvanı seçmişdi, İvan deyil. İntiqam istəyən alman məhbusun sığınacağının divarlarında onun yazdığı ismarıcları oxuyan İvan anlayır ki, o özü də intiqam gözləyən bir məhbusdur.

“Biz dəliliyin nə olduğunu bilmirik. Onlar adamı üzür, narahatlıq verir, biz onları dərk etməyi rədd edirik. Ancaq əlbəttə ki, onlar həqiqətə daha yaxındır”, bu dialoq “Nostalgia”nı qısa şəkildə izah edir. Bu hamının sağlam olaraq qəbul etdiyi insanların dəliliyi ilə dəli adamların müdrikliyinin hekayəsidir. Məşhur bir yazıçı həyatın məqsədini tapa bilməzkən dəli adam əlində şamla gölməçəni keçərək dünyanı xilas etmə meditasiyasına yiyələnir. “Solaris” içində peşmançılığın, iblislərin olduğu həyatımızın adsız okeanı barədədir. İnsanın özünü kəşf və müşahidə etmə öhdəliyindən boyun qaçıraraq başqa dünyanın kəşfinə olan mübtəlalığından bəhs edir. “Qurbanvermə” bizim heyvani ölüm qorxumuzu, siyasət və nüvə silahı ilə ələ keçirdiyimiz dünyada yolumuzu itirməyimizi aşkara çıxarır. Sivilizasiyanın nəbzi şəfqətlə yox, yalnız və yalnız soyuqluqla və ayrılıqlarla döyünür. Andrey Rublev rejissorun şəxsi jurnalının allegorik təmsilçisi kimi görünür. Bilmək istəyir ki, əgər sevmirsə, onda onun bütün hikmətinin dəyəri nədir? Obrazın psixikasının bədii təsviri, dini inancının sınanılması, şəxsi işlərə regional siyasətin təsiri –bütün bunlar sonda onla yekunlaşır ki, bu davamlı ruhi narahatlıqlara cavabı insanın Tanrı ilə barışmaq cəhdində tapmaq olar.

“Stalker” heçnə haqqında filmdir. İncə yolla həyatın məramını göstərir: Yəni, heç nəyi. Zona həyatımızın bütün suallarının təcəssümüdür. O sualların ki, bütün cavablarını bilirik, ancaq rədd etməyi seçirik. Yazdığı ədəbiyyatın heç bir zaman kiminsə həyatını yaxşılaşdırmadığına təəssüf edən yazıçı hər birimizdə bükülüb qalan özünə ikrahın və özünə şübhənin ən gözəl simvolizmidir. Tarkovski metaforik şəkildə hamımızın həyatına tək bir səhnəylə yekun vurur; biz hamımız arzularla aşıb daşsaq da onların həyata keçməsini nə dərəcədə istədiyimizə şübhə ilə yanaşan, ömür boyu “otağın” çölündə əyləşən əsəbi canlılarıq. “Şüurum istəyir ki, vegetarianlıq bütün dünyada qələbə çalsın. Ancaq alt şüurum bir parça dadlı ət tikəsinə can atır. O zaman mən nə istəyirəm?” Bu hər şeyi izah edir.

İnqmar Berqman bir dəfə demişdi ki, Tarkovskini bütün rejissorların ən böyüyü hesab edir. Lakin sonra bildirmişdi ki, Tarkovski ömrünün sonuna yaxın elə Tarkovskini təkrarlayır. Onun filmlərində mövzuların təkrarlanmağı barədə fikirlərdə həqiqət olsa da, ekzistensial təşviş, xristianlığa dərin hörmət, fresko sevgisi, film poeziyası, cansız nəsnələrin və yanıldıcı ahəngsizliyin verdiyi qarşılıq bir daha təsdiq edir ki, onun filmləri onun özü üçün necə də xüsusi idi. Sən Tarkovskini Tarkovski filmindən çıxara bilməzsən. Onun kinemotoqrafiyası bir çox əksər rejissorların mövzularını əhatələyib: Linçin filmlərindəki doğmalıqda yadlıq qorxuları, Berqman filmlərindəki absurdizm, yapon kinemotoqrafiyasındakı həsrət və ümidsizlik, Akerman və Lars Von Trierin göstərdiyi yalnızlıq. Tarkovski bizim bələdçimizdir: bizi həyatın rahatlığı və fəlakətləri içindən keçirərək arxasınca aparan və birbaşa mesaj və ya şərh buraxmadan həyatı qiymətləndirtdirən bələdçi. Kino işi özünü və Tarkovski kinosunu ifadə etməlidir, onun, bizim və bütün bəşəriyyətin üzü kimi yalnız olmalıdır.

https://www.highonfilms.com/andrei-tarkovsky-existentialist-cinematic-philosopher/

# 3633 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #