Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər

Yer kürəsi itirəcək materiklərini... –  <span style="color:red;">Borxesdən Şeirlər
25 may 2019
# 13:22

Kulis.az Firudin Həmidlinin tərcüməsində Borxesin şeirlərini təqdim edir.

İntihar

Bircə-bircə sökülüb-düşəcək ulduzlar

Gecənin libasından

Və gecə, soyunaraq kainatın qarşısında

Qərq edəcək özünü yoxluğun dərin sularına...

Mən bugün öləcəyəm

Və dözülməz kainat da

Addım-addım izləyəcək yolumu...

Bugün uçub-dağılacaq

Qədim Misir ehramları,

Əriyəcək

Sinələrdə daşınması hünər sayılan

Müharibə medalları.

Yer kürəsi bircə-bircə

İtirəcək materiklərini.

Kağız üzərində bir-birinə bulaşan

Müxtəlif rəngli boyalar kimi

Qarışacaq bir-birinə bütün insan çöhrələri

Və ən sonda

Çevriləcək heçliyin rənginə -

Qaraya, qaranlığa!...

Sovrulacaq birdən-birə

Yoxluğun küləyiylə

Dünənlərə qalaq-qalaq yığılmış bütün keçmişlər...

Mən bugün öləcəm!...

İndiysə

Seyr edirəm hələ

Son dəfə qürub edən günəşi.

Dinləyirəm sonuncu quşu...

Mən bugün öləcəm!...

Heç kəsə heç nə qalmayacaq məndən...

("Dərin gül" adlı kitabından. 1975)

* * *

Sadəlik

Açılır aram-aram bağçanın qapıları

Sədaqətdən danışan müqəddəs səhifətək.

Ehtiyacım yox daha heç ətrafa baxmağa,

Hər şeyi, hər nəsnəni özü hiss edir ürək.

Bələdəm hökmlərə, ruhların nəfəsinə;

Birdən-birə qarışıb yavaş-yavaş dağılan

Dəstə-dəstə insanın dilinə bələdəm mən.

İndi nəyə gərəkdir əbəs yerə danışmaq?

Hamı tanıyır məni, xəbərləri var, əlbət,

Bütün əzablarımdan, bütün acizliyimdən...

Bu ki çatmaq deməkdir

Səmadan bəxş olunan o ən ali məqama!

Nə heyranlıq duyuram, nə də bir zəfər hissi;

Bircə qəbul edilmək arzusu var canımda

Danılmaz həqiqətin bir parçası olmağa…

Daşlar, ağaclar kimi…

("Buenos-Ayres şövqü" adlı kitabından. 1923)

* * *

Angelikanın xatirəsinə

Neçə həyat bitəcək mənlə birgə?

Neçə nəfər yad edib məni xatırlayacaq,

Neçəsi unudacaq?

Ölürəm...

Və keçmiş də gəlir mənimlə birgə...

Necə ki, gələcək də

O gülün solduğu gün boğulub getmiş idi

Bilinməyən sularda...

Tərtəmiz bir gələcək

Dağılıb getmiş idi ulduzlar arasında...

Ölürəm

Onun kimi bədbəxt tale əlində...

Yalançı bir diyarın bezgin xəyallarını

Süzür eləcə kölgəm...

Bircə təsəllim bu ki,

Bir mərmər parçasında

Qalacaq xatirəsi,

Qorunacaq əbədi...

Zaman zalımcasına

Keçəcək üstümüzdən...

("Dərin gül" adlı kitabından. 1975)

* * *

Əşyalar

Heç oxunmayası axrıncı qeydlər.

Qəpiklər, açarlıq, qıfıl və əsa.

İçində solğun bir bənövşə olan

Köhnəcə bir kitab,

Kartlar və masa.

Heç vaxt unudulmaz bir günortanın

Artıq unudulmuş tullantıları.

Üzü qərbə baxan ayna,

Üstündə

Xəyali qürubun parıltıları.

Sənədlər, qapılar və xəritələr,

Şərab qədəhləri, mismarlar

Bizə

Dilsiz kölələrtək xidmət edirlər.

Sükuta qovuşub gedəndə bir gün,

Onlar qalar yenə

Getməyimizdən

Heç vaxt, heç bir zaman tutmadan xəbər...

("Qaranlığa tərif" adlı kitabından. 1969)

* * *

Ay

(Mariya Kodamaya*)

Necə dərin tənhalıq var

Bu qızıl rəngli ayda...

Adəmin gördüyü ay deyil

Hər gecə doğan bu ay.

Uzun əsrlər boyu bəşəriyyət

Doldurdu onu qədim bir gözyaşıyla

Yuxusuzkən gecələr...

Bax ona,

Aynandır sənin...

("Dəmir pul" adlı kitabından. 1976)

* Maria Kodama - şairin həyat yoldaşı

* * *

Yeni İngiltərə, 1967

Dəyişib son gördüyüm bütün o mənzərələr...

Bax, qırmızı evlər var indi burda yanbayan

Və rəngbərəng xəzəllər, narın, payızdan qalan.

Təmiz bir qış ayıdır,

Ağaclarda bir kədər...

Yeddinci gündəkitək dünya gözəl və yaxşı...

Nəysə axır inadla qürubun işığından,

Cəsarətli, qüssəli, sanki, heç var olmayan -

İncilin və savaşın qədim pıçıldayışı...

Səsləyir Amerika məni hər küçəsindən...

Deyirlər ki, ilk qar da yağar bugün-sabaha;

Fəqət hiss edirəm ki, axşamüstüdür daha -

Ah, bugün - necə ləngdir, necə tez keçdi dünən...

Gözəl Buenos-Ayres!

Hər şeyə rəğmən yenə

Gəzirəm qarışaraq sənin küçələrinə...

("Qaranlığa tərif" adlı kitabından. 1969)

* * *

Peşmanlıq

Bir insan əlindən gələ biləsi

Ən böyük suçların baiskarıyam!...

Heç xoşbəxt deyiləm...

Buraxın məni,

Sükut buzlarında qərq olum tamam!...

Anam həyat adlı çətin oyunçün

Məni bu dünyaya gətirmiş, əlbət;

Torpaq və havayçün, su və od üçün... -

Uduzdum onlara, deyiləm xoşbəxt...

Onlar qamarladı ümidlərimi...

Sənətə bağladım axır çarəmi.

Əfsus, boş işlərlə qarışmış o da...

Mən bir az toxtandım, nə olmasa da;

Fəqət heç tərk etmir, mənimlə daim

Qəmli bir kölgətək talesizliyim...

("Dəmir pul" adlı kitabından. 1976)

* * *

Anın nostalgiyası

Adam öz-özünə dedi o anda:

"Nələrdən keçməzdim, axı nələrdən,

Ah, təki yanında olam deyə mən

Əbədi bir günün aydınlığında,

İslandiyada...

Və paylaşam deyə o günü sənlə

Sanki, musiqini paylaşmaq kimi,

Bir meyvə dadını bölüşmək kimi..."

O an birlikdəydi adam qadınla

İslandiyada...

("Şifrə" adlı kitabından. 1981)

* * *

Şifrə

O yox olmuş bağçada yorulmuş gözlərinin

Onu ilk dəfə görüb yaxşıcana duyduğu

Zamanda itib-batan həmin qürubdan bəri

Səninlədir əbədi Ayın səssiz dostluğu...

Əbədi?...

Kimsə bir gün söyləcək, şübhəsiz:

"Taleyin bəxş etdiyi dəyişilməz anları

Bitirdin, bir də heç vaxt Ayı görməyəcəksən...

(Əbəsdir bu dünyada açmaq hər pəncərəni).

Gecdir, sən onu heç vaxt tapa bilməyəcəksən..."

Yaşayırıq gecənin mübhəm doğmalığını

Kəşf edib unudaraq...

Bir yaxşı bax səmaya,

Bəlkə, bu, son olacaq...

("Şifrə" adlı kitabından. 1981) /sim-sim.az/

# 1907 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #