Zərdüşt Şəfi haqda

Zərdüşt Şəfi haqda
10 sentyabr 2012
# 10:40

Bəri başdan onu deyim ki, bu, rekviyem deyil. Necə deyərlər; “Ölüm sevinməsin qoy”, onun mövzumuza dəxli yoxdur. Bu yazı əsl istedad haqqındadır. Əsl kitab haqqında. Əsl kitablar isə heç vaxt ölmür. Və yenə də necə deyərlər; “Əlyazmalar yanmır”.

Bu yazı Zərdüşt Şəfinin “Başqa adamlar” kitabı haqqında bir oxucu sözüdür. Amma neyləyəsən ki, bizdə çox şey “ölümündən sonra” baş verir. Biz də neyləyək ki, “ölüm” adlı o eybəcər çox zaman özündən ən kənarda dayananı, özünə ən çox yaraşmayanı seçir.

Yaxşı ki, ürək sözlərimi onun özünə sağlığında demişdim. Sonra da zarafatla soruşmuşdum:

-Səni çox şımartmıram ki?

Yarızarafat, yazıları kimi bişmiş bir cavab vermişdi Zərdüşt:

-Yox, məni Allah özü şımardıb.

Bax beləydi o. Nə yalançı təvazökar, nə də saxta müştəbeh idi. İstedadın özü kimi. Sadə və sakit.

Və bu da axırı. Allahın şımartdığı yazıçı. Həyatın tam ortasında. Gəncliyin zirvəsində. Hamlet Kazımogunu xatırlayıram- “Qollarım gücümdən ağrıyır mənim” misralarının müəllifini.

Bəlkə son dövrlər dalınca qaçacaq qədər heyrətləndiyim yeganə müəllifdi Zərdüşt Şəfi. İlk dəfə bir essesi çıxmışdı qarşıma hansısa saytda. “Sənə, Herodot” adlı. İmza yeni, müəllif gəncdi, amma mükəmməl bir üslubdan, boyük bir potensialdan xəbər verirdi o yazı. Axtarıb müəllifi tapmışdım; öncə facebookda, sonra həyatda.

Az sonra məni kitabının təqdimatına dəvət etmişdi Zərdüşt. “Başqa adamlar”ı əlimə alanda bir az tərəddüd etmişdim. Görəsən, bu kitabdan çox şey gözləmirdim ki...

Üç kitab almışdım ”Əli və Nino”dan o gün. Öncə bir xarici müəllifin kitabını oxumaga başlamışdım. Amma maraq güc gəlmiş, kitabı örtüb “Başqa adamlar”a keçmişdim.

İlk cümləsindən son cümləsinə qədər əlimdən yerə qoymadan oxuduğum nadir kitablardan olmuşdu “Başqa adamlar”.

“Bəzən çox xeyirlidi yazmaq- içindəki bütün pislikləri, bütün xəbislikləri və mən deyərdim, hətta yaxşılıqları da tökürsən yazıya və tamamilə bomboş bir neytron olursan- nə mənfi nə də müsbət yüklü birisi...”

Bu sətirləri oxuyanda beynimdə cavabını yalnız indi anladığım bir sual dolaşmışdı: “Bu “uşaq” niyə belə tələsir?”

Bir tərəfdən də sevinmişdim onda. Bir oxucu olaraq, Azərbaycan ədəbiyyatı adına, yeni bir yazışı kəşf etdiyim üçün. Özü də hansısa xarici müəllifdən bir köynək daha yaxın.

Son zamanlar şeirə keçmişdi. Xətrinə dəyməməyə çalışaraq, nəsrdə daha əvəzolunmaz olduğuna inanmasını istəyirdim. “Gözlənilməz qətlin tarixçəsi” kimi yeni nəsr əsərləri gözləyirdim ondan.

Amma Zərdüştün növbəti əsəri qan xərçəngi oldu...

Bu barədə danışmayacağam.

Mən onun “ Başqa adamlar” kitabı haqqında danışmaq istəyirəm.

Bu kitabı mütləq oxuyun.

Məni anlayacaqsınız. Hələ bəlkə ölümü də.

Onun öz təbirincə desək: “Yaxşı yazmaq bir az da ölüm kimidi, sonra hamı sənə rəhmət oxuyur”.

# 1972 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #