Bitməyən bir sevda: Şuşa

Bitməyən bir sevda: <span style="color:red;">Şuşa
8 may 2019
# 09:11

Bu gün Şuşanın işğalından 27 il ötür. Kulis.az bu münasibətlə Bəsti İsmayılovanın “27 ildir ki...” yazısını təqdim edir.

Bu gün sənin günündür, Şuşa!... Bədbəxt olan günündür!... Amma ağlamayacağam səni... Qarabağ havalarını da dinləməyəcəyəm... "Xanın səsi də havalanıb" sənə "şikəstə" deməyəcək bu gün!... Sənə həsr olunmuş bircə şeiri də xatırlamayacağam bu gün!... "Qəlbimdə buza qoydum"... hər nəyin varsa!...

Bu gün özümlə savaşacağam... özümlə müharibə edəcəyəm... döyüşəcəyəm!... Sənə qovuşmaq üçün aparılacaq savaş səngimişsə, uğrunda ölə biləcək insanların sırası seyrəlmişsə... və ya yoxsa əgər bunlar, mən də meydanda tək qalan döyüşçü kimi vurnuxacağam bu gün!...

Biz gətirə bilmədik səni!... Qarabağın baş tacı yapa bilmədik səni!... " Könül intizarda, göz yol üstədir!"... Düz 27 ildir!... İndi orda dilin də dəyişib... dinin də... sinən xaçlarla damğalanıb... Əsir Şuşa!... "Kim demiş ki, düşmüş adın dilimdən?!"

27 ildir!... Bu illərdə bir Şuşa ömrü getdi... bir Şuşa havası itdi... bir Şuşa kultu unuduldu!... Qanın qarışdı, südün dəyişdi... Heyf, dağın başında padşah balası kimi idin! İndi könlümüzün gözü ilə axtarmaqdayıq səni!...

Harda durum ki, məni görəsən... kimə yalvarmaq gərəkir, ona yalvarım... harda ölmək lazımdır, orda gözləyim... Hansı hava kecir könlündən, onu çaldırım...

Ya bəlkə, özün gələsən!... Sıyrılasan şimşək kimi, çaxasan ildırım təki!... "Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!"... Qop, tökül düşmən başına... Bir Pompey günü yarat... yerin altını üstünə çevir!... Təzədən doğul... təzədən qurul!... Təzədən! Təzələ özünü... murdarlanmış köksünü yu, yıxa, durul, şüşə kimi ol, Şüşə! Varmısın buna?!...

Amma bir varsan, bir yoxsan!... Könlümdə varsan, gözümdə yoxsan... Görə bilmirəm ki, səni!.. Sənə dön deyə bilmirəm! Qolların daş altdadır... Daşaltıdadır!...

Bu gün səni ağlamayacağam! Qoy xətrin qalsın! Bu gün düşüncələrimi darmadağın edən havalar tapıb dinləyəcəyəm... Qışqır-bağır salacağam beynimdə... Unudacağam səni bu gün... Unutqanlığı silah kimi gicgahıma dayayacağam!!!

Andım olsun ki, sən bircə dön, sən geri gəl, yenə baş tacımız ol... mahnıda deyildiyi kimi "sana dönməyəcəyəm... səni sevməyəcəyəm!..." Uzaqdan-uzağa boyunu sevəcəyəm, hələ o da ölməsəm..." Səni uzaqdan sevmək aşkların ən gözəli!" - havasında olacağam o gün...

27 ildir!... 27 ildir ki, səni uzaqdan... uzaqdan sevməkdəyəm, Şuşa! Bitməyən bir sevda!...

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #