writer1

Arzu Murad

Məqalə sayı

12
clock18:32 calendar-gray 29 Aprel 2019 view-gray758 dəfə oxunub
view-gray758 dəfə oxunub

Telefonda tanış olduğum qadının faciəli tarixçəsi

Yenə durduğum yerdə onu xatırladım. Əslində, "xatırladım" deməyim doğru deyil, mən ki onu unutmamışdım. Yadıma tək olanda telefonla tanımadığım ünvanlara zəng vurmağım düşdü. Fəqət illərdir bir nömrəni heç unuda bilmirəm.

10-cu sinifdə oxuyurdum, yanvar ayının 15-i idi. Heç bilmirəm bu tarixi nə ilə yadda saxlamışam. Sinif yoldaşım Aygün dedi ki, bekar olanda tanımadığım nömrələrə yığıb, camaatı ələ salıram. Onu bu hərəkətinə görə məzəmmət edib, "telefon xuliqanı" demişdim. Həmin axşam evdə heç kəs olmadığından bağrım çatlayırdı, işıqların da sönməsi lap sıxırdı məni.

Aygünün gündüz etdiyi təklif beynimi məşğul etməyə başladı. Mən də adını "xuliqanlıq" qoyduğum hərəkəti sınaqdan keçirmək istədim.

Bir neçə nömrəyə yığdım, götürmədilər, elə bil sözləşmişdilər. Bəxtimdən gileylənib telefonu bir küncə tolazladım. Sonra yenə özümdə güc tapıb uzandığım yerdən qalxıb telefonu götürdüm və bayaq yığdığım nömrələrdən birinə təkrar zəng vurdum. Dəstəyi bir qadın götürdü. Mülayim, titrək səsindən 27-28 yaşlı xanıma bənzəsə də, sonralar söhbətimiz zamanı dedi ki, 48 yaşı var. Adı Lalə olan bu xanım subay idi, tək yaşayırdı, pianoçu idi. Qəribə olan odur ki, mənim bekar vaxtıma düşməsindən zərrə də narahatçılıq duymurdu. Bəlkə də ovqatımın yaxşı olmadığını duyurdu, bəlkə o da bekar idi.

Üzünü belə görmədiyim bu qadınla artıq dost olmuşduq. Yaxşı xatırlayıram, həmin vaxtı mən İsa Muğannanın "Doğma və yad adamlar" əsərini oxuyurdum deyə, onun üçün də hissələr səsləndirirdim, o da mənə pianoda musiqilər ifa edirdi. Məndən ən çox şeir səsləndirməyimi rica edirdi.

Məktəbdən evə tələsirdim, 1 tamamda dərsimiz bitirdi, 2 tamamda mən evdə olurdum. Elə qapını açıb içəri girən kimi telefonun fəryadını eşidirdim. Mənimlə birgə yeyir, mənimlə birgə televizora baxırdı, hətta hərdən dərslərimə də kömək edirdi, əla riyaziyyatçı idi. Çox vaxt isə gecəni telefonla danışıb birgə yuxuya gedirdik. Özümüz də bu halımıza gülürdük, adımızı köhnə sevgililər qoymuşduq.

Hələ o vaxtdan aşpazlığı sevirdim deyə, hərdən ona da qəribə yemək reseptləri deyirdim. Bərabər hazırlayıb yeyirdik, çox da bəyənirdi improvizələrimi. Universitetə hazırlaşan vaxtlarım idi deyə, testləri bir yerdə edirdik. Cavabını bilmədiyim riyazi sualları həll edib şəklini MMS-lə göndərirdi. Mən də ona dil-ədəbiyyatdan məlumatlar verirdim. Ən çox da Fizulinin yaradıcılığını sevirdi. Məndən həftə səkkiz-mən doqquz "Pəmbeyi-daği-cünun" qəzəlini səsləndirməyimi xahiş edirdi, mən də ərklə özümü naza qoyurdum, bir növ qiraətimə olan asılılığından istifadə edirdim.

Aylar keçdikcə Laləyə bağlılığımın dozası artırdı, bağlılığım artdıqca suallarım da artırdı. Ən çox da onun niyə tək olması məni maraqlandırırdı, di gəl ki heç vaxt o barədə sual vermirdim. Çünki içimdə bir hiss vardı ki, bu təkliyin kədərli bir taleyi var. O da şəxsi həyatından heç danışmırdı. Nə qəribədir, deyilmi? Qeybət etmədən, şəxsi həyatdan danışmadan da söhbət etmək olurmuş. Onu görmək istəyirdim, amma birdən razılaşmaz deyə bir kəlimə də demirdim. Mən deməsəm də, bir gün o dilə gəldi və dedi: şəklini göndər, görüm danışdığım bu balaca kimdir? Mənə balaca deyirdi. O vaxt texnika bu qədər inkişaf etməmişdi, amma şəkil və azhəcmli video göndərmək üçün MMS deyə bir xidmət vardı. Şəklimi göndərəndə mənə təəssüratlarını dedi, çox qəribədir ki, Lalədə yaratdığım təəssüratlar ta bu günə qədər xarakterimdə məni təqib edir. Onun da şəkli məndə hələ də qalmaqdadır. Nə gizlədim, günü bu gün də onun üçün it kimi darıxıram. Bu yazının ərsəyə gəlməsinin səbəbi də həyatımda hiss etdiyim o boşluqdur. Bəlkə də məni incidən nəsnələr var o boşluqda. Bildiyim dəqiq bir şey var ki, "kaş"larım yaxamı heç vaxt rahat buraxmayacaq.

Söhbətimiz il yarımdan çox çəkdi və hər şey qəfil bitdi. Adi günlərdən birində ona zəng vurdum, gördüm yad bir qadın götürdü və Laləni soruşanda mənə onun vəfat etdiyini dedi. Həmçinin söhbət arasında öyrəndim ki, o, yeriyə bilmirmiş, əlil arabasında imiş. Telefondakı qadın mənim Lalənin nəyi olduğumu soruşanda sual beynimi çox məşğul etdi: doğrudan da mən Lalənin nəyi idim ki?

Sonralar çox tez-tez o nömrəyə zəng vururdum, dayımgilə də, sinif yoldaşıma da zəng vuranda çaşıb onun nömrəsini yığırdım. Hər dəfə də eyni adam götürüb deyirdi ki, ay uşaq, Lalə yoxdur daha. Axırda özüm də bu haldan bezdim, telefondakının üstünə qışqırdım ki, nömrənizi dəyişin. Sonra isə üzr istəyib sözümə davam etdim:

- Unutmağa vaxt lazımdır, mənə bir az vaxt verin xahiş edirəm. Hesab edin ki, bu nömrə barmaqlarımın vərdişidir...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019