Qadın qılığında məşhurlaşan kişilər

Qadın qılığında məşhurlaşan kişilər
26 aprel 2019
# 13:32

Samirə Əşrəf

Sosial şəbəkələr geniş miqyaslı fəaliyyət göstərəndən üzü bu yana insanların özünü təqdim etmək imkanları olduqca asan və rahat olub. İndi çox şeyi bir aylıq internet pulu və yüngülvari barmaq toxunuşları həll edir.

Bu gün elmin, savadın, mədəniyyətin təqdim ediləcəyi, amma edilə bilmədiyi yerlərdən boy göstərən məşhurlar ordusunun tərkib hissəsində qadın kimi görsənən kişilərin özünü populyarlığı danılmazdır. Hər tərəfindən qadınlıq tökülən bu kişilərə sən qadınsan, yoxsa kişi sualını verəndə aləm bir-birinə qarışır. Bu cür kişilər onlara homoseksual, biseksual, transeksual formatlı sual verən adamların qarasınca deyinir, hətta qara qarğış da tökürlər. Sual vermək bir yana, ağız tərpədib danışmağa abır edirsən. Utanırsan soruşasan ki, ay əsəbi qardaş, qaşın qadın, gözün qadın, yarıçılpaq qalan iri sümüklü, tükləri təmizlənmiş, bahalı yağlarla parıldayan sinən də qadın deyib qışqırırsa bizim günahımız nədir? Kişi vücudunuzu qadın əndamına çevirəndə kişilik sindromunuz oyanmır, amma cinsi orientasiyanıza şübhə ilə yanaşılanda cin atına minirsiniz, adamları yaş yuyub, quru sərirsiniz. Belələrinin ən böyük arzusu qadın bənizli görünməkdirsə, bəs niyə adları kişi kimi çəkiləndə ürəkləri sıxılmır, içlərindəki qarğış, söyüş makinası işə düşmür? Əlbəttə, saxtakarlıq etmək, kişi adı ilə qadın kimi görsənmək cəmiyyət tərəfindən həmişə daha asan həzm olunub, nəinki əvvəl kişi olub, sonradan qadına çevrilməyi açıq-aydın ifadə etmək, dilə gətirmək.

Yadıma gəlir, iki, üç il əvvəl Bülent Ersoy ona kişi deyən media nümayəndələrinə bərk əsəbiləşmiş, çəhrayı rəngli şəxsiyyət vəsiqəsini göstərib qadın kimi təqdim olunması ilə fəxr etdiyini dilə gətirmişdi. Belə yerdə adam halal olsun, kişi adamdır deməkdən özünü saxlaya bilmir.

Məsələ burasındadır ki, bu bərbəzəki oğlanların bir çoxu evdar qadınların, saqqalı ətəyinə dəyən qaqaşların sevimlisidirlər. Misal üçün İnstaqramda onların şəkilləri bir saat ərzində otuz, qırx min layk qazanır. Layk edənlərin kimliklərinə nəzər salanda adamın başından tüstü çıxır. Bütün günü qonum-qonşunun qızını, oğlunu güdən, bir sözü min edən, İsa Şahmarlı kimi heç kimə zərər verməyən gənci intihara qədər sürükləyən ana, bacılar, əmi, dayılar belə yerlərdə çox humanist, insanpərvər və xeyli sadəlövh qəhrəmana çevrilirlər. Halbuki belə deyil. Gey olduğu üçün cəmiyyət tərəfindən dışlanan İsanın intiharı ilə bu gün məşhur olan geylərin bu qədər layk yığması arasındakı ziddiyyət də bu kimi məsələlərdən ağlı kəsən adamlar üçün geniş araşdırma və mübahisə mövzusudur.

Təbii ki, cinsi orientasiyasına görə heç kimi aşağılamaq, ləyaqətinə toxunmaq olmaz. Lakin cəmiyyətə qarşı yazıq, köməksiz, təhqir olunmuş tövr almaqdansa və yaxud da söyüşün birini bir qəpikdən kimə gəldi ismarlamaqdansa, yaxşı olar ki, özləri də bir balaca səmimi olsunlar. Yəni ki, ya ədəli-bədəli, adla, soyadlı, qaşla, kirpiklə qadın olsunlar. Ya da elə əvvəlki kişi obrazlarına, rahat həyatlarına geri dönsünlər. Onsuz da onları sevənlər də, söyənlər də çox dərinə gedən deyillər.

# 3948 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #