Tanrı ilə söhbət

Tanrı ilə söhbət
17 aprel 2019
# 18:41

Kulis.az Nihat Piriyevin “Tanrı ilə söhbət” hekayəsini təqdim edir

...hərdən anam yuxuma girir. Nədənsə həmişə onu ağlayıbmış kimi görürəm. Axı cənnətdə adamları incitmirlər. Bəs niyə ağlayır ? Mənə görə narahatdırsa, olmasın. Vallah, mən yaxşıyam.

Bilirsən, dayım arvadı xəstələnib. O gün həkimlə danışanda eşitdim. İndi mənə qarşı çox yaxşı davranır. Sən heç hər gün iki dənə iri ət tikəsi yemisən? Amma mən yeyirəm, tox olsam belə, zorla yedirir məni. O gün gecə mənim üçün sevdiyim kökələrdən də bişirmişdi. Niyə belə mehriban olmasını bilmirəm, amma belə çox yaxşıdı. Kaş həmişə belə ola...

Gülər deyir ki, əslində, anası mehriban adamdı. Sadəcə bir az əsəbidir. Mən də əvvəllər nədənsə, həmişə onun əsəbi vaxtına düşürəmmiş. Nə bilim?

Anası tez-tez Gülərin saçını hörür. Uzun hörüklər ona çox yaraşır. Lap mənə yetimlik yaraşan kimi...

Məktəbə də onunla bir yerdə gedirik. Deyir ki, mən onun yanında olanda heç nədən qorxmur.

Bir dəfə məktəbdə bir oğlan Gülərin saçını dartmışdı. Mən də onu yaxşıca əzişdirdim. Lap özümü qəhrəman kimi hiss edirdim. Amma sonra eşitdim ki, onun da anası yoxdu. Peşman olub gedib üzr istədim, ikimiz də ağlamışdıq. Adamın anasının olmaması çox pis şeydir. Bunu məndən yaxşı kimsə bilə bilməz. Mənə güclü olmağı anam öyrədib. Anam həmişə deyirdi ki, mənim səndən başqa kimsəm yoxdu. Ona görə də məni sən qorumalısan. Niyəsə mənə də elə gəlir ki, mənim də ondan başqa kimsəm yox imiş. Dayım yaxşı baxır mənə, amma özümü həmişə yad kimi hiss edirəm. Elə bil ki kim olduğumu belə bilmirəm...

Dayımla o gün qəbirsanlığa getmişdik. Nənəmin də, atamın da, anamın da qəbrini ziyarət etdik. Həyətdən dərdiyim güllərdən də aparmışdım. Anam çox sevirdi gülləri. Dayım tapşırmışdı ki, orada çox ağlamayım. Deyir, yoxsa anam cənnətdə narahat olar. Ona görə özümü saxladım. Amma evə gələndən sonra həyətin başındakı ağacın yanına qaçıb doyunca ağladım.

Çox darıxıram onlar üçün. Həmişə darıxanda o ağacın yanına gedib öz- özümlə danışıram. Dayım da əsəbiləşib deyir ki, kəsəcəm o ağacı. İstəmir orada oturum, amma mən o ağacın yanında anamı daha yaxşı xatırlaya bilirəm... bütün ağrıları ilə... bütün yoxluğu ilə...

Bizim evin arxasında da buna oxşayan bir ağac vardı. Gecələr anam yatağında olmayanda həmişə onu o ağacın yanında tapırdım. O da ağacın yanında oturur, öz-özünə danışır, bəzən də ağlayırdı. Mən gələn kimi isə “soyuqdur”, - deyib, içəri keçərdi. Hamısı indiki kimi yadımdadır... hamısı...

Dayım qəbirsanlıqdan gələndə məndən soruşdu ki, bibindən narazı deyilsənki? Bax əgər narazısansa, de. Əvvəllər heç belə sual verməzdi. Mən də dedim ki, yox, o, mənə yaxşı baxır, lap anam kimi. Amma sonra dediyimə peşman oldum. Çünki anamın yerini heç kim verə bilməz… heç kim...

Nə qədər istəsəm də dayım məni qonşu qarı nənənin qəbrinə aparmır. Dayım deyir ki, o, çox pis adam olub. Amma, vallah, düz fikirləşmir. Çünki atam anamı həmişə evdən qovanda o, bizi öz evinə aparardı. Anamı sakitləşdirərdi, eynən anam məni sakitləşdirən kimi.

Qəribədir, mənə yaxşılıq edənləri heç kəs çox istəmir. Elə sən də istəmirsən, yoxsa onları öldürməzdin ki...

Bir dəfə Gülərlə məktəbdən gələndə ona dedim ki, mənimlə qəbirsanlığa gəlsin. Gəlmədi, qorxdu. Gülər deyir ki, qəbirsanlıqda ruhlar olur. Onlardan qorxur. Amma mən heç nədən qorxmuram. Məni qorxulardan qoruyan kimim varsa, hamısı oradadı. Nədən qorxum ki?

Ona görə də cəsarətimi toplayıb tək getdim qəbirsanlığa. Əvvəl bir az qorxsam da, sonra yavaş-yavaş özümə gəldim. Bütün qəbirsanlığı gəzib həmin qarı nənənin qəbrini tapanda, yanında oturub ağlamadan kişi kimi onunla söhbət edəndə başa düşdüm ki, artıq böyümüşəm...

Ondan sonra özümü böyük adamlar kimi aparıram. Daha istəmirəm ki, mənə uşaq kimi yazıqları gəlsin. Dayım da tez-tez deyir ki, böyümüsən, artıq yekə kişisən. Düz deyir elə. Özümü əvvəlki qədər tək, gücsüz, aciz hiss eləmirəm. Ən çox da bu yetim sözündən zəhləm gedir. Düzdü, neynəsəm də, yetim olduğumu qəbul edirəm, amma kiminsə mənə yetim kimi baxmasını, yazığı gəlməsini istəmirəm.

Elə bilirəm ki, böyüsəm, daha heç kəs mənə yetim kimi baxmaz. Özüm öz qeydimə qalaram. Özüm işləyərəm, özümə yemək alaram, paltar alaram. Anam da daha yuxularıma gəlib ağlamaz. Çünki o hər gün o qədər ağlayırdı ki… hər gün o qədər şikayətlənirdi ki... İstəmirəm yenə ağlasın, məndən nigaran qalsın…

Nənəm həmişə deyirdi ki, Allah bağışlayandır, hamını bağışlayır. Bilirəm, sən atamı bağışlamısan, amma nə olar, elə et ki, anam da onu bağışlasın...

Çünki nə vaxtsa ölsəm, heç olmasa orada ailə kimi yaşayaq. Mən axı sənin yanında da yetim olmaq istəmirəm...

# 3645 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #