Özünü pəncərələrə çırpan balaca sərçə - Sevinc Elsevər Elinaya şeir yazdı...

Kulis.az Sevinc Elsevərin “Elinaya” şeirini təqdim edir.

 

Xəttimiz ilk müəllimimizin bizə yadigarıdır      

onun bizə sevgisini

sevgisizliyini anladır

sənin xəttin necə idi, Elina?

 

“İlan-qurbağa”ydı, ya sədəf kimi?

ilk müəllimin əlindən tutub

necə  tale yazdırdı sənə?

Məktəbə başladığın gün

necəydi hava?

 

Günmü doğmuşdu

yağışmı yağmışdı?

əlində balaca çantan

gülün-çiçəyin

getdiyin küçədə

qarşından qara pişikmi keçmişdi?

 

Allahın bacısı oğlumu üzmüşdü səni,

şikayət etdin də

dinləmədi

dualarını eşitmədi?

 

İndi bütün pəncərələr səni xatırladır

sən ey yolunu azıb

daş binaların içinə düşən

otaqlarında vurnuxan

qəddar əllərdən canını qurtarmaq təlaşıyla

özünü pəncərələrə çırpan

balaca sərçə,

hara uçdun,

hara qaçdın,

yox oldun belə?!

 

LENT

21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019