İlaxır çərşənbənin dəhşətli yuxusu

İlaxır çərşənbənin dəhşətli yuxusu
19 mart 2019
# 18:30

Səhərdən yenə dünya başıma fırlanır, yazmasam bu gicəllənmə öldürəcək məni. Yazsam da deyəcəklər yenə bu qız başladı ağlamağa, Qarabağın qara dərdindən yazmağa. Axı, Qarabağdan yazanlara bir az birtəhər baxırlar. Mənsə yazmaya bilmirəm, gərək bağışlayasınız bu “günahımı”. Bir rəvayət var e, çoban özünə palto tikmək fikrinə düşür, istəyir yapıncıdan çıxıb o da palto geyinsin, “abrazovonski” görünsün, amma ha çalışır, tikdiyi yapıncıya oxşayır, palto alınmır ki, alınmır.

Mən də mövzunu bu gün yalnız ilaxır çərşənbə və onun adətləri ilə, rəhmətlik Əzizə Cəfərzadənin bu mövzuda necə bir boğçasının olması ilə bağlamaq istəyirdim, amma alınmadı.

Gözümü açdığım yerlərdə ilaxır çərşənbənin necə keçirilməsi, ona qədərki hazırlıqlar, bayram günlərinin özü, sonrakı ovqat – hamısı gəlib doldu içimə.

Fevraldan başlayardı hazırlıqlar, mən hələ lap uşaq olanda evləri əhənglə ağardardılar, bu, hökmən bayram hazırlıqlarının başlanğıcında olardı. Yəni o vaxtkı damlar, sonra kərpic evlər evdə yandırılan odun sobasının his-pasından qurtarmaq üçün ağardılardı. Nənələrin yükü - yorğan-döşək atılardı yaz günəşinin altına, çəpər-hasar, paltar zivələri, stullar, hara sərmək mümkündürsə allı-güllü, yun, ipək əl xalça-palazı, gül yorğanlar, qalın yun döşəklər atılardı ki, günəşin şüaları onlara dəysin, qışın nəmi çəkilsin.

Qarabağ o ağardılan kərpic evlərdən çox tez çıxmışdı daş evlərə, hamının nəinki evi, hasarı da daşdan idi, amma adət elə də qalırdı, evlərdə təmizlik, təmir işləri görülər - əhəngi emulsiya əvəz etmişdi - palazlar, pərdələr, yatacaqlar gur çayların axarında yuyulub havaya sərilər, ondan sonra bayram biş-düşünə start verilərdi.

Çərşənbələrin dördü qeyd olunurdu biz tərəflərdə, hər çərşənbənin öz aşı vardı, qalan şirniyyat və şah plov ilaxır çərşənbədə bişirilərdi. Bir də buğda, noxud qovurardıq. Hamının süfrəsində ilboyu məhz novruz üçün yığıb topladığı dürlü-dürlü naz-nemət olardı. Olmayanlara hamı pay verərdi. Elə bir ev yox idi ki, ora papaq, torba atılmasın, bütün evlərdən də bu missiyanı yerinə yetirən adamlar vardı. Lap böyük qızlar, oğlanlar, kişilər qohum-əqrəbanın, qonum-qonşunun evinə papaq atardı. Həmin axşam heç kim bəd söz deməzdi, çünki qapılar niyyət tutub pusulardı. Amandı, birdən qapı pusan niyyətinin qarşısına bəd söz deyərik, niyyəti hasil olmaz, ili uğursuz gələr. Hamı bundan ehtiyatlandığı üçün xoş danışıb, xoş söz eşidərdi. Qaynayıb-qarışma, bayramlaşma vardı. Heç kim çəkilib evində keçirməzdi bayramı, əksinə hamı bir-birinin evinə, həyətinə gedib-gələr, heç kim ünsiyyətdən, diqqətdən kənarda qalmazdı.

Ali məktəbə hazırlaşdığım il ilaxır çərşənbədə mən də qapı pusdum, qonşumuz Nənəş xala külfətinə danışırdı ki, qara toyuğu mən basdım qazana, o çıxıb qaçdı, mən basdım, o çıxdı – bilmirəm yuxu danışırdı, yoxsa rəvayət, amma indiyə qədər də açmasını tapa bilməmişəm o qara toyuğun))) Niyyətim də hasil olmadı.

Növbəti il qapısını pusduğum Zərnigar xala içəridə kiməsə dedi ki, qabını gətir, sənin də payını çəkim. Qapını açıb ovcumdakı şirnini evlərinə atdım, qadının sevincdən gözləri yaşardı ki, nə yaxşı dilimə bəd yox, xoş söz gətirmişəm, qız qapıdan naümid qayıtmayıb. O il niyyətim hasil oldu. Bunlar sadəcə şirin inanclardı təbii ki, amma şirindi də.

Hələ duzlu kökə yeyib gecə yuxuda gələcək nişanlını görmək inamını demirəm. Duzlu kökə yeyib su içmədən yatdığım ilaxır çərşənbə gecəsi elə bir oğlanı görmüşdüm ki, yuxuda, səhər durub bütün adətləri, həyatı lənətləyirdim az qala, qorxudan ölürdüm ki, birdən real olar)) Olmadı, şükür.

İlaxır çərşənbəni səhərə qədər yatmamaq adəti də vardı, yığışıb qızlarla fal açardıq, qızların hamısının evlərinə bir-bir gedərdik, aş, şirniyyat yeməkdən partlayardıq, hər evdə nə isə ağzına almasan, inciyərlər axı. Qızların çillə çıxartdığı yerə sinif oğlanları gələrdi papaq atmağa, birlikdə yığışıb Maymağındakı (yer adı) çinar ağacından asılmış yelləncəyə gedərdik, o yelləncək obanın ən hündür ağacından asılmışdı, hamı o yelləncəkdə yellənməyə can atırdı. Səhərə qədər belə macəralarımız bitməzdi. Nə kimsə tonqalda yanardı, nə də başqa faciə baş verərdi. Heç kimin ağlının ucundan da pis niyyət keçməzdi. Analar qızlarını şənlənməyə buraxanda heç nədən ehtiyatlanmazdılar, zatən hamı bir yerdə olardı. Hamının bacısı o birinin qardaşı ilə bir yerdə şənlənərdi.

Bayram idi, gecəquşu oxurdu

Adaxlı qız bəy corabı toxurdu

Hərə şalın bir bacadan soxurdu

Ay, nə gözəl qaydadı şal sallamaq

Bəy şalına bayramlığın bağlamaq...

Ustad Şəhriyarın nisgilinə bənzədi mənimki. Qarğış etməzlər bayramda, dillər alqış deyərdi.

Yurddan kənarda sonuncu ilaxır çərşənbəniz olsun, ellilərim, bayramınız mübarək!

# 3918 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #