“Tanrı sonuncu insanla birlikdə öləcək” - Bir cümləlik hekayələr

 

Kulis.az Tural Turanın bir cümləlik hekayələrini təqdim edir.

 

Babam öləndə 19 yaşında idi.

 

***

 

Bacım dünyasını dəyişən gün anam çay içirdi, atam siqaret çəkən kimi...

 

***

 

Hər gün günorta kilsənin zəngi çalınanda yaxınlıqdakı tikintidə işləyən fəhlələr əl-üzlərini yuyub qonşuluqdakı məscidə sarı üz qoyurdular...

 

***

 

Yuxusunu görmüşəm, dünyada sonuncu ölən adamın qəbri çarpayı, baş daşı evi olacaq...

 

***

 

Ata olacağımı eşidən gün böyüdüm və qocaldım.

 

***

 

...Hələ ki, başım qarışıqdı, işlərimi bitirəndən sonra dünyaya gəlməyi düşünürəm.

 

***

 

Dünyanın ən gözəl şeirləri dəlixanada yazılır.

 

***

 

Tanrı sonuncu insanla birlikdə öləcək.

 

***

 

Ən böyük qalibiyyət öləcəyini bilə-bilə yaşamaqdır.

 

***

 

Bu həyatda hər kəs bir dəfə özünün sözsüz şeirini yazır – sonuncu nəfəsdə...

 

***

 

O, rəfiqəsinin, mən də dostumun bəxt üzüyünü iki-üç saatlıq borc alıb nişanlandıq.

 

***

 

Soyadımı dəyişdiyim gündən bəri kəndimizdən toy dəvətnamələri almıram.

 

***

 

Böyüyəndə anladıq ki, sən demə, uşaq olanda qorxumuzdan kəndimizdəki bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq...

 

Fevral-mart 2019

Bakı – Gəncə – Şəmkir

 

 

 

LENT

20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019