Facebookda şəkərbura bükən xanımlar

Facebookda şəkərbura bükən xanımlar
19 mart 2019
# 15:25

İnsanların bayram həyəcanını anlaya bilmirəm. Haray-həşir, alış-veriş, bişirib-düşürmə... Bayramı çiçəkləmiş gilənar ağacının budağıyla da yola vermək olar. Əsas yazı içində hiss etməkdir.

Mənə qalsa, bayram şirniyyatlarını bişirməyə heç ehtiyac yoxdur. Mağazalarda istənilən növdə şirniyyat var. Bir neçəsini alıb süfrəni bəzəmək olar, artıq israfçılığa və zəhmətə nə hacət?

Amma bizim fədakar qadınlarımız bayrama azı iki ay qalmış ayın-oyunu alıb yığır, hər şeyi hazır edir, gecələr də fındığın kilosunun hesabını aparır, hətta yatanda da yuxuda şəkərbura, paxlava görür.

Sonra qohum-əqrəbada nə qədər qadın var, bir yerə cəm olub şəkərbura büküb, paxlava açırlar. Ağız deyəni qulaq eşitmir. İşin qüsurları da yavaş-yavaş böyür-başdan çıxır. Məsələn, işin qızğın çağında məlum olur ki, sarıkök yoxdur, ya maqqaşlar yaddan çıxıb filankəsin evində qalıb. Ya da süd çürüyür.

Gərəkdir ki, bütün bunlar olmaya. Aman-aman, yoxsa şəkərburalar əyri-üyrü çıxar, ya üstü qızarar, ya da qoğallar yapıxar, sonra gəl bütün bunlardan sonra qonşu Bikəxanımın dilindən qurtar.

Ya da tərs kimi soba xarab olar, xəmir ala-yarımçıq bişər, o dəqiqə hamının diqqət-nəzəri yönələr Bikəxanıma sarı. Çünki Bikəxanım yarım saat əvvəl qoğallara müştəri gözüylə nəzər salıb söyləmişdi ki, əcəb şişib, sobaya söz ola bilməz.

Bu da o deməkdi ki, gözü-nəzəri dəyib sobaya.

Yəni belə incəlikləri var bu işlərin.

Anamın bir rəfiqəsi var, bacarıqlı, qoçaq, həm də tələbkardır. Mütləq un-filan markadan olmalıdır, kərə yağı filan ölkədə istehsal olunmalıdır, smetan ən keyfiyyətlisindən alınmalıdır və s. Razılaşın ki, bayram həyəcanı bu yerdə bayram kabusuna dönür. Ona görə ən yaxşısı sifariş etməkdir. Onsuz da şirniyyat hər cəhətdən zərərlidir, xolesterini artırır, adamı kökəldir, ürək, qan-damar sisteminə mənfi təsir edir və s.

Başa düşürəm, adətləri yaşatmaq lazımdır. Qonşumuz Süsən xala deyir, bundan sonra gələn nəsillər ümumiyyətlə şəkərburanın, paxlavanın məramını unudacaqlar.

Köhnə nənələr deyirdilər ki, Novruz bayramında mütləq evdən şəkərburanın ətri gəlməlidir.

Virtual aləmdə nə kəramət varsa, şəkərburanın qoxusunu da hiss etdirir. Bayram günləri Facebookda şəkərbura naxışlayan kim, qoğal yağlayan kim... Hələ xonçaların “yarışını” demirəm. Xonçaların şəkillərinə baxa-baxa düşünürəm ki, deyəsən Fatmanisənin xonçası Nənəxanımın xonçasından daha çeşidli, daha gözəgəlimlidi, yəqin Fatmanisə xonçasını sərgiləyəndə Nənəxanımın xonçasının onu geridə qoyacağını ağıl eləməyib. Yoxsa o da qonşudan borc alıb xonçasını növbənöv şirniyyatla bəzəyərdi ki, Nənəxanımınkı kimi gözə batsın.

Bilirəm, bu iki qadın bir-biriylə yola getmir, yəqin xonça da bu rəqabətin göstəricisidir. Amma il boyu Fatmanisənin sadə xonçası gözümün önündən çəkilmir, deyirəm, yəqin o özü də xonçasının sadəliyindən utanır.

Söz vaxtına çəkər, keçənlərdə tanış bir qadının əl qabiliyyətini tərifləyirdilər. Deyirdilər, bu qadının on əlində on mərifət var. Bir şirniyyatlar, bir tortlar bişirir ki, iki göz istəyir tamaşasına dursun. Onu da dedilər ki, bu qadın bişirdiklərinin rəsmini sosial şəbəkədə paylaşır, ordan bələdik əl qabiliyyətinə.

Sözün düzü, həmin qadının şirniyyat bişirməkdə elə bir məharətinin olmadığını bilirəm. Bir gün onun özündən bu barədə soruşdum.

Qadın onun haqqında deyilən təriflərə şaqqanaq çəkib güləndən sonra dedi ki, bəs mən gözəl mağazaların vitrinində gördüyüm qeyri-adi tortların şəklini şüşə arxasından çəkib səhifəmdə paylaşıram. Tamaşa edənlər də elə zənn edir ki, özüm bişirmişəm. Nə edim, əlimdən gəlmir...

Yəqin, Novruz qabağı bu pozitiv xanım şirniyyat mağazalarında çox vaxt keçirməli olacaq. Gör bir şəklini çəkməli olduğu nə qədər şirniyyat var?! Paxlava, şəkərbura, badambura...

Əslində elə mənim özümün Novruz xatirələrim də şəkərburadan uzağa getmir. Amma insan böyüdükcə bayramın dadı da qaçır. Artıq bayramdan paxlava, şəkərbura ətri deyil, ağrı-acılı keçən ömrün, məyusluqların tamı gəlir. Bayram hiyləgər uşaq kimi şirin-şirin sənə göz vurur, sənsə onun şirin başqatmalarına uymayıb “artıq gecdir” deyirsən.

Hərçənd sənin istəyib-istəmədiyindən asılı olmayaraq min il əvvəl olduğu kimi yenə Novruz gələcək. Yenə eyni qaydayla davam edəcək. Keçəllə Kosa yenə qoşalaşıb qaravəlli söyləyəcək. Beş-altı “başbilən” də kənardan çıxıb Keçəllə Kosanın nümunəvi personajlar olub-olmadığını dartışacaqlar.

Yenə papaq atılacaq... Yadıma gəlir, tanış bir uşaq bayrama xeyli qalmış qonşuya torba atmışdı, torbasına kök qoymuşdular. (Yəqin onların da evində dişə dəyən bu idi). O da qardaşıyla bölüb yemişdi.

Nə deyirsiniz deyin, bayram uşaqlar üçündür. Bayrama inanan, bayramdan möcüzələr gözləyən və hətta bayrama xeyli qalmış torbadan çıxan bir köklə aclığını dəf edən uşaqların....

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #