Əri iş dalınca başqa şəhərə yollanır və... – Əsl Kino

Əri iş dalınca başqa şəhərə yollanır və... – <span style="color:red;">Əsl Kino
16 mart 2019
# 09:30

Kulis. az “Əsl kino” layihəsində Uilyam Oldroydun “Ledi Makbet” və Sidni Lumetin “Şeytanın oyunları” filmlərini təqdim edir.

2016-cı ildə Britaniya istehsal olan film rus yazıçısı Nikolay Leskovun “Mtsensk qəzasının Ledi Makbeti” (1864) povestinin motivləri əsasında çəkilib. Film povestin sərbəst ekranizasiyasıdır.

Süjet: Hadisələr XIX əsrdə İngiltərədə baş verir. Gənc qız Ketrini (Florens Pyu) amansız sərt qaydaları olan ailəyə ərə verirlər. Əri (Pol Hilton) və qayınatası (Kristofer Feyrbenk) qadını alçaldır, onunla əşya kimi davranır. Əri onunla intim münasibətdə olmur, evdən bayıra çıxmağı qadağan eləyir.

Qayınatası və əri iş dalınca başqa şəhərə yollanırlar. Onların evdə olmamasından istifadə eləyən qadının əl qolu açılır, o, evdən çıxmağa başlayır. Bu arada ailənin fermasında çalışan fəhlələrdən biri Sebastianla (Kosmo Carvis) onun eşq macərsı başlayır. Onların münasibətindən getdikcə bütün qulluqçular xəbərdar olur. Bir müddət sonra Ketirnin qayınatası qayıdır. Qayınatasının sərt qaydalarına dözməyən Ketrin onu öldürür. O, Sebastianla münasibətini davam etdirir, ərinin paltarlarını ona geyindirir və onu evin sahibi hesab edir.

Bir müddət sonra onun əri qayıdır. Əri onun xəyanətindən xəbərdar olduğunu deyir və Ketrinə yenidən evə qapanmaq əmrini verir. Bu zaman qadın qonşu otaqda gizlətdiyi məşuqunu gətirir və ərinin gözü qabağında onunla sevişir. Sonra isə o məşuquyla birləşib ərini qətlə yetirir. Sebastian bu qətli unuda bilmir, vicdan əzabı çəkir və o, yavaş-yavaş qadından soyuyur. Ketrin isə onun xoşbəxtliyi yolunda maneə olan hər kəsi aradan götürməyə davam edir...

Nikolay Leksov povestini güclü və ehtiraslı qadın xarakteri haqda qaranlıq əhvalat adlandırıb.

Oldroyd filmi nuar estetikasında, son dərəcə soyuq çəkib. Bütün filmi öz çiyinlərində daşıyan aktrisa Florens Pyu obrazını təmkinlə, zərrə qədər də emosionallığa yol vermədən, soyuqqanlı ifa edir. Rejissor bilərəkdən bu rola ilk baxışdan məsum, təmiz, müqəddəsə oxşayan sima seçib. Əhvalatın əvvəlində məsum görünüşlü qadın tamaşaçıda mərhəmət hissi oyadır. Amma hadisələrin sonrakı gedişatında biz məsum bir qadının addım addım qatilə çevrilməsi prosesini izləyirik.

Ümumiyyətlə, Ketrin mürəkkəb xarakterdir. Onu birmənalı ittiham etmək də çətindir. Onun amansızlığını əri və qaynatası tərəfindən təhqir olunması stimullaşdırır. Bir tərəfdən də qadın ehtirasının, duyğularının əsirinə çevrilir. Onu daha çox ehtiras, hikkə idarə eləyir. Və emosiyalarına nəzarəti itirməsi faciə ilə nəticələnir. Ketrinin Sebastiana sevgisi tədricən başqa forma alaraq eybəcərləşir.

Rejissor bir daha bizə göstərir ki, insan təbiəti mürəkkəb və ziddiyyətlidir, bəzən biz özümüzü tanımırıq. Özümüzü kəşf etmək üçün hansısa situasiyalar yetişməlidir.

Ailəsi tərəfindən güclə ərə verilən Ketrinin simasında həm də qadın haqları, onun azad seçimi məsələsi dayanır.

Film minimal dekorasiyalarda çəkilib.

Əsərin adı Şekspirin “Makbet” əsərinə isitnaddır. Çünki pyesdə Makbetin arvadı ərinin taxtda qalması üçün hər vasitəyə əl atır.

***

Amerikalı rejissor Sidni Lumetin 2007-ci ildə ekranlaşdırdığı “Şeytanın oyunları” trilleri onun son filmidir. Lumet kino tarixinin məhsuldar rejissorlarından biridir, o, 53 film çəkib. Onun “Qəzəblənmiş on iki kişi” (1957) dramı bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer alan, kinematoqrafik cəhətdən unikal sayılır.

Süjet: Qəhrəmanlar iki qardaşdır. Onlardan biri Endi (Seymur Hofman) şirkətdə maliyyə sahəsində yüksək vəzifədə çalışır. O, şirkətə məxsus maliyyənin müəyyən hissəsini mənimsəyib və onu ödəmək üçün təcili pul tapmalıdır. Onun eyni zamanda arzusu Braziliyada biznes açmaqdır.

Endinin balaca qardaşı Henkin (İtan Houk) də pula ehtiyacı var. Arvadından boşanan Henkin qızına aliment ödəməsi üçün pulu yetərli deyil. Alimenti ödəməyəcəyi təqdirdə keçmiş arvadı qızıyla görüşü qadağan edəcək.

Təbiətcə soyuqqanlı olan Endi qardaşına təklif edir ki, valideynlərinə məxsus daş-qaş dükanını yarsınlar, onsuz da dükan sığortalanıb. Ondan fərqli olaraq, emosional və qorxaq Henk qardaşına etiraz edir. Amma sonda Henk razılaşır.

Endinin qurduğu plan alınmır, işləri tərs gətirir. Henk qarətə dostunu cəlb edir. Dostu dükanı yaranda gözlənilməz şərait yaranır, o, qardaşların anasını öldürür və özü də ölür.

Özünü itirən Henk hadisə yerindən qaçır. Analarının ölümünə bais olduqlarını biləndə qardaşlar şok yaşayır. Problemlər üst-üstə gəlir. Maliyyə böhranı, Henkin ölən dostunun arvadı tərəfindən şantajı, Endinin arvadının ona qardaşı Henklə xəyanət etdiyini deməsi, ata və oğul konfliktinin güclənməsi... Bir tərəfdən də ataları arvadının qatillərini axtarmaq üçün yola çıxır və doğma oğlunun anasının ölümünə bais olduğunu öyrənir...

Əhvalatdakı forma, struktur mürəkkəbliyi Stenli Kubrikin “Qətl” film qarətini xatırlatdı. Kubrikdə hadisə qarəti təşkil edən hər bir içtirakçının nəzər-nöqtəsindən danışılır. Personajların baxış bucağından eyni hadisənin müxtəlif tərəflərdən nəqli vahid süjet xəttinin ətrafında birləşərək mürəkkəb və bütöv bir kompozisiya yaradır. Və filmboyu tamaşaçını gərginlikdə saxlayır.

Lumet də fleşbək metdoundan istifadə edərək, süjetini buna bənzər nəql texnikası üzrəində qurur. Sadəcə, Lumetin filmində hadisələrə verilən qısa şərh-yəni onun hansı gündə, hansı saatda baş verməsi - əhvalatda qırıqlıq yaradır və cinayət telereportajı estetikası təəssüratı yaradır.

“Şeytanın oyunları” qaranlıq filmdir, insan təbiətinin ayrılmaz cəhətləri- hakimiyyət, pul hərisliyi, nə olursa-olsun komfortlu yaşamaq istəyi, buna görə qətl törətməyi və sonda fəaliyyətinin bumeranq kimi özünə qayıtması əksini tapır. Lumet digər filmlərində olduğu kimi burda da aktyor oyunundan yüksək keyfiyyətli nəticə alır. Detal və uyğun planlarla qəhrəmanların emosional durumunu tədqiq edir.

# 4405 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #