Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı olub

Martın 14-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəllifi və aktyor, xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub.

 

ONA-nın xəbərinə görə, tədbiri açıq elan edən “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, kinostudiyanın hər qarışı tarixdir: "Bizə bəzən irad tuturlar ki, köhnə binadır, orda niyə yaradıcılıq otaqları yaradırsınız? Xeyr. Bu binada Azərbaycan mədəniyyətinin böyük nümayəndələri fəaliyyət göstəriblər. Biz də bu gün görkəmli rejissorumuz Tofiq Tağızadənin xatirəsini yaddaşlarda yaşatmaq üçün onun adını daşıyan yaradıcılıq otağını təşkil etdik. Biz gələcəkdə də bu ənənəmizi davam etdirəcəyik".

 

Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova korifey sənətkarların otaqlarının bərpasının gələcək nəsillər üçün böyük miras olduğunu səsləndirib: "Qoy, həmişə bu otaqlarda görüşlər, tədbirlər keçirilsin və ustadın əziz xatirəsi kimi həmişə yaşasın".

 

Kinorejissor, xalq artisti Oqtay Mirqasımov isə Tofiq Tağızadə ilə çox yaxın olduqlarını, hələ gənc yaşlarımdan onunla ünsiyyət qurduğunu söyləyib: "Tofiq Tağızadənin elə insani keyfiyyətlərini görmüşəm ki, o keyfiyyətlər mənim bir insan kimi formalaşmağıma təsirsiz ötüşməyib. Tofiq müəllim anadan rejissor doğulmuşdu. Onun sirləri də var idi. O, çox ağır həyat sürdü və heç vaxt kimsə onun dilindən giley-güzar eşitmədi".

 

Xalq artisti Əbdül Mahmudov isə "Yeddi oğul istərəm" filmində oynadığına görə həmişə Tofiq Tağızadəyə minnətdar olacağını bildirib: "Azərbaycanda məndən də istedadlı aktyorlar ola-ola məni o rola təsdiq etdi. Həmin film dünyanın 128 ölkəsini gəzib, buna görə də mən bu haqqı dana bilmərəm. Bu gün kimlərsə kinostudiyamıza göz dikiblər və buranı ələ keçirmək istəyirlər. Sağ olsun cənab prezidentimiz, kino barədə verdiyi son sərəncamları və dahi sənətkarlarımızın yubileylərinin keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara bu işlərin qabağını alır. Mən onu təşəkkürümü bildirirəm".

 

Xalq artisti Rafiq Əzimov isə bildirib ki, kinostudiyanın gözəl günləri hələ qabaqdadır: "Ötən əsrin 60-80-ci illəri mədəniyyətimizin intibah dövrü olub. Prezidentin mədəniyyət işçiləri ilə görüşü və ondan sonra görülən işlər də onu göstərir ki, biz yeni bir mədəni intibaha doğru gedirik. Mədəniyyətimizdə yeni inkişaf yolları açılır. Bu böyük nailiyyətdir".

 

Rejissorun kürəkəni, əməkdar artist Firdovsi Atakişiyev ailəsi adından kinostudiyanın rəhbərliyinə öz təşəkkürünü bildirib: "Xatirə otağının açılması məni və onun qızını çox sevindirdi. O, mənə ata kimi əziz idi. Mən bu gün sizə bir hədiyyə gətirmişəm. "Uzaq sahillərdə" filmi üçün Qara Qarayev Bakı haqqında mahnı yazıb Tofiq müəllimə veribmiş. O mahnı nədənsə sonradan filmə salınmayıb. Mən bu gün həmin not yazısını xatirə olaraq bu yaradıcılıq otağına təqdim edirəm. Qoy, iki dahinin xatirəsi burda daim yaşasın".

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019