Kim qoynuna alacaq / O bakirə gecəni... – Yeni Şeirlər

Kulis.az Şərahil Laçınlının şeirlərini tədim edir.

 

Bilməcəni

 

Bu olmuşlar olacaq

Tökülənlər dolacaq

Kim qoynuna alacaq,

O bakirə gecəni...

 

Dünya ballı, pətəkli,

Əl verməyən ətəkli.

Görəmməz cənnət əhli,

Ürəyimdən keçəni.

 

Duyan könlüm haraylar,

Yağı aylar, yar aylar.

Saxladımı saraylar,

Gorgahlara köçəni

 

Yaşıd yoxdur ərz ilə,

Nər üzülüb nazilər.

Biçə bilməz dərzilər,

Fələk bezdən biçəni

 

Şəkk elədik gah Ona,

Gah fələkdir, gah ana

Gələrmiydik cahana,

Bilsək bu bilməcəni?!

 

Sarı

 

Bu var dünya, bu yox dünya,

Bu az dünya, bu çox dünya

Əzəldən gözü tox dünya,

Baxar əli boşa sarı

 

Yaşsız gözlər - qoşa çuxur,

Yalan ağla, yaş ha çıxır

Dərd bozarır başa çıxır,

Başın qarı qaşa sarı

 

Toyda yasa tutsa lağın,

Qandıracaq solun, sağın.

Kəsməz insan basalağın,

Məzarlığın daş hasarı.

 

Tapar məhrəm il, üzünü,

Yaşmasan da gül üzünü.

Haqladınsa otuzunu,

Yolun üzü qışa sarı.

 

Yaranmışın yarı dünya,

Bir yarını qoru, dünya.

Sevişərdik, qarı dünya,

Aramızda yaş hasarı...

 

Çəkirəm

 

Düz dolanmaz əyri mehvər

Bu əyri çağı çəkirəm

Arı kimi gülündən bal,

Şahmar tək ağı çəkirəm

 

Baxtım qəmnən ələlədi

Başımnan hey kül ələdi

Dərd üstümnən yol elədi

Körpüyəm, tağı çəkirəm

 

 

Qovğayla, qeylü qal ilə

Yarıladım xəyal ilə

Ömürdü, bu minval ilə

Dərdi fərağı çəkirəm

 

Nə şeyx qaldı, nə müridi

Susdu vicdanlar, kiridi

Gedən qalannan diridi

Ölünü, sağı çəkirəm

 

Lütfün nə Tanrım,əfv nədir

Bunca əzabi səf nədir

Şamı ümüdü dəfn edir,

Sübhündə ağı çəkirəm

 

Gəlməz mizana, çəkiyə

Nə azalar, nə səngiyər

Mən fələyin Fələkiyə*

Çəkdiyi dağı çəkirəm

 

 *Fələki Şirvani

 

Üstünə

 

Tanrı, mənnən davan nədir,

Dərd verirsən dərd üstünə

Olum ölümlə zər atır,

Qoyulmuşam nərd üstünə.

 

Min ahım sözə gəlmədi,

Heç sevinç bizə gəlmədi

Azar da təzə "gəlmə”di

Həsrət  düşən yurd üstünə

 

Çox da bu meydanda təksən

Nolar yaxamdan əl çəksən

Namərddən namərd fələksən

Hey cumursan mərd üstünə

 

Elə gözəl

 

Bircə yol görməsəm açılmaz eynim

Düşməz nə çiçəyə,nə gülə meylim

Baxıb cəmalına ölməyim, neynim,

Dodaq elə gözəl,göz elə gözəl

 

Nazını çəkdiyim nazını gizlər

Yağdırar qarını, yazını gizlər

Təbiblər dərmanın əsirgəməzlər

Gözün xəstəsinə göz elə, gözəl

 

Bahar səfasıdı qarın da mənə

Məlhəmdi “can”ın da “çor”un da mənə

Yer, yataq salmısan qorunda mənə

Yandırır bağrımı köz, elə gözəl

 

Dönər baxışların qurşun yerinə

Gözlərim nur istər yaşın yerinə

Şərahil Yaradan daşın yerinə,

Kaş ürək verəydi gözələ - gözəl   

 

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019