Onun adı Fərəh idi

Onun adı Fərəh idi
12 mart 2019
# 11:01


Vüsalə Balayeva

Yağış damcıları zəif yanan küçə fənərlərinin kölgəsində daha aydın görünürdü. Sanki yağış da küçənin yalnızlığından darıxıb, göydən şığıyaraq, ona təsəlli verməyə tələsirdi. Güclü külək yağışa həmdəm olub, var gücü ilə əsirdi. Küləyin gücündən ağacların yarpaqları yerə tökülüb xışıldayırdı. Bu soyuq havada hamı evinə çəkilib, ocağının istisinə sığınmışdı. Evlərdə tək-tük yerdə işıqlar parıldayırdı.


Uzaqdan küçənin kələ-kötür səthinə kiminsə kölgəsi uzanırdı. Kölgə işığa yaxınlaşdıqca balacalaşdı. Bir neçə saniyə əvvəl nəhəng görünən insan əksi lap cılızlaşdı. Soyuqdan titrəyən, tez-tez əllərini bir-birinə sürtən balaca qızcığaz səki ilə gedirdi. Gözlərindən axan yaş yağışın damcılarına qarışıb üzü aşağı, çənəsindən süzülürdü. Gecənin qaranlığını yara-yara dalana tərəf addımlayırdı.

Onun adı Fərəh idi. Əynində nimdaş qırmıza paltar, üzərindən cırıq bir gödəkcə olan qız fənərə yaxınlaşanda birdən başını yuxarı qaldırıb göyə baxdı. Sanki – ay yağış, mənə yazığın gəlsin, bir az dayan, yağma! - demək istədi. Nə düşündüsə yaxınlaşıb ağacın altında dayandı. Başını əyib islanmış ayaqlarına, bozumtul yaşıl çəkmələrinə maraqla tamaşa elədi. Elə bil onları birinci dəfə idi görürdü. Yadına onları dünən zibilliyin yanından necə tapdığı düşdü.


Arxa küçənin qurtaracağında sarı-qırmızılı hündür bir bina var. Ətrafda ən böyük zibillik də elə orada idi. Fərəh gün ərzində yolunu azı iki dəfə ordan salırdı. Bilirdi ki heç vaxt əliboş qayıtmayacaq. Həmin gün də adəti üzrə yolunu o tərəfdən salmışdı. Yavaş-yavaş hasarın dibi ilə gedib zibil qutularına yaxınlaşdı. Qorxa-qorxa ətrafa nəzər saldı. Bu yerlərin də öz yiyəsi vardı. Buranın vəziyyətinə baxan dəstə dəfələrlə Fərəhi əzişdirib, ağız-burnunu qanatmışdı. Küçə uşaqları bilirdilər ki, bu dünyanın öz yazılmamış qanunları var. Hər küçənin, hət tinin zibil qutularının sahibi var. Amma yenə də qızcığaz ehtiyacdan qorxuya qalib gəlib bura qədər gəlmişdi. Gələndə düşünmüşdü ki, bəlkə qarnını doyduracaq quru çörək, çürümüş meyvə tapa bilər. Birdən gözünə al qırmızı rəngdə sellofan torba sataşdı. Fərəh yerindən atılaraq qaça-qaça torbanı götürdü, var gücü ilə qaçıb tində gözdən itdi. Bir az uzaqlaşan kimi, dönüb arxaya baxdı. Arxasından kiminsə gəlib-gəlmədiyini özü üçün dəqiqləşdirmək istəyirdi. Heç kəsin olmadığını görüb sakitləşdi. Küçənin sakit yerinə çəkilib, əlindəki o al rəngli torbanı açdı. Anidən gördüyü mənzərə gözlərinin içini güldürdü. Sevinə-sevinə torbanın içindəki yaşıl rəngli çəkmələri çıxarıb ayağına geyindi. Elə bil çəkmələri kimsə Fərəh üçün alıb, ora qoymuşdu. Sanki həmin an yazıq qızcığaza dünyanı bağışlamışdılar. İndi bu hüzünlü, yağışlı gecədə bu hadisə yadına düşəndə, elə bil qaranlığın, kimsəsizliyin ağırlığını alıb ondan uzaqlaşdırdı.


Fərəh 8 il bundan əvvəl bu üzü işıqlı, içi qaranlıq dünyaya göz açmışdı. Anası Sara, atası Fərrux elə kənddə yaşayanda bir-birlərini sevib evlənmişdilər. Ailələrinin maddi durumları eyni olmadığına görə, Fərruxun atası Saranı özünə gəlin gözündə görməyib, elçi getməmişdi. Onları qapısında nökər kimi işlətməyə belə özünə rəva bilmədiyini bildirib, qəti etiraz eləmişdi. – Mən qatildən qız almaram – deyib, evdə neçə dəfə dava salmışdı. Fərruxa ya qızı unutmağı, ya da övladlıqdan rədd ediləcəyini demişdi. Hətta bacısı qızına elçi gedib, nişan aparmışdı. Toy gecəsi isə Fərrux Saranı götürüb Bakıya qaçmışdı.


Bu hadisədən 6 ay sonra Saranın anası evdə qaz sızmasından boğularaq ölmüşdü. Kənddə söhbət gəzirdi ki, bu işdə Fərruxun atasının əli vardı. Ancaq heç kəsə işin əslini öyrənmək müəssər olmadı. Sara anasının yasına belə kəndə gələ bilmədi.


Bir ildən sonra Fərruxla Saranın qızları doğuldu. Onlara fərəh, sevinc gətirsin, ağrılı-acılı günləri unutdursun deyə, Sara körpənin adını Fərəh qoydu.


Fərrux varlı ailədə böyüdü üçün, düşdüyü mühütə öyrəşə bilmədi. Özünə bu həyatda bir yol tapa bilmədi. Onu hətta Saraya olan böyük məhəbbəti də qoruya bilmədi. Getdikcə içkiyə qurşandı. Uşaq olandan sonra dəfələrlə atasının yanına getdi-gəldi. Xudayar kişi tərsliyə salıb oğlunu sonuna qədər bağışlamadı. Bir gün bu səfərlərdən birindən qayıdanda Fərrux qəzaya düşüb, Saranı və körpəsini bu qəddar dünyada tək qoyub getdi.


Balaca uşaqla kimsəsiz qalan Sara günlərlə özünə gələ bilmədi. Heç nə bacarmayan 20 yaşlı bu cavan gəlin günlərlə körpəsi ilə ac qaldı. Ev yiyəsinin onları evdən çıxarmağı ilə Sara ucu görünməyən uçuruma yuvarlandı. Əvvəl yenə başını salacaq bir evi vardısa, indi o da yox idi. 2 gün parkların skamyalarında yatan Sara 3 yaşlı Fərəhi uşaq evlərinin birinə aparmaq qərarına gəldi. Çarəsiz ana bir gecə onu gətirib qapının ağzına buraxdı. Qızcığaz elə bil bunu hiss edib var gücü ilə ağlamağa başladı. Elə bil son görüş olduğunu duyub balaca əlləri ilə, anasını buraxmaq istəmirdi. Birdən küçənin işığı yandı. Görünür kimsə səsdən duyuq düşüb, qapıya yaxınlaşdı. Sara qapının tıqqıltısı eşidib, Fərəhi var gücü ilə özündən itələyib qaçdı. O, bir qöz qırpımında qaranlıq küçədə gözdən itdi. Ağlaya-ağlaya bir xeyli qaçdı. Birdən dizləri üzərində torpağa çöküb, hıçqıra-hıçqıra hönkürdü. Bu çarəsiz, biçarə ananın hayqırtısı idi.


Sara zəif xarakterə malik bir qadın idi. Atası Xeyrulla 30 ilini həbsdə keçirmişdi. Onlar hər zaman səfalət içində, kasıbçılıqla böyümüşdülər. Anası çöldə tarlada işləyib bircəcik qızını bir qarnı ac, bir qarnı tox böyütmüşdü. Yeməyə pul çatmayanda da qonşuların evini silib-süpürürdü. Əvəzində qatıq, süd, pendir un alardı. Arizə arvad hər bir çətinliyə sinə gərib, Saranı qoruyurdu. Qoymurdu qızının adına nəsə pis bir söz qoşsunlar. Düşünürdü qızı başsız, atasız görüb adına nalayiq sözlər deyərlər.


O gündən sonra Saranın nə ölüsündən, nə də dirisindən xəbər alan olmadı. Sanki yer aralandı, onu udub apardı. Fərəh də həmin gündən uşaq evində böyüməyə başladı. Uşaq evində Fərəh yaxşı günlər də gördü, pis günlər də. Öz çörəyini ikiyə bölüb onunla bölüşənlər də oldu, əlindən son tikəsini alanlar da. Fərəh düz 3 il burda yaşadı. Bir gün uşaqları burdan qaçıb getməyə məcbur edən bir hadisə baş verdi. O, hər zaman o günü dəhşət, qorxu içində xatırlayırdı. Uşaq evində Seymur adında bir oğlan vardı. Çox sakit, özünə qapanıq bir uşaq idi. Bir səhər dərsdə müəllimə başının ağrıdığını deyib, tibb məntəqəsinə getmək üçün icazə aldı. Məntəqəyə gəlib həkimi tapmayıb sinifə geri qayıdanda, həyətdə internatın direktoru Salman müəllimi görür. Kişi əzazil biri idi. Seymurdan hardan gəldiyini soruşur, o da hadisəni olduğu kimi danışır. Sözsüz ki, direktor buna inanmır və onun dərsdən qaçdığını, həkimdən onun mətəqəyə həqiqətən də gəlib-gəlməməyini soruşacağını bildirir. –Soruşacağam , mənə desələr ki, sən ora gəlməmisən səni itin balası kimi, düz həyətin ortasında palaz kimi çırpacağam.


Seymur ağız ucu – Həkimi tapsaz, soruşarsız.


Salmanın eşitdiyi cavabdan gözləri əsəbdən az qala hədəqəsindən çıxdı. Qayışını çıxarıb Seymuru o ki var həyətin ortasında döydü.


Həmin gecə uşaq evində güclü yanğın çıxdı. 12 nəfər uşaq, 3 tərbiyəçi yanğının qurbanı oldu.
Qalan uşaqlar başqa məktəblərə köçürüldü, 5 nəfər uşaq isə ordan qaçıb, qaranlığa qərq oldu. O uşaqlardan biri Fərəh idi. Həmin gecə onlar yarıuçulu bir binada gecələdilər. Elə həmin gündən o 5 uşağın küçə həyatı başladı.


İndi bu yağışlı gecədə, qaranlıq küçədə dayananda Fərəh o yanğın gecəsini yenə xatırladı.
O, yavaş-yavaş ağacın altından çıxıb, üzü binaya doğru yürüməyə başladı. Binaya çatanda uşaqları küçədə gördü. Anar Fərəhə yaxınlaşanda onun gödəkcəsindən dartışdırmağa başladı. – Gedək.


Fərəh əsəbi halda onun əlindən çıxıb, heç yerə getməyəciyini bildirdi. -Özbaşına deyilsən e, Təyyar bizə iş verib. Gedib onun dediyi yerdən oğurluq eləməliyik. –Mən heç yerə getmirəm,əl çək! Qızcığaz arxaya dönmək istəyəndə, birdən gözlərindən sanki qığılcım çıxdı. Üzünə dəyən qəfil sillə onun başını gicəlləndirdi. - Küçük, sən bu qədər qudurmusan, mənim sözümün qabağına söz deyirsən? Fərəh qorxa-qorxa bir əli yanağında Təyyara baxdı. Onun bayaqdan arxada durub onlara baxdığını görməmişdi. Təyyar uşaqlara başçılıq edən 30-35 yaşlı bir kişi idi. O uşaqları işlədib, pul qazanırdı. Onları oğurluğa, dilənməyə yollayırdı. Sonda isə qazancı onlardan alıb, onlara ancaq çörək almağa qəpik-quruş verirdi. Onun əmrlərinə tabe olmayanları isə döyürdü, ac saxlayırdı. Uşaqlardan biri danışırdı ki, hətta, o bir oğlanın gözünə turşu töküb yandırmışdı. Onu bilərəkdən əlil edib, dilənməyə vadar etmişdi.


Burada yaşayan uşaqlar Təyyardan çox qorxurdu. Onun dediyi hər bir şeyi sorğusuz sualsız yerinə yetirirdilər.


Fərəh naəlac Anargilə qoşulub, üzü dənizkənarı parka tərəf addımladı. Onlar qaranlıq küçəyə çatanda, uşaqlardan biri “iş görəcəkləri” yeri göstərdi. Onlar ikimərtəbəli binanın qarşısında dayanmışdılar. Bu vaxt Təyyar iki nəfər cavan oğlanla onlara yaxınlaşdı. – Baxın, küçüklər - o əli ilə ikinci mərtəbədəki sol pəncərəni göstərdi – eyvana qalxıb pəncərədən içəri keçəcəksiniz. Sakitcə qapını bizim üçün açacaqsınız.


Sol pəncərənin sahibəsi Aida xanım idi. Tək yaşayan bu xanım 50 il idi ki universitetdə ədəbiyyatdan dərs deyirdi. Təyyar 2 ay idi ki, bu qadının evini təmir edirdi. Bu müddət ərzində evə kimin girib, kimin çıxdığını öyrənmişdi. Məhz bundan sonra beynində öz məkrli planını qurmuşdu. O, demək olar ki hər şeyin yerini bilirdi. Bu gün işin sonunda təmir olunan otaqda bilərəkdən pəncərəni açıq qoymuşdu, ev yiyəsinədə onu bağlamamağı bərk-bərk tapşırmışdı. Əks halda divara vurduğu suvağın qurumayacağını demişdi.


İndi Təyyar hər şeyin yolunda getdiyini görüb, bic-bic gülümsündü. O, bir-bir uşaqların üzünə baxdı, birdən nəzərlərini Fərəhin üzərində saxladı. Fərəhin bu soyuq, zəhmli baxışlardan tükləri biz-biz oldu. Özündən asılı olmayaraq qorxudan bədəni tir-tir əsməyə başladı. –Sən, yaxın gəl- Təyyarın kobud səsi qulağında cingildədi. – Sən buradan qalx eyvana, pəncərə torunu səssizcə cıxart evə gir, qapıdan sol tərəfdədi dəhliz. Yavaşca keç qapını aç. Bax ha, küçük, əgər arvadı oyatsan özündən küs, meyitini salaram. Bil ki, səni mənim əlimdən heç kəs ala bilməz.
Fərəhin qorxudan bir anlıq qulaqları tutuldu, boğazı quruduğundan udquna bilmədi. Birdən onu öyümək tutdu. - Ey, Təyyar hirslə qıza yaxınlaşıb onun qollarından tutub özünə tərəf çəkdi, Fərəhin ayaqları yerdən üzüldü.- Yetimçə, artistlik eləmə. Bu dəqiqə ölümün mənim əlimdən olar. Sərçə kimi başını üzüb, bədənini dalana ataram. İnan mənə, bundan heç kəsin xəbəri belə olmaz. O, hirslə Fərəhi buraxdı. Qızcığaz müvazinətini itirib yerə yıxıldı. Qorxusundan tez də ayağa qalxıb üstü-başını çırpdı.


- Get, işini gör.


Fərəh eyvana yaxınlaşdı. Bir anlıq yazıq-yazıq Təyyarın üzünə baxdı. Sanki ona - Mənə yazığın gəlsin, burax gedim- demək istəyirdi.


Sonra yalvarışlarının faydasız olduğunu bilib, yavaş-yavaş eyvana dırmaşmağa başladı. Birinci cəhdi boşa çıxdı, yerə yıxıldı. Təyyar ilan kimi fısıldayıb acıqla ona baxdı. Fərəh tez yerdən sıçrayıb boru ilə yenə eyvana dırmaşmağa başladı. Eyvanın kənarındakı dəmirə ayağını qoyub, çevrilib aşağı baxdı. Ikinci mətrəbə olduğuna baxmayaraq, köhnə tikililərin çox hündür olduğunu gördü. Eyvanın aşağısındakı ucu biz dəmirlər onu lap qorxuya saldı.


Təyyar dəstəsiynən küçənin qaranlıq tinində gizlənib, Fərəhin hərəkətlərini diqqətlə izləyirdi. Onun tezliklə içəri girməyini gözləyirdi. Həmin gecə o hər bir şeyi düşünmüşdü. Düşünmədiyi isə Aida xanımın bacısı oğlu İlyas idi. O hardan bilərdi ki, 2 ildən sonra məhz bu gecə İlyas bəzi sənədlər üçün Moskvadan Bakıya gəlməli olacaq. Onun heç İlyasın varlığından xəbəri yox idi.
Gecədən xeyli keçdiyinə baxmayaraq, İlyas kompüterində nə iləsə məşğul idi. Birdən əvvəl çığırtı, sonra isə taqqıltı səsi eşitdi. Küçədən kiminsə keçdiyini zənn edib, əhəmiyyət vermədi. Sonradan səslərin yaxınlaşdığını eşidib, təmir olan otağa keçdi. Sakitcə dayanıb, səslərə qulaq asdı. Yox, o yanılmamışdı eyvandan xışıltı gəlirdi. O, işığı yandırmadan, ehmalca eyvanın qapısına yaxınlaşdı.


Xışıltının yavaş-yavaş eyvana doğru hərəkət etdiyini, səsin yaxınlaşdığını hiss etdi. Əlini qapının dəstəsinə yaxınlaşdırıb, ehmalca qapını açdı. Ətrafa boylansa da heç kəsi görmədi, -Bəlkə pişikdi- deyə öz-özünə düşündü. Qapını bağlamaq istəyəndə eyvanda qaraltı gördü. Elə bil bir anda hər şeyi başa düşdü. O, yanılmamışdı. Aşağıdan kiminsə yuxarı dırmaşdığını gördü. Qapını açıb, tez-tələsik eyvana çıxdı. Bu anda Fərəh bayır tərəfdən eyvanın məhəccərində dayanmışdı. Ayağını atıb, dəmir məhəccərləri aşıb, içəri keçmək istəyirdi. Birdən qarşısında bu orta yaşlı, saqqallı kişini görüb, özünü itirdi. Donuq gözlərlə İlyasın üzünə bir xeyli baxdı. Əlləri dəmir məhəccərlərdən boşaldı, müvazinətini itirib eyvandan yerə yıxıldı. Fərəh sanki 2-ci mərtəbədən deyil, hündür bir uçurumdan yıxıldığını hiss etdi. O ani uçuş ona uzun bir zaman kimi gəldi. Elə bil bu dünyada o, 8 il yox 80 il yaşamışdı. Endikcə qısa həyatı film kimi gözünün önündən keçdi. Yerə çatanda onun üzündəki o donuq baxış hələdə qalmışdı. Fərəh yerdəki dəmirlərə çırpılıb, torpağın üzərində hərəkətsiz qaldı.


İlyas bir anlıq donub yerində qaldı, o hələ də nəyin baş verdiyini anlaya bilmirdi. Fərəhin son dəfə onun üzünə baxdığı donuq, boş baxışları onun bədənini titrətdi. Özünü toplayıb, məhəccərə yaxınlaşıb aşağı baxdı. Bir cüt göz düz onun üzünə baxırdı. İlyas birdən müvazinətini itirib, səndələyib arxaya yıxıldı.


Möhkəm yağış yağırdı. Soyuq, yaş torpağın üzərində hərəkətsiz bir qızcığaz uzanmışdı. Ağzının kənarından axan qan qurumuşdu. Yağışın damcıları sanki onun üzünün kirini yuyub təmizləmək istəyirdi. Ətraf boş, soyuq və yalnız idi. Üzərinə düşən polis maşınının mavi işığında, bir cüt açıq göz parıldayırdı. Bu dünyanın qoynundan sürüşüb, o biri dünyaya yol gedən qızcığaz.
Onun adı Fərəh idi...


Bundan sonra o, gecələri yalnızlıq çəkib, üşüməyəcəkdi. Səhərisi Təyyar həyasızcasına Aida xanımın evində işini davam etdirəcəkdi. O, qadının gecə baş verən hadisə ilə bağlı sözlərinə qulaq asıb, başını yırğalayıb, narazılığın bildirəcəkdi. - Gör hansı zəmanədə yaşayırıq, heç kəsə etibar yoxdur- deyə fikirdə bildirəcəkdi. Bunların heç birindən isə Fərəhin xəbəri olmayacaqdı.

# 3445 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #