Mirzə Cəlilin “erməni” narahatlığı

Kulis.az şair Murad Köhnəqalanın “Mirzə Cəlilin hekayələri redaktə olumalıdır” yazısının müəllifi Şəhriyar del Geraniyə cavabını təqdim edir.

 

Demək, məsələ nə yerdədir? Məsələ o yerdədir ki, erməni milləti heç vaxt bizdən mənəviyatca uca olmayıb, lakin bizdən fərqli olaraq ermənilər elmə, savada həmişə meyilli və açıq olublar, ziyalının xüsusi olaraq qədrini biliblər.

 

Uşaqlıqdan yadımda qalan bir-iki şeyi deyəcəm. Bizim kənddəki evimizi erməni ustaları tikib. Aynabəndini və polu düzəldən taxta ustaları uzaq Bada kəndindən olduğuna görə (yeri gəlmişkən, Şəmkirin bizə yaxın, uzaq dağ kəndi olan Bada ermənilərinin əksəriyyəti usta idi) o iki usta bizdə gecələyirdi. Həmin ustaların yaşlı tayı həmişə axşamlar eynəyini taxıb gətirdiyi kitabları oxuyurdu.

 

Yaxud, biz uzaq keçmişdə qalan orta məktəb foto şəkillərimizə görə Vazgen adlı bir fotoqrafa borcluyuq. “Musurman” fotoaparat alıb şəkil çəkməyi, sonra onu evdə fiksə eləyib fotoya döndərməyi heç ağlına da gətirmədiyi vaxtlar idi onda. Yaxud, “Litinstitut”da məndən bir kurs yuxarıda oxuyan erməni Aşotla yay tətilini Şaiq Vəlinin yanında, Omskda işləyib pul qazanası olduq. Orda Aşot mənə bütün yay boyu dünya təsviri incəsənətindən dərs keçdi.

 

Moskvada teatrlar, qəzet-jurnal nəşriyyatları, televerilişlər ermənilərlə doludur. Xəstəxanalarda savadlı erməni həkimlərin əlindən tərpənmək olmur. Bizimkilərə isə yalnız bazarlarda rast gəlmişik. Mirzə Cəlil demirdi ki, Novruzəli mənəviyyatsızdı, deyirdi, Novruzəli savadsızdı. Xana yaltaqlanmaq üçün sovqatla yüklədiyi eşşəyini döyə-döyə xanın qapısına gətirib. Orda da xanın zibilinə düşür, ancaq yenə xana yalvarır.

 

Bilirsənmi, ermənilər niyə bizim torpaqlarımızı rusların vasitəsi ilə ala bilib? Çünki pul qazanan erməni diasporu ziyalısına, ideoloquna pul buraxmağın faydasını yaxşı bilir.

 

Sən get, eləcə, Həsən bəy Zərdabinin həyatını, xatirələrini vərəqlə. Bir detalını yazıram. "Cəmiyyəti xeyriyyə" adlı qurum təsis edib kasıb uşaqlarını oxutmaq üçün maliyyə axtaran Həsən bəy Qarabağ bəyləri ilə görüşür. Onun fikrini bilən bəylər narazı halda bir-birinin ardınca məclisi tərk edir. Onlar Həsən bəyin kasıb uşaqlarını oxutmaq istəyini qınayırlar. Yəni, kasıb uşaqları nə üçün bizim uşaqlarla birgə oxumalıdır, bərabər səviyyədə olmalıdır? Ancaq Həsən bəylə birgə erməni cəmiyyəti üçün pul yığmağa gedən “Mşak” erməni qəzetinin redaktoru yaxşıca pulla qayıdır. Həmin səfərdə Həsən bəyi bir əhvalat xüsusilə sarsıdır. Deməli, erməni redaktora pul verməyə gələn ermənilərin arasında eşşəklə su daşıyıb satan, kimsəsiz 70 yaşlı Mkrtç adlı bir qoca da olur. Qoca ciblərində olan bütün pullarını stolun üstünə töküb redaktora deyir: “Mənim oğul-uşağım yoxdu, amma oxumaq istəyən bütün erməni uşaqları mənim balalarımdı”.

 

Və yaxud, altı dil bilən, Volteri, Russonu, Lokku orijinaldan oxuyan böyük ziyalımız, Avropa universitetlərində mühazirələr oxuduğu yerdə gəlib Azərbaycanın seçmə oğullarını qıran Daşnak partiyasına qarşı Difai adlı silahlı müdafiə təşkilatı yaratmış Əhməd bəy Ağaoğlu nə yazırdı? O, gimnaziya xatirələrində yazır ki, Şuşada rus dilində açılan “Realnı gimnaziya”nın qırx tələbəsi erməni uşaqları, cəmi beş tələbəsi isə azərbaycanlı idi. Müəllimlərin də əksəriyyəti erməni olduğundan türk uşaqlarını daimi sıxışdırırdılar. Ona görə də təzyiqlərə dözməyən digər dörd tələbə məktəbi yarımçıq buraxıb qaçır, qalır yalnız Əhməd bəy. Və ilaxır və sair.

 

Yəni, ey oğul, Mirzə Cəlil də deyirdi ki, yazırdı ki, başa salırdı ki, ey Şəhriyar, eybinizin üstün örtməklə, yalançı daqqalıqla, saxta eqoizmlə, mənasız təəssübkeşliklə irəli gedə bilməyəcəksən. Neçə ki, xəstəliyinin diaqnozunu gizlədəcəksən, bu halınla müalicə oluna bilməyəcəksən, yalnız ərəb əlifbası kimi daim geriyə, yəni irəlidən arxaya gedəcəksən.

 

LENT

26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019