Xalq artisti: “Yataqda da dinc durmuram” – Müsahibə

 

Uzun illərdir səhhəti onu yatağa məhkum edib, amma heç bir xəstəlik insanın, xüsusən sənətkarın həyat eşqini və yaratmaq yanğısını əlindən ala bilmir. Ramiz Əzizbəyli də bu istəyə köklənib-yaratmaq eşqinə. Xalq artisti Lent.az-a müsahibəsində bu istəkdən danışıb.

 

- Necəsiniz?

 

- İndi yaxşıyam, başıma nə oyunlar gəldi, ayağımı kəsdilər...

 

- “Ayağımı” deməyin də, barmaqlarınızdır axı. Şəkərin fəsadlarıdır eləmi?

 

- Bəli. Əvvəl heç şəkər deyildi, mədə-bağırsaq problemi idi, sonradan şəkər də çıxdı, vurdu qalan orqanları da sıradan çıxartdı. Soruşsanız ki, xəstəliyiniz nədir? Deyəcəm hər şey, dürlü-dürlü xəstəliklər varımdı.

 

 

- Amma üzünüzdəki həyat eşqini, film çəkmək yanğısını duyuram. 70 yaşınızı necə qeyd etdiniz?

 

- Respublika Sarayında təntənəli yubileyim oldu. Hamı ordaydı. “Şöhrət” ordeni də verdilər mənə.

 

Yanındakı siyirməni çəkir, ordeni çıxardıb qoyur masanın üstünə, amma fotoqrafın onu çəkməsinə mane olur. “Yox, çəkməyin” -deyir, “mən təvazökar adamam. Şəklini çəkmək lazım deyil”.

 

- Gəlin, o “Şöhrət” ordeninə qədərki yola bir nəzər salaq, lap uşaqlığınızdan 10 yaşınızdan atanızı itirməyinizdən tutmuş, bu günə qədər...

 

- Danışa bilmirəm axı, dilim tutulur, qorxuram dilim topuq çalar.

 

- Aram-aram danışın, mən də sizə kömək edəcəm. Haqqınızda dəfələrlə yazdığımdan çoxunu bilirəm, məsələn, atanız rəhmətə gedəndən sonra Azərbaycan televiziyasında işləməyə başlamısınız...

 

- Hə, əvvəlcə dublyaj redaksiyasında uşaq rollarını səsləndirirdim. Sonra görmədiyim iş qalmadı, istər televiziyada, istər kinostudiyada.

 

Bayaqdan ağzını açıb bir kəlmə deməyə ehtiyat edən müsahibim özü də bilmədən ehtiyatlanmağı unudub, xəyalən yollandı uzaq uşaqlığına. 

 

- Anam, bacım, mən qalmışdıq ailədə, 1000 manat məvacib alırdım, özümə vermirdilər, banka köçürülürdü, anam gedib alırdı. “Yasəmən” uşaq redaksiyasında, “Bənövşə” uşaq xorunda işləmişəm. İndiki tanınmış aktyorların əksəriyyəti o vaxt mənə baxıb həvəslənib teatra, kinoya gəliblər.

 

- Adil İsgəndərov sizi efirdən bəyənib “Azərbaycanfilm”ə işə dəvət elədi, eləmi?

 

- Hə, elədi, amma ştata salmadı, dedi buralarda ol, götürəcəm, mən də oralarda nə iş olurdu görürdüm, sonra da Adil müəllimi işdən çıxartdılar, amma rəhmətlik Cəmil Əlibəyovun masasının üstünə məni, bir də Eldəniz Rəsulovu yazıb qoymuşdu ki, bunlara ştat söz vermişəm, çalış məni yalançı çıxartma. O vaxtdan səsim, özüm, bütün varlığım kinoya xidmət edib.

 

 

- Amma ilk dəfə sizi kinoya Tofiq Tağızadə çəkdi, “Mən rəqs edəcəyəm” filminə Mahmud Esenbayev roluna çəkilməli idiniz, qalanını siz danışın.

 

- Getdim “Artek” pioner düşərgəsinə, qayıdanda gördüm filmin çəkilişləri başlayıb, Tofiq Tağızadə məcbur olub başqasını çəkib o rola, məni buraxmadı, orda başqa bir uşaq rolunda çəkildim.

 

Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması", “Qisas almadan ölmə”, “Sübhün səfiri”,  ümumilikdə 40-dan çox filmdə çəkilib.

 

- Kinostudiyada, televiziyada artıq aktyor kimi fəaliyyətdə olan adamı niyə İncəsənət Universitetinə qəbulda iki il ardıcıl ixtisasdan kəsdilər?

 

- Özləri bilsin, sonra həmin ali ocağı bitirdim, orda kafedra müdiri, professor oldum, indi də “Şöhrət” ordenliyəm, amma özümü öyməyəcəm, mən təvazökar adamam. Kəsənlərin adını da deməyək, günahları öz boyunlarına.

 

- Həmin İncəsənət İnstitutunda məxsusi sizin üçün Estrada aktyorluğu kafedrası açdılar, sizin ordan gedişinizlə də o kafedra bağlandı. Kinoda debütünüzdən söhbət açmaq istəyirəm, “Pirverdinin xoruzu” kimi klassik əsərə müraciət etdiniz, ilk rejissor işiniz oldu, riskli deyildi?

 

- Qətiyyən, çox da rahat oldu. Eldar Quliyev “Debüt”ün rəhbəri idi, icazəmi ondan aldım, çəkdim və 11 festivalda iştirak etdi o film, onlarla mükafat aldı. Sonra çəkdiyim “Bəxt üzüyü” bəyəm pis komediya idi, yaxud onun ardınca çəkdiyim “Yalan”?

 

- 12 illik fasilədən sonra çəkdiniz “Bəxt üzüyü”nü, yenə xeyli illər sonra tamam başqa janrda, Qarabağ müharibəsindən bəhs edən “Yalan”ı çəkdiniz. Amma arada Ramiz Rövşənin ssenarisi ilə yarımçıq qalan filminiz də oldu...

 

- Çox olub, yarımçıq qalan filmim. İmkan verirdilər ki, məni qüvvə bilirdilər, maneə törədirdilər film çəkməyimə. İndi yataqda da dinc oturmuram, çapa hazır vəziyyətdə 6 kitabım var.

 

 

- Hə, satirik şeirlərinizi oxumuşdum bir zamanlar “Cızma-qara” başlığı altında. Kitablarınız yenə satirik şeirlərdən ibarətdir?

 

- Hər şey - hekayə, satira, şeir, nə desəniz.

 

- Çəkmək istədiklərinizi çəkməmisiniz demək?

 

- Nə çəkmişəm ki, istədiklərim hamısı qalır. 

 

- Birini deyin görək, indi sağalıb qalxıb kinostudiyaya yollanıb hansı filmi çəkmək istərdiniz?

 

- İsi Məlikzadənin “Müşavirə”sini çəkərdim, 30 ildir bu arzum ürəyimdədir.

 

- Bəs, çəkilmək istədiyiniz obraz qalır?

 

- Kral Lir. Üç övladı tərəfindən atılan atanın faciəsi çox marağımı çəkir.

 

- Üç qızı, sizin də iki qızınız var?

 

- Hə, maşallah, mənim övladlarıma, Zümrüd xanımla evliliyimizin qızıl toyuna az qalır. İki qızım da ailə qurublar, Xədicənin qızı, Cəlalənin oğlu var.

 

- Yasamaldakı bu evinizdə artıq üçüncü dəfədir sizinlə müsahibə alıram, amma axı dövlət sizə ev vermişdi, niyə ora köçməmisiniz?

 

- Dörd evim olub, iki də bağ evim, hamısını satıb müalicəmə verdim. Pirşağıdakı bağımda isə hələ də qaçqınlar yaşayır. Təki can sağlığı olsun...

 

Bəli, insan məlum yaşa, həyat təcrübəsinə çatanda onu bircə məqam düşündürür - bircə can sağlığı olsun. Biz də xalq artisti, professor, “Şöhrət” ordenli Ramiz Əzizbəyliyə yalnız onu arzulayıb, ayrıldıq - can sağlığı...  

 

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019