“İmtahan”ın Banusu: “Həyat yoldaşımla çəkiliş meydançasında sevgili olmuşuq” - Müsahibə - Video

Xüsusən uzun sürən seriallarda tamaşaçı qəhrəmanla o qədər çox ünsiyyətdə olur ki, serialı əvvəli və sonu olan bir TV məhsulu kimi qavraya bilmir. Təsəvvür edin, iki il hər gün ekranda gördüyün qəhrəman qəfil qəzaya düşür. Həyatda olduğu kimi. Akademik Milli Dram Teatrının gənc aktrisası, “İmtahan” serialında Banu  kimi tanınan Fəridə Şahbazova ilə görüşmüşük. Çox sevilən qəhrəmanının qəfil ölümü ilə serialdan ayrılan aktrisaya ilk sualı mən yox, operatorumuz verir:

 

- Xanım, niyə Banunu öldürdünüz?

 

- Yaxşı ki, bu müsahibəyə çağırdınız məni. Bu sualı mənə o qədər verirlər ki... telefonum susmur - şərhlər yazırlar, hətta biri məni mağazada görüb uşağın yanında deyir ki: “Bəs sən ölməmisən? Mən o qədər ağladım ki”. Serialla həyatı bu qədər qarışdırmaq məntiqə sığmır axı... Düzdür, bəlkə də obrazın, serialın uğurudur. Amma lap aqressiv yanaşanlar, söyüş belə yazanlar oldu. Düzü, tamaşaçının Banunu bu qədər sevməsinə təsirləndim, amma bəzən həddi müəyyən edə bilmirdilər. Şəxsi məsələlərimə qarışırdılar. Biri dedi, həyat yoldaşı qısqanıb deyə ayırıb layihədən, halbuki, 5 ilə yaxındır evliyik və bu vaxt ərzində tamaşada da, filmdə də oynamışam. Biri yazdı ki, guya həmkarlarımla problem yaşamışam, bu da deyil. Bu adamların şəxsi işimə qarışmaqları həddi keçmək idi.  

 

- Bəs layihədən çıxmaq öz qərarınız idi? Yoxsa rejissor, ssenari müəlliflərinin yazdıqlarına uyğun idi?

 

- Öz qərarım idi. Dözə bilmirdim. Banu məni məhv edirdi... “İmtahan” layihəsi məni çox yordu, çox ağır layihə idi. Saatlarla çalışdığımız olurdu. Teatrda işlərim axsayırdı, evdə körpə uşağım var, ona vaxt ayıra bilmirdim. Heç cürə mümkün olmadı. Birdən hər şey üst-üstə gəldi. Serial, məşqlər... Elə bil doyduğun halda yeməyə məcbursan – elə bir vəziyyətə düşdüm.  Öz-özümə dedim ki, gələn mövsümə qədər dincəlim. Hiss etdim ki uşağın mənə mənəvi-ruhi ehtiyacı var.

 

- Uşaq neçə yaşdadı ki?

 

- İki yaş, səkkiz aylıqdır... Bilirsiniz, biz uşaqlarımızın maddi ehtiyaclarını ödəyirik, amma mənəvi ehtiyacları haqda düşünmürük. Layihədən ayrılmağımın ən böyük səbəblərindən biri övladım idi. Layihə başlayanda o danışmırdı, amma artıq böyüyüb. Son zamanlar hətta yalvarırdı, “Ana nolar, getmə...” Gördüm ki, heç nə onu mənim onun yanında qalmağım qədər xoşbəxt etmir.

 

İkinci səbəb özüm idim. Çox yorulmuşdum. Yuxusuzluqdan əsəblərim pozulmuşdu. İnsanın ruhi-fiziki sağlamlığı olduqca vacibdir. Pul qazanırsan, amma sağlamlığın gedəndən sonra onu pulla geri qaytara bilməzsən.

 

 

- “İmtahan” serialı layihəsi sizin üçün yalnız pul qazanmaq idimi?

 

- Yox, sevdiyim bir işlə məşğul idim. İşimi də sevə-sevə görürdüm, canımı qoyurdum. Serialdan aldığımız pula da ehtiyac böyükdür. Amma bilirsiniz, işin bir yerində sənətə olan sevgi də yorur adamı. Başa düşürsünüz? Tamaşaçılar mənə yazırdı ki, bizə haqsızlıq etdiniz. Mən heç kəsə haqsızlıq etmədim. Mən özümün özümə olan haqqımı ödədim. Dediyim kimi, çox yorulmuşdum, bu, özümə haqsızlıq idi, özümü istismar etmək idi. Məncə, tamaşaçılar da istəməzlər efirdə yorğun, ruhsuz sima görsünlər. İşi də istəmədən görmək düz iş deyil.

 

- Həyat yoldaşınız “Niyə?” serialının rejissorudur. Artıq onun layihələrində çalışacağınızı deyirlər...

 

- Yox! Tam səmimi. Onun layihələrində də işləməyəcəm. Sadəcə dincələcəm. Evdə olacağam, oğlumla qalacam.

 

 - Siz tamaşaçıların reaksiyasını dediniz. Amma bu teatr ya da film deyil. İki il siz müəyyən vaxtlarda Banunun həyatını düşünmüsüz, yaşamısız. Yəqin ki doğmalaşmısınız. Bəs siz layihədən ayrılanda nə hislər keçirdiniz?

 

- Həqiqətən, iki il ərzində Banu ilə yaşadım. Onu tənqid də etdim, danladım da, yazığım da gəldi, ağladım da. Hətta son bölümdə özüm obrazın ölümünə ağladım. Tək mən yox, ölüm səhnəsində bütün aktyorlar hansısa əlavə vasitələrsiz ağladılar. Mən gördüm ki, gərginlik mənə təsir edir. Ölüm səhnəsində hərəkətsiz uzanmalı idim, amma mən titrəyirdim. Ona görə bir neçə dərman atdım ki yuxulayım. Uşaqlar da gördülər.

 

Banu yaşca mənim özümdən balacadır, cəmi 18 yaşı var, mənimsə 28 yaşım. O yaşlarıma qayıtmalı oldum. Hətta müqayisə edirdim. Məsələn,  Banunun üstün cəhətləri Fəridədən daha çox idi.

 

- Banuda nə var idi ki siz də, tamaşaçı da onu sevdi?

 

- Əslində bu “İmtahan”ın bütün yaradıcı heyətinin uğuru idi.

 

- Amma sizin Banu bir az daha tipik obraz idi – o obrazda qardaşından qorxa-qorxa sevgi yaşayan, universitet oxuyan gənc qızların yaşadıqları var idi...

 

- Məncə, tipiklikdən çox, bütün hadisələrin Banunun ətrafında baş verməsinə görə idi. Hər kəs Banuya fokuslanmışdı, çünki dediyim kimi hər şey onun ətrafında baş verirdi. Məsələn mənim partnyorum Sənan Əlləzin də böyük rolu var. Amma Banu haqda fikirlər birmənalı deyil, qarışıqdır. Hər dəfə tamaşaçı bir şey yazır, tuta bilmirəm əslində fikir nədir.

 

 

 

- Sizin Tural və Banu cütlüyü topluma bir sevgili cütlük nümunəsi göstərirdi – tələbələrin sevgisi. Məncə, bizim serial məkanında beləsi yox idi... İstənilən halda bir model təqdim edirsiniz. Bunun məsuliyyətini hiss edirsinizmi? Həm də sizin seriala yeniyetmələr çox baxır...

 

- Bu sadəcə həyatdır, o demək deyil ki, hamı belə olmalıdır. Mən heç kimə, nə məktəbli, nə də universitet qızlarına Banu kimi olmağı arzulamıram. Hər kəs öz həyatını öz bildiyi kimi yaşamalıdır, nə Banudan, nə də Turaldan nümunə götürmək olmaz. Çünki onların orada keçilməz səhvləri var. Yaxşı oldu bunu soruşdunuz. İstəmirəm Banudan nümunə götürsünlər. Məsələn, qardaşını aldadıb gecə yarısı şəhərə tək çıxmaq təhlükəlidir. Muradın sonuncu seriyada dediyi kimi Banu özbaşına qız idi.

 

- Necə yəni? Yetkin qız özünün yox, kiminsə düşüncəsinə görə hərəkət etməli idi?

 

- Yox, başqasının fikrinə görə yaşasın demirəm. Onun o yaş dövrü üçün bir az tez idi. Banu yenicə həyata atılmış qızdır. Bir az nəzarət lazım idi. Bir az universitetdə işləyən qardaşını düşünməli idi. Gecənin yarısı evdən çıxmaq nə qədər düzgündür? Və ya 18 yaşda evlənmək, ailə qurmaq nə qədər düzdür? Murad demişkən, Banu həyata çox tələsirdi.  

 

- Banudakı hansı cizgilər Fəridənin idi?

 

- Həyatda Sənan Əlləzlə yaxşı dost olduğumuza görə, onunla daha yaxşı anlaşırdıq. Bu, qadının kişiyə sevgisi deyil. Bu doğmaların sevgisidir. Sənanla mənim belə bir sevgim var idi. Fəridənin olan çox şey var idi. Məncə, aktyor Universitet bitirməklə, oxumaqla olmur. Aktyorun içində bir yükü olmalıdır. Ümumiyyətlə tək aktyorun yox, bütün yaradıcı adamlarda belədir - bu anadangəlmə bir şeydir. Əvvəl elə bilirdim mənim psixoloji problemlərim var - ağlayanda bir gözüm də güzgüyə baxırdı, görüm necə ağlayıram. Özümə kənardan baxmaq kimi vərdişim var idi. Sonra başa düşdüm ki elə bu aktyorluqdan gələn cizgilərdir. Məsələn, Banunun ağlamaqları hamısı mənim idi. Ümumiyyətlə, sanki bir yüküm var və onu ağlaya da bilərəm.

 

- Nə yük?

 

- Nə bilim... izah edə bilmirəm... Ağlamağın texnikaları da var. Çabbakın kitabında başqa texnikalar var idi. Müxtəlif metodlar. Məndə bu idi.

 

 

- Fəridənin məsələlərə yanaşması obraza nə qədər yansımışdı? Məsələn sevgiyə münasibətdə...

 

- Mən həyat yoldaşımla çəkiliş meydançasında tanış olmuşam. Biz də sevgili olmuşuq,  əzablı sevgi yolumuz olub. Hesab edin ki, Banunun 50 faizi Fəridə idi - sevgi uğursuzluqlarında. Yəni, mənim həyatımda da sevgi, onun gətirdiyi acılar olub.

 

- “İmtahan” serialında diqqətimi bir nüans çəkdi: tək sizin cütlükdə yox, o biri cütlüklərdə də əziyyət çəkən, güzəştə gedən, fədakarlıq edən, dözən tərəf qızlardır.

 

- Haqlısınız, amma reallıqda da belədir axı... Bilmirəm bunu desəm, düzgün anlaşılarmı... Bizdə oğlanlar belə davranır: əvvəlcə sevgi göstərib qızı da özlərinə aşiq edirlər, sonra laqeydlik göstərib, incidirlər. Bizim qızlar sevəndə daha sadiq olurlar. Oğlanlarsa daha da rahatlaşırlar...

 

- Bu əminliyi haradan alırlar sizcə?

 

- Bizim cəmiyyətdə kişiyə üstün cins kimi yanaşırlar. Uşaqlıqdan belə böyüdüblər.

 

 

- Sizin də oğlunuz var. O, necə olacaq?

 

- Mən övladımın özünə inamlı olmasını istəyirəm, amma qadınların hissi ilə oynamasını istəmirəm. Xanımlara ikinci cins kimi yanaşsa, saymazyanalıq etsə, bu, mənə ağır gələr. Məndə çox böyük qadın təəssübkeşliyi var. Bilirsiniz, tək bizdə deyil bu, başqa cəmiyyətlərdə də qadın çox yüklənir. Sadəcə evi düşünək, məişət, uşaq hamısı qadının üzərindədir.

 

- Həyat yoldaşınızla eyni sahədə işləyirsiz. Ailənin bərabərhüquqlu üzvlərisiniz. Büdcəyə, ailə məsələlərinə hər ikiniz cavabdehsiniz. Bəs siz bu yükü bərabər bölüşə bilmisinizmi?

 

- Çox yaxşı bölüşmüşük.  Bizim cəmiyyətlərdə belə stereotiplər var ki, ev işi, uşaq yalnız qadına aid işlərdir, o etməlidir. Baxırsan ki, qadın da işləyir, amma kişi evdə dincəlir, qadınsa qulluq edir. Deyinəndə də qadının adı deyingən çıxır. Amma bizdə mənim həyat yoldaşım Əziz uşağa qulluqda, tərbiyədə çox böyük kömək edir.

 

- Siz deyəsən dediniz ki, çəkiliş meydançasında tanış olmusuz. Maraqlı tarixçədir?

 

- “Həyat sən nə qəribəsən” serialının birinci mövsümünün sonunda tanış olduq. Aktrisalardan biri dedi ki, o oğlan sənə yaman baxır... Sonra yaxınlaşdı. Kinoya dəvət etdi. Klassik tanışlıq, görüşlər... (gülür) Hərçənd evliliyi düşünmürdüm. Rahat idim. Amma yaxşı ki, ailə qurdum. Subay vaxtı həyatımda boşluq çox idi. Ailə həyatı həyatımdakı bütün boşluqları doldurdu. Oğlum məni yüz faiz xoşbəxt edir.

 

 

Əziz heç vaxt da mənə bu işdən get deməyib. Biz bir-birimiz çox sevib ailə qurmuşuq. Əziz əvvəlcə KVN də çalışıb, sonra qardaşı ilə serialda çalışıb. “Toydan sonra nağara” kimi kommersiya film layihələri işləyib. İndi də “Niyə” serialını rejissorudur. Film işində uğuru da, uğursuzluqları da olub. Bilirsiniz, Əziz çox yaxşı adamdır və bəzən çox yaxşı adam olmaq işə yaramır.

 

- Fəridə, siz aktyor texnikanızdan, yükdən danışdız. Amma tükənmək qorxusu da var. Özünüzü inkişaf etdirmək üçün bir fərdi metodunuz varmı?

 

- Yaxşı dediz, serialda olanda bu da var idi - tükənmək qorxusu. Heç nə edə bilmirdim, nə kitab oxuya, nə film izləyə bilirdim. Məncə, aktyor daima kitab oxumalı, mütaliə etməlidir. Təsəvvür edin ki, iki ilə iki kitab oxumamışdım.

 

- Oxuyanda hansı janrda kitablar, filmlər sizi maraqlandırır?

 

- Filmləri məzmununa görə izləyirəm. Detektiv, kriminal janrını sevirəm. Kəskin süjetli filmləri sevirəm. Məsələn, “Everest” filminə baxdım. Burada ancaq həyatın içindən olmağı məni cəlb etdi. Düzü, çox film izləməmişəm. Kitablardan Xalid Hüseyninin bütün kitablarını oxumuşam. Onun təhkiyəsi çox səmimidir. Dostoyevskini çox sevirəm bir də. Amma Dostoyevskini oxuyanda bir müddət özümə gələ bilmirəm.

Yerli müəlliflərdən Varisin romanını oxudum.

 

- Oxuyanda özünüzə obraz nişanlayırsınız?

 

- Desəm güləcəksiz. Dostoyevskidə  Raskolnikovu nişanlamışdım. Baxmayaraq ki, kişi obrazdır.

 

- Fəridə xanım, Akademik teatrın repertuarındakı hansı tamaşalarda məşğulsuz?

 

- “Şah Qacar”da gənc Qacarın sevgilisiyəm, “Boy çiçəyi”ndə Suriki oynayıram. Bir də “Sənətkarın taleyi” tamaşasında Ərəblinskinin sevgilisi Mayanı canlandırmışdım. Amma indi teatrdan da 40 günlük məzuniyyət götürdüm. Uşağın üç yaşı tamam olmadığı üçün analıq məzuniyyətim var.

 

- Bir istirahət planlamısınız?

 

- Yox. İndilik sadəcə olaraq evdə olmaq istəyirəm. Evdə övladımla çox xoşbəxtəm.

 

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019