Hamamda elektron poçt sevdası

Hamamda elektron poçt sevdası
6 mart 2019
# 21:00

Kulis.az sim-sim.az-a istindən Conatan Safran Foerin “Facebook və kitab” yazısını təqdim edir.

Özünüzü heç axşam yeməyini yeyə-yeyə elektron poçtunuzu yoxlayan yerdə tutmunuz? Ya da kitab oxuyanda gözləriniz telefonun ekranına tərəf sürüşübmü? Dünya barmaqlarımızın ucuna yaxınlaşdıqca, daha çox şeyi itirmək təhlükəsiylə üzə-üzə qalırıq.

Atam məni ilk dəfə gəmilərarası məsafəni ölçən texnologiyanın inkişaf etmiş bir modeli olan ekranda gördü. Onun atası isə əllərini sadəcə nənəmin qarnına qoyaraq uşağının necə göründüyünü xəyalında canlandırmalıydı. Amma mən anamın qarnındaykən atamın fantaziyası bədənimdə yayılan səs dalğalarına forma verən texnologiya ilə bağlıydı. 1950-ci illərdə ultrason texnologiyasının tərsanələrdən çıxıb müayinəxanalara girməsinə yardımçı olan Qlazqolu anqlikan doğuş mütəxəssisi Yan Donald bu işə ona görə girişmişdi ki, ultrason görüntüsünün hələ doğulmamış uşaqla aramızdakı bağı gücləndirəcəyini, beləcə qadınların abortdan vaz keçəcəyini düşünürdü. Digər tərəfdən bu texnologiya – şikəstlik riski, yaxud valideynlərin qız, ya oğlan uşağı istəyinə görə – hamiləliyi bitirməklə bağlı qərarlarımıza da təsir etdi.

Niyyət və bu günkü vəziyyət nə olur-olsun, bədənimizin doğuşdan əvvəl əldə edilən ağ-qara görüntüsü həyat və ölüm arasında vasitəçi oldu. Amma bizi həyat və ölüm qərarı verməyə nə hazırlaya bilər? Birinci uşağımızın cinsiyyətini öyrənmək üstündə həyat yoldaşımla dalaşmışdıq. Bu mövzunu beş mindən çox uşağın dünyaya gəlməsini görən ginekoloq əmimə açdım. Tövsiyə verən, ya da mistik şeylərə inanan adam deyildi, amma xeyli istat etdi ki, uşağın cinsiyyətini öyrənməyin: “Həkim ekrana baxıb uşağınızın cinsiyyətini desə, əlinizdəki şey ancaq bilgi olacaq. Amma bunu doğum anında öyrənsəniz, sahib olacağınız şey möcüzə olacaq.“ Möcüzələrə inanmıram, amma əmimin tövsiyəsini əməl etdim və gördüm ki, haqlıdır. İnsanın möcüzəni təcrübə etməsi üçün möcüzələrə inanması vacib deyil. Sadəcə həmin anda orda olması kifayətdir.

Empatiya və şəfqət hissi haqqında araşdırmalar aparan psixoloqlar belə qənaətə gəliblər ki, cismani ağrıya anlıq reaksiyalar versək də, beynin “bir vəziyyətin psixoloji və mənəvi qatlarını” anlaması üçün zaman keçməlidir. İstinad nöqtələrimizi itirdikcə, dərinliyi itirmək bahasına sürəti prioritet hesab etdikcə, işimizə göstərdiyimiz diqqətin keyfiyyəti də, kəmiyyəti də azalır. Məsələn, “mətn” (text) sözü əvvəllər bir romanın yüzlərcə səhifəsini dolduran sözlərin cəmini ifadə edirdi, bu gün isə bu söz artıq (mesaj, mesajlaşma mənasında istifadə edilən “text”) telefon ekranında bir sətiri dolduran sözlər və emojilər üçün istifadə edilir. Bunu deyərkən onların məzmuna qiymət vermirəm, sadəcə hansına nə qədər vaxt ayırmağımızdan danışıram.

Bilirik ki, maşın sürərkən mesajlaşmaq sərxoş ikən maşın sürməkdən daha təhlükəlidir. Amma yemək yeyərkən, söhbət edərkən, ya da oturub gözləyərkən telefondan istifadə etmək heç kimin həyatını riskə atmır, buna görə də bu anlarda diqqətinizin dağılmasına icazə veririk. Hamı valideynlərindən, dostundan, ya da həyat yoldaşından gözləyir ki, bütün diqqətini ona versin – əksəriyyətimiz, xüsusilə də uşaqlar get-gedə daha azına alışsa da. Simona Veyl yazır: “Diqqət göstərmək, comərdliyin ən az təsadüf edilən, ən saf formasıdır.”

Bu tərifin pəncərəsindən baxanda, dünyayla, bir-birimizlə və özümüzlə olan münasibətlərimizdə nə qədər vecsiz olduğumuz görünür. Romanlar oxucudan çox şey tələb edir, amma maraq, diqqət bu tələbatların ən birincisidir. Televizora baxarkən, musiqiyə qulaq asarkən, eyni anda başqa xeyli şeylə məşğul ola bilərəm, sənət qalareyasında gəzəndə bir yandan dostumla söhbət edə bilərəm, amma roman oxumaq başqa hər şeyi bir kənara qoymaq deməkdir. Kitab oxumaq özünü o kitaba həsr etməkdir. Romanlar həmişə empati hissiylə həmrəy olur, “özgə”ni bizə yaxınlaşdırır, bizdən həmişə baxış bucağımızı genişləndirməyimizi tələb edir. Bütün bunlar özlüyündə comərdlik deyilmi? Bu, özümüzə qarşı comərd olduğumuz mənasına gəlmir?

Atam öz övladının doğumunda iştirak etməmişdi – o vaxtlar kişinin gözləmə zalında gözləməsi daha məqbul sayılırdı. Mən isə oğlanlarımın doğumuna birbaşa şahidlik etdim. Mənim təcrübəm atamınkıyla müqayisədə daha zəngin, daha dərin, daha unudulmaz və doyurucu idi. Fiziki mənada orada olmaq, hissi mənada da orda olmağıma imkan yaratmışdı. Texnologiyanın bilgini idarə etdiyini və məsələləri təhrif etdiyini düşünürük. Google-un işi hamımızın bildiyi və özlərinin də dediyi kimi, “dünyanın bilgisi”ni səhmana salaraq, əlçatan etməkdir. Digər texnologiyalar, belə deyək ki, daha çox maddi dünya ilə bağlıdır – avtomobil ayaqlarımızı yerdən kəsir və ayaqlarımızla heç vaxt çata bilməyəcəyimiz sürətlərə çatmağımıza yardım edir, bombalar xeyli düşməni bir anda məhv etməyə yarayır ki, bu da çılpaq əllə bacara bilmədiyimiz şeydir.

“Animasyon İmkânlar Dahilinde Olmayanı Gösterir”

Texnologiyalar, məqsədlərimizə çatıb-çatmamaqda effektiv olduqları kimi, hislərimizə də təsir edirlər. Texnologiya tamamilə texniki bir şeydir. Bir adamın eyni dərinlikdəki duyğu və səmimiyyətinin ifadəsi olan “səni sevirəm” sözü telefonda, əllə yazılmış məktubda və mesajda fərqli çalarlar daşıyır. Səsimizdəki ton və ritm sözlərə də sirayət edir, eyni şəkildə yazı vasitələrinin materialı və rəngləri, ya da telefonlarımızı istehsal edən firmanın seçdiyi parlaq yazı şriftləri də. “Mac”larımızı “PC”lərdən daha çox sevirik, çünki “Apple” öz texnologiyasının hislərimizə də xitab etməsi üstündə qurub və özünəməxsus bir ekosistem yarada bilmək üçün texnologiyasını onu qoruya biləcək, ona rəhbərlik edəcək elit bir zümrəylə məhdudlaşdırıb.

Daha praktik olan ənənəvi telefonlarımızdan dəfələrlə çox ağıllı telefonlarımızla “oynamağa” başlamışıq. İlk telefonlar funksionallığa önəm verən mühəndislər tərəfindən yaradılmışdı, amma indi cibimizdəki telefonları rəngi və forması, parlaqlığı və materialı, ağırlığı və ölçüsüylə bizə necə təsir etdiyini diqqətlə müşahidə edən marketoloqlarla müştərək şəkildə istehsal edirlər. Biz istehlakçılar unuduruq ki, texnologiya müəyyən təsirləri hesablayır, duyğularımızın təməllərini, hətta son dərəcə dərin hissi təcrübələrimizi formalaşdırır. Biz unuduruq, amma uğurlu şirkətlər unutmur. Yadda saxlayırlar və bundan faydalanırlar, biz isə bunu kim olduğumuz bahasına unuduruq. Kommunikasiya texnologiyalarımızın böyük hissəsi imkansız bir aktivliyə alternativ kimi ortaya çıxdı.

Bir-birimizi həmişə üz-üzə görmək şansına sahib deyildik, amma telefon məsafələrə baxmayaraq, ünsiyyət saxlamağa imkan yaratdı. Evdə olmasaq da, tele-sekretar vasitəsilə mesaj yollaya bildik, bunun üçün telefonun başında hazır durmağa ehtiyac yox idi. İnternet vasitəsilə kommunikasiya nəyə görəsə daha yorucu olduğu düşünülən telefonlara alternativ kimi ortaya çıxmışdı. Sonra onlayn mesajlaşma gəldi, daha sürətli və asan. Bu kəşflər üz-üzə ünsiyyəti inkişaf etdirmək adına edilməmişdi, əksinə, onun istər-istəməz razı olunan, hətta onu azaldan, yetərsiz alternativləriydilər.

Amma sonra çox gülməli bir şey oldu: bu natamam alternativlər bizə daha maraqlı gəlməyə başladı. Birini birbaşa görmək üçün zəhmət çəkməkdənsə, ona telefonla zəng etməyin daha asan olduğunu gördük. Birinin cihazına mesaj göndərmək ona zəng etməkdən daha rahat idi – heç bir müdaxilə olmadan nə deməliyiksə onu deyir, çox da cici-bacı olmadan kefini soruşa bilirdik. Belə olan halda insanlara telefona cavab verməyəcəyinə əmin olduğumuz vaxtlarda zəng etməyə başladıq. Hətta elektron məktub göndərmək bizə daha asan gəldi, işin içinə səs tonu girmədiyi üçün nələrisə rahatca gizlədə bilərdik, təbii ki, o tərəfdəki ilə rastlaşmaq ehtimalı da aradan çıxdı. Mesajlaşmaqla birgə şəffaf olmaq qayğımız bir az da azaldı, üstümüzü örtəcək bir şey də tapdıq. Hər “irəli” atılmış addım anı yaşamağın hissi məsuliyyətindən qaçmağı və insanlıqdan daha çox informasiyanın ötürülməsini – bir az daha – asanlaşdırdı.

Bu deqradasiyaya uğramış alternativləri qəbul etməkdəki, seçməkdəki problem odur ki, zaman keçdikcə biz də deqradasiya oluruq. İnsanlar daha az şey deməyə alışdıqca, daha az şey hiss etməyə də alışdı. Ya da hiss etmək üçün yaradılan və satılan nədirsə, ancaq onu hiss etməyə başladı. Bu günə qədər roman özünü əhatə edən mədəniyyətlə heç vaxt bu qədər kəskin ziddiyyətə düşməmişdi. Kitab Facebook-un əksidir: bağlantılarımızı mümkün qədər ixtisar etməliyik. Kitab google-un əksidir: həm yetərsizdir, həm də faydasız. Ekranlar bizə sonsuz kimi görünən bir informasiya qaynağı təqdim edir, amma bir kitab səhifəsinin qiyməti bizə hansı bilgini verməyində yox, özümüzü tanımağımıza necə yardım etməyindədir.

Tanıdığım xeyli insan kimi mən də telefon və internetin həyatımızın keyfiyyətini azaltdığını, dərin ehtiraslardansa parıltıya meydan verdiyini, diqqəti dağıtdığını, konsentrasiyanı get-gedə daha da çətinləşdirdiyini və çox vaxt məni olduğum yerdən qopardığını düşünürəm. Hamamda uşaqlarımı yuyunduranda özümü elektron poçtumu yoxlayan yerdə tuturam, yaxud yazı yazanda bir cümlə, ya da fikir rahatlıqla ağlıma gəlməyəndə əlim tezcə internetə gedir. Gözəl bir bahar günü telefonumun ekranını yaxşı görmək üçün özüm kölgəlik axtaran yerdə tuturam. Sizdə heç belə olmur? Sevdiyiniz bir adamla telefonda danışarkən bilinməyən bir nömrədən zəng gələndə, sevdiyiniz adamı gözlətdiyiniz olubmu?

Fiziki tənhalığı hissi mənada tənhalıqla qarışdırmısınız heç? Diqqət dağınıqlığı ilə aranızdakı münasibətin dəyişdiyini hiss etmisiniz: bir vaxtlar xeyli darıxdırıcı olan bu şeyin artıq axtardığınız bir şeyə çevrildiyini? Başqa bir zəngə cavab vermək istəyirsiniz? Deyirsiniz ki, kaş cavab verməli olduğunuz bir e-mail olaydı? Lazımsız bir mesaj gələndə telefonunuzdan çıxan səsə həsrətmi qalmısınız? Texnologiya gündəlik həyatımıza hansı tərəfdən nüfuz edirsə, o tərəfdən bizdə yarımçıqlıq yaratdığını deyə bilmərik? Get-gedə daha pis vəziyyətə düşmürük? Yeni olan bütün texnologiyalar əvvəl-əvvəl təlaş yaradır, sonra insanlar buna alışır. Demək, bəlkə də dirəşməyin heç bir mənası yoxdur. Amma əgər lazım olsaydı, bu dirəniş hardan gələrdi və nəyə bənzəyərdi? Hər yeni nəsillə birgə bu günə bənzəyən bir gələcək təsəvvür etmək çətinləşir. Nənəm və babam onlarıkından daha yaxşı bir həyata sahib olmağımı istəyərdi: Müharibənin və aclığın olmadığı, yuva hissi verən bir yerdə sakit bir həyat. Bəs yaxşı mən nəvələrim üçün hansı gələcək proqnozları verə bilərəm? Paltarlarının hər gün 3D printerlərdən çıxmasınımı? Danışmadan, hərəkət etmədən ünsiyyət qurmaqlarınımı?

Ancaq fantaziyası kasad olan və reallıqdan özünü təcrid etmiş biri adam onların sonsuza qədər yaşayacağı ehtimalını rədd edə bilər. Bu sözləri oxuyan xeyli insanın əsla ölməməsi ehtimal içindədir. Yenə də fərz edək ki, dünyanı inanclarımızla formalaşdırmaq üçün sayılı günlərimiz qalıb, məhdud bir mövcudluğun imkanları daxilində gözəl olanı tapmaq və yaratmaq üçün, “məqsədimiz nədir?” sualıyla və tapdığımız cavablarla başa çıxmaq üçün günlərimiz məhduddur.

Texnologiyanı adətən vaxt qazanmaq üçün istifadə edirik, amma o get-gedə ya qazanılmış zamanı özüylə birgə sürükləyib aparır, ya da onun səmimiyyətini və keyfiyyətini azaldır. Məncə, dünya barmaqarımızın ucuna nə qədər yaxınlaşırsa, hislərimizdən o qədər uzaqlaşırıq. Bu dilemma deyil, amma həyatlarımızla bağlı bir tarazlıq problemidir. Bəlkə də “texnologiya əleyhdarı” olmaq, qeydsiz-şərtsiz “texnolgiya tərəfdarı” olmaqdan daha axmaq olan yeganə şeydir. Bir gün nano-cihazlar ürəklə bağlı problemləri simptomlar özünü göstərməmiş, həkimə getmədən müəyyənləşdirə biləcək. Başqa nano-cihazlar isə ağrısız şəkildə pulumuza və zamanımıza qənaət edərək ürəyimizi əməliyyat edəcək. Amma bütün bunlar bizə möcüzələri hiss edə bildiyimiz təqdirdə möcüzə kimi gələcək, başqa cür desəm, əgər ürəklərimiz hələ də xilas olunmağa dəyər olacaqsa...

“The Guardian”

Tərcümə etdi: Qismət

# 2145 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #