Cəfər Cabbarlının nəvəsi: “Muzey çökür”

Cəfər Cabbarlının nəvəsi: “Muzey çökür”
6 mart 2019
# 10:08

Yazıçı Cəfər Cabbarlının ev muzeyinin sökülməsi ilə bağlı mediada məlumat yayılıb. Muzeyin sökülməsi birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı C.Cabbarlının nəvəsi Bəhlul Abbasov "Yeni Sabah”a danışıb. O, bildirib ki, məsələnin mahiyyətinə varmadan muzeyin sökülməsi ilə bağlı yanlış informasiya yayılıb. B. Abbasovun sözlərinə görə, muzeyin sağında, solunda 17 mərtəbəli binalar ucaldılıb və muzey ciddi zərər görüb: "Evdə mənim anam yaşayırdı, 1 il əvvəl vəfat edib. Həmin ərazi özəldir, anamın adınadır, şəxsi mülkiyyətdir. Orada 11-12 sot torpaq var. Bir hissəsində bacımgil yaşayır, digər hissəsi muzeydir.

Biz orda göydələn tikmək istəmirik. Uşaqlarımız, yaşayış üçün bir-iki mərtəbəli ev tikmək istəyirik. Bu xəbər yayılandan sonra hər kəs bizi tənqid etməyə başladı. Muzeyin bir metrliyində olan şirkətlərə bina tikməyə icazə verdilər, bizə isə yox. Muzey köhnəlib, bərbad vəziyyətə düşüb və təmir edən də yoxdur. Divarlar elə çatlayıb ki, içəridən baxanda çöl görünür”.

Ərazinin satılması haqda xəbərləri təkzib edən B.Abbasov bildirib ki, tikintini Cabbarlı ailəsi aparmaq istəyir: "Deməli ərazidə bina tikmək hər kəsə olar, bizə yox. Rəhmətlik anam dəfələrlə müraciət etmişdi ki, muzey çökür, heç reaksiya verən olmadı. Amma bu xəbər yayılandan sonra hər kəs bizi naxələf övlad çıxartdı”.

B.Abbasov bildirib ki, etdikləri heç bir müraciət aidiyyatı ünvanına çatmayıb: "Gəlib baxan yox idi ki, muzey nə gündədir. İndi biz addım atanda isə qınaq obyektinə çevrilmişik. Deyirlər ki, guya muzey söküləcək,üstündə 17 mərtəbəli bina tikiləcək, altında da muzey olacaq. Belə bir şey yoxdur, bizdən heç nə soruşulmur. Biz həyətimizdə ev tikmək istəyirik, amma heç nə soruşmadan hamı bizi günahkar çıxarır. Heç kimin heç nədən xəbəri yoxdur, üstümüzə düşüblər. İllərlə o muzeydən heç xəbərləri olmayıb, oranı biz qorumuşuq. Bizim də övladlarımız var. Heç kimə ağız açmırıq. Cəfərin ailəsi səsini çıxarmır deyə, heç bir tədbir görülməməlidir? Amma indi hay-küyə başlayıblar.

Tutaq ki, muzey şəxsi mülkdədir, bəs o heykələ niyə baxan yoxdur? Hər tərəfini dayanacaq ediblər. O ki şəxsi deyil. Ətrafında hər yer işıqlandırılıb, o heykəl üçün iki projektor yoxdur qoymağa? Rayonun başçısı hara baxır? Artıq həmin muzeyi təmir etsən də, işə yaramır, dağılacaq. Mütəxəssislər də baxıb və bildiriblər ki, muzey sökülməlidir. Biz heç bir səhv iş görməmişik. Əslində, bu yayılan informasiya doğru da deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də xəbər verib ki, orada bina tikilməsi ilə bağlı bizə müraciət daxil olmayıb”.

Xatırladaq, mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında Cəfər Cabbarlının ev muzeyinin 2006-cı ildən dövlətə məxsus olmadığını bildirib.

Onun sözlərinə görə, C.Cabbarlının ailəsi evi özəlləşdirib: "Odur ki, binanın təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o ev təmir edilsin. Evin birinci mərtəbəsi Cəfər Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Əzim Əzimzadənin də ev muzeyi bu formada yaradılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahat idik. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidirlər. Ümid edirəm ki, Cəfər Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək".

# 2463 dəfə oxunub

Oxşar xəbərlər

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
#
#
# # #