Poeziyamıza açılan yeni pəncərə

Kulis.az professor Cavanşir Yusiflinin “Ədəbiyyat tarixi mətnlərarası virtual əlaqələr kontekstində” məqaləsini təqdim edir.

 

Burada söhbət tarixə yazılmış ədəbi prosesin konkret bir dövründən, yaxud ümumi ədəbiyyat tarixi kontekstindən gedə bilər. Məşhur bir misalı yada salaq: əgər hansısa dəhşətli hadisə nəticəsində hamı, bütün canlılar qırılarsa və bu qəzadan ancaq uşaqlar sağ çıxarsa, dünyanın gələcəyinə ümid bəsləmək olar; ancaq belə bir qəza nəticəsində hamı sağ qalsa da dünyadakı bütün mətnlər yanıb kül olarsa, heç nəyə ümid bəsləmək olmaz. Belə bir inam da var ki, əlyazmalar yalnız o zaman "sıradan çıxır" ki, onlar kimlərinsə yaddaşına yazılır və bu, yuxarıda misal kimi verilən qəzanın ən dəhşətlisidir, çünki kağızdan yaddaşa köçmə mistika yaradır, onun dönüb-dolanıb nə vaxt ədəbi prosesdə peyda olacağını və hansı təbəddülatlar yaradacağını kəsdirmək mümkün deyildir. Həm də yozumlar... bu yozumlar mətnin içində "oynaşan" mənaları yolundan azdıra, onları tam fərqli və aidiyyəti olmayan yer və məqamlara bağlaya bilər. Məsələn, götürək elə klassiklərin mətnlərinin təfsiri, şərhi, təhlili... Şair Orta əsr təriqətiylə, yaxud təriqətləriylə bağlıdırsa, müasir tədqiqatçı şairdən çox, həmin təriqətin əsirinə çevrilir, nəticədə Nəsimi şair kimi kiçildikcə kiçilir, onun hər hansı şeirinin izahına yazılan araşdırmadan bəlli olur ki, söhbət şeirdən yox, hansısa dini risalədən gedir. Və yenə də nəticədə məsələn, aşağıdakı misralardakı böyük enerjinin gücü, gözəlliyi itib-batır, aidiyyəti olmayan məqamlara ilişib qalır və ordan bu günə çata bilmir. Problem nədir? Bircə əsaslı problem var: tədqiqatçılar ən müasir, modern filoloji üsul və metodlara yiyələnməyiblər.

 

Kövni-məkandan keçmişəm,

                     məna şərabın içmişəm,

Cananın üzün görmüşəm,

                     başdan ayaq can olmuşam...

 

Yuxarıdakı söhbətimizin davamı kimi deyək: bax, ən müxtəlif dönəmlərdə şedevr kimi, insanın, sanki son nəfəsdə dilinə gətirdiyi misralar kimi yazılan mətnlər bəlkə də, həmin anonim yaddaş mexanizminə köçən nadir əlyazma nüsxəsinin bir variantıdır, yaddaşlara köç edəndən sonra konkret mətn - əlyazma sonsuz sayda variant yaradır, həmin variantlar əlyazmaya münasibətdə onu inkar edir, müəyyən prosesin içində nə variant, nə də invariant sıradan çıxır, ta ki, variantlar hansısa mistik gücün təsiri ilə bir sözə, bir ifadəyə və bir diskursa çevrilənə qədər. Əli Kərimin "Qayıt" şeiri məhz indi nümunə gətirdiyimiz prosesi bəlləyir, bu şeir haçansa itirilmək, sıradan çıxmaq təhlükəsi qarşısında yaddaşa köçmüş əlyazmanın çevrilmə və transformasiyalarında "son sözdür", bəzən bu çevrilmə heç cürə baş tutmur, yaddaşa köçmüş əlyazma folklor mətninə dönüşür, özünü sonsuz variant və paralel deyimlər içində, yaxud burulğanında yaşadır. Bir sözlə, yaddaşa köçən əlyazma heç bir halda itmir, folklorda "arxaikləşir", bütün həyatı boyunca üzə çıxmağa məqam gəzir.  Ədəbi prosesin stixiyası elədir ki, burada bir fakt (həyat, yaşam, həqiqət, yalan, insan ümidi...) dəfələrlə, müxtəlif deyimlər, konstruksiya və üsullarla ifadə olunur. Alman filosofu Haydegger mətnlərin bu keyfiyyətindən bəhs edərkən bir qədim yunan deyimini nümunə gətirir: hər bir başlanğıc özündə özünün sonunu gizlin şəkildə yaşadır, onlar tarixi prosesin hansı məqamındasa yenidən birləşib ayrılırlar. Klassik divan şeirinin folklor və müasir ədəbi proseslə bu "ani" bağlantısı üzdə bilinməyən poetik təlatüm yaradır. Məsələn, yenə Nəsiminin

 

Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,

Küfrün sözünü dünyada iman dəxi bilməz.

 

misralarını alaq. Bu ovqat və qənaətin bütün şeir boyunca yayılıb modern poetik düşüncədə nələrə səbəb olmasını bəlləmək heç də asan deyildir. Ancaq müasir, modern şeir mətni uyğun şəkildə araşdırıldıqda Nəsimi qəzəlindəki mətn boyunca yayılan, aləmi tutan, onun sınırlarını aşan enerji "üzə çıxır". Fərid Hüseynin bununla bağlı çox gözəl bir şeiri var: "Yalan bayramı". Şeir haqqında danışmazdan öncə belə bir ayrıntını qeyd etmək lazımdır. Qademara görə, sənətkarda yaradıcılıq prosesinin yalnız başlanğıcı mövcud olur, əsər, bədii mətn həmin o gizli stixiyanın, daha çox isə başlanğıcla sonun ani birləşdiyi məqamdır, demək, ani birləşmə baş tutduqdan sonra onlar dərhal, bizim bilmədiyimiz, yaxud anlamadığımız məqamda ayrılırlar, bu nöqtədən başlayaraq mətn özünü sonsuz sayda mətnlərə, diskurs-deyimlərə çevirmək işinə qoşur. Bədii mətnin orijinallığı yalnız belə bir faktorla özünü doğrulda bilir. Həm Nəsiminin, həm də gənc şairin deyimlərini gözdən keçirdikdə Haydeggerin söylədiyi fikir yada düşür: bədii mətn necə izah edilirsə-edilsin, sonda özü-özünü qapayan bir tapmacaya çevrilir. Hər iki şeirdə "yalanla dil açmaq, yalan dilində danışmaq" mənası parçalana-parçalana, fraqmentlərə ayrıla-ayrıla gedir, mətnin daxilində zamanla ərazidə yayılma baxımından genişlənən, bütün atmosferi tutan və ən əsası şeirin izah baxımından anlaşılmasının "qarşısını kəsən" bir oppozisiya  yaranır: bilər/bilməz, yalan/doğru.

 

Öz adını oğurlayıblar,

kim yalan desə çevrilib baxırsan,

Doğru sözləri zülmlə höccələmə,

səni rahat başa düşürlər -

axı əzəldən yalan dilində danışırsan.

 

Və ya:

 

İblis əzəli lə'nət olub lə'nətə qaldı,

Lə'nət sözünü dünyada şeytan dəxi bilməz.

 

Hər iki şeirdə intonasiya, ritm, mənanı görükdürən hərəkətverici qüvvə tam fərqlidir, əslində, hər iki şairi yaxınlaşdıran, müqayisələrə meydan açan fərqli nümunələr var, Fəridin Səmərqənd silsiləsinə çökən fanilik hissiylə Nəsimidə bunu açıq kontekstdə görükdürən qəzəlləri misal gətirmək olardı  (Nəsimidə - Dünyada duracaq yer deyil, ey dil səfər eylə//Aldanma anın alına ondan həzər eylə...). Ancaq məqsəd müqayisə deyil, bir-birinə açıq şəkildə əks olan şeylərin birləşdiyi və ayrıldığı məqamı bəlləməkdir.

Fəridin şeiri metaforanı mətnin dərinliklərində gizlətmək, yuxarıda sözügedən "tapmacanı" şeirin dilinə çevirmək və beləliklə, "yalan" sözünü həmin  metaforalarla təmasda (Getməz yuduğun paltarlardan yalan ləkəsi// çəkilməyəcək ayağın dəyən yerdən yalan qoxusu) görükdürmək (yalan bayramı, yalan karnavalı...), nümayiş etdirmək stixiyası var. Daha sonra şeirdə çox qəribə və təəccüblü hadisə baş verir. Bu təmas baş tutduqdan sonra sözlə ("yalan") həmin o dərinlərdə gizlədilmiş metaforaların yeri dəyişir, ifadənin plastikası, estetik yaşantının ən ağrılı məqamlarda görünməsi, vizuallaşması, daha doğrusu, əşyalaşması baş verir:

 

Üç tərəfdən hücum çəksələr

qaçacağın dördüncü tərəf - yalan.

Özünü ovutmağa bir şey axtarsan

tapacağın səbəb - yalan.

 

Sözlərin isladılmış pambıqdı - çəkisi yalan.

İçəridən qırışır paltarların - ütüsü yalan.

 

Səni ağzından alov püskürən bu diyara

yola salandadı günah -

arxanca atılan su da yalan

Sabah tamam başqa şeylər

                        istəyəcəksən Allahdan,

bugünkü duaların yalan.

 

Bundan sonra həmin vizuallıq yayılma ərazisini genişləndirir, işığı qaranlıqla kəsişdiyi məqamda görükdürmək, almaq, hasil etmək, məlum həqiqəti, onun bizə aşıladığı mənaları bu dünyadan olmayan, yaxud kimsənin yiyə durmadığından sahibsiz qalan mənalarla üz-üzə gəlib parçalandığı andan vermək şeirdə hiss və duyğuların ifadəsinin ali məqamıdır. Bu şeir buna görə də son illər poeziyamızda ən uğurlu nümunə sayıla bilər.    

 

Bir şeyi sonradan anlasan -

barmağını dişləməyin yalan.

Hiylə zənciriylə bağlıdır qolların -

nəyinsə naminə işləməyin yalan.

Qaranlıq tərəfdən çevirsən üzünü, -

işığın yalan,

Bətnindən meyvə dərsən, -

uşağın yalan.

Axşamçağı darıxsan -

bürkün yalan.

Nə toxusan ilməsi qaçır -

hörgün yalan.

 

Başqa bir nümunəyə baxaq. Bəxtiyar Vahabzadənin "Şam əgər yanmırsa..." mətləli miniatür şeiri (... Şam əgər yanmırsa, yaşamır demək// Onun yaşamağı yanmağındadır) bu mənada Füzulinin məşhur rübaisinin bir "variantıdır" (yada salın klassik ədəbiyyat araşdırıcıları bu şeiri plagiat adlandırırdılar...), həm də o rübaini yada salan, onun içindəki enerjinin Füzulidən əvvəlki və sonrakı mənbəyini nişan verən mətndir. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadənin bu miniatür biçimli şeirindən sonra həmin enerjinin gələcəyə yönəlik nişan verdiyi mənbələr meydana çıxdı, bu tipli mətnlərdə bütün mümkün variant və mənbələr virtual şəkildə birləşdiyinə, təmas tapdığına görə onların oxucuya, oxucu gözləntisinə təsiri çəkilib getmir, onun yaddaşında yuva qurur, hərəkət və yaşam tərzində iştirak edir və sair.

 

Keçir məqamlar da gündə yüz əldən

Hansı gizli əldir pozan, düzəldən

Sənin güvəndiyin dünya əzəldən

Əkilən-biçilən zəmi deyilmi?!

 

Əli Kərimin "Qayıt" şeiri isə yenə də başlanğıca doğru yol gedən, qədim mətnlərin dilində danışan bir fraqmentdir. Bu şeir dünyanın ən müxtəlif künclərinə səpələnmiş mətnlər, onların bir-birindən ayrı düşmüş ayrı-ayrı fraqmentlərinin anidən bir araya gəlməsinin təsdiqidir.  Bu şeiri bütövlükdə misal gətirsək, orada, misralar boyunca və onların arasındakı cazibə sahəsində yuxarıda adıçəkilən ayrılma və qovuşma məqamının, başqa sözlə, əvvəllə sonun ani qovuşmasını müşahidə etmək olar.

 

Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun?

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim.

 

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.

 

Qayıt, yerinə qoy Ayı, Günəşi, -

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı...

 

Elə sənətkarlar var ki, onların bədii mətnləri yuxarıda vurğulanan proses nəticəsində ənənə içində həm dairə, çərçivə yaradır, həm də onu vurub dağıdır, bu hərəkətlər ani, bir anın içində baş verdiyindən onu tam formasında anlamaq, fəhm etmək çətindir. Zamanla ənənə yenə öz yoluyla davam edir, bu şairlər milli poeziyanın həm dünəni, həm də gələcəyinə eyni dərəcədə təsir göstərir. Yəni belə deyək, Nəsimi şeiri olmasaydı, ondan əvvəlki ənənə də o şəkildə görünməzdi, belə təsir bağışlamazdı, Nəsimi təkcə obraz və metaforanın strukturunu dəyişmədi, forma ilə məzmunun bir-birinə keçid mexanizmlərini alt-üst etdi, hər bir deyimi ilə gələcəkdən keçmişə qayıtdı, dalğa kimi ənənənin üstünə yayılaraq onun yaddaşını təzələdi, elə işlər gördü ki, daha əvvəl nə baş verdiyini xatırlamağa lüzum qalmadı. Bu proseslər bir az başqa biçimdə müasir şairlərin deyək ki, Səməd Vurğun, Rəsul Rza və başqa şairlərin poetik sistemində də davam edir. Klassikada bir şair özündən əvvəl gələn şairlərin ənənə içində qurub-yaratdıqları metaforanın "məsafədən görünüşünü" dəyişdirir, məsələ təkcə ədəbi, poetik oppozisiya yaratmaqla bitmir, ədəbi ənənənin təkamül perspektivi dəyişir, uzaq gələcəkdə yetişəcək, dünyaya gələcək şairlərin taleyi dəyişir.  Səməd Vurğun və Rəsul Rzadan sonra Əli Kərim olmasaydı, XX əsr poeziyası, poetik irsi bu məsafədən belə, bu koordinatlar daxilində görünə bilməzdi. Əli Kərim adıçəkilən ənənə vektorunda həm də mənalandırıcı həlqədir, Əli Kərim təqdim etdiyi sistemlə özünəqədərki ənənənin ən uzaq küncünə qədər "uzanmaqla" XX əsr poeziyasının dərinlik ölçüsünü dəqiq göstərir. Diqqət yetirin: Əli Kərimin tapdığı, kəşf etdiyi mövzularda bir sıra şeirlər yazıldı, ancaq bütün bu eyniadlı nümunələr həmin mətləbi zərrə qədər də ifadə edə bilmədi.  Təkcə fərdi üslub fərqlərinə görə yox, həm də fərdi üslub anlayışına görə (Dostumla bayaqdan bir qoca haqda // yenə nə bilirik deyirik bir-bir// oğlumun çərtdiyi rəngli karandaş// bizim kəlmələri göydə dənləyir//. - bu görüntü qəribə ovqat yaradır, detala, açılan bucağa baxış oxucunun oxuma vərdişini dəyişdirməyə hesablanıb). Bu kiçik parçadan da göründüyü kimi, Əli Kərim üçün əksər şairlərdə olduğu kimi çevrilmə, transformasiya anı yox, detalın hansı bucaqdan görünməsi maraqlıdır. Bəxtiyar Vahabzadənin çox sonradan yazdığı: Sən getdin elə bir dünya boşaldı /// yaz da köçüb getdi yeri boş qaldı// ...mən yaza vurğunam, qışı neynərəm// mətləli şeiri nə qədər təsirli olsa da, təəssüf, hicran, firqət anını nə qədər dolğunluqla göstərsə də yuxarıdakı həndəsi metaforanı (daha doğrusu, metaforanın həndəsi ölçüsünü) əks etdirmir, əksinə, "qayıt, sahmana sal bu kainatı" misrasında və bütövlükdə bədii mətndə dünya necə deyərlər "sərxoş olub yıxıldığı anda", "saçlarının dərddən ağardığı məqamda" tutulur, dünya bir daha bu görkəmdə olmayacaq, bu baxış bucağından görünməyəcək, bu elə bir andır ki, bütün həyatı, gərdişi dəyişdirməyə qadirdir. 

 

Başqa bir məqam. Elə mövzular var ki, zamanla dəfələrlə müraciət edilir, işlənir, klassikadan müasir dövrə qədər, bütün qələmlərin nişangahında olur. Mövzunun işlənmə məqamı həmişə qəfildən peyda olur, ədəbi stixiyanın, yaradıcılıq aktının təbiəti elədir ki, virtual qatda gedən proseslər bu və ya digər məqamda hansı faktorun önə çıxmasını bəlləyə bilir. Artur Rembonun "Söz kimyagərliyi" adlı essesi var. Rənglərdən bəhs edir. Rəngin işlənmə məqamı burada çox maraqlıdır. Müəllif əvvəlcə özünə, vərdişlərinə gülür, ironiya edir, indiyə qədər yaşam tərzi kimi seçdiklərini qəddarcasına vurub-yıxır.

 

"Lap çoxdan dünyanın bütün mənbələrini özümdə cəmləşdirməyimlə fəxr edirdim və çağdaş rəssamlıqla poeziyanın ən məşhur örnəkləri məndə gülüş doğururdu.  Qapıların üstündən asılan səfehcəsinə çəkilmiş şəkillərdən, avara komediantların divarlarındakı afişa və dekorlarından ləzzət alırdım;  moddan düşmüş ədəbiyyat, yalnız kilsədə "yaşayan" latın dili, bisavad müəlliflərin qələmə aldığı erotik romanlar, sehrli nağıllar, əcdadlarımızın keçmişinə ayna tutan nəsr əsərləri, xırda uşaq kitabları, əski operalar, səfeh nəqarətlər, sadəlövh ritmlər... məni çəkən bunlar idi...". Daha sonra - "...Səlib yürüşləri, izi-tozuyla birgə qeybə çəkilən ekspedisiyalar, tarixsiz - quru yerdə qurulan respublikalar, qan içində boğulan dini müharibələr, kökündən dəyişən adətlər, insanların köçəri həyatı, qitələrin iqlimcə bir-birinə qarışması... bunların sadəcə, adı gələndə uçunurdum. Bütün bu möcüzələrə mən can-dildən inanırdım".

 

Və ən nəhayət,  "Mən saitlərin rəngini uydurdum: A - qaradır, E-ağ, İ-qırmızı, O-mavi, U isə yaşıldı.  Mən hər bir sait üçün ayrıca hərəkət və forma müəyyənləşdirdim və bu hərəkət edən ritmlərin üstündə, mənə elə gəlirdi ki, poeziyanın əsas qanununu kəşf etmişəm - demək, bir gün tez, ya bir gün gec insan hisslərinin bütün mövcud rənglərini üzə çıxaracam".

 

Keçid anı - həyatına, yaşam tərzinə qəddarcasına ironiyadan yeni həyata, yeni düşüncə tərzi və ruh halına keçid yeni formaların meydana gəlməsini şərtləndirir.

 

XX əsrin əvvəllərində Səməd Mənsurun "Rənglər"i də məhz belə bir qəddar ironik münasibətdən sonra yaranıb. Bu şeiri oxuduqda, onunla üzləşdikdə oxucu və ya tədqiqatçı inanır ki, bu ovqat şairin dövrə, zəmanəyə qarşı durmasının ifadəsidir. Tədqiqatçı ilə oxucunun birləşdiyi bu məqam bədii mətnin özümlülüyünü tam ifadə etmir. Şeirin içindəki üsyan, hamının dilinin ucundaymış kimi ürəyindən sel kimi axıb gələn sərrast deyimlərin ilkin yuvası, mənbəyi elə ədəbi prosesin, ənənənin özüdür. Bu hisslər hər şeydən qabaq ədəbi prosesin müəyyən laylarında yuva qurur, toplanır, müəyyən həddə çatdıqda şairin diliylə gələcəyə ötürülür. Yəni şair, bu mənada katibdən başqa bir şey deyildir. 

 

Daha sonra, Rəsul Rzanın "Rənglər"i. Həm Səməd Mənsur, həm də Artur Rembonun və ümumilikdə dünya şeirinin təcrübəsinin ümumiləşdirilməsi. Azərbaycan poeziyasına açılan yeni pəncərə.

 

Həsrətli gözlər.

Pərişan saçlar.

Titrək dodaqlar.

Sürət yolunda dəstəbaşı çolaqlar.

Söz eşidə bilməyən qulaqlar.

Sındırılmış puçurlu budaqlar.

Nəğməsiz dağlar

Kör bulaqlar.

Ovsuz ovlaqlar.

Odsuz ocaqlar.

Yaşamalı ölülər.

Ölməli sağlar.

Dili ali məclislərdən qovulan,

qolları buxovlu olan,

qəbilələr, xalqlar.

 

LENT

20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019